Proktologiya – qastroenterologiyanın bir hissəsi olub, yoğun bağırsaq, anal və pararektal nahiyənin xəstəliklərinin müalicə-profilaktikası ilə məşğuldur. Proktoloji xəstəliklər arasında daha çox yoğun bağırsağın iltihabi xarakterli patologiyaları və onun hərəki funksiyasının pozulmalarına rast gəlinir. Son zamanlar bu orqanın xoş və ya bədxassəli törəmələri ilə də tez-tez qarşılaşılır. Əksər proktoloji xəstəliklər uzunmüddətli gizli gedişə malik olur.
Ümumiyyətlə, yoğun bağırsağın uzunluğu 1,5-2 metrdir. Burada qida qalıqları, selik, mikroblar, selikli qişanın ölü hüceyrələri toplanır – nəcis kütlələri formalaşır. Yoğun bağırsaq bir neçə şöbələrə bölünür: kor, çənbər (qalxan, köndələn, enən), siqmavari və düz.
Düz bağırsağın uc hissəsi pararektal toxuma ilə əhatə olunan anal dəliklə sonlanır. Həzm sisteminin bu geniş sahəsinin müxtəlif etiologiyalı xəstəlikləri proktoloqlar tərəfindən müayinə və müalicə edilir.
Proktoloji xəstəliklər nədən yaranır?
Proktoloji problemlərin əsasında qəbizlik, az hərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma (yağlı, kəskin qidalar, spirtli içkilər), hamiləlik və doğuş, stresslər, anadangəlmə inkişaf anomaliyaları və travmalar dayanır. Onlar bağırsağın iltihablaşmasına səbəb olmaqla, onun mikroflora və hərəki funksiyasını pozur. Bağırsağın selikli qişası zədələnir, distal hissədəki venalar genişlənir. Nəticədə yoğun və düz bağırsaq xəstəlikləri: kolit, kriptit, papillit, anal çat, babasil, polip, disbakterioz və digər patologiyalar əmələ gəlir.
Proktoloji xəstəliklər özlərini necə büruzə verir?
Proktoloji xəstəliklərin ümumi təzahürlərinə qarında ağrı, anal nahiyədə diskomfort və qaşınma hissi, ishal və ya qəbizlik, proktalgiya, nəcisdə qan, anusdan selikli-irinli ifrazatlar aiddir.
Əksər xəstələr utanc hissi və çəkingənliklə əlaqədar uzun müddət həkimə getməkdən imtina edərək, yaranan narahatlıqlara dözməyi üstün tuturlar. Proktoloji xəstəliklər fiziki və psixoloji diskomfort törətməklə yanaşı, həm də orqanizmin ümumi zədələnməsinə gətirib çıxara bilər. Yoğun və düz bağırsağın ən təhlükəli fəsadları sidik-cinsiyyət sistemi, eləcə də həzm traktının yuxarı hissələrinin patoloji prosesə qoşulması, irinli-septiki ağırlaşmalardır. Əksər hallarda proktoloji xəstəliklər bədxassəli törəmələrin inkişafına təkan verir. Bu səbəbdən ilkin əlamətlərlə qarşılaşdıqda mütləq proktoloqun qəbuluna yazılmaq lazımdır.
Proktoloji xəstəliklər hansı yolla diaqnostika və müalicə edilir?
Müasir proktologiyada yüksək dəqiqliyə malik təhlükəsiz diaqnostik üsullardan istifadə olunur. Onlara düz bağırsağın barmaqla müayinəsi, endoskopik metodlar (kolonoskopiya, rektoromanoskopiya, anoskopiya), rentgenoloji müayinə (irriqoskopiya), klinik və bakterioloji laborator üsullar (qan analizi, koproqramma, törəmə və toxumaların biopsiyası), kompüter və maqnit-rezonans tomoqrafiya aiddir. Əksər metodları həyata keçirməzdən əvvəl yoğun bağırsağı təmizləmək (imalə və ya işlədici vasitələrlə) tələb olunur.
Proktoloji xəstəliklər kompleks şəklində müalicə olunur. Bura pəhriz, antibakterial terapiya, fizioterapiya, psixoterapevtik prosedurlar və cərrahi müdaxilə daxildir.
Med-portal saytının «Proktoloji xəstəliklər» bölməsində yerləşdirilən məlumatlarla tanış olmaqla özünüzü ciddi ağırlaşmalardan qoruya bilərsiniz.