Sinir xəstəlikləri baş və onurğa beynin, eləcə də periferik sinir kötüklərinin, qanqliyaların zədələnməsi nəticəsində yaranır. Sinir sistemi orqanizmin bütün orqan və sistemlərini birləşdirən, həmçinin tənzimləyən mürəkkəb aparatdır. Bu səbəbdən nevrologiya tibbin digər sahələri: kardiologiya, qastroenterologiya, ginekologiya, oftalmologiya, endokrinologiya və s. ilə sıx əlaqədədir.
Sinir xəstəlikləri genetik determinə olunmuş (Vilson xəstəliyi, Pyer-Mari ataksiyası) və ya qazanılmış formalara bölünür. Sinir sisteminin anadangəlmə qüsurları (mikrosefaliya, Kiari anomaliyası, anadangəlmə hidrosefaliya) irsi faktorlarla yanaşı, hamiləlik dövründə dölün radiasiya, infeksiya (qızılca, məxmərək, sifilis, xlamidioz, sitomeqaliya), toksiki maddələr, eklampsiya fonunda inkişafı ilə bağlıdır. Uşaq doğulduqdan sonra sinir sisteminə birbaşa təsir edən infeksion və ya travmatik amillər (irinli meningit, doğuş travması, hemolitik xəstəlik, yenidoğulmuşun asfiksiyası) əksər hallarda oliqofreniya, USİ (uşaq serebral iflici), epilepsiya kimi xəstəliklərə gətirib çıxarır.
Qazanılmış forma adətən sinir sisteminin müxtəlif şöbələrinin infeksion mənşəli zədələnmələri zamanı yaranır. İnfeksiyanın təsirindən meningit, ensefalit, baş beynin absesi, araxnoidit, mielit, dağınıq ensefalomielit və s. inkişaf edir. Sinir xəstəliklərinin digər qrupunu travma etiologiyalı patologiyalar: kəllə-beyin travması, travmatik nevrit, fəqərə-onurğa beyni travması təşkil edir. Yaşlılarda sinir xəstəlikləri (dissirkulyator ensefalopatiya, işemik insult, hemorragik insult) damar dəyişiklikləri fonunda yaranır. Onkoloji xarakterli sinir xəstəlikləri (kraniofaringioma, qanqlionevroma, astrositoma və s.) də tez-tez rast gəlinən patologiyalardandır.
Sinir xəstəliklərinin əlamətləri
Klinik təzahürlər sinir sisteminin hansı şöbəsinin patoloji prosesə cəlb olunmasından asılıdır. Belə ki, baş beyin zədələndikdə baş ağrıları, başgicəllənmə, yeriş və nitq pozğunluqları, eşitmə və görmənin zəifləməsi, mərkəzi xarakterli iflic, parez müşahidə olunur. Onurğa beyninin patologiyaları ilə bağlı sinir xəstəliklərində zədələnmiş hissədən aşağıda hərəki və hissi pozğunluqlar əmələ gəlir. Periferik sinir sisteminin xəstəlikləri (üçlü sinirin nevralgiyası, üz sinirinin nevriti, qabırğaarası nevralgiya, polinevropatiya və s.) ağrı sindromu, əzələ atrofiyası, zədələnmiş sinirin innervasiya etdiyi sahədə vegetativ və hissi pozğunluqlar ilə xarakterizə olunur.
Sinir xəstəliklərinin diaqnostikası
İnstrumental diaqnostikanın əsasını onurğanın rentgenoqrafiyası, Exo-EQ, EEQ, REQ, elektromioqrafiya təşkil edir. Nevrologiyada hazırda daha dəqiq üsullara: kompüter tomoqrafiya, MRT, PET, damarların USDQ üstünlük verilir. Bəzi hallarda lümbal punksiya, stereotaksik biopsiya, beyin mədəciklərinin punksiyasına və digər diaqnostik müdaxilələrə ehtiyac yaranır.
Sinir xəstəliklərinin müalicəsi
Müalicə xəstəliyin səbəblərinin aradan qaldırılması ilə yanaşı, nevroloji çatışmazlığın maksimal dərəcədə bərpasına yönəldilir. Bu məqsədlə fizioterapiya, MBT, mexanoterapiya, manual terapiya geniş tətbiq olunur. Anevrizma, şiş, beyindaxili hematoma, baş beynin abses və kistaları zamanı cərrahi üsula ehtiyac yaranır. Baş və onurğa beynində əməliyyatlar neyrocərrahlar tərəfindən həyata keçirilir. Hazırda sinir xəstəliklərinin cərrahi müalicəsi az invaziv texnikanın köməyi və neyrovizualizasiyanın nəzarəti altında aparılır. Torsion distoniya, USİ, eləcə də əzələ tonusunun pozulması, tremor və ya hiperkinezlərlə müşayiət olunan digər xəstəliklərdə funksional neyrocərrahiyyə köməyə gəlir.
Med-portal.az saytının «Sinir xəstəlikləri» bölməsində bu patologiyaların səbəbləri, əlamətləri, müalicə və profilaktika üsulları ilə ətraflı şəkildə tanış ola bilərsiniz.