Süd vəzi xəstəlikləri

Süd vəzi xəstəlikləri

Mammologiya – süd vəzilərinin quruluşunu və onların xəstəliklərini öyrənən tibb sahəsidir. Bu patologiyalara müxtəlif yaş dövründə rast gəlinir. Onkoloji nöqteyi nəzərdən 40 yaşdan yuxarı dövr daha təhlükəli sayılır. Bu yaşda olan qadınlara mütəmadi şəkildə USM müayinəsindən keçmək tövsiyə edilir.  

Süd vəziləri cüt orqan olub, laktasiya funksiyasını yerinə yetirir. Vəzinin adı da elə buradan götürülmüşfür. Süd vəziləri qadın orqanizmində gedən bütün proseslərə: aybaşı sikli, hamiləlik, klimaksa həssas olduğundan, bu proseslərə müəyyən anatomo-fizioloji dəyişikliklərlə reaksiya verir.  

Süd vəziləri xəstəliklərinin əksəriyyəti hormonal fonun dəyişməsi nəticəsində baş verir. Məsələn, endokrin pozğunluqlar zamanı vəzidə xoşxassəli törəmələr – mastopatiya, kista, fibroma yaranır. Onların inkişafı çox vaxt abortlar, həmçinin yumurtalıqların və digər daxili sekresiya vəzilərinin hormonal funksiyasını pozan cinsiyyət sisteminin iltihabi xarakterli xəstəlikləri ilə bağlı olur.  

Süd vəzinin iltihabı (mastit) ilə müşayiət olunan patologiyalar (gilədə çatlar, laktostaz) bir qayda olaraq, laktasiya dövründə meydana çıxır.  

Mammoloq-onkoloqları ən çox narahat edən məsələ bədxassəli şişlərin sayının (süd vəzinin xərçəngi) durmadan artmasıdır. Onlara əsasən bu orqanın iltihabi xəstəlikləri, travmalar, abort, cinsi infeksiyalar, ilkin hamiləlik və doğuşun 35 yaşdan sonraya təsadüf etməsi, zərərli vərdişlər, endokrin pozğunluqlar, irsi meyllik səbəb olur.  

Süd vəzi xəstəliklərinin müalicə və profilaktikası

Profilaktik tədbirlərə genital patologiyaların vaxtında müalicəsi, şəxsi gigiyena və əmizdirmə qaydalarına riayət olunması, ginekoloq və mammoloqun müntəzəm müayinəsi aiddir.  

Hər bir qadın aybaşı siklinin 6-12-ci günlərində süd vəzilərini əllə yoxlamalıdır. Şübhəli əlamətlərə: bərkimə, ağrı, gilədən axıntı, bu nahiyənin dərisinin rəng və formasının dəyişməsinə rast gəldikdə dərhal mammoloqa müraciət etməlidir.  

35 yaşdan sonra qadınlar ildə 1 dəfə süd vəzilərinin USM, 40 yaşı ötən xanımlar isə 2 ildə 1 dəfə mammoqrafiya olunmalıdır. Hamiləlik planlaşdıran və ya oral kontraseptivlərdən istifadə etməyə hazırlaşan qadınlar da mammoloqun konsultasiyasına yazılmalıdır.  

Hazırda bir çox süd vəzi xəstəlikləri konservativ yolla müalicə olunur. Cərrahi müdaxilə zamanı orqanın və onun funksiyasının maksimal dərəcədə qorunmasına çalışılır.  

Med-portal.az saytının «Süd vəzi xəstəlikləri» bölməsini oxumaqla, bu orqanı uzun illər ərzində sağlam saxlamağın yolları ilə tanış olacaqsınız.