Buxaq
Buxaq aşağı çənənin altında, boyun nahiyəsində əmələ gələn piy və dəri büküşlərindən formalaşır. Buxaq insanı olduğundan yaşlı və kök göstərir. Bu səbəbdən ona sahib olan insanlar bu estetik qüsurdan tez bir zamanda azad olmağa can atırlar. Buxaq konservativ kosmetoloji üsullar (mezoterapiya, ozonoterapiya, termoliftinq) və ya cərrahi yolla (liposaksiya) korreksiya olunur.
- Buxağın yaranma səbəbləri
- Buxağın korreksiya üsulları
Buxaq barədə ümumi məlumat
Üz- insanın vizit kartıdır, onun əsasında sağlamlıq, əhval-ruhiyyə, xarakteri müəyyən etmək mümkündür. Düzgün və proporsional üz cizgiləri hər zaman kişi və qadınların arzusunda olduğu gözəllik və harmoniyanın təzahürü sayılır. Xarici görünüşün ən xoşagəlməz estetik qüsurlarından biri buxaq hesab olunur.
Buxağın yaranma səbəbləri
Dəri və maddələr mübadiləsinin fərdi xüsusiyyətləri irsi xarakter daşıyır. Buxağın yaranmasına meylliliyin müşahidə olunduğu insanlarda zülalların biosintezinin ləngiməsi qeydə alınır, bunun nəticəsində kollagen zəif bərpa olunur.
Artıq çəki (piylənmə) qeyri-düzgün qidalanma və hipodinamik həyat tərzi ilə birgə çənə və yanaqlarda piy yığıntılarının formalaşmasına səbəb olur.
Kürək əzələlərinin zəifliyi və ya düzgün olmayan vərdişlər (yerimə, kitab oxuma zamanı başı aşağı sallamaq, hündür yastıqda yatmaq, beli bükmək və s.) nəticəsində qamətin pozulması kollagen və əzələ liflərinin yüklənməsini artırır, dərinin elastikliyi və tonusu azalır. Başı dik tutmaq, alçaq yastıqda yatmaq isə əksinə boynun formasını gözəlləşdirir.
Bundan əlavə kəskin arıqlama dəri büküşləri yaranmasına gətirib çıxarır, bu da çəkinin itirilməsi zamanı dərialtı-piy toxumaları sallanması ilə əlaqədardır.
Dərinin tonusunun yaşla əlaqədar azalması (45 – 50 yaşdan sonra) dəri və toxumalarda regenerasiya prosesləri və trofikanın təbii ləngiməsi nəticəsində baş verir. Dəri quruyur, boşalır, qırışır – üz ovalı deformasiyaya uğrayır.
Buxağın korreksiya üsulları
Uzunmüddətli nəticə əldə etmək üçün buxaqla mübarizə proqramına kosmetik təsir və xüsusi gimnastika ilə yanaşı həyat tərzinin dəyişilməsi (düzgün qidalanma, çəkiyə nəzarət, aktiv hərəkətlər) də əlavə olunmalıdır. Bundan əlavə üzə (çənə və boyun nahiyəsi də daxil olmaqla) tonik, nəmləndirici və qidalandırıcı vasitələr, liftinq-krem, dartıcı maska, zərdablar vasitəsilə lazımi qulluq göstərilməlidir. Bu vasitələrdən müntəzəm və düzgün istifadə etdikdə müsbət nəticələr əldə olunur. Kosmetik prosedurlardan miostimulyasiya, mezoterapiya, fotocavanlaşdırma, ozonoterapiya, vakuumla masaj tətbiq oluna bilər. Müalicə dərinin xarakteristikası nəzərə alınmaqla fərdi qaydada təyin olunur.
Buxağın kəskin nəzərə çarpdığı, yaşla əlaqədar dəyişikliklərin müşahidə edildiyi (40yaşdan sonra) və digər üsulların qeyri-effektiv olduğu hallarda plastik cərrahiyyəyə müraciət edilir.
Çənə nahiyəsində artıq piy toxuması miniliposaksiya üsulu ilə aradan qaldırıla bilər. Əməliyyat 0,5sm-dən böyük olmayan kəsiklərdən həyata keçirilir. Zəifləmiş boyun əzələlərinin daha yaxşı yığılması və üzün ovalının korreksiyası məqsədilə liqaturalı liftinq yerinə yetirilir. Əməliyyat zamanı həm də sallanmış yanaqlar bərpa olunur. Miniliposaksiya üsulundan sonra çapıqlar müşahidə edilmir.
Buxağın aradan qaldırılması ilə birgə çənənin cərrahi korreksiyası – mentoplastika (plastik cərrahiyyənin müxtəlif üsulları ilə çənənin həcminin kiçildilməsi və ya böyüdülməsi) icra oluna bilər. Mentoplastika üzün profil və proporsiyalarını yaxşılaşdırır, buxaq və boyun nahiyəsində dəri sallanmasını korreksiya edir, bundan əlavə dekolte zonasını cavanlaşdırır, üzün konturlarını gözəlləşdirir. Buxağın plastikası bəzən rinoplastika, almacıq nahiyəsi və yanaqların həcminin artırılması ilə birgə aparılır, belə hallarda cavanlaşdırıcı effekt daha yüksək olur.
Sümük plastikasında çənə sümüyü korreksiya olunur. Kəsiklər ağız boşluğunda aparıldığından əməliyyatdan sonra çapıq qalmır.
Üz ovalını biouyğun və orqanizm üçün zərərsiz materialdan hazırlanmış silikon implantlarla korreksiya etmək mümkündür. Üz implantlarının ölçü və forması həkim tərəfindən fərdi qaydada seçilir. Əməliyyat yerli və ya damardaxili anesteziya altında icra olunur, davametmə müddəti 1,5-2 təşkil edir. Kəsiklər təbii büküşlər və ya ağız boşluğunda aparıldığından tikişlər nəzərə çarpmır.
Almacıq nahiyəsi və çənənin plastikası pasiyentin piy toxumasının hüceyrələrinin yeridilməsi (lipofilinq) ilə yerinə yetirilə bilər.
Çənənin plastikasını 23-25 yaşdan tez olmamaqla sümük toxumasının formalaşmasından sonra icra etmək məsləhət görülür.