Dəri xəstəlikləri

Dəri xəstəlikləri

Dermatologiya (yunan dilindən tərcümədə «derma» – dəri, «loqos» isə elm deməkdir) dəri və onun artımlarının (saç, dırnaq, piy və tər vəziləri), selikli qişaların quruluş və funksiyalarını, onların xəstəliklərinin diaqnostika, müalicə, profilaktikası ilə məşğul olur. Dermatologiya ayrı-ayrı xəstəlikləri öyrənən mikologiya, trixologiya və s. kimi klinik bölmələrə ayrılır. Tibbin bu sahəsi venerologiya, kosmetologiya, allerqologiya və s. şöbələrlə sıx əlaqədədir.  

Dəri insan orqanizmində gözlə görünən ən iri orqandır. O, bütün orqan və sistemlərin vəziyyətini özündə əks etdirir, eləcə də onları mexaniki zədələnmələrdən və xarici infeksiyalardan qoruyur. Dəri xəstəlikləri hər hansı bir daxili orqanın fəaliyyət pozğunluğundan, pasiyentin zərərli vərdişlərindən və qeyri-düzgün həyat tərzindən xəbər verir. Dermatoloji patologiyalar vaxtında müalicə olunmadıqda ciddi ağırlaşmalar meydana çıxa bilər.

Dəri xəstəliklərinin növləri

Dərinin quruluş xüsusiyyətləri, funksiyaları, daxili və xarici amillərin müxtəlifliyi çoxsaylı xəstəliklərə – dermatozlara yol açır. Fiziki və kimyəvi faktorlar dəridə iltihabi xəstəliklər – dermatitlər (yanıq, bişməcə və s.) törədir. Bioloji amillər dərinin göbələk mənşəli zədələnmələrinə – mikozlara (epidermofitiya, mikrosporiya), irinli xəstəliklərinə – piodermiyalar (impetiqo, furunkulyoz, hidradenit), parazitar invaziyalara (pedikulyoz, qoturluq), virus mənşəli patologiyalara (herpes, ziyil) səbəb olur. 

Dermatoloji xəstəliklərin yaranmasında daxili (endogen) faktorlar mühüm rol oynayır. Onlara daxili orqanların xəstəlikləri, xroniki infeksiya ocaqları, metabolik pozğunluqlar, hipovitaminoz, sinir sisteminin funksional dəyişiklikləri aiddir. Bütün bu amillərin təsiri dəri və onun artımlarında, selikli qişalarda müxtəlif patoloji proseslər: iltihab, hemorragiya, piqmentasiyanın dəyişməsi, hətta dərinin ayrı-ayrı strukturlarının (tük follikulları, birləşdirici toxumanın lifləri və s.) məhvi ilə nəticələnir.

Dəri xəstəliklərinin müayinə və müalicəsi

İlkin əlamətlərə (dəridə qaşınma, göynəmə, rəng dəyişikliyi, səpkilər) rast gəlindikdə mütləq dermatoloqa müraciət olunmalıdır. Təcrübəli həkim dəri örtüklərinə baxış keçirmək və anamnez toplamaqla xəstəliyi üzə çıxarır. Diaqnozun təsdiqlənməsi üçün dermatologiyada dərinin, saç və dırnaqların köməkçi müayinə üsullarından (instrumental, laborator, rentgenoloji, xüsusi dermatoloji  testlər və s.) istifadə olunur. 

Dermatoloji xəstəliklərin müalicəsi pasiyentdən səbr və müalicə sxeminə düzgün əməl olunmasını tələb edir. Uğurlu müalicənin əsasını dəriyə düzgün qulluq, pəhriz və medikamentoz terapiyaya riayət təşkil edir. 

Dəri xəstəliklərinin medikamentoz müalicəsi ümumi və yerli olur. Dermatologiyada fizioterapevtik və aparat prosedurları, psixoterapiya, sanator-kurort müalicəsi, fitoterapiya, homeopatiya geniş tətbiq edilir. Konservativ müalicənin effekt vermədiyi hallarda cərrahi müdaxiləyə ehtiyac yaranır. 

Dəri xəstəlikləri yer kürəsində hər bir insanın qarşılaşdığı patologiyalardır. ÜST məlumatlarına əsasən dünya əhalisinin 20%-dən çoxu dərinin müxtəlif növ xəstəliklərindən əziyyət çəkir. 

Əksər dermatozlar xroniki residivləşən gedişlidir. Onlar müalicəyə çətin tabe olurlar. Ən geniş yayılmış dəri xəstəliklərinə müxtəlif genezli dermatitlər, ekzema, göbələk xəstəlikləri, akne, sadə herpes, psoriaz, dəri xərçəngi aiddir. 

Müasir dermatologiyada dərinin sağlamlığının bərpasına, onkoloji xəstəliklərin müalicəsinə, dermatoloji patologiyaların yeni diaqnostika və müalicə üsullarının axtarışına xüsusi yer ayrılır. 

Med-portal.az saytının «Dəri xəstəlikləri» bölməsini oxumaqla Siz dəri xəstəlikləri və onların müasir müalicə metodları barədə məlumatlı olacaqsınız.