Göz xəstəlikləri

Göz xəstəlikləri

Oftalmologiya – göz xəstəlikləri: göz alması və artımların – göz yaşı vəziləri, göz qapaqları, konyunktiva, eləcə də gözləri əhatə edən sümük və yumşaq toxuma strukturlarının patoloji vəziyyətini öyrənən sahədir. Oftalmologiyanın əsas vəzifəsi göz xəstəliklərinin müalicə-profilaktika üsullarının təkmilləşdirilməsindən, görmə funksiyasının maksimal dərəcədə qorunmasından və korreksiyasından ibarətdir. Oftalmologiyanın cərrahi və lazer, oftalmoonkologiya, oftalmotravmatologiya, uşaq oftalmologiyası kimi bir çox sahələri vardır.  

Görmə analizatoru – mahiyyət etibarilə unikal olan duyğu orqanıdır. İnsan ətraf mühütlə bağlı informasiyanın 80%-ni məhz bu orqan vasitəsilə alır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, göz xəstəliklərindən əziyyət çəkən pasiyentlərin sayı durmadan artmaqdadır. Bu səbəbdən oftalmoloji patologiyaların ilkin əlamətləri, profilaktika və müalicə tədbirləri barədə müəyyən biliklərə sahib olmaq lazımdır.  

Göz xəstəlikləri haqqında 

Göz xəstəlikləri anadangəlmə və qazanılmış olmaqla, istənilən yaş dövründə yarana bilər. Uşaqlarda görmə funksiyasının azalması və itirlməsi psixi inkişafı ləngidir, onun nitq qabiliyyətinə, hərəkətlərinə, cəmiyyətdə mövqe tutmasına mənfi təsir göstərir. Göz xəstəliklərinin (yarımçıq doğulmuşlarda retinopatiya, çəpgözlük, ambliopiya, qlaukoma, katarakta, yaxından görmə, uzaqdan görmə və s.) subklinik əlamətlərinin aşkarlanması və erkən tibbi yardımın göstərilməsi məqsədilə yenidoğulmuşların, məktəbəqədər və məktəb yaşlı uşaqların skrininq müayinələrinə diqqət yetirmək lazımdır.   

Qazanılmış göz xəstəlikləri ümumi və infeksion patologiyalarla əlaqədar inkişaf edə bilər. Bunlara A avitaminozu, şəkərli diabet, travmalar, bakterial infeksiyaların bakterial ocaqları, hipertoniya xəstəliyi, ateroskleroz, böyrək patologiyaları, nevroloji problemlər, hamiləlik dövrünün pozğunluqları və s. aiddir. 

Oftalmologiyada daha çox gözün optik aparatında qüsurlarla xarakterizə olunan xəstəliklər – uzaqdan görmə, presbiopiya, yaxındangörmə, astiqmatizm və s. qeydə alınır. Oftalmoloji patologiyaların böyük bir hissəsini görmə orqanının müxtəlif strukturlarının iltihabi xəstəlikləri – konyunktivit, keratit, blefarit, iridosiklit, retinit, uveit, endoftalmit təşkil edir. Gözün zədələnmələri – yanıqlar, yad cismin düşməsi və mexaniki zədələnmələr nəticə etibarilə daha təhlükəli sayılır.  

Göz xəstəlikləri qəflətən və ya tədricən inkişaf edərək, görmənin kəskin zəifləməsi ilə özlərini büruzə verirlər. Bu tip patologiyalara gözün sinir-damar aparatının xəstəlikləri: görmə sinirinin atrofiyası və ya işemik neyropatiyası, torlu qişanın arteriya və venalarının okklüziyası, xorioretinal distrofiyanı misal göstərmək olar. Görmə funksiyasına mənfi təsir göstərən və oftalmoloji patologiyaların yaranma ehtimalını artıran amillərə yaş faktoru, ürək və damarların xroniki xəstəlikləri, metabolik pozğunluqlar, ətraf mühitin neqativ təsirləri, stress, siqaret çəkmə, vitamin və mineral çatışmazlığı aiddir.  

Oftalmologiyanın imkanları

Son onilliklərdə oftalmologiya sürətli dərəcədə inkişaf etmişdir. Hazırda tibbin bu sahəsində yeni aparatlar, innovasion texnologiyalar və az invaziv üsullar tətbiq olunur. Göz xəstəliklərinin diaqnostikasında geniş diapazonlu üsullardan – biometrik, ultrasəs, elektrfizioloji, rentgen, optik, laborator və digər metodlardan istifadə edilir. Göz xəstəliklərinin cərrahiyyəsində görmənin korreksiyası, buynuz və torlu qişa patologiyalarının, qlaukoma, kataraktanın müalicəsi üçün lazer üsulları müvəffəqiyyətlə icra olunur. Ənənəvi müalicəvi manipulyasiyalar, görmənin aparatla korreksiyası da öz aktuallığını itirməmişdir. Müasir dövrdə cərrahi müdaxilələrin əksəriyyəti ambulator şəraitdə aparılır.  

Med-portal.az saytının «Göz xəstəlikləri» bölməsini oxumaqla, müxtəlif oftalmoloji problemləri həlli tanış olacaqsınız.