Anovulyator sikl

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3803

anovulyator sikl nədir?Anovulyator sikl – birfazalı aybaşı sikli olub, ovulyasiya və sarı cismin inkişaf fazasının olmaması, aybaşı qanaxmalarının müntəzəm və ritmik gedişi ilə xarakterizə olunur. Ginekologiyada orqanizmin fizioloji anovulyasiya ilə müşayiət olunan halları (cinsi yetişkənlik dövrü) və sonsuzluq zamanı patoloji anovulyator sikl qeyd olunmuşdur. Anovulyator siklin diaqnostikasında fizioloji testlər, transvaginal USM, endometriumdan götürülmüş yaxmanın müayinəsindən istifadə olunur. Anovulyator sikl aşkar olunduqda müalicə funksional sonsuzluğun aradan qaldırılması və endometriumun normadan artıq proliferasiyasının azaldılmasına yönəldilir. Proqnoz təkfazalı sikli törədən səbəblərə əsaslanır.

  • Anovulyator siklin yaranma səbəbləri
  • Anovulyator siklin patogenezi
  • Anovulyator siklin əlamətləri
  • Anovulyator siklin diaqnostikası
  • Anovulyator siklin müalicəsi
  • Anovulyator siklin müalicə və profilaktikası

Anovulyator sikl barədə ümumi məlumat

Anovulyator sikl birfazalı olur,  çünki bu patologiyada normal aybaşı siklinə xas olan fazaların bir-birini əvəzləməsi baş vermir. Endometriumun deskvamasiya və regenerasiyası ilə əvəz olunan proliferasiya fazası demək olar ki, bütün anovulyator sikli əhatə edir. Sarı cismin inkişafı nəticəsində ovulyasiyadan sonra yaranan sekretor faza  baş tutmur. Disfunksional uşaqlıq qanaxmalarından fərqli olaraq anovulyator sikl siklik aybaşıyabənzər qanaxmalarla xarakterizə olunur.

Anovulyator siklin yaranma səbəbləri

Anovulyator siklin səbəbləriReproduktiv dövrdə olan praktik sağlam qadınlarda anovulyator siklə nadir hallarda (1-3%) rast gəlinir. Bu qadınlarda anovulyator sikl ovulyator sikllə növbələşə bilər. Anovulyasiya digər coğrafi regiona səfər zamanı iqlim dəyişilməsi səbəbindən yarana bilər.  Ən çox rast gəlinən fizioloji səbəblərə qadın orqanizmində gedən yaşla bağlı dəyişikliklər – cinsi yetişkənlik və reproduktiv funksiyanın sönməsi (klimaks) aiddir. Hamiləlik və laktasiya dövründə anovulyasiyanın amenoreya ilə müştərək rast gəlinməsi fizioloji proses sayılır. Ritmik qanaxmalar bərpa olunduqda laktasiya dövründə olan qadınların 40-50%-də  sikl təkfazalı anovulyator xarakter daşıyır.

Anovulyator siklin korreksiya tələb edən patologiyaları sonsuzluq və follikulogenezin pozulması, ovulyasiya və lütein fazasının olmaması səbəbindən baş verən uşaqlıq qanaxmalarıdır. Patoloji anovulyator siklin yaranma səbəblərinə aybaşının hipotalamo-hipofizar tənziminin pozulması, yumurtalığın disfunksiyası aiddir. Hipotalamo-hipofizar tənzimin pozulması follikulun yetişməməsi və onun ovulyasiya yararsız olmasına səbəb olan FSH sintezinin azalması; LH  çatışmamazlığı; cinsi hormonalrın nisbətinin pozulması, bəzən isə hipofiz tərəfindən artıq miqdarda prolaktin sintezi ilə təzahür edir.

Anovulyator sikl yumurtalıq və onun artımlarının iltihabı (adneksit), yumurtalıqlarda cinsi steroidlərin enzim transformasiyasının pozulması, qalxanabənzər vəz və ya böyrəküstü vəzin qabıq maddəsinin funksional pozğunluqları, infeksiyalar, sinir-psixi pozğunluqlar, avitaminoz və ya alimentar tipli digər pozulmalarla əlaqəli ola bilər. Bir çox hallarda anovulyator sikl reproduktiv sistemin anadangəlmə inkişaf qüsurları, genetik patologiyalar, cinsi yetişkənlik dövrünün pozğunluqları fonunda müşahidə olunur.

Anovulyator siklin patogenezi

Yumurtalıqlarda anovulyator sikl zamanı xarakter, ölcü və geriyə inkişafına görə fərqlənən follikullara rast gəlinir. Yetişmiş follikulun qısamüddətli ritmik persistensiyası -hiperestrogeniya; yetişməmiş follikulun atreziyası – şərti monoton hiperestrogeniya ilə müşahidə olunur. Anovulyator sikl üçün gestagen hormon sayılan progesteronun təsirindən dəyişilməyən estrogenlərin təsirinin  normadan çox olması xarakterikdir. Bəzi hallarda anovulyator sikl hipoestrogeniya ilə müşahidə olunur. Estrogen təsirin səviyyəsindən asılı olaraq endometriumun müxtəlif xarakterli dəyişiklikləri –hipoplaziya, normadan artıq proliferasiya (hiperplaziya, polipoz) inkişaf edə bilər.

Anovulyator sikl zamanı aybaşıyabənzər qanaxmaların inkişafı bir qayda olaraq follikulların atreziyası fonunda hormonal təsirin zəifləməsi ilə əlaqədardır. Endometriumun funksional qatında transsudasiya, qansızma əlamətləri, nekroz sahələri müşahidə olunur. Endometriumun səthi qatları hissəvi olaraq ayrılır, bu da qanaxma ilə müşayiət olunur. Endometriumun ayrılması baş vermədikdə qanaxma damar divarlarından eritrositlərin diapedezi nəticəsində inkişaf edir. Bəzi hallarda hiperestrogeniyanın zəifləməsi baş vermir, estrogenlərin sidiklə ekskresiyası (13-30mkq/gün) bütün anovulyator sikl boyunca şərti-stabil qalır.

Pubertat dövründə aybaşı funksiyası formalaşdığı zaman anovulyator siklin inkişafı lüteinləşdirici və lüteotrop hormonların lazimi səviyyəsinin olmaması ilə əlaqədardır. Bu hormonların sintezi 15-16 yaşda ən yüksək səviyyəyə çatır. Əks istiqamətdə oxşar dəyişikliklər reproduktiv funksiyanın sönməsi nəticəsində inkişaf edir: siklik sekresiyanın pozulmaları və qonadotrop təsirin artması müşahidə olunur. Klimakterik dövrdə ovulyator və anovulyator sikllərin növbələşməsi aybaşının sikl və xarakterinin dəyişilməsi ilə əvəzlənilir.

Anovulyator siklin əlamətləri

Anovulyator siklin əlamətləriAnovulyator siklin klinik əlamətləri müxtəlif olur. Bu patologiya zamanı baş verən aybaşıyabənzər qanaxmalar müntəzəmlik və itirilən qanın miqdarına görə adi aybaşıdan fərqlənməyə bilər. Hiperestrogeniya zamanı qanaxmalar uzunmüddətli və menorragiya tipli gur qanaxmalarla müşayiət olunur. Bu halda iki əllə müayinə zamanı ölçüləri böyümüş, boyun hissəsi yumşaq, daxili əsnəyi açıq, sərt konsistensiyalı uşaqlıq müşahidə olunur. Gur qanaxmalar anemiyaların inkişafına səbəb olur.

Hipoestrogeniyalar üçün əksinə qısamüddətli və az miqdar aybaşı qanaxmaları xarakterikdir. Uşaqlıq yolunun müayinəsi zamanı dar uşaqlıq yolu, boyun hissəsi uzun konik şəkilli, daxili əsnəyi qapalı, ölcüləri kiçilmiş uşaqlıq aşkar olunur. Reproduktiv yaş dövründə olan qadınlarda anovulyator sikl xəstələrin ginekoloqa ən çox müraciət etdiyi səbəb – hormonal sonsuzluqla müşayiət olunur.

Anovulyator siklin diaqnostikası

Ovulyator və anovulyator siklin differensiyasiyasının ən sadə üsulu rektal (bazal) hərarətin (BT) ölcülməsidir. Normal ovulyator sikl üçün progesteron fazasında BT-nın yüksəlməsi xarakterikdir. Anovulyator sikl zamanı birfazalı hərarət aşkar olunur.

Anovulyator sikl zamanı ifadəli estrogen təsir funksional testlər (bütün sikl ərzində müsbət ayıdöşəyi fenomeni və  «bəbək» simptomu), kolpositoloji müayinələrin nəticələrinə əsasən müəyyən edilir. USM zamanı anovulyator aybaşı siklinin əlamətinə dominant follikulun olmaması aiddir.

Anovulyator siklin təyinində əsas kriteriyalar aybaşıdan əvvəl uşaqlıq boşlugunun diaqnostik qaşınması və götürülmüş yaxmanın histoloji müayinəsi hesab olunur. Yaxmada endometriumun sekretor dəyişikliklərinin olmaması anovulyator sikli təsdiq edir.

Anovulyator siklin etioloji səbəblərini ayird etmək üçün hipotalamo-hipofizar sistem, qalxanabənzər vəz, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarını təyin edən və cinsi sferada iltihabi proseslərin olmasını müəyyən edən müayinələr aparılır. Anovulyator və ovulyator siklin növbələşmə ehtimalının olmasını nəzərə alaraq 6 ay ərzində dinamik nəzarət aparılır.

Anovulyator siklin müalicəsi

Dayanıqlı anovulyator sikl sonsuzluq və endometriumun ifadəli proliferativ dəyişiklikləri ilə müşayiət olunduğundan müalicənin əsas məqsədi ovulyasiyanın stimulyasiyası və endometriumun normadan artıq proliferasiyasının ləngidilməsidir. Anovulyator siklin müalicəsi ginekoloq-endokrinoloq tərəfindən aparılır.

Anovulyator siklin hormonal terapiyası orqanizmin estrogenlə doyma səviyyəsindən asılı olaraq fasiləli sikllərlə aparılır. Düzgün aybaşı siklinin mərhələli stimulyasiyası üçün endometriumun ilkin qaşınmasından sonra qonadotrop təsirli preparatlar (xorioqonin siklin 11-14 –cü günləri 3-6 ay müddətində) təyin olunur. Aybaşıdan 6-8 gün əvvəl progesteronun 1%-li məhlulunun əzələdaxilinə yeridilməsi, noretisteronun qəbulu məsləhət görülür. Hiperestrogeniya və normadan artıq proliferasiya ilə müşahidə olunan anovulyator sikl zamanı  bir neçə sikl müddətində sintetik progestinlər (siklin 5-25 –ci günləri) təyin olunur.

Yumurtalıq çatışmamazlığı və hipoestrogeniya zamanı kiçik dozalarda uşaqlığın selikli qişasının transformasiyası, yumurtalıqların funksiyası, follikulun böyümə və inkişafının  stimulyasiya edən estrogen preparatlardan (estradiol və ya follikulin, geksestrol) istifadə olunur. Anovulyator sikl uşaqlıq artımlarının xroniki iltihabı fonunda yarandıqda adneksitin kompleks müalicəsi aparılır, steroidlərin sintezi və ovulyasiyanın bərpasında iştirak edən vitamin C təyin olunur.

Anovulyator sikl zamanı ovulyasiyanın induksiyası məqsədilə endonazal elektrofarezlə hipotalamo- hipofizar nahiyənin dolayı elektrostimulyasiyası, uşaqlıq boynunun elektrostimulyasiyası və s. aparılır. Hormonal stimulyasiya klomifenin təyini ilə  aparılır. Hiperprolaktinemiya zamanı bromokriptin təyin olunur. Aybaşının formalaşması, laktasiya, klimaks dövrlərində fizioloji anovulyasiyanın müalicəsi tələb olunmur.

Anovulyator siklin proqnoz və profilaktikası

Anovulyator siklin düzgün seçilmiş müalicəsi zamanı 30-40% qadınlarda hamiləlik baş verir. Hamiləlik mümkün olmadıqda qadınlara koməkçi reproduktiv texnologiya sayılan ekstrakorporal mayalanmadan (EKM) istifadə etmək məsləhət görülür.  Xəstədə yetişmiş yumurtahüceyrələr olmadıqda mayalanma donor yumurtahüceyrəsi ilə həyata keçirilir, sonra isə embrion uşaqlıq boşluğuna daxil edilir. Bəzi hallarda donor embrionundan da istifadə edilir.

Anovulyator siklin profilaktikası üçün yeniyetmə qızların sağlamlığı, balanslaşdırılmış qidalanması, əmək və istirahət rejiminin düzgün seçilməsi, genital və ekstragenital patologiyalarının vaxtında müalicəsi, infeksiya və məişət zəhərlənmələrinin qarşısının alınmasına fikir vermək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: