Təbii doğuş
Təbii doğuş — dölün və ciftin fizioloji yolla, yəni ananın uşaqlıq boynu və yolunu keçməklə xaric olmasıdır. Bu zaman Qeysəriyyə əməliyyatından fərqli olaraq, uşaq doğuş yolları ilə irəliləyərək doğulur. Ümumiyyətlə, hamiləlik baş tutduqda, ginekoloq tərəfindən doğuşun təxmini vaxtı müəyyənləşdirilir. Normada təbii doğuş hamiləliyin 37-42-ci həftələrinə (260-293 sutka) təsadüf edir. Bununla yanaşı vaxtından əvvəl və gecikmiş doğuşlara da rast gəlinir.
Təbii doğuşun müddəti
Bir qayda olaraq, ikinci və növbəti doğuşlar daha tez başa çatır. Belə ki, ilk dəfə doğan qadınlarda təbii doğuş təxminən 9-11 saat çəkir. Təkrar doğanlarda isə bu müddət 6-9 saat təşkil edir.
İlkin doğuş 4 saatdan, növbətilər isə 2 saatdan az çəkdikdə onu “sürətli doğuş” kimi qiymətləndirirlər.
Təbii doğuşun əlamətləri
Doğuşun başlanması 2 əsas əlamətlə müəyyən edilir: sancı və (və ya) dölyanı mayenin axması. Bəzi doğuşlar sancı, digərləri isə mayenin axması ilə başlanır. Bəzən isə bu əlamət eyni zamanda təzahür edir.
Uşaqlıq əzələlərinin güclü yığılmaları, yəni sancılar вoğuşun yaxınlaşmasından xəbər verir. Bu yığılmalar dölü doğuş yolları ilə aşağıya doğru itələyir. Sancılar güclü aybaşı ağrısını xatırladır. Belə anlarda psixoloji dəstək və tibbi yardım çox vacibdir. Bəzi qadınlarda doğuş qabağı yalançı sancılar olur.
Doğuşun mərhələləri
Müntəzəm sancılar doğuşun başlanmasına işarədir. Təbii doğuşun 3 dövrü ayırd edilir:
- uşaqlıq boynunun açılması
- dölün qovulması
- ciftin xaric olması
Təbii doğuşun I dövrü: uşaqlıq boynunun açılması
Sancılar uşaqlıq boynunun açılmasına səbəb olur. Çanağın ölçülərindən asılı olaraq, doğuş fəaliyyətinin başlanğıcında uşaqlıq boynu 2-3 sm-dən 10-12 sm-ə qədər açılır. Boyun hissənin tam açılışı II dövrün başlanmasına dəlalət edir. Həmçinin I dövrün sonunda döl kisəsi partlayır, onun daxilindəki maye xaricə axır.
Təbii doğuşun I dövrü 2 fazaya bölünür: latent (4 sm-ə qədər açılış) və aktiv. Latent fazada uşaqlıq boynunun açılma sürəti təxminən 0,35-0,5 sm/saat, aktiv fazada isə 1-2 sm/saat təşkil edir. I dövrün aktiv fazasının sonunda bu sürət bir qədər azalır – uşaqlıq II dövrdə dölün qovulmasına hazırlaşır.
Açılış dövrünün davamiyyəti orta hesabla 9-12 saatdır. Bu müddət ilk dəfə doğan qadınlarda daha uzun olur.
Təbii doğuşun II dövrü: dölün qovulması
Uşaqlıq boynunun açılması ilə dölün doğulması arasındakı dövr II mərhələ adlanır. Bu zaman qadın güc verməklə dölü uşaqlıqdan xaric etməyə çalışır. Dölün ana bətnində vəziyyətindən asılı olaraq, baş, sağrı, ayaq gəlişləri ayırd edilir. Buna əsasən doğuşun təbii yolla və yaxud Qeysəriyyə əməliyyatı ilə sonlanması müəyyənləşdirilir.
Ehtiyac yarandıqda dölün doğuş yollarından çıxması üçün aralıq hissədə kəsik edilir.
Təbii doğuşun III dövrü: ciftin xaric olması
Bu dövr uşağın doğulduğu andan başlayır, cift və döl qişalarının xaric olması ilə bitir. Doğuşun III mərhələsində 2 proses gedir: ciftin ayrılması və doğulması. Buna təqribən 30 dəqiqə vaxt sərf olunur. Cift cinsi dəlikdən xaric olduqda onun tamlığına nəzər yetirilir.
Cift doğulduqdan sonra növbəti mərhələ, yəni 42 gün davam edən doğuşdan sonrakı dövr başlayır. Onun ilk 2-4 saatı erkən dövr adlanır.
Anesteziya ilə təbii doğuş
Doğuş prosesində qadının çəkdiyi ağrılar onun ürək fəaliyyətini və tənəffüsünü poza bilər. Həmçinin uzunmüddətli, güclü ağrılar hamilənin tez yorulmasına, döldə oksigen çatışmazlığına (hipoksiyaya) gətirib çıxara bilər. Bu səbəbdən ehtiyac yarandıqda və eləcə də qadının istəyinə əsasən təbii doğuş tam ağrısız formada aparıla bilər.