Naboti kistaları
Naboti kistaları – uşaqlıq boynunda yerləşən vəzilərin mənfəzinin tutulması və orada selikli ifrazatların toplanması nəticəsində əmələ gələn xoşxassəli törəmələrdir. Xəstələrdə klinik təzahürlərə adətən rast gəlinmir. Kistanın möhtəviyyatı bəzən mikroorqanizmlər üçün qidalı mühit rolunu oynayır. Bununla əlaqədar iltihablaşma gedir, servisitin əlamətləri meydana çıxır. Diaqnoz ginekoloji müayinə, kolposkopiya, biopsiya və kiçik çanaq orqanlarının USM əsasında qoyulur. Müalicə destruksiya üsulları ilə aparılır. Kista infeksiyalaşdıqda antibiotiklər göstərişdir.
- Naboti kistalarının səbəbləri
- Patogenez
- Əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Naboti kistalarının müalicəsi
- Proqnoz və profilaktika
Naboti kistaları haqqında ümumi məlumat
Naboti (retension) kistaları istənilən yaş dövründə yarana bilir. Doğmayan, cavan qızlarda onlar çox zaman ektropionla birgə müşahidə olunur. Aktiv cinsi həyat sürən fertil yaş dövründə olan qadınların əksəriyyətində servisit və vaginit fonunda uşaqlıq boynunun retension kistaları aşkarlanır.
Klimaks başlandıqda estrogen səviyyəsi azaldığından və atrofik proseslər inkişaf etdiyindən uşaqlıq boynunda çoxsaylı, kiçik ölçülü naboti kistaları formalaşa bilir. Onlar adətən serviksin leykoplakiyası, hipoplaziyası, diffuz və yaxud ocaqlı atrofiyası ilə müşayiət olunur.
Naboti kistalarının səbəbləri
Naboti kistaları heç vaxt sağlam və dəyişilməmiş uşaqlıq boynunda yaranmır. Patologiya metaplaziya sahələri, serviksin vaginal hissəsinin normal çoxqatlı epitelinin uşaqlıq boynu kanalına xas olan silindrik hüceyrələrlə əvəzlənməsi nəticəsində əmələ gəlir. Provokasiyaedici amillərin təsiri davam etdikdə naboti kistaları residivləşə bilir. Patologiyanın başlıca səbəbləri aşağıdakılardır:
- Uşaqlıq boynunun ektopiyası. Normada silindrik hüceyrələri çoxqatlı epiteldən ayıran sərhəd xarici əsnəkdə yerləşir. Həmin xəttin ekzoserviksə tərəf yerdəyişməsi proliferasiya prosesləri ilə müşayiət olunur. Belə hallarda epitel hüceyrələrinin vəzilərə sirayət etməsi onların mənfəzinin qapanmasına və selik axınının pozulmasına gətirib çıxarır.
- Servisit. Uşaqlıq boynunun iltihabı iltihab, damar reaksiyaları və epitelin qopma mexanizminin pozulması ilə gedir. Nəticədə vəzi axacaqları daralır, tutulur – naboti kistaları əmələ gəlir. Onların möhtəviyyatı patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit rolunu oynayır. Belə vəziyyətlərdə iltihab xroniki xarakter daşıyır.
- Hormonal pozğunluqlar. Cinsi steroidlərin disbalansı predklimakterik dövrdə, eləcə də reproduktiv yaşda yaranan müxtəlif patologiyalarda daha qabarıqdır. Bu isə uşaqlıq boynunda transformasiya zonasının formalaşmasına səbəb olur. Həmin hissədə hüceyrələr dəyişir, naboti kistalarının inkişafı üçün şərait yaranır.
- Uşaqlıq boynunun travmaları. Doğuş prosesində uşaqlıq boynunun cırılmasından, uğursuz müdaxilələrdən sonra epitel hüceyrələri servikal kanaldan serviksin vaginal hissəsinə doğru yerdəyişmə edir. Ardınca proliferasiya prosesləri işə düşür. Onlar vəzi sekretinin axınını pozur.
Naboti kistalarının patogenezi
Normada uşaqlıq boynu xaricdən çoxqatlı epitellə örtülüdür. Sevikal kanalı isə döşəyən silindrik hüceyrələrdir. Hormonal dəyişikliklər, iltihab və travma zamanı bu toxumaların sərhədi xarici əsnəkdən uşaqlıq boynunun üzərinə keçir – psevdoeroziya formalaşır. Cavan qadınlarda bu proses fizioloji ola bilər. Həmin hissənin toxumalarında gedən proliferasiya qüsurun aradan qalxmasına yönəlir.
Silindrik epiteldə çoxsaylı vəzilər mövcuddur. Onlarda selik sintez olunur. Ektopiya zonası qeyri-stabil olur, burada normal epitel örtüyünün bərpası üçün proseslər işə düşür. Epidermizasiya ektopiyanın səthində çoxqatlı epitelin çoxalması hesabına baş verdikdə vəzi axacaqları tutulur. Selik daxildə toplandığından kistoz genişlənmə və nəticədə naboti kistaları əmələ gəlir.
Kistaların ətrafında perifokal iltihab formalaşır, damarlar genişlənir və proliferasiya edir. Metaplastik epitelin yaranır. Bu toxuma patoloji sayılmır, sadəcə onunla yanaşı insan papilloma virusunun olması uşaqlıq boynunda displaziya və xərçəng ehtimalını yüksəldir. Naboti kistalarının ətrafındakı bu sahə istənilən infeksiyaya qarşı həssas olur. Kistoz boşluqlara isə xlamidioz, qonoreya və digər xəstəliklərin törədiciləri keçə bilər.
Naboti kistalarının əlamətləri
Uşaqlıq boynunun naboti kistaları əksər qadınlarda simptomsuz gedir. Onlar ginekoloq tərəfindən müayinə zamanı təsadüfən aşkarlanır. Çox kiçik ölçülü törəmələr cinsi həyata və mayalanma qabiliyyətinə təsir göstərimir. İri kistalar isə uşaqlıq boynunu deformasiyaya uğrada bilər. Belə hallarda qarnın aşağı hissəsində, qasıq nahiyəsində dartıcı ağrılar yaranır. İntim yaxınlıq zamanı diskomfort və ağrı meydana çıxır.
Naboti kistaları servisit və yaxud vaginitlə birgə inkişaf etdikdə uşaqlıq yolundan selikli və ya irinli axıntı müşahidə olunur. Qeyri-spesifik infeksiyalar üçün sarı yaşılımtıldan tutmuş boz rəngə qədər vaginal ifrazatlar xarakterikdir. Onlar uşaqlıq yolu dəhlizində qaşınma, göynəmə və qıcıqlanma törədir. İnfeksiya qalxan yolla uşaqlıq və onun artımlarına (yumurtalıq, uşaqlıq boruları) yayıla bilər.
Naboti kistalarının ağırlaşmaları
Retension kistalar nadir hallarda ağır fəsadlarlara gətirib çıxarır. Lakin onlar infeksiyalaşdıqda xroniki iltihabı dəstəkləyən ocağa çevrilir.
Naboti kistaları əksərən xlamidiozla ağırlaşır. Bu zaman kista mikroorqanizmin qalması üçün rezervuar rolunu oynayır. Cinsi infeksiya əleyhinə müalicə alan qadınlarda kistanın öz-özünə partlaması fonunda reinfeksiya baş verə bilər. Belə vəziyyətlərdə müalcə kursu təkrarlanmalıdır.
Naboti kistalarının diaqnostikası
Naboti kistalarının diaqnostikası üçün pasiyent ginekoloqa müracitə etməlidir. Kistoz düyünlər çox vaxt uşaqlıq boynu xərçənginin preinvaziv formasınıa bənzəyir. Belə hallarda onkoloqun baxışı mütləqdir.
Naboti kistalarının diaqnostikasında aşağıdakı üsullardan istifadə olunur:
- Ginekoloji müayinə. Vaginal güzgülərlə baxış zamanı uşaqlıq boynunun selikli qişasında daxili əsnəyə yaxın yerdə ağ və yaxud solğun-çəhrayı rəngli düyünlər görünür. İltihab olduqda kistaları əhatə edən toxuma hiperemiyalaşır, uşaqlıq boynunda ifrazat aşkarlanır.
- Uşaqlıq yolundan yaxma. Bu yolla ilthabi proses və mikrofloranın tərkibi təyin olunur. Yaxma analizində çoxlu miqdarda leykosit izlənildikdə, eləcə də kokk flora üstünlük təşkil etdikdə iltihabəleyhinə müalicə göstərişdir.
- PAP-test. Onkositologiyaya görə yaxma analizi ektopiya zonasında hüceyrələrin vəziyyətini əks etdirir. Normada düzgün forma və quruluşa malik epitel hüceyrələri müşahidə olunur. Nüvə-sitoplazma nisbətinin dəyişməsi, atipik hüceyrələr və digər displaziya əlamətlərinin aşkarlanması patoloji haldır.
- Kolposkopiya. Baxış zamanı hətta minimal ölçülü naboti kistaları üzə çıxarılır. Genişləndirilmiş kolposkopiya epitel sərhədinin uşaqlıq boynunun vaginal hissəsinə doğru yerdəyişməsini sübut edir. İnfeksion proseslərdə damar şəklinin xarakterik dəyişlikləri, qlikogen səviyyəsinin azalması müəyyən olunur.
- Biopsiya. Uşaqlıq boynunun displaziyasından şübhələndikdə aparılır. Bu patologiya psevdoerozya və kistoz törəmələrlə müşayiət oluna bilir. Biopsiya genişləndirilmiş kolposkopiya zamanı yerinə yetirilir. Histoloji müayinə üçün şübhəli sahələrdən nümunə götürülür.
- Ginekoloji USM. Qasıq nahiyəsində ağrı və dispareuniyadan şikayətlənən qadınlarda diaqnostikanın vacib mərhələsidir. Transvaginal USM daha informativ sayılır. Onun köməyilə daxili cinsiyyət orqanlarının quruluşu dəqiqliklə təhlil edilir.
Naboti kistalarının müalicəsi
Uşaqlıq boynunun naboti kistalarının müalicəsi barədə ginekoloqların fikri mübahisəlidir. Əksər mütəxəssislər hesab edirlər ki, çox kiçik ölçülü təksaylı törəmələrin müalicəsinə gərək yoxdur. Sadəcə mütəmadi yoxlanış və iltihabi proseslərin profilaktikası lazımdır.
Digər qrupun fikrincə naboti kistaları infeksion xəstəliklərin təkanverici amilidir. Onlar patogen bakteriyalar üçün qidalı mühit və rezervuar olduğundan belə kistaları müalicə etmək vacibdir.
Naboti kistalarının konservativ terapiyası
Müalicə ambulator şəraitdə aparılır. Uşaqlıq boynunun iltihabı təsdiqləndikdə infeksiya əleyhinə dərmanlar təyin edilir. Müalicə prosesində yerli vasitələrə üstünlük verilir. Göstərişlərə əsasən sistem təsirli preparatlardan istifadə oluna bilər. Medikamentoz terapiyanın əsas istiqamətləri aşağıdakılardır:
- Antiseptiklər. Şam formasında buraxılan xlorheksidin, yod preparatları effektivdir. Müalicə kursunun müddəti əlamətlərin ifadəliyindən asılıdır.
- Antibiotiklər. Kombinəolunmuş şam şəklində olan antibakterial preparatlar naboti kistaları ilə müşayiət olunan qeyri-spesifik servisitdə müsbət nəticə verir. Spesifik infeksiyalarda (xlamidioz, qonoreya, trixomoniaz) sistem təsirli antibiotiklər təyin edilir
- Laktobakteriyalar. Antibiotik istifadəsindən vaginal mikrofloranın tərkibini bərpa edir. Bu qrupdakı bəzi preparatların tərkibinə estrogenlər daxil olur, onlar selikli qişada bakteriyaların kolonizasiya prosesini yaxşılaşdırır.
Naboti kistalarının destruktiv müalicəsi
Naboti kistalarının kapsulunun dağıdılması onun möhtəviyyatını xaric etməyə imkan verir. Bu prosesi ardınca onun formalaşması üçün substrat – yerdəyişmiş epitel zonası aradan qaldırılır. Destruksiya üsulu qadının yaş və reproduktiv planına əsasən fərdi qaydada seçilir. Doğmayan və cavan qadınlarda uşaqlıq boynunda çapıq formalaşdırmayan üsullar tətbiq edilir. Müalicə aşağıdakı üsullarla aparılır:
- Kimyəvi üsulla yandırılma. Xüsusu ferment preparatları uşaqlıq boynu toxumalarının səthi qatına kimyəvi təsir göstərir, kistoz boşluq və psevdoeroziyanı yox edir. Uzaq dövrlərdə çapıq formalaşmasa da, residiv riski hər zaman mövcud olur.
- Kriodestruksiya. Bu üsul maye azotla doldurulmuş yumru ucluqlu alətlə yerinə yetirilir. Naboti kistasında soyuq yanıq baş verir. Bu hissə tədricən sağalır, yerində sağlam toxuma əmələ gəlir.
- Radiodalğa üsulu. Yarılmış naboti kistası radiodalğalarla işlənilir. Onlar həm də damarları koaqulyasiya edirlər. Bu metod yüksək effektivliyi ilə seçilir. İstənilən yaş dövründə aparıla bilər. Onun digər üstünlüyü ağırlaşmaların olmamasındadır.
- Lazer koaqulyasiyası. Naboti kistalarının və uşaqlıq boynunun eroziyalaşmış hissələrinin yandırılması ağrısız gedir. Sağlam toxumalar zədələnmir. Alət serviksin səthinə toxunmadığından infeksiyalaçna və fəsadlaşma riski sıfıra bərabərdir. Bərpa dövrü qısa sürür, çapıqlaşma baş vermir.
- Elektrokoaqulyasiya. Kifayət qədər travmatik prosedur olub, hamiləlik planlaşdırmayan qadınlarda icra edilir. Bu zaman kista yarılır, onun boşluğu və uşaqlıq boynunun dəyişikliyə uğrayan toxumaları elektrokoaqulyatorla yandırılır. Sağalma prosesində çapıq və servikal kanalın strikturaları formalaşa bilər.
- Uşaqlıq boynunun konizasiyası. Yalnız naboti kistaları 2-3-cü dərəcəli displaziya ilə müşayiət olunduqda aparılır. Prosedurun mahiyyəti uşaqlıq boynunda zirvə hissəsi uşaqlıq boynuna yönələn, konus formalı fraqmentin kəsilməsindən ibarətdir. Cərrahi müdaxilə ümumi anesteziya altında həyata keçirilir.
Naboti kistalarının proqnoz və profilaktikası
Ginekoloqa vaxtında müraciət etdikdə proqnoz qənaətbəxş olur. Müalicədən sonra epitel örtüyü bərpa olur, uşaqlıq boynunun deformasiyası və yaxud çapıq dəyişiklikləri xarakterik deyil.
Profilaktik tədbirlərə psevdoeroziyaların formalaşmasının və infeksiyalaşmasının qarşısının alınması aiddir. Bunun üçün təsadüfü cinsi əlaqədən çəkinmək, vulvovaginit problemini vaxtında həll etmək lazımdır. Həmçinin cinsi həyat sürən qadınlara ildə ən azı 1 dəfə ginekoloji müayinədən keçmək tövsiyə olunur.