Qadınlarda kondiloma

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 6900

Qadınlarda kondiloma əlamətləriQadınlarda kondiloma – cinsiyyət orqanlarının xoşxassəli şişidir. Xəstəlik papillomavirus tərəfindən törənir. Kondiloma bəzən simptomsuz gedir, digər hallarda isə vulva, uşaqlıq yolu və boynunda ekzofit törəmələrlə özünü büruzə verir. Görünən törəmələr adətən qanama və qaşınma ilə müşayiət olunur. Diaqnoz klinik baxış, kolposkopiya, sitoloji və DNT analizi əsasında qoyulur. Müalicə kompleksşəkilli olub, immunoterapiyadan, sitostatik preparatların qəbulundan və destruksiya üsullarından ibarətdir.   

  • Qadınlarda kondilomanın səbəbləri
  • Patogenezi
  • Təsnifatı
  • Qadınlarda kondilomanın əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostikası
  • Qadınlarda kondilomanın müalicəsi
  • Proqnoz və profilaktikası

Qadınlarda kondiloma haqqında ümumi məlumat

Qadınlarda kondiloma müalicəsiQadınlarda kondiloma (genital papillomavirus infeksiyası, anogenital və yaxud zöhrəvi ziyillər) – epitel-fibroz mənşəli törəmələr olub, cinsiyyət orqanlarında yerləşir. Xəstəliyə istənilən yaş dövründə rast gəlinir. Maksimal cinsi aktivlik dövründə (18-30 yaşlarda) kondilomaya daha çox təsadüf olunur. Göstərilən yaş qrupunda zöhrəvi ziyillərin yayılma tezliyi 45-81% təşkil edir. Patologiyanın törədicisi onkogen potensiyala malikdir. Bu səbəbdən kondilomatozdan əziyyət çəkən xəstələrdə cinsiyyət orqanlarının epitel mənşəli bədxassəli şişlərinin yaranma ehtimalı yüksəkdir.   

Qadınlarda kondilomanın səbəbləri

Qadınlarda kondiloma nədir?Qadınlarda kondiloma infeksion etiologiyalıdır. Xəstəliyin törədicisi insan papillomavirusunun (İPV) müxtəlif tipləridir. Kondilomatoz antroponoz (yalnız insanlar arasında yayılan) infeksiyalara  aiddir. Yoluxma təmas yolu ilə baş verir. Papillomavirus yüksəkkontagiozluğa malikdir. 60% qadınlarda infeksiya törədici ilə ilkin təmasdan sonra inkişaf edir. Yoluxmanın 2 forması möcvuddur:  

  • Cinsi. İntim yaxınlıq zamanı virusun ötürülməsi başlıca yoluxma yolu sayılır. Erkən (17 yaşdan tez) cinsi həyat, qorunmamış əlaqələr, cinsi partnyorların tez-tez dəyişdirilməsi infeksiyalaşma ehtimalını xeyli artırır.  
  • Təmas-məişət. Şəxsi gigiyena qaydalarına əməl olunmadıqda (özgə adamların şəxsi əşyalarını istifadə etdikdə) baş verir. Virus xəstə insanın alt paltarı, hamam dəstləri ilə sağlam şəxsə keçir. Bu tip yoluxma zamanı əsasən anogenital nahiyə zədələnir. Böyüklərdə məişət infeksiyası cinsi formaya nisbətən az qeydə alınır.  

Virus orqanizmə düşdükdən sonra hər zaman xəstəlik inkişaf etmir. İnfeksiyalaşmanın əsas şərti immun aktivliyin zəifləməsidir. Hamilə qadınlar, uşaqlar (10-12 yaşa qədər) və yaşlı şəxslər virusa həssas olur. Həmçinin lokal (iltihabi ginekoloji xəstəliklər, bakterial vaginoz, cinsi orqanların selikli qişalarının distrofik dəyişiklikləri) və ümumi somatik (şəkərli diabet, piylənmə, A, C, B9 hipovitaminozları) patologiyalar infeksiya riskini xeyli artırırlar.   

Qadınlarda kondilomanın patogenezi

İnsan papillomavirusu şiş törədə bilən DNT-tərkibli viruslara aiddir. Bu mikroorqanizm epitelin bazal hüceyrələrinə keçərək, onlara produktiv və (və yaxud) transformasiyaedici təsir göstərir. Virusun DNT-si insan hüceyrəsinin DNT-nə inteqrasiya etmədikdə infeksiya produktiv tip üzrə inkişaf edir: yoluxmadan sonra hüceyrələr intensiv bölünməyə başlayır, produktiv kondilomalar – adi gözlə görünən xoşxassəli törəmələr əmələ gəlir. Onların maliqnizasiya ehtimalı çox aşağıdır. 

Transformasiyaedici infeksiyalar üçün zədələnmiş hüceyrələrin keyfiyyət dəyişiklikləri nəticəsində differensiasiyanın pozulması xarakterikdir. Belə hallarda bədxassələşmə riski yüksək olan mikroskopik, qeyri-produktiv kondilomalar formalaşır. İnfeksiyanın forması əsasən İPV tipindən asılıdır. Yüksək onkogen riskli viruslara 16, 18, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59, 68-ci tiplər aiddir. Aşağı onkogen riskli İPV-nin ən geniş yayılmış tipləri 6 və 11-dir.  

İnsan orqanizminin immun statusundan asılı olaraq, xəstəlik 2 formada gedir. Müvəqqəti immun dəyişikliklər zamanı 3-9 aydan sonra virusun eliminasiyası və spontan sağalma baş verir. Törəmələr öz-özünə reqressə uğrayır.

İmmun sistemi zəifləməyə davam etdikdə isə infeksiya persistə olunur. Belə şəxslərdə gələcəkdə epitel toxumasının xərçəngönü dəyişiklikləri, sonra isə karsinoma formalaşa bilər.  

Qadınlarda kondilomanın təsnifatı

Kondilomalar müxtəlif meyarlara əsasən təsnif edilir. Klinik gedişinə əsasən infeksiyanın klinik, subklinik, latent formaları ayırd edilir. Patoloji dəyişikliklərin lokalizasiyasına görə vulvanın, uşaqlıq boynu və yolunun kondilomatozu qeydə alınır. Klinik əlamətlər və genital kondilomanın xarici görünüşünə nəzərən 2 tip müəyyən olunur: 

  • Ekzofit. Xəstəliyin dominant forması sayılır. Selikli qişanın üzərində müxtəlif formalar (itiuclu, papilyar, papulaşəkilli) görünür. Nəhəng Buşke-Levenşteyn kondiloması istisna olmaqla, qalan törəmələr nadir hallarda maliqnizasiyalaşır. Ekzofit formalara əsasən xarici cinsiyyət orqanlarında rast gəlinir.  
  • Endofit. Törəmələr epitelin qalınlığında yerləşir. Adətən selikli qişanın səthindən qabarmır. Adi gözlə görünmür, yalnız instrumental üsullarla aşkarlanır. Yastı və invertəolunan (servikal vəzi və stromanın dərinliklərinə nüfuz edən) kondilomalar mövcuddur. Endofit formalar çox vaxt displaziya və xərçənglə müştərəkləşir. Əsasən servikal və vaginal nahiyələrdə müşahidə olunur.  

Sadalanan tiplərdən savayı bəzi klinisistlər kondilomatoz vaginitservisiti qeyd edirlər. Bu formalar dəqiq sərhədləri olmayan ocaqlar və yaxud bütün anatomik zonanın (vulva, uşaqlıq yolu və ya boynu) epitel toxumasının diffuz zədələnməsi ilə xarakterizə olunur. Onlar bəzən heç bir vizualizasiya vasitəsi olmadan ödemli selikli qişanın bütün səthi boyunca kiçik, tikanlı çıxıntılar müəyyən edilir.  

Qadınlarda kondilomanın əlamətləri

Kondilomatoz virusla təmasdan 3 həftə-6 ay (orta hesabla 3 ay) sonra manifestasiya edir. Subyektiv təzahürlər yalnız ekzofit formalarda izlənilir. Endofit törəmələr üçün subklinik gediş (gözlə görünən əlamətlər olmadan) səciyyəvidir. 

Uşaqlıq boynu və yolunun təksaylı papillomaları (kondiloma) adətən simptomsuz olur. Yeganə əlamət cinsi akt zamanı törəmə zədələndikdə baş verən qanlı ifrazatdır.   

Çoxsaylı kondilomalar seroz-selikli və yaxud irinli axıntı, dispareuniya ilə müşayiət olunur.  

Vulvanın ekzofit kondilomatozunu adətən qadın özü aşkar edir. Spesifik törəmələrə əksərən kiçik cinsiyyət dodaqları və onların yüyəni, sidik kanalının girəcəyi, uşaqlıq yolunun dəhlizində təsadüf olunur. Çox zaman patoloji dəyişikliklər perianal zona və aralıq nahiyəsində əmələ gəlir. Başlanğıcda normal selikli qişanın rəngindən fərqlənməyən məməcik formasında, az sayda, kiçik ölçülü törəmələr meydana çıxır. Zamanla onlar böyüyərək, müxtəlif şəkil alırlar.  

İtiuclu kondilomalar nazik ayaqcıqlı və yaxud enli əsaslı məməciyəbənzər törəmələrdir. Onlar tək düyün şəklində və yaxud gül kələmini xatırladan koloniya formasında olur. 

Papilyar kondilomalar dərinin vulqar ziyilinə bənzəyir. Yüngül travmalardan onlar qanayır. Getdikcə səthləri al-qırmızı rəng alır. Əlamətlər sırasında qaşınma, ağrı və xoşagəlməz iyli vestibulyar axıntılar qoşulur. Sidik kanalının dəliyi zədələndikdə uretrit əlamətləri – sidik ifrazının tezləşməsi və ağrılı olması müşahidə edilir.  

Reqressə uğrayan kondilomalar tədricən avazıyır. Onlar kiçilərək, tam itirlər. Həmçinin yanaşı əlamətlər də yox olur. Sağalma və yaxud müvəqqəti remissiya başlanır. 

Persistəedici papillomavirus infeksiyası illərlə davam edə bilər. Onun üçün remissiya və kəskinləşmə dövrlərinin növbələnməsi xarakterikdir. Soyuqlama, psixoemosional stress, yanaşı infeksiya infeksiyanın yenidən baş qaldırmasına səbəb olur. 

Xəstəliyin latent forması subyektiv əlamətlər, eləcə də histo və sitomorfoloji dəyişikliklər aşkarlanmır. 

Qadınlarda kondilomanın ağırlaşmaları

Kondilomatozun ən təhlükəli ağırlaşması ginekoloji xərçəngdir. Bu xəstəlik 10% xəstələrdə diaqnoz qoyulan andan 2 il keçdikdən sonra endofit kondilomalar fonunda, 5% pasiyentlərdə isə 5 ildən az müddətdə mövcud olan ekzofit törəmələrin bədxassələşməsi nəticəsində yaranır. Əksərən servikal karsinoma, az hallarda vulva və uşaqlıq yolunun yastıhüceyrəli xərçəngi qeydə alınır. Ekzofit törəmələr zədələndikdə, bakterial infeksiyalar qoşulduqda iltihabi proseslər (vulvit, kolpit, servisit) baş verir. Nəhəng kondiloma ətraf toxumaların dağılmasına səbəb olur.  

Hamilə qadınlarda papillomavirus infeksiyası müalicə olunmadıqda təbii doğuş zamanı döl infeksiyalaşır. Gələcəkdə uşaqda qırtlağın papillomatozu formalaşır. Bu xəstəlik həyat üçün təhlükə daşıyır. Belə ki, körpələrdə tənəffüs yolları dar olduğundan patoloji törəmələr traxeyanın böyük bir hissəsini tutduqda onlarda tənəffüs çatışmazlığı, asfiksiya yaranır.  

Qadınlarda kondilomanın diaqnostikası

Anogenital nahiyənin iri ölçülü ekzofit kondilomalarının diaqnostikası adətən çətinlik törətmir. Patoloji dəyişikliklər ginekoloji müayinə zamanı asanlıqla vizualizasiya olunur. Vulvanın kondilomalarına, anamnestik məlumatlara əsasən yastı servikal və yaxud vaginal ziyillərdən şübhələnmək olar. Diaqnozun dəqiqləşdirilməsi üçün aşağıdakı müayinələr aparılır:   

  • Endoskopiya. Kolposkopiya prosesində kiçik ölçülü endofit və ekzofit kondilomalar aşkarlanır. Yastı kondilomaların əlamətlərinə «mozaika və punktuasiya» şəkli, tikanabənzər epitel çıxıntıları, atipik damarlar aiddir. Genişlənmiş damar ilgəyi ilə barmağabənzər törəmələrin izlənilməsi itiuclu kondilomaya dəlalət edir.  
  • DNT-analiz. PZR-diaqnostikanın müsbət nəticəsi papillomavirusu təsdiqləyir. RT-PZR vasitəsilə İPV-nin tipi müəyyən olunur. Bu analiz düzgün müalicə sxeminin tərtibinə və proqnozun verilməsinə kömək edir. Molekulyar analiz latent infeksiyanın yeganə müayinə üsuludur.  
  • Mikroskopik analiz. Yaxmanın sitoloji analizi genital kondilomaların klinik və subklinik formalarının diaqnostikasında mühüm əhəmiyyət kəsb edir. Onun köməyilə xərçəngönü dəyişikliklər üzə çıxarılır. Zədələnmiş sahədən götürülən yaxmada koylositozun və diskeratozun aşkarlanması papillomavirus infeksiyasını təsdiqləyir.  

Kondilomaları cinsiyyət orqanlarının xərçəngönü xəstəliklərindən (displaziya), intraepitelial və invaziv xərçəngdən (o cümlədən qeyri-virus etiologiyalı) fərqləndirmək lazımdır. Bu məqsədlə şübhəli hallarda zədələnmiş nahiyənin hədəfli biopsiyası, materialın histoloji analizi, onkoginekoloqun konsultasiyası təyin olunur.  

Qadınlarda kondilomanın müalicəsi

Konservativ terapiya

Hazırda kondilomaların effektiv spesifik müalicəsi mövcud deyildir. Ağır displaziya ilə fəsadlaşmayan endofit papillomalarda mütəmadi ginekoloji müşahidə aparmaqla gözləmə taktikası tətbiq edilir. Ekzofit törəmələr isə asanlıqla zədələndiyindən, xəstəyə fiziki və diskomfort törətdiyindən aradan götürülür. Residiv riskini azaltmaq üçün destruktiv üsullarla yanaşı immunoloji terapiya aparılır. Kondilomaların medikamentoz terapiyasına aşağıdakı üsullar daxildir: 

  • Qeyri-cərrahi destruksiya. Qeyri-fiziki üsullarla patoloji törəmələri yox etmək üçün kondioma olan hissəyə sitotoksik vasitələrin (podofillin, kolxamin, 5-flüorurasil) applikasiyaları, turşu məhlulları (üçxlorsirkə, asetilsalisil, süd, azot) əsasında dərmanlar qoyulur. Bəzən cərrahi ablasiyadan sonra müalicəvi effekti artırmaq məqsədilə sişəleyhinə preparatlarla terapiya aparılır.
  • Qeyri-spesifik virusəleyhinə terapiya. Virusəleyhinə preparatlar virusun replikasiyasını inhibə edir, hüceyrələrin proliferasiyasını ləngidir. Onlar monoterapiya şəklində və ya ablasiyaya əlavə kimi istifadə olunur. Kondilomaların müalicəsində aplikasiya formasında alfa və beta-interferonlar, yerli və ocaqdaxili inyeksiyalar müsbət nəticə verir.  
  • İmmunomoduləedici terapiya. İmmunomodulyatorlar insanın immun sistemini korreksiya edir. Bu preparatlar immun hüceyrələrinin və interferonlarının sintezini stimulə edir, onların aktivliyini artırırlar. Dərman preparatları adyuvant və neoadyuvant terapiyadan sonra təyin edilir. Bu vasitələrin peroral, rektal və inyeksion formaları mövcuddur.  

Cərrahi müalicə

Kondilomatozun ağırlaşmış formalarının (ağır formalı displaziya, intraepitelial xərçəng ilə müşayiət olunan) cərrahi müalicəsi onkoginekoloq tərəfindən aparılır. Ağırlaşmamış kondilomaları ginekoloq müalicə edir. Ablasiyadan əvvəl törəmənin bədxassəli olmamasını təsdiqləmək lazımdır. Kondilomatozun müalicəsində aşağıdakı cərrahi üsullar tətbiq edilir:  

  • Ablativ. Papillomatoz törəmələrin destruksiyası ağırlaşmamış kondilomalarda, yüngül və orta dərəcəli displaziyalarda yerinə yetirilir. Patoloji törəmələr lazer vaporizasiyası, kriodestruksiya, radiotezlikli ablasiya ilə aradan qaldırılır.  
  • Ekssizion. Orta və yaxud ağır dərəcəli displaziya, qeyri-invaziv xərçənglə müşayiət olunan servikal kondiloma zamanı adətən orqanqoruyucu cərrahi müdaxilə – konusvari ekssiziya aparılır. Vulvanın invertləşən və nəhəng kondilomaları da rezeksiya edilə bilər. Əməliyyatın həcmi zədələnmiş sahənin geniş formada kəsilməsindən tutmuş sadə vulvektomiyaya qədər dəyişir.  

Qadınlarda kondilomanın proqnoz və profilaktikası

Proqnoz pasiyentin immun statusundan asılıdır. 80% hallarda 1-2 il ərzində sponta sağalma baş verir. Bəzən isə xəstəlik müalicəyə çətin tabe olur, residivləşir. 

Qadınlarda kondilomanın ən effektiv birincili profilaktikası 9-26 yaşlı qız və cavan qadınlara “Qardasil” və yaxud “Servariks” peyvəndlərinin vurulmasıdır. Digər proflaktik tədbirlərə təsadüfi cinsi əlaqələrdən qaçmaq, özgə insanların intim gigiyena vasitələrindən istifadə etməmək, immun sistemini zəiflədən patologiyaların müalicəsini aparmaq aiddir.  

Kondilomanı və onun ağırlaşmalarını (xərçəngönü xəstəlik, xərçəng) vaxtında üzə çıxarmaq üçün risk qrupuna aid və persistəedən papillomavirus infeksiyalı  qadınlara 1-3 ildə ən azı bir dəfə kolposkopiya və yaxmanın sitoloji analizi məsləhət görülür. Uşağın yoluxmaması üçün İİV infeksiyalı hamilələrdə doğuş Qeysəriyyə əməliyyatı ilə yerinə yetirilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: