Hamiləlikdə hıçqırıq
Hamiləlikdə hıçqırıq — mədə qazlarının xarakterik səslə xaric olmasıdır. Bu proses kardial sfinkterin açılması və mədənin saya əzələlərinin yığılması nəticəsində baş verir. Hıçqırıq əsasən fizioloji səbəblərdən yaranır. Onlara hormonal dəyişikliklər, qidalanmanın pozulması, hipodinamiya misaldır. Lakin bəzən hıçqırıq müəyyən bir xəstəliyin əlaməti kimi təzahür edir. Hamiləlikdə hıçqırığın səbəbi təhlükəsiz üsullarla – USM, analizlər, pH-metriya vasitəsilə aşkara çıxarılır. Onu aradan qaldırmaq üçün qeyri-medikamentoz üsullardan, prokinetik və sedativ vasitələrdən istifadə edilir.
Hamiləlikdə hıçqırığın səbəbləri
Normal gedişli hamiləlikdə
Ağız boşluğundan az miqdarda havanın xaric olması fizioloji proses sayılır. Hamiləlik dövründə qadın orqanizmindəki orqan və sistemlərdə müxtəlif dəyişikliklər gedir. Onlar hıçqırığın yaranmasına və tezliyinə təsir göstərir. Fizioloji hıçqırıq ağızda heç bir dad və xoşagəlməz iy ilə müşayiət olunmayan prosesdir. Hamiləlikdə mədə qazlarının tez-tez xaric olmasına aşağıdakı amillər təkan verir:
- Hormonal dəyişikliklər. I-ci trimestrdən hamilə qadınlarda progesteron sintezi artmağa başlayır. Bu hormon uşaqlığın tonusunu azaldır və hamiləliyin normal gedişini təmin edir. Sadalananlardan əlavə progesteron həm də mədə və qida borusunun saya əzələlərini həddindən artıq boşaldır. Orqanlar gərildiyindən onların daxilində qazlar toplanır. Nəticədə kardial sfinkter reflektor açılır, pilorus daralır və hava xaric olur.
- Uşaqlığın böyüməsi. Hamiləliyin II və III trimestrlərində uşaqlığın həcmi artdığından qonşu orqanlarda yerdəyişmə baş verir. Mədə diafraqmaya doğru sıxılır. Bununla əlaqədar onun yığılma aktivliyi və əzələ sfinkterlərinin işinin koordinasiyası pozulur. Baş verən dəyişikliklər hıçqırığa gətirib çıxarır. Eləcə də qadınlarda təngnəfəslik yaranır. Bu əlamət ağciyərlərin tam açılmaması ilə izah olunur.
- Fizioloji aktivliyin azalması. Hamiləliyin son dövrlərində adi hərəkətləri yerinə yetirmək çətinləşir. Qadınların əksəriyyəti az dinamik həyat tərzi sürür. Fiziki aktivlik azaldıqda mədə və bağırsaq əzələlərinin tonusu zəifləyir, həzm kanalı ilə ximusun hərəkəti ləngiyir. MBT orqanlarının divarlarının gərilməsi hesabına reflektor akti kimi hıçqırıq baş verir. Bəzi hallarda onunla yanaşı yeməkdən sonra mədədə ağırlıq hissi də meydana çıxır.
- Aerofagiya. Qida qəbulu zamanı havanın udulması hamiləlikdə hıçqırığın əsas səbəblərindən hesab olunur. Belə vəziyyətlərə tələsik və söhbət edərək qidalandıqda rast gəlinir. Mədəyə çoxlu miqdarda hava keçdiyindən onun divarları gərilir və kəskin formada yığılır. Nəticə etibarilə xarakterik səsli hıçqırıq əmələ gəlir.
- Bəzi qida məhsullarının qəbulu. Hamiləlik dövründə qidalanma ilə bağlı ginekoloqun məsləhətlərinə əməl etmədikdə hıçqırıq yaranır. Belə hallara xüsusən təzə meyvə, qara çörək, dənli bitkilərin qəbulu zamanı təsadüf olunur. Hıçqırığın inkişaf mexanizmi həddindən artıq qaz əmələ gəlmə ilə əlaqəlidir. Qazlar mədə motorikasının zəifləməsi fonunda meteorizm və hıçqırıq törədir. Həmçinin saqqız istifadəsi də mədə qazlarının ifrazına səbəb olur.
- Vegetativ innervasiyanın pozulması. Hamiləlikdə qadın orqanizmi, o cümlədən vegetativ sinir sistemi dəyişikliyə uğrayır. MBT motorikası əsasən azan sinirin parasimpatik kələfləri tərəfindən tənzimlənir. Sinir-reflektor əlaqələri pozulduqda yüngül formalı dispeptik əlamətlər mümkündür. Hıçqırıq qida qəbulundan asılı olmadan günün istənilən saatlarında baş verir.
Spesifik hamiləlik patologiyaları
Dispeptik əlamətlər hamiləlik dövrünün spesifik xəstəliklərinin əlamətlərindən sayılır. Belə hallar fərqli etiologiya və inkişaf mexanizminə malik olur. Onlara immunoloji uyğunsuzluq, uşaqlıqdan gələn patoloji visseral impulsasiya, periferik sinir kələflərinin fəaliyyətinin pozulması səbəb olur. Qadının vəziyyətinin kəskin şəkildə pozulması və qeyri-tipik simptomatikanın yaranması tibbi yardım tələb edir. Hıçqırıq əsasən aşağıdakı patologiyalarda müşahidə olunur:
- Hamiləlikdə xolestaz. Statistik məlumatlara görə hamilələrin 0,1-2%-də ödün patoloji durğunluğu aşkar edilir. Bu patoloji hal estrogenlərin təsirindən ödün kolloid balansının pozulması, habelə xolesterinin həddindən artıq sintezi ilə əlaqəlidir. Xolestaz dərinin intensiv qaşınması, sarılıq, sidiyin tündləşməsi, dispeptik əlamətlər (hıçqırıq, ürəkbulanma, meteorizm) ilə təzahür edir.
- Toksikoz. Hamiləlikdə hıçqırıq erkən toksikozun əlaməti sayılır. Ümumiyyətlə hamiləliyin 5-ci həftəsindən etibarən pasiyentlərin 50-60%-də toksikoz əlamətləri qeydə alınır. Yüngül dərəcələrdə qadının ümumi vəziyyəti pozulmur, onu sadəcə ürəkbulanma, ağız suyu ifrazının artması və hıçqırıq narahat edir. Orta və ağır formalar isə sutkada 20 dəfəyə qədər təkrarlana bilən çoxsaylı qusma, eləcə də orqanizmin susuzlaşması ilə xarakterizə olunur.
- Bağırsağın atoniyası. Defekasiyanın çətinləşməsinə hamilələrin 60%-də rast gəlinir. Hamiləlikdə qəbizlik nevrogen və hormonal mənşəli olur. Böyüyən uşaqlığın bağırsağı sıxması vəziyyəti daha da ağırlaşdırır. Hıçqırıq nəcis kütlələrinin durğunlaşmasına, bağırsaq divarının gərilməsinə, peristaltikanın zəifləməsinə cavab olaraq formalaşır. Bağırsağın atoniyasında mədə qazları üfunətli iyə malik olur.
Həzm sisteminin digər xəstəlikləri
Hamiləlikdə qıçqırıq həzm sistemi patologiyalarının kəskinləşməsi ilə əlaqədar yarana bilər. Hamilə qadınlarda xroniki xəstəliklərin özünü büruzə verməsi cinsi hormonların təsiri, həzm sisteminin yüklənməsi, homeostazın pozulması ilə izah olunur. MBT-nin üzvi patologiyalarında hıçqırıq adətən digər əlamətlərlə (ağrı, nəcis ifrazının pozulması) müşayiət olunur. Hıçqırığın inkişafına aşağıdakı xəstəliklər şərait yaradır:
- Qastroezofageal reflüks. Turş mədə möhtəviyyatının reflüksü histamin reseptorlarının həssaslığının azalması, MBT motorikasının zəifləməsi və qarındaxili təzyiqin artması ilə bağlıdır. II-III trimestrdə əlamətlər daha da kəskinləşir: qadınlar turş gəyirmədən, qıcqırmadan, döş sümüyü arxasında periodik ağrılardan şikayətlənirlər. Onlar adətən uzandıqda və ya qidalanma pozğunluqlarında meydana çıxırlar.
- Xroniki qastrit. Mayalanmadan əvvəl mədəsində xroniki iltihab olan qadınlarda hamiləlik dövründə qastritin kəskinləşmə ehtimalı təxminən 75% təşkil edir. Əlamətlərin intensivliyi qastritin formasından asılıdır. Belə ki, hiperasid vəziyyətlərdə epiqastral nahiyədə ağrı, türş gəyirmə, ishal müşahidə olunur. Turşuluq azaldıqda isə hamilələri lax yumurta iyli gəyirmə, qida qəbulundan sonra mədədə ağırlıq və ağrı hissi narahat edir.
- Xroniki pankreatit. Hamilələr üçün həzm fermentlərinin sintezinin zəifləməsi, onların onikibarmaq bağırsağın mənfəzində aktivliyinin pozulması, mədəaltı vəz axacaqlarının hissəvi obturasiyası xarakterikdir. Bu səbəbdən pasiyentlərin ⅓ hissəsində xroniki pankreatitin kəskinləşməsi qeydə alınır. Xəstəlik dispeptik əlamətlərlə – ürəkbulanma, qusma, hıçqırıq, nəcis kütlələrinin miqdarının artması və onların tərkibində həzm olunmamış qida qalıqlarının olması ilə təzahür edir.
- Qıcıqlanmış bağırsaq sindromu. Hamilələrdə həzm traktının funksional patologiyalarına məxsus əlamətlər kəskinləşə bilər. Bu, vegetativ innervasiyanın dəyişməsi və qadının psixoemosional vəziyyəti ilə əlaqədar bağırsaq motorikasının pozulması nəticəsində baş verir. Patologiya tez yaranan və itən polimorf simptomatika ilə özünü büruzə verir. Əlamətlərin kökündə əsasən stress faktoru dayanır.
- Kron xəstəliyi. Onun yaranmasına estrogen səviyyəsinin artması fonunda immunoloji pozğunluqlar səbəb olur. Qadınlarda hıçqırıq qarın ağrıları (xüsusən sağ qalça nahiyəsində), ürəkbulanma, nəcisin konsistensiyasının pozulması və digər dispeptik əlamətlərlə müşayiət olunur.
Hamiləlikdə hıçqırıq zamanı diaqnostika
Hamilə qadınlarda hıçqırığın yaranması çox vaxt hestasion patologiyadan və yaxud hormonal dəyişikliklər fonunda MBT-nin xroniki xəstəliklərinin kəskinləşməsindən xəbər verir. Pasiyentlərə ana və uşaq üçün təhlükəsiz müayinələr təyin olunur:
- Ultrasəs müayinəsi. Qarın boşluğunun USM əsas instrumental müayinə üsulu sayılır. Sonoqrafiya MBT orqanlarının morfoloji dəyişikliklərini və iltihabi proseslərin əlamətlərini üzə çıxarmağa imkan verir. Hamiləliyin son mərhələlərində uşaqlıq həddindən artıq böyüdüyündən bu üsul bir o qədər də informativ hesab olunmur.
- Mədədaxili pH-metriya. Hamiləlikdə turş gəyirmə adətən xlorid turşusunun sintezinin pozulması ilə əlaqədar baş verir. Bu səbəbdən mədə turşuluğunun 24 saat ərzində yoxlanılması məsləhət görülür. Əlavə olaraq, qida borusunun pH-metriyası yerinə yetirilir. pH səviyyəsinin 4-dən aşağı düşməsi qastroezofageal reflüksə dəlalət edir.
- Tənəffüs testi. H.pylori infeksiyası fonunda yaranan mədə-bağırsaq patologiyalarını inkar etmək üçün qeyri-invaziv tənəfüs testi aparılır. Onlar bakteriyanın mədədə sidik cöhvərini parçalamaq qabiliyyətinə əsaslanır. Test bəzən yanlış olaraq mənfi nəticə göstərir. Diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinəyə – qanda fekal antigenin təyininə ehtiyac yaranır.
- Qanın laborator müayinəsi. Bütün pasiyentlərə qanın standart biokimyəvi analizi göstərişdir. Onun köməyilə zülal-enerji çatışmazlığının əlamətləri, hepatobiliar sistemin fəaliyyəti müəyyən edilir. Göstərişlərə əsasən qan plazmasında qastrin və pepsinogen səviyyəsi, əsas hormonların miqdarı yoxlanılır.
- Endoskopiya. Hamiləlikdə qastroskopiya ciddi göstəriş üzrə, yəni hıçqırıq digər dispeptik əlamətlərlə müşayiət olunduqda aparılır. Müayinə prosesində qida borusu və mədənin selikli qişası vizualizasiya olunur, iltihabi ovaqlara aşkara çıxarılır. Endokskopiya mədə sfinkterlərinin yığılma funksiyasının qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Vacib müayinə üsulları sırasına həm də koproqramma, nəcisin gizli qana və helmintlərə görə analizi daxildir. Bağırsağın iltihabi xəstəliklərindən şübhələndikdə böyük ehtiyatla rektoromanoskopiya və kolonoskopiya icra edilir.
Hamiləlikdə hıçqırığın simptomatik müalicəsi
Əksər hallarda hıçqırıq fizioloji olub, xüsusi müalicə tələb etmir. Onun tezliyini azaltmaq üçün kiçik porsiyalarla tez-tez qidalanmaq, yeyərkən danışmamaq, rasiondan qaz əmələ gətirən məhsulları xaric etmək tövsiyə olunur. Yeməkdən sonra dərhal uzanmaq və önə əyilmək icazəli deyil.
Hıçqırıq gün ərzində çoxsayda təkrarlandıqda və yaxud qarında ağrı, nəcisin pozulması, digər dispeptik əlamətlərlə müşayiət olunduqda həkimə müraciət edilməlidir. Çünki bu simptomlar həzm orqanlarının xəstəliklərindən xəbər verə bilər. Diaqnoz təsdiqlənənə qədər əlamətləri yüngülləşdirmək məqsədilə hamiləlikdə istifadəsinə icazə verilən dərmanlar – prokinetiklər, yüngül təsirli sedativ vasitələr qəbul edilə bilər.