Uşaqlıq yolundan yaxma analizi

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 23240

Uşaqlıq yolundan yaxma analizi Uşaqlıq yolundan yaxma analizi – ginekologiyada tez-tez aparılan müayinələrdəndir. Yaxmanın mikroskopik (bakterioskopik) analizi cinsi yolların mikroflorasının xarakterini təyin etməyə imkan verir. Bunun üçün uşaqlıq yolu və boynundan yaxma (sıyrıntı) götürülür. Əldə olunan biomaterial əvvəlcə rənglənilir. Bəzən isə buna ehtiyac olmadan (nativ yaxma) birbaşa mikroskop altında yoxlanılır. Uşaqlıq yolundan yaxma analizi cinsiyyət sisteminin iltihabi xəstəliklərinin diaqnostikasında mühüm rol oynayır. 

Yaxmanın mikroskopik müayinəsində normal, şərti-patogen və patogen mikroorqanizmlərin, eləcə də hüceyrə elementlərinin sayı və nisbəti müəyyənləşdirilir. Bu məlumat əsasında mikrofloranın xarakteri, iltihabi prosesin olması barədə rəy bildirilir. Yaxmanın floraya görə müayinəsində laktobasillərin, epitel hüceyrələrinin, leykosit və eritrositlərin miqdarı dəqiqləşdirilir. Şərti-patogen və patogen floranın üstünlüyü təyin edilir.  

Uşaqlıq yolundan yaxma analizinə göstəriş və hazırlıq

Uşaqlıq yolundan yaxma analizinin nəticəsiYaxma analizi (mikroskopiya) planlı ginekoloji müayinə zamanı demək olar ki, bütün qadınlarda, o cümlədən hamiləliyin I və III trimestrində  aparılır. Həmçinin bu müayinə cinsiyyət sisteminin infeksion-iltihabi xəstəliklərinə və bakterial vaginoza şübhə yarandıqda göstəriş sayılır.  

Müayinədən 36 saat əvvəl vaginal şam, antibakterial intim vasitə istifadəsi, şırınqalama və cinsi əlaqə qadağandır. Analizdən 2-3 saat əvvəl sidik ifrazından çəkinmək lazımdır. Yaxma analizi üçün ən optimal vaxt aybaşının 5-7-ci günüdür. Aybaşı vaxtı bu müayinə aparılmır.  

Uşaqlıq yolundan yaxmanın götürülməsi

Yaxma ginekoloq tərəfindən götürülür. Bunun üçün pasiyent ginekoloji kresloya qalxır. Həkim vaginal güzgüləri uşaqlıq yoluna yeridir. Sonra uşaqlıq yolundan və boynundan ehmalca yaxma alınır. Selikli qişanın yüngül sıyrılması təhlil olunan materiala qonokokkların düşməsi üçündür. Belə ki, həmin mikroorqanizmlər adətən epitel qatın altında toplanır. Əldə olunan material nazik qatla xüsusi şüşəyə çəkilir. Yaxma mikroskopiya üçün laboratoriyaya göndərilir. Qaydalara əməl etdikdə bu proses ağrısız keçir.   

Uşaqlıq yolundan yaxmanın mikroskopiyası

Uşaqlıq yolundan yaxma Laboratoriyada yaxmaya mikroskop altında baxış keçirilir. Uşaqlıq yolunun arxa tağından götürülən yaxmanın bakrerioskopiyasında vaginal möhtəviyyatın təmizlik dərəcəsi təyin edilir. Uşaqlıq boynundan alınan yaxma isə flora və qonokokklara görə təhlil olunur. Normada yaxmada uşaqlıq boynu və yolunu bürüyən yastı epitel hüceyrələri mövcud olur. Onların yoxluğu qadın orqanizmində estrogen çatışmazlığından, androgen artıqlığından və yaxud epitel qatın atrofiyasından xəbər verir. Normal yaxmanın floraya görə müayinəsində görmə sahəsində 10-15 vahidə qədər leykosit izlənilir. Leykositlərin sayının artması uşaqlıq yolunun iltihabında – kolpitdə müşahidə olunur: yaxmada nə qədər çox leykosit olarsa, xəstəliyin fazası bir o qədər aktiv sayılır.

Uşaqlıq yolundan götürülən mövtəviyyatda az miqdarda qızılı stafilokokkların olması normal hal hesab edilir. Onların, eləcə də leykositlərin artması uşaqlıq yolunda və yaxud uşaqlığın selikli qişasında gedən iltihabi proseslərin (məsələn, endometrit) əlaməti ola bilər. 

Uşaqlıq yolunun normal mikroflorasının tərkibinə laktobasillər (Dederleyn çöpləri) daxildir. Orada laktobasillərdən savayı heç bir mikroorqanizm olmamalıdır. Yaxmada yad mikroorqanizmlərin (streptokokk, pnevmokokk, enterokokk, qonokokk, anaerob, maya göbələkləri və s.) tapılması cinsiyyət sisteminin infeksiyalarına dəlalət edir. Yaxma analizinin göstəriciləri normadan kənara çıxdıqda əlavə üsullar – PZR, İFA, bakterioloji əkilmə aparılır. Adətən yaxma analizinin nəticəsi 1 günə hazır olur.   

Uşaqlıq yolundan yaxma analizinin nəticələri

Mikrofloranın xarakterindən asılı olaraq, ginekologiyada vaginal möhtəviyyatın bir neçə təmizlik dərəcəsi ayırd edilir. Bu göstərici normal, şərti-patogen və patogen floranın nisbətini əks etdirir:  

  • I təmizlik dərəcəsi. Turş mühit və vaginal möhtəviyyatda yalnız Dederleyn çöplərinin, az miqdarda epitel hüceyrələrinin olması ilə səciyyələnir.  
  • II təmizlik dərəcəsi. Vaginal basillərin sayı azlıq təşkil edir. Az sayda saprofit, kokk və leykositlər müşahidə edilir. Vaginal mühit turş olaraq qalır. I və II təmizlik dərəcəsi norma sayılır.  
  • III təmizlik dərəcəsi. Vaginal möhtəviyatda leykositlər, kokk və digər bakteriyalar üstünlük təşkil edir. Uşaqlıq yolunun mühiti turşdan qələviyə keçir.   
  • IV təmizlik dərəcəsi. Vaginal çöplərin yoxluğu, müxtəlif mikrob florasının (əsasən kokk, bağırsaq çöpü, trixomonad və s.) tapılması, leykositlərin çoxluğu ilə xarakterizə olunur. III və IV təmizlik dərəcəsi patoloji proseslərin inkişafı üçün əlverişli şərait yaradır.  

Uşaqlıq yolundan yaxma analizinin nəticəsi ginekoloq tərəfindən qiymətləndirilir. Bu zaman anamnez və klinik təzahürlər də nəzərə alınır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: