Autoimmun ooforit 

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1328

autoimmun ooforit nədir?Autoimmun ooforit  yumurtalıqların antiovarial anticisimlərin təsirindən yaranan patoloji destruksiyasıdır. Aybaşı funksiyasının pozulması (oliqomenoreya, amenoreya), birincili və ikincili sonsuzluqla müşaiyət olunur. Autoimun ooforit iltihabi proseslərlə müştərək inkişaf etdiyi hallarda pasiyent qarının aşağı nahiyəsində yaranan ağrılardan şikayətlənir. Diaqnozun qoyulması üçün ginekoloji USM, cinsi hormonlar, antiovarial antitellər, interleykinlər, interferon, şiş nekrozu faktorunun (ŞNF) təyinindən istifadə olunur. Müalicə kompleks şəkilində, qlükokortikoidlər, antibakterial, hormonal preparatlar, interleykin reseptorlarının antoqonistləri təyin olunmaqla aparılır. Davamlı sonsuzluq zamanı EKM göstəriş hesab olunur.

  • Autoimmun ooforitin yaranma səbəbləri
  • Patogenez
  • Autoimmun ooforitin əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Autoimmun ooforitin müalicəsi
  • Proqnoz və profilaktika

Аutoimmun ooforit barədə ümumi məlumat

Autoimmun ooforit nadir hallarda rast gəlinən patologiya olmasına baxmayaraq, əksər hallarda amenoreyasonsuzluğun rezistent formalarının yaranmasına səbəb olur. Xəstəliyin irsi formasına çox az hallarda rast gelinir, poliqlandulyar sistemin (daxili sekresiya orqanlarını: qalxanabənzər, böyrəküstü vəzi, Langerhans adacıqlarını zədələyən autoimmun proses) bir hissəsi sayılır. Ooforitin bu növü adətən daxili cinsiyyət orqanlarının xroniki iltihabının gedişini ağırlaşdırır. Autoimmun ooforit-ə adətən yaşı 30-dan yuxarı, anamnezində invaziv diaqnostik-müalicəvi müayinələr olan və cinsi infeksiyalardan əziyyət çəkən qadınlarda rast gəlinir. Xəstəliyin vaxtında aşkarlanmasının əhəmiyyəti həyat qabiliyyəti olan follikulların sayının tez və ifadəli azalması, hamiləlik ehtimalının aşağı düşməsi ilə bağlıdır.

Аutoimmun ooforitin yaranma səbəbləri

Аutoimmun ooforitin səbəbləriAutodestruktiv prosesdə yumurtalıq toxumasının zədələnməsi ovarial toxumaya qarşı autoanticisimlərin yaranması nəticəsində baş verir. Müdafiə reaksiyalarının pozulması cinsiyyət vəzilərinin stroma, qabıq maddəsi və vəzili hissəsində yerli patoloji dəyişikliklərin yaranmasına səbəb olan, eləcə də hüceyrə və humoral immunitet elementlərinə təsir edən amillərlə bağlıdır. Mütəxəssislərin fikrincə autoimmun ovarial iltihabı yaradan səbəblər aşağıdakılardır:

  • Genetik qüsur. Patologiya 1ci ve 2ci tip autoimmun poliqlandulyar sindromun quruluşunda aşkarlanır. 1-ci variant autosom-resessiv olub, 21-ci xromosomda yerləşən AİRE genin qüsuru zamanı yaranır. İkinci variant irsi xarakter daşıyır, HLA-B8, DR4, DR5, R3 haplotipleri ile assosiasiya olunur.
  • Reproduktiv orqanların iltihabı. 5 ildən çox xroniki gedişli endoservisit, endometrit, adneksit, salpingitdən əziyyət çəkən xəstələrdə, o cümlədən appendikulyar-genital sindrom keçirən qadınlarda autoimmun reaksiyanın əmələgəlmə riski yüksək olur. Yumurtalıqların autodestruksiyası adətən qaşınma, abort, laparotomik müdaxilələr aparılmış qadınlarda rast gəlinir.

Klinik müayinələrin nəticələri göstərir ki, tərkibində cinsi infeksiyaların törədicilərinin rast gəlindiyi mikrob assosiasiyalarının yaratdığı kiçik çanaq orqanlarının iltihabı olan qadınlar yumurtalıqların autoimmun zədələnməsinə daha meylli olur. Autoimmun ooforitin yayılma tezliyi qonoreya, genital xlamidioz, trixomoniazdan əziyyət çəkən qadınlar arasında daha yüksəkdir. Xəstəliyin qeyri-spesifik törədiciləri arasında  daha çox korine- ve enterobakteriyalar qeyd olunur.

Аutoimmun ooforitin patogenezi

Autoimmun ooforitin inkişaf mexanizmi onun yaranma səbəblərindən asılıdır. Xəstəliyin irsi formalarında DNT qüsuru səbəbindən stereoidogenezi təmin eden fermentlərə və vəzili toxumanın aktiv hüceyrələrinə qarşı antitellər yaranır. Xroniki ginekoloji patologiyalı xəstələrdə mikrob antigenlərinin uzunmüddətli təsiri iltihabəleyhinə sitokinləri aktivləşdirir. Bundan başqa yumurtalıq toxumalarının iltihabi destruksiyası ovarial antigenlərin yaranmasına və onlara cavab olaraq antiovarial anticisimlərin ifraz olunmasına gətirib çıxarır. Böyümə mərhələsində olan 6mm-dən böyük ölçülü follikullar zədələnməyə daha həssasdır.

Fizioloji ovulyasiyaya xas olan siklik dəyişikliklərdən fərqli olaraq, ooforitlerin autoimmun formalarında interleykin-1 ifraz edən T-limfositlerin aktivliyi həmişə yüksək olur. Bunun nəticəsində yumurtalıqların rezident makrofaqları aktivləşir, γ interferon, transformasiyaedici böyümə faktoru α və β, şiş nekrozu faktoru – α, fibroblastların böyümə faktoru və follikulyar toxumanın atreziyasına səbəb olan digər sitokinlərin ifrazı güçlənir. Yetişmiş follikulların prosesə daha çox qoşulması estrogenlərin sintezinin azalmasına, lütein fazasının pozulmasına, birincili-ovarial hiper – və normoqonadotrop çatışmazlığa səbəb olur

Аutoimmun ooforitin əlamətləri

Аutoimmun ooforitin əlamətləriAutoimmun ooforit zamanı əlamətlər tədricən artır, klinik şəkil yumurtalıqların follikulyar və vəzili toxumalarının zədələnmə dərəcəsindən asılıdır. Autoimmun ooforitin ən xarakter əlaməti ovarial-aybaşı siklinin pozulmasıdır. İlkin mərhələlərdə qanlı ifrazatın miqdarı azalır, sonralar aybaşı müddəti qısalır, aybaşı arası interval ise 42-60 gün və ya daha çox olur. Sikl qeyri – ritmik xarakter alır. Ovarial toxumanın kobud zədələnməsi zamanı aybaşı tamamilə kəsilir. Ağrı sindromu autoimmun ooforit iltihabi ginekoloji xəstəliklərin kəskinləşməsi fonunda inkişaf etdikdə yaranır. Xəstələr adətən qarnın aşağı hissəsi ve qasığın üstünde lokalizasiya olan küt, sızıltılı ağrıdan şikayətlənir. Ağrı düz bağırsağa ve aralığa yayıla, cinsi akt zamanı güclənə bilər. Yumurtalıqların autoimmun zədələnməsi zamanı alqodismenoreyanın yaranmasına da rast gəlmək olar. Xəstəliyin uzunmüddətli gedişi zamanı xəstələrdə reproduktiv funksiya pozulur ve sonsuzluq yaranır.

Аutoimmun ooforitin ağırlaşmaları

Xəstəliyin ən ciddi ağırlaşması birincili-ovarial çatışmazlıqla əlaqədar baş verən sonsuzluqdur. Fertillik qabiliyyəti əvvəllər hamilə qalmayan xəstələrlə yanaşı, doğuş keçirən qadınlarda da pozula bilər. Sonsuzluğun birbaşa səbəbi ovulyasiyanın olmamasıdır. Müayinələr əsasında aydın olmuşdur ki, hiperqonadotrop amenoreya hallarının 30-69%- də və ovarial çatışmazlığın normoqonadotrop növü rast gəlinən xəstələrin 1/3-də qanda yumurtalıq toxumasına qarşı antitellər aşkarlanır. Autoimmun pozğunluq zamanı antispermal antitellərin (ASAT) səviyyəsinin artması nəticəsində  proses daha da dərinləşir. Xəstələrin 10-15% -də patologiyanın sonrakı dövrlərində erkən klimaks başlaya bilər.

Аutoimmun ooforit diaqnostikası

Xəstələrdə aybaşı sikli davamlı pozulduqda və sonsuzluğa görə aparılan müalicə rezistent olduqda autoimmun ooforitdən şübhələnmək lazımdır. Xəstənin immun statusunu, yumurtalıqların morfoloji quruluşunu və sekretor funksiyalarını yoxlamaq üçün laborator və instrumental müayinələr aparılır. Diaqnostik məqsədlə aparılan aşağıdakılar üsullar informativliyi ilə seçilir:

  • Antiovarial anticisimlərin səviyyəsinin təyini. Yumurtalığın stromasına, follikulyar və qranulyoz hücəyrələrə qarşı anticisimlərin miqdarı bu patologiyada orta hesabla 2,5% artır. Yoxlanan qadınların təxminən 11-12%-də yumurtalığın şəffaf qişasına (Zona Pellucida) qarşı anticisimlər qeyd olunur.
  • İmmun statusun qiymətləndirilməsi. Qanda interleykinlərin-1, 4, 6 konsentrasiyası yüksəlir. Eyni zamanda interleykin-10 və 12 bir qədər azalır.  Şiş nekrozu faktoru (TNF) kəskin artır.  Həmçinin qeyri-spesifik immunitetin aktivliyini göstərən γ-interferonun səviyyəsi yüksəlir.
  • Cinsi hormonların səviyyəsi. Ovarial sekretor funksiyanın zəifləməsi estrogen və progesteronun səviyyəsinin azalması ilə təzahür edir. Xəstələrin 2/3-də hipofizin qonadotrop hormonlarının, ilk növbədə FSH sintezinin artması müşahidə olunur. Lakin qonadotropinlərin səviyyəsi pozulmaya da bilər.
  • Çanaq orqanlarının USM. Autoimmun ooforit zamanı sonoqrafik müayinənın nəticələri orqanın morfoloji dəyişikliklərini təsdiq edir. Yumurtalıqların ölçüləri adətən kiçilmiş olur. Xəstəliyin ilkin mərhələlərində çoxsaylı follikulyar kistalar aşkar oluna bilər.

Əgər patologiya cinsi infeksiyalarla əlaqəlidirsə antibakterial preparatın seçimi üçün iltihani prosesin törədicisi təyin olunmalıdır. Adətən bu məqsədlə PZR –diaqnostika, İFA, İFR, servikal kanaldan götürülmüş yaxmanın bakterioloji analizi aparılır. Ooforitin autoimmun formasının infeksion ooforit, endometrioz, yumurtalığın xoş və bədxassəli şişləri, tükənmiş yumurtalıqlar sindromu, kiçik çanaqda bitişmələr, aybaşı funksiyasının pozulmasına, endokrin və boru mənşəli sonsuzluğa  səbəb olan diğər xəstəliklərlə differensial diaqnostikası aparılır. Ehtiyac olduqda xəstə endokrinoloq, immunoloq, onkoloq, cərrah, reproduktoloq müayinəsinə göndərilir.

Аutoimmun ooforitin müalicəsi

Antiovarial anticisimlər tərəfindən törədilən destruktiv proseslər zamanı həkim taktikası immunoloji statusun korreksiyasına, cinsi hormonların sekresiyasının bərpasına, ovulyator siklin maksimal dərəcədə saxlanılmasına yönəldilmiş olur. Ooforit digər autoimmun proseslər kimi, aparılan terapiyaya qarşı yüksək rezistentliyi ilə fərqlənir, buna görə xəstəlik zamanı kompleks şəkilli müalicənin aparılması mütləqdir. Adətən patogenezin müxtəlif zəncirlərinə təsir edən və aşağıdakı təsirlərə malik müalicə sxemindən istifadə olunur:

  • Antibakterial təsir. Əgər ooforit reproduktiv orqanların infeksion xəstəliklərinin fonunda yaranmışsa, bu halda antibiotikoterapiya məsləhət görülür. Dərman vasitəsinin seçimi və ya antibiotiklərin kombinasiyası zamanı törədicinin həssaslığı nəzərə alınmalıdır.
  • İmmunosupressiv təsir. Seçim preparatı olaraq qlükokortikoidlərdən istifadə olunur. Onların təyini prosesin ilkin mərhələlərində daha effektiv olur, lakin bu vasitələr immun sistemin bütün zəncirlərini zəiflədir və bir sira yan təsirlərlə müşahidə olunur.
  • Antiinterleykin təsir. Ooforitin autoimmun formalarının terapiyasında davamlı remisiya əldə etmək üçün adətən xəstəliyin patogenezinin əsas zəncirlərindən sayılan interleykin 1L-1 reseptorlarının antaqonistlərindən istifadə olunur.
  • Hormonal fonun tənzimi. Estrogen-hestagenlərlə əvəzedici terapiya ovarial çatışmazlıqla bağlı pozğunluqları əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. EKM –yə hazırlıq zamanı əksər hallarda antiestrogenlərdən istifadə olunur.

Göstərişlərə əsasən ağrıkəsicilər və iltihabəleyhinə vasitələr təyin olunur, immunmodulyatorlardan ehtiyatla istifadə olunur.  Proqressivləşən ovarial destruksiya zamanı hamiləlik planlaşdıran, lakin fertillik qabiliyyəti pozulan xəstələr üçün yeganə çıxış yolu ovulyasiyanın medikamentoz induksiyasından sonra aparılan EKM hesab olunur.

Аutoimmun ooforitin müalicə və profilaktikası

Autoimmun ooforit-in terapevtik rezistentliyinə baxmayaraq, xəstəliyin erkən diaqnostikası və düzgün həkim taktikası birincili-yumurtalıq mənşəli sonsuzluqdan əziyyət çəkən xəstələrin hamilə qalmasına şərait yaradır. Xəstəliyin hiperqonad formasında antiestrogenlərin istifadəsi xəstələrin 23-24%-də, normoqonadotrop formasında isə—41-78%-də öz təsirini göstərir. Müalicə üsullarının axtarışı davam edir, hal-hazırda qonadotropinlərin sintezini zəiflədən sistemli enzimoterapiya və lüliberin aqonistlərinin istifadəsinə dair işləmələr perspektiv sayılır.  Autoimmun ooforitin profilaktikası kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəliklərinin vaxtında aşkara çıxarılması və müalicəsi, invaziv ginekoloji müdaxilələrin əsaslandırılmış istifadəsi, arzuolunmaz hamiləlik və cinsi infeksiyalardan qorunmağa yönəldilmişdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: