Diskoordinasiyalı doğuş fəaliyyəti
Diskoordinasiyalı doğuş fəaliyyəti – uşaqlığın doğuş prosesində anomal yığılma aktivliyi olub, orqanın ayri-ayri seqmentlərinin yığılmaları arasında uzlaşmanın olmaması ilə səciyyələnir. Diskoordinasiyalı doğuş fəaliyyəti uşaqlıq əsnəyinin açılmasını ləngidən müntəzəm olmayan, qeyri-effektiv, kəskin ağrılı sancılarla təzahür edir. Doğuş gücünün anomaliyası ümumi vəziyyətin qiymətləndirilməsi, xarici və daxili mamalıq müayinələri, KTQ üsuli ilə təsdiqlənir. Diskoordinasiyalı doğuş fəaliyyətinin korreksiyası kalsium antaqonistləri, b-adrenomimetiklər, spazmoanalgetiklərin infuzion yeridilməsi; epidural anesteziya; göstərişlərə əsasən Qeysəriyyə əməliyyatının aparılmasından ibarətdir.
- Səbəbləri
- Əlamətləri
- Diaqnostikası;
- Mamalıq taktikası
- Profilaktika
- Ağırlaşmaları
Diskoordinasiyalı doğuş fəaliyyəti barədə ümumi məlumat
Diskoordinasiyalı doğuş fəaliyyəti zamanı uşaqlığın ayrı-ayrı hissələri (sağ və sol yarısı, dibi, cismi və aşağı hissəsi) xaotik, sistemsiz yığılaraq, doğuş aktının normal fiziologiyasının pozulmasına səbəb olurlar. Diskoordinasiyalı doğuş fəaliyyətinin təhlükəliyi uşaqlıq-plasentar qan dövranının pozulması və dölün hipoksiyasının inkişaf riski ilə bağlıdır. Çox hallarda hamilə orqanizminin doğuşa hazır olmaması, o cümlədən uşaqlıq boynunun yetişməməsi hallarında müşahidə olunur. Diskoordinasiyalı doğuş fəaliyyətinin yayılma tezliyi 1-3% təşkil edir.
Diskoordinasiyalı doğuş fəaliyyətinın səbəbləri
Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri diskoordinasiyalı doğuş fəaliyyətinə səbəb olan amilləri bir neçə qrupa ayırd edirlər. Mamalıq risk amillərinə amniotik mayenin vaxtından əvvəl axması; dölyani mayenin çoxluğu və ya çox döllülük səbəbindən uşaqlığın gərilməsi; doğuş yolları ilə dölün başının ölçülərinin uyğunsuzluğu; dölün çanaq gəlişi; ciftin anomal yerləşməsi (cift gəlişi) və fetoplasentar çatışmazlıq; gecikmiş hestoz; qadının yaşının 18-dən az və 30-dan çox olması aiddir. Diskoordinasiyalı doğuş fəaliyyəti dölün bətndaxili infeksiyalaşması, anensefaliya və digər inkişaf qüsurları, dölün hemolitik xəstəliyi (immunokonflikt hamiləlik) fonunda inkişaf edə bilər.
Ginekoloji amillərə reproduktiv sistemin müxtəlif növ patologiyaları daxildir. Doğuş fəaliyyətinin pozulması və diskoordinasiyasına uşaqlığın qüsurları (ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə, uşaqlığın hipoplaziyası və s.), keçirilmiş endometrit və servisit, şiş prosesləri (uşaqlığın mioması), innervasiyanın pozulması və ya çapıqlar nəticəsində (məsələn, uşaqlıq boynunun eroziyasının yandırılmasından sonra) uşaqlıq boynunun rigidliyi səbəb olur. Uşaqlıqda cərrahi çapıqların olması, aybaşı siklinin pozğunluqları, hamiləliyin süni yolla dayandırılması halları doğuşun fiziologiyasına qeyri-qənaətbəxş təsir göstərir.
Ümumi somatik patologiyalar, intoksikasiya, infeksiyalar, MSS-nin üzvi zədələnmələri, piylənmə, anemiya, neyrosirkulyator distoniya diskordinasiyalı doğuş fəaliyyətinin inkişafına təkan verir. Bir sıra hallarda anomal doğuş fəaliyyəti xarici təsirlərin – doğuşu stimulə edən vasitələrin əsassız istifadəsi, doğuşun kifayət qədər ağrısızlaşdırılmaması, dölyanı kisənin vaxtında deşilməməsi, kobud aparılan müdaxilələr və müayinələrin nəticəsində yaranır.
Diskoordinasiyalı doğuş fəaliyyətinin əlamətləri
Diskoordinasiyalı doğuş fəaliyyəti onun ümumi diskoordinasiyası, aşağı seqmentin hipertonusu (əks qardient), uşaqlığın tetaniyası (qıcolmaşəkilli tutmalar), sirkulyator distosiya şəklində təzahür edir. Ümumi diskoordinasiya kəskin ağrılı, qeyri-müntəzəm, müxtəlif intensivlik və davametmə müddətinə malik sancılar, uşaqlıq boynunun düzlənməsı və açılmasının müşahidə olunmaması, doğuşun uzunmüddətli gedişi ilə xarakterizə olunur. Əksər hallarda dölyanı mayenin vaxtından qabaq itirilməsi müşahidə olunur, dölün gəliş hissəsi kiçik çanağın girişinə sıxılmış və ya onun üstündə yerləşir. Ümumi doğuş fəaliyyətinin təhlükəliyi cift qan dövranının pozulması və dölün asfiksiya riski ilə bağlıdır. Doğuşun III mərhələsi ciftin ayrılmasının anomaliyaları və ya onun hissələrinin ləngiməsi ilə ağırlaşa bilər; doğuşdan sonrakı dövrdə hipotonik qanaxmaların yaranma ehtimalı yüksəkdir.
Uşaqlığın aşağı seqmentinin hipertonusu zamanı onun yığılmaları uşaqlığın cismi və dibinə nisbətən güclü olur. Diskoordinasiyalı doğuş fəaliyyətinin bu növü yetişməmiş və rigid uşaqlıq boynu üçün xarakterikdir. Hipertonus zamanı ağrılı intensiv sancılar qeyd olunur, lakin bu zaman uşaqlıq boynunun açılması və dölün baş hissəsinin doğuş yolları ilə hərəkəti müşahidə olunmur.
Bir-birinin ardınca baş verən uzunmüddətli uşaqlıq yığılmaları uşaqlığın tetaniyasına dəlalət edir. Doğuş fəaliyyətinin bu anomaliyasına uşaqlığın yığılmasını aktivləşdirən preparatların qeyri-düzgün təyini, mamalıq maşalarının qoyulması, dölün döndərilməsi və çıxarılması cəhdlərində rast gəlinir. Tetaniya zamanı uşaqlıq bərk və ağrılı olur, dölün vəziyyəti isə sürətlə pisləşir. Sirkulyator distosiya tipi üzrə diskoordinasiyalı doğuş fəaliyyəti uşaqlıq boynu nahiyəsində sirkulyator əzələ liflərinin olmaması fonunda inkişaf edir. Belə hallarda doğuşun davametmə müddəti uzanır, bu da dölün asfiksiyası ilə nəticələnir.
Diskoordinasiyalı doğuş fəaliyyətinin bütün kliniki variantlarında qadınlarda narahatlılıq, qorxu, oma nahiyəsində güclü ağrı, ürəkbulanma, sidik ifrazının pozulması qeyd olunur. Aktiv görünən sancılara baxmayaraq uşaqlıq boynunun açılma dinamikası demək olar ki, izlənilmir. Belə qeyri-produktiv sancılar qadını yorur və nəticədə doğuş prosesi ləngiyir.
Diskoordinasiyalı doğuş fəaliyyətinin diaqnostikası
Diskoordinasiyalı doğuş fəaliyyəti qadının vəziyyəti və şikayətləri, mamalıq müayinələrinin nəticələri, dölün kardiotokoqrafiyasına əsasən qoyulur. Vaginal müayinədə doğuş yollarının hazırlığının dinamikası (uşaqlıq əsnəyinin kənarlarının qalınlaşması və şişkinliyi) izlənilmir. Uşaqlığın palpasiyasında onun müxtəlif hissələrinin diskoordinasiyalı yığılmalarla əlaqədar qeyri-bərabər gərginliyi aşkar olunur.
Uşaqlığın yığılma aktivliyinin obyektiv qiymətləndirilməsi məqsədilə kardiotokoqrafiyadan istifadə olunur. Müayinə zamanı intensivlik, davam etmə müddəti və tezliyi üzrə qeyri-müntəzəm yığılmalar ;onların artitmikliyi və asinxronluğu; uşaqlığın tonusunun artması fonunda üçlü enən qradientin olmaması qeyd olunur. KTQ-nin köməyilə nəinki doğuş fəaliyyətinə, həmçinin dölün hipoksiyasının artmasını nəzarətdə saxlamaq mümkündür.
Diskoordinasiyalı doğuş fəaliyyəti zamanı mamalıq taktikası
Diskoordinasiyalı doğuş fəaliyyəti şəraitində gedən doğuş sərbəst və ya cərrahi yolla sona çata bilər. Uşaqlığın aşağı seqmentinin hipertonusu və diskoordinasiyası zamanı elektroanalgeziya (və ya elektroakupunktura) aparılır, spazmolitiklər vurulur, mamalıq narkozu tətbiq edilir. Dölün həyat fəaliyyəti pisləşdikdə qeysəriyyə əməliyyatı yerinə yetirilir.
Uşaqlığın tetaniyası inkişaf etdikdə mamalıq narkozu verilir və α-adrenomimetiklər təyin olunur. Mamalıq vəziyyətindən asılı olaraq qeysəriyyə əməliyyatı və ya mamalıq maşaları ilə dölün çıxarılması icra edilir. Sirkulyator distosiyada diskoordinasiyalı doğuş fəaliyyətini aradan qaldırmağa yönəldilmiş b-adrenomimetiklərin infuziyası və cərrahi əməliyyat göstərişdir. Eyni zamanda dğlün bətndaxili hipoksiyasının qarşısını alan terapiya təyin olunur.
Anamnezdə keçmiş hamiləliklərin sona çatdırılmaması və ya ölü doğum halları olduqda diskoordinasiyalı doğuş fəaliyyəti korreksiya edilmədən birbaşa cərrahi əməliyyat aparılır. Eləcə də uzunmüddətli sonsuzluq; ürək-damar, endokrin, bronx-ağciyər xəstəlikləri; hestoz, uşaqlığın mioması, dölün çanaq gəlişi və ya iri çəkili olduğu hallarda; yaşı 30-dan çox olan ilk dəfə doğan qadınlarda Qeysəriyyə əməliyyatına üstünlük verilir. Dölün ölümü zamanı döl parçalayıcı əməliyyat və ciftin əllə ayrılması, uşaqlıq boşluğunun müayinəsi icra edilir.
Diskoordinasiyalı doğuş fəaliyyətinin profilaktikası
Diskoordinasiyalı doğuş fəaliyyətinin qarşısını almaq üçün risk qrupuna daxil olan qadınların hamiləliyi xüsusi diqqətlə aparılmalı, mama-ginekoloqun təyinatlarına əməl edilməli, doğuş prosesi adekvat ağrısızlaşdırılmalıdır.
Cavan zahılar və gec doğan qadınlar, ağırlaşmış ümümi somatik və mama-ginekoloji statuslu hamilələr, uşaqlığın quruluş anomaliyası, fetoplasentar çatışmazlıq, dölyanı mayenin çoxluğu və ya dölün iri olduğu hallarda diskoordinasiyalı doğuş fəaliyyətinin medikamentoz profilaktikası vacibdir. Risk qrupuna daxil olan qadınlarla doğuşa psixoprofilaktik hazırlıq aparılmalı, əzələ boşalmasının üsulları öyrədilməlidir.
Diskoordinasiyalı doğuş fəaliyyətinin ağırlaşmaları
Diskoordinasiyalı doğuş fəaliyyəti doğuşun fizioloji gedişinin pozulmasına səbəb olur, bu da ana və döl tərəfdən müxtəlif ağırlaşmalarla nəticələnə bilər. Doğuş prosesinin uzanması dölün bətndaxili hipoksiya və asfiksiya riskini artırır. Diskoordinasiyalı doğuş fəaliyyəti ilə əlaqədar anada doğuşdan sonra qanaxmaların yaranma ehtimalı yüksəlir. Doğuş fəaliyyətinin diskoordinasiyalı gedişi əksər hallarda doğuş prosesində cərrahi müdaxilənin aparılmasını tələb edir.