Doğulan miomatoz düyün

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2122

doğulan miomatoz düyün nədir?Doğulan miomatoz düyün — submukoz leyomiomanın ağırlaşması olub, hərəkətli şişin uşaqlıq boşluğundan uşaqlıq yoluna qovulması ilə xarakterizə edilir. Qanın aşağı hissəsində kəskin tutmaşəkilli ağrılar, uşaqlıq yolunda dartılma və ağrı hissi, intensiv qanaxmalar, halsızlıq, başgicəllənmə, dərinin solğunluğu, soyuq tər, təzyiqin enməsi, ÜYT artması, subfebrilitetlə təzahür edir. Ginekoloji müayinə, kiçik çanaq orqanlarının USM vasitəsilə aşkarlanır. Müalicə yalnız cərrahi yolla aparılır: konservativ miomektomiya, histerektomiya, uşaqlığın artımlarla birgə supravaginal amputasiyası.

  • Miomatoz düyünun doğulmasının səbəbləri
  • Patogenez
  • Doğulan miomatoz düyünun əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Doğulan miomatoz düyünün müalicəsi
  • Proqnoz və profilaktika

Doğulan miomatoz düyün barədə ümumi məlumat

Miomatoz düyünün doğulmasına (ekspulsiya) submukoz miomalı pasiyentlərin 1-1,5%-də rast gəlinir.  Patologiya adətən ağır fiziki əmək və ya idmanla məşğul olan 25-40 yaşlı qadınlarda qeydə alınır. Doğulan düyünlərin müasir diaqnostikasının aktuallığı xəstənin həyatı üçün təhlükə törədən ağırlaşmaların yüksək yaranma riski ilə izah olunur. Həmçinin uşaqlıq arteriyasının planlı embolizasiyasından sonra düyünlərin kəskin cərrahi simptomatika ilə müşayiət olunmayan ekspulsiyaları mümkündür. Belə hallarda devaskulyarizasiya olunmuş şişin qovulması adətən ağırlaşmalarsız gedir və UAE-nın qənaətbəxş nəticəsi kimi qiymətləndirilir.

Miomatoz düyünün doğulmasının səbəbləri

doğulan miomatoz düyünün səbəbləriSubmukoz düyünün servikal kanala, oradan isə uşaqlıq yoluna keçməsi əsasən qarındaxili təzyiqin artması ilə əlaqədardır. Düyünün qovulmasına ağır yük qaldırma, qarnın ön divar əzələlərinin möhkəmləndirilməsinə yönəldilmiş fiziki hərəkətlər səbəb ola bilər. Nadir hallarda miomatoz törəmənin doğulması intensiv cinsi əlaqədən sonra baş verir. Submukoz leyomiomanın doğulan düyünlə ağırlaşması riskini artıran amillər aşağıdakılardır:

  • Şişin anatomik xüsusiyyətləri. Nazik ayaqcıqlı və uşaqlığın aşağı seqmenti və ya uşaqlıq boynunda yerləşən hərəkətli miomatoz düyünlərin düşmə ehtimalı daha yüksəkdir. Böyüyən düyünlərin uşaqlıq tərəfindən yad cisim kimi qəbul edilməsi miometriumun yığılmasına təsir edərək, onu gücləndirir, nəticədə həcmli törəmə uşaqlıq boşluğundan qovulur.
  • Servikal kanalın açıq olması. Doğulan düyünlər əksər hallarda ovulyasiya və ya aybaşı zamanı izlənilir. Bu dövrlərdə spermatoziodlərin keçməsi və ya qopmuş endometriumun ifrazı ilə bağlı uşaqlıq boynu kanalının bir qədər açılması miomanın ekspulsiyasını asanlaşdırır. Hipoprogesteronemiya fonunda miometriumun tonusunun artması və onun yığılma aktivliyinin güclənməsi ilə vəziyyət daha da ağırlaşır.

Miomatoz düyünun doğulmasının patogenezi

Leyomiomanın doğulma mexanizmi bir qədər doğuşun birinci dövründə baş verən prosesləri xatırladır. Qarındaxili təzyiqin artması fonunda miometriumun yığılmalarının güclənməsi ilə əlaqədar miomatoz düyün daxili uşaqlıq əsnəyinə pərçimlənir. Düyünlərin ekspulsiyası zamanı servikal kanalın doğuş proseslərində müşahidə olunan tam hamarlanması adətən qeyd olunmur, lakin onun genişlənməsi miomanın uşaqlıq boynuna (doğulan düyün) və uşaqlıq yoluna keçməsi (doğulmuş düyün) üçün kifayət edir. Sirkulyar saya əzələ liflərinin diskoordinasiyalı spastik yığılmalarının toxumaların vazokonstriktor hipoksiyası ilə müştərəkliyi intensiv ağrı sindromunun yaranmasına səbəb olur. Endometrium və submukoz miomanı qidalandıran damarların tamlığının pozulması qanaxmalara gətirib çıxarır.

Doğulan miomatoz düyünün əlamətləri

Doğulan miomatoz düyünün əlamətləriAdətən ağırlaşma fiziki yüklənmələrdən sonra müşahidə edilir. Pasiyent qarnın aşağı hissəsində doğuş sancılarını xatırladan intensiv («xəncər») ağrılardan şikayət edir. Cinsiyyət orqanları nahiyəsində ağırlıq və dartılma hissi  əmələ gəlir. Belə hallar çox zaman massiv qanaxma ilə müşayiət olunur. Ümumklinik simptomatika sürətlə artır: halsızlıq, başgicəllənmə, ürəkdöyünmə meydana çıxır, dəri örütkləri solğunlaşır və soyuq yapışqan tərlə örtülür. Arterial təzyiqin azalması, nəbzin sürətlənməsi xarakterikdir. Bəzən hərarət subfebril rəqəmlərə qədər yüksəlir. Bundan əlavə qarında köpün yaranması və onun aşağı hissələrdə palpator ağrılığı qeydə alınır.

Doğulan miomatoz düyünün ağırlaşmaları

Miomanın doğulması zamanı baş verən uzunmüdətli fasiləsiz qanaxmalar əsasən hemorragik şokun, daha az hallarda isə DDL-sindromunun inkişafına səbəb olur. Doğulan miomatoz düyünün ayaqcığının servikal kanalda boğulması şişin nekrozu və iltihablaşması ilə nəticələnə bilər. Uşaqlığın çevrilməsi və onun qişalarının infeksiyalaşması şişin ekspulsiyasının ağır fəsadlarından hesab olunur. Leyomiomanın cərrahi yolla xaric edilməsindən sonra əksər pasiyentlərdə infeksion-iltihabi xəstəliklərə: endometrit, endoservisit, salpingit, adneksit, çanaq peritonitinə rast gəlinir. Miomatoz törəmənin doğulmasının ən ciddi uzaq ağırlaşmasına sonsuzluq aiddir.

Doğulan miomatoz düyünün diaqnostikası

Anamnezində submukoz mioma olan qadınlarda diaqnozun qoyulması heç bir çətinlik törətmir. Doğulan düyünün xarakterik klinikasının müşahidə edildiyi qadınlarda şiş barədə anamnestik məlumatlar olmadıqda leyomiomanı tez bir zamanda aşkara çıxarmağa və onun doğulma mərhələsini müəyyən etməyə imkan verən  müayinələr aparılır. Ekspress-diaqnostikaya  aşağıdakı üsullar daxildir:

  • Ginekoloji kresloda müayinə. Bimanual palpasiya vasitəsilə uşaqlığın ölçülərinin böyüməsi və ağrılı olması müəyyən edilir. Vaginal müayinədə uşaqlıq boynu hamardır, servikal kanal genişlənmişdir, orada yumşaq və ya sərt konsistensiyalı şişəbənzər törəmə palpasiya olunur. Uşaqlıq boynundan gur qanlı ifrazatlar izlənilir. Doğulan düyünün aşağı qütbü qan dövranının vəziyyətindən asılı olaraq, ağımtıl və ya qırmızı-göy rəngdə olur.
  • Çanaq orqanlarının USM. Miomanın ekspulsiyasının exoqrafik əlaməti uşaqlığın ölçülərinin əsasən ön-arxa istiqamətdə böyüməsidir. Doppleroqrafiya ilə tamamlanmış USM uşaqlıq boynu kanalında müxtəlif exogenliyə malik sahələr, kistoz törəmələr və pozulmuş qan dövranı ilə səciyyələnən miomaztoz düyünü aşkar etməyə imkan verir. Qan cərəyanının patoloji dəyişiklikləri əzələ qatının qonşu nahiyələrində də müşahidə edilir. Uşaqlıq daxilində ağırlaşmamış leyomiomalar aşkarlana bilər.

Qanın ümumi analizində kəskin cərrahi patologiyaya xas olan dəyişikliklər  — EÇS-nin yüksəlməsi, çöpnüvəli neytrofillərin miqdarının artması ilə gedən neytrofilyoz hesabına leykositlərin səviyyəsinin qalxması qeyd edilir. Simptomatikanın kəskinliyi və cərrahi müdaxilənin təxirəsalınmazlığı ilə əlaqədar digər müayinələr (uşaqlıq yolunun arxa tağının punksiyası, diaqnostik laparoskopiya) yalnız diaqnoza əsaslı şübhələr yarandıqda  icra olunur.

Doğulan düyün uşaqlıqdan kənar hamiləliyin uşaqlıq boynu və ya digər formaları, spontan düşük, yumurtalığın apopleksiyası, çanaq orqanlarının kəskin iltihabi xəstəlikləri (tuboovarial abses, piosalpinks), alqodismenoreya, servikal kanalın polipi, uşaqlıq boynu xərçəngi, uşaqlığın sarkoması ilə differensiasiya olunur. Pasiyentlərə cərrahın baxışı, göstərişlər olduqda onkoloqun konsultasiyası məsləhət görülür.

Doğulan miomatoz düyünün müalicəsi

Doğulan miomalı qadınlarda gözləmə taktikasının tətbiqi yolverilməzdir, belə pasiyentlər dərhal cərrahi ginekoloji şöbəyə hospitalizasiya edilməlidir. Yeganə müalicə üsulu – laparoskopik və ya laparotomik yolla submukoz düyünün xaric olunmasıdır. Əməliyyatönü mərhələdə fibrinoliz inhibitorları, itirilmiş qanın bərpası və hemodinamikanın stabilizasiyası məqsədilə infuzion terapiya, narkotik analgetiklər, antibiotiklər təyin edilir. İnfeksion ağırlaşmaların yüksək inkişaf riskini nəzərə alaraq, antibakterial terapiya postoperasion dövrdə də davam etdirilir. Müdaxilənin həcmi pasiyentin yaşı, reproduktiv planı, ağırlaşmaların və digər miomatoz düyünlərin olmasından (onların növü, ölçüləri, sayları, lokalizasiyasından) asılıdır.  Doğulan miomalar zamanı aşağıdakı növ əməliyyatlar icra olunur:

  • Konservativ miomektomiya. Hamiləlik planlaşdıran reproduktiv yaş dövründə olan qadınlarda patologiyanın ağırlaşmamış gedişi zamanı doğulan düyünün vaginal yolla kəsilməsi həyata keçirilir. Submukoz leyomiomanın ayaqcığı kəsildikdən sonra uşaqlıq boşluğu qaşınır, kontrol histeroskopiya aparılır.
  • Radikal müdaxilələr. Doğulan düyünün nekrozu, uşaqlığın uzunmüddətli çevrilməsi, baş vermiş ağırlaşma ilə bağlı onun düzləndirilməsinin mümkünsüzlüyü zamanı histerektomiya və uşaqlığın artımlarla birgə supravaginal amputasiyası seçim əməliyyatı sayılır. Belə hallarda orqan qoruyucu əməliyyatlar yalnız cavan pasiyentlərdə tətbiq oluna bilər.

Doğulan miomatoz düyünün proqnoz və profilaktikası

Diaqnozun düzgün qoyulduğu və əməliyyatın müvafiq həcmdə aparıldığı hallarda  proqnoz qənaətbəxş olur. Profilaktika submukoz leyomiomanın erkən diaqnostikasına, onun adekvat konservativ və ya cərrahi müalicəsinə (miomektomiya, uşaqlığın supravaginal amputasiyası, uşaqlıq arteriyalarının embolizasiyası) yönəldilmişdir. Miomatoz törəmənin vaxtında aşkarlanması üçün qadınlara hər il profilaktik ginekoloji baxış və transvaginal USM məsləhət görülür. Əməliyyatdan sonra ehtimal olunan ginekoloji və mamalıq ağırlaşmalarının qarşısını almaq üçün USM-nəzarət birinci il hər 3 aydan bir, sonralar isə ildə 2 dəfə aparılır. Hestasiyanın planlaşdırılmasına düyünün xaric edilməsindən minimum 6 ay keçdikdən sonra icazə verilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: