Doğuşdan sonra qanaxma

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1957

doğuşdan sonrakı qanaxma niyə yaranır?Doğuşdan sonra qanaxma – doğuşdan sonrakı dövrün erkən və gec mərhələlərində doğuş yollarından qanaxmadır. Bu hal adətən əsas mamalıq ağırlaşmasının nəticəsi olaraq təzahür edir. Doğuşdan sonrakı qanaxmanın ağırlıq dərəcəsi itirilən qanın həcmindən asılıdır. Qanaxmanın diaqnostikası doğuş yollarının baxışına, uşaqlıq boşluğunun müayinəsinə, USM əsaslanır. Doğuşdan sonrakı qanaxmanın müalicəsi: infuzion-transfuzion terapiya, uterotonik vasitələrin yeridilməsi, cırılmaların tikilməsi, bəzən – uşaqlığın ekstirpasiyası.

  • Doğuşdan sonra qanaxmanın yaranma səbəbləri
  • Doğuşdan sonra qanaxmanın əlamətləri
  • Doğuşdan sonrakı qanaxmanın diaqnostikası
  • Doğuşdan sonra qanaxmanın müalicəsi
  • Doğuşdan sonrakı qanaxmanın profilaktikası

Doğuşdan sonra qanaxma barədə ümumi məlumat

Doğuşdan sonra qanaxmanın təhlükəliyi onun  qisa zaman ərzində böyük həcmdə qanın itirilməsinə və zahının ölümünə səbəb olması ilə bağlıdır. Gur qanaxmaya uşaqlıqda qan cərəyanının intensivliyi və doğuşdan sonra iri yara səthinin olması səbəb olur. Normada hamilə qadının orqanizmi qanın damardaxili həcminin artması hesabına doğuş prosesində qanın fizioloji yol verilən miqdarda (bədən çəkisinin 0.5%) itirilməsinə hazır olur. Bundan əlavə, uşaqlıq yarasından qanaxma uşaqlıq əzələlərinin sürətlə yığılması, uşaqlıq arteriyalarının sıxılması və daha dərin əzələ qatlarına yerdəyişməsi, eyni zamanda qanın laxtalanma sisteminin aktivasiyası və kiçik damarlarda tromblaşma ilə əlaqədar baş verir.

Erkən (birincili) qanaxma doğuşdan sonrakı ilk 2 saat ərzində baş verir. Gec (ikincili) qanaxmalar isə uşaq doğulduqdan sonra 2 saatdan 6 həftəyədək dövrdə inkişaf edir. Doğuşdan sonrakı qanaxmanın sonluğu itirilən qanın həcmindən, qanaxmanın sürətindən, aparılan konservativ terapiyanın effektivliyindən, DDL-sindromunun yaranmasından asılıdır. Doğuşdan sonra qanaxmanın profilaktikası mamalıq və ginekologiyanın aktual məsələlərindən sayılır.

Doğuşdan sonra qanaxmanın yaranma səbəbləri

Doğuşdan sonra qanaxmanın səbəbləriDoğuşdan sonra qanaxma əksər hallarda miometriumun yığılma qabiliyyətinin pozulması: hipotoniya (uşaqlıq əzələlərinin tonusunun və yığılma aktivliyinin azalması)  və ya atoniya (uşaqlığın tonusunun, yığılma qabiliyyətinin tam itirilməsi, miometriumun stimulyasiyaya cavab reaksiyasının olmaması) nəticəsində baş verir. Doğuşdan sonra müşahidə olunan qanaxmalara uşaqlığın fibroması və mioması, miometriumun çapıq prosesləri; çoxdöllü hamiləlik, dölyanı mayenin çox olması, iri dollə əlaqədar doğuş prosesinin uzanması zamanı uşaqlığın həddindən artıq gərilməsi; uşaqlığın tonusunu zəiflədən preparatların qəbulu səbəb olur.

Doğuşdan sonra qanaxma həmçinin cift və döl qişalarının qalıqlarının uşaqlıq boşluğunda ləngiməsi ilə bağlı ola bilər. Belə hallar uşaqlığın normal yığılmasına mane olmaqla iltihabın inkişafına və qəfil qanaxmaya gətirib çıxarır. Ciftin xaric olma prosesinin pozulmasına ciftin hissəvi bitişməsi, doğuşun üçüncü dövrünün düzgün aparılmaması, diskoordinasiyalı doğuş fəaliyyəti, uşaqlıq boynunun spazmı təsir edir.

Doğuşdan sonrakı qanaxmanın provokasiyaedici amillərinə əvvəllər icra olunan cərrahi müdaxilələr – Qeysəriyyə əməliyyyatı, abort, konservativ miomektomiya, uşaqlığın qaşınması nəticəsində endometriumun hipertrofiyası və ya atrofiyası aiddir. Anadangəlmə anomaliyalar, antikoaqulyantların qəbulu, DDL-sindromunun inkişafı ilə bağlı anada hemokoaqulyasiyanın pozulması doğuşdan sonra qanaxmanın yaranmasına səbəb ola bilər.

Bir sıra hallarda qanaxma doğuş prosesində cinsi yolların travmaları (cırılmalar) və kəsilmələri zamanı inkişaf edir. Hestoz, cift gəlişi, ciftin vaxtından əvvəl ayrılması, düşük təhlükəsi, fetoplasentar çatışmazlıq, dölün sağrı gəlişi, anada endometrit və ya servisit, ürək-damar və MSS, qaraciyər, böyrək xəstəliklərinin olması doğuşdan sonra qanaxma riskini artırır.

Doğuşdan sonra qanaxmanın əlamətləri

Doğuşdan sonra qanaxmanın əlamətləriDoğuşdan sonra qanaxmanın klinik təzahürləri qan itirmənin intensivliyindən asılıdır. Müalicəvi manipulyasiyalara reaksiya verməyən atonik uşaqlıq zamanı doğuşdan sonrakı qanaxma bir qayda olaraq, gur olur, lakin bəzi hallarda uşaqlığı yığan preparatın təsirindən müvəqqəti dayanaraq, dalğavari xarakter alması müşahidə edilir. Obyektiv əlamətlər – arterial hipotoniya, taxikardiya, dəri solğunluğu qeyd olunur.

Qanın zahının bədən kütləsinin 0.5%-nə qədər həcmdə itirilməsi fizioloji yolverilən hal kimi qəbul edilir; itirilən qanın miqdarının artması doğuşdan sonrakı patoloji qanaxmaya dəlalət edir. Bədən kütləsinin 1%-dən artıq qanaxma – massiv, daha iri həcmli isə kritik qanitirmə adlanır. Kritik qanaxmalar zamanı həyati vacib orqanlarda geridönməyən dəyişikliklərlə müşayiət olunan hemorragik şok və DDL-sindromu inkişaf edə bilər.

Doğuşdan sonrakı dövrün gec mərhələlərində intensiv və uzunmüddətli loxiyalar, iri qan laxtalarından ibarət xoşagəlməz iyli al-qırmızı ifrazatlar, qarnın aşağı hissəsində dartıcı ağrıların olması qadının ginekoloqa müraciət etməsi üçün ciddi səbəb sayılır.

Doğuşdan sonrakı qanaxmanın diaqnostikası

Doğuşdan sonra qanaxma riskinin qiymətləndirilməsi məqsədilə hamiləlik zamanı hemoqlobinin səviyyəsi, qan zərdabında eritrosit və trombositlərin miqdarı, laxtalanma müddəti, qanın laxtalnma sisteminin vəziyyəti (koaqulloqramma) müəyyən edilir. Uşaqlığın hipotoniya və atoniyası doğuşun III dövründə miometriumun zəif yığılmalarına, süstlüyünə, bu mərhələnin uzunmüddətli olmasına əsasən təyin olunur.

Doğuşdan sonrakı qanaxmanın diaqnostikası xaric olan cift və döl qişalarının bütövlüyünə nəzarət, eləcə də doğuş yollarında travmanın olmasının yoxlanılmasına əsaslanır. Cırılmalar, qan laxtaları, miometriumun yığılmasına mane olan inkişaf qüsurları və şişlərin olmasını aşkar etmək məqsədilə  uşaqlıq boşluğunun ümumi narkoz altında əllə müayinəsı aparılır.

Gec qanaxmaların profilaktikasında doğuşun 2-3-cü günlərində kiçik çanağın USM mühüm rol oynayır. Bu üsul uşaqlıq boşluğunda cift toxumasının və döl qişalarının fraqmentlərini müəyyən etməyə imkan verir.

Doğuşdan sonra qanaxmanın müalicəsi

Doğuşdan sonrakı qanaxma zamanı ilk növbədə onun səbəbi aydınlaşdırılmalı, qan dayandırılmalı, kəskin qan itirmənin qarşısı alınmalı, sirkulyasiya edən qanın həcmi bərpa olunmalı, arterial təzyiqin səviyyəsi stabilləşdirilməlidir. Müalicə kompleks şəklində aparılır. Konservativ (medikamentoz, mexaniki), eləcə də cərrahi üsullar tətbiq oluna  bilər.

Uşaqlıq əzələlərinin yığılma aktivliyinin stimulyasiyası üçün sidik kisəsinin kateterizasiyası və boşaldılması, lokal hipotermiya (qarnın aşağı hissəsinə buz), uşaqlığın xarici masajı yerinə yetirilir. Bu metodlar nəticə vermədikdə üterotonik vasitələr (adətən metilerqometrinin oksitosinlə kombinasiyası) damardaxilinə yeridilir. Sirkulyasiya edən qanın həcminin bərpası və kəskin qan itirmənin nəticələrinin aradan qaldırılması məqsədilə qan komponentləri və plazma əvəzedici preparatlarla infuzion-transfuzion terapiyadan istifadə olunur.

Uşaqlıq boynunun, uşaqlıq yolunun divarlarının və aralığın cırılmaları zamanı doğuş yollarının vaginal güzgülərlə müayinə prosesində onlar yerli anesteziya altında tikilir. Ciftin tamlığının pozulması (hətta qanaxma olmadıqda belə), eləcə də doğuşdan sonra hipotonik qanaxmalar müşahidə edildikdə təcili olaraq, ümumi narkoz altında uşaqlıq boşluğunun manual müayinəsi icra edilir. Uşaqlığın divarlarını reviziya edərkən cift və döl qişaları əllə qopardılır, qan laxtaları xaric edilir; uşaqlığı cismində cırılmaların olması müəyyənləşdirilir.

Uşaqlığın cırılması zamanı təcili laparotomiya, yaraların tikilməsi və ya uşaqlığın ekstirpasiyası həyata keçirilir. Ciftin bitişməsinin əlamətləri, eləcə də qarşısı alına bilinməyən massiv qanaxmalar zamanı subtotal histerektomiya (uşaqlığın supravaginal amputasiyası) göstəriş hesab olunur; zərurət olduqda cərrahi müdaxilə daxili qalşa arteriyasının bağlanması və ya uşaqlıq damarlarının embolizasiyası  ilə tamamlanır.

Doğuşdan sonra qanaxmalar zamanı cərrahi müalicə reanimasion tədbirlərlə: itirilən qanın bərpası, hemodinamika və AT-nin stabilizasiyası ilə birgə aparılır. Onların vaxtında tətbiqi trombohemorragik sindromun inkişafının qarşısını alaraq, zahının həyatını xilas edir.

Doğuşdan sonrakı qanaxmanın profilaktkası

Qeyri-qənaətbəxş mamalıq-ginekoloji anamnezli, qanın laxtalanma sisteminin pozulmaları olan, antikoaqulyantlar qəbul edən qadınlarda doğuşdan sonra qanaxmaların yaranma riski yüksək olur. Bu səbəbdən hamiləliyin aparılması prosesində onlara xüsusi nəzarət yetirilir.

Doğuşdan sonra qanaxmaların profilaktikası məqsədilə uşaqlığın adekvat yığılmasına səbəb olan preparatlar təyin edilir. Qanaxmanın həcminin qiymətləndirilməsi üçün ilk 2 saat ərzində bütün zahılar doğuş şöbəsində dinamik müşahidə altına alınır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: