Dölün antenatal ölümü

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 3383

dölün antenatal ölümü nədir?Dölün antenatal ölümü –  dölün bətndaxili ölümüdür. Ölümün başvermə səbəblərinə somatik xəstəliklər, reproduktiv sistemin xəstəlik və anomaliyaları, infeksiyalar, intoksikasiyalar, qarın boşlugunun travması, rezus-konflikt, çoxdöllülük, dölün ağır anadangəlmə qüsurları aid edilir. Dölün antenatal ölümü uşaqlığın böyüməsinin dayanması, döldə ürəkdöyünmə və hərəkətin olmaması, halsızlıq, əzginlik, qarnın aşağı hissəsində ağırlıq hissi və ağrılarla təzahür edir. Diaqnoz ginekoloji və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə: I trimestrdə – qaşıma, II və III trimestrdə  – təcili süni doğuş.

  • Dölün antenatal ölümünün səbəbləri
  • Dölün antenatal ölümünün əlamətləri və diaqnostikası
  • Dölün antenatal ölümünün müalicə və profilaktikası
  • Çoxdöllü hamiləlik zamanı dölün antenatal ölümü

Dölün antenatal ölümü barədə ümumi məlumat

Dölün antenatal ölümü (dölün bətndaxili ölümü)– bətndaxili inkişaf dövründə (doğuşa qədər) dölün ölümü hesab olunur. Ölü doğuşların 39%-nin səbəbi dölün antenatal ölümüdür. Bu patologiyanın yayılmasının statistik göstəriciləri dəyişikdir, bu da müxtəlif ölkələrdə bətndaxili ölümün təsnifatının fərqli olması ilə izah olunur. Hestasiyanın 20-22-ci həftəsinə kimi müşahidə olunan düşük hallarını istisna etmək şərtilə Böyük Britaniya ərazisində perinatal ölümün (antenatal və intranatal ölüm) səviyyəsi – 0,58%, ABŞ da isə  – 1% təşkil edir. Dölün antenatal ölümü müxtəlif xarici və daxili amillərin təsirindən baş verir.  Hamilə qadının sağlamlığı və həyatı üçün təhlükə törədə bilər. Çoxdöllü hamiləlik hallarında ikinci dölün inkişafdan qalması və ölüm ehtimalını artırır. Diaqnostika və müalicə mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Dölün antenatal ölümünün səbəbləri

Dölün antenatal ölümünün səbəbləriBu patologiya müxtəlif endogen və ekzogen amillərin təsirindən yaranır. Dölün antenatal ölümünü törədən endogen amillərə aiddir: infeksion xəstəliklər (qrip, pnevmoniya, qızılca, məxmərək, hepatit), hipovitaminoz, somatik xəstəliklər (anadangəlmə ürək qüsurları, ürək çatışmazlığı, ağır formalı qaraciyər və böyrək xəstəlikləri, müxtəlif mənşəli anemiya), ananın endokrin sisteminin müxtəlif xəstəlikləri (şəkərli diabet və s.)

Bundan əlavə, endogen səbəblərə hestozlar (eklampsiya, nefropatiya), dölün ağır inkişaf anomaliyaları, rezus-uyğunsuzluq, qan qrupunun uyğunsuzluğu, dölyanı mayenin çox və ya az olması, plasentar qan dövranının pozulması (ciftin bitişmə anomaliyaları, ciftin vaxtından əvvəl ayrılması, fetoplasentar çatışmazlıq, ekizlərdə ümumi xorion damarlarında arteriovenoz anastomozlar zamanı), ciftin həqiqi düyünləri, ciftin dölün boynuna dolanması və ananın reproduktiv sisteminin iltihabi xəstəliklərinu da misal göstərmık olar.

Dölün antenatal ölümünü törədən ekzogen amillər: toksiki təsir (siqaret və spirtli içkilərdən istifadə, narkomaniya, toksimaniya, bir sira dərman preparatlarının istifadəsi, məişət, peşə zəhərləri ilə kəskin və xroniki intoksikasiya, ionlaşdırıcı şüalanma  və qarın boşluğunun travması.

Təqdqiqatlara əsasən bu patologiyanın yaranma səbəbləri içərisində başlıca yeri dölün inkişaf qüsurları, ciftin patologiyaları, infeksiyalar, travma və intoksikasiyalar tutur. Bəzən dölün antenatal ölümünun səbəbi  naməlum qalır.

Patoloji anatomiya 

Döl həyat qabiliyyətini itirdikdən sonra bir neçə gün, ay və ya il uşaqlıqda qala bilər. Bu zaman maserasiya, mumifikasiya və ya petrifikasiya prosesləri baş verir.  Döllərin 90%-i maserasiyaya (dölyanı mayeninin təsirindən yaranan yaş nekroz) uğrayır. Başlanğıcda toxumaların məhvi aseptik xarakter daşıyır. Bir neçə müddətdən sonra nekrozlaşmış toxumalar infeksiyalaşa, ağır infeksion ağırlaşmalar, o cümlədən sepsis inkişaf edə bilər.

Maserasiyaya məruz qalmış döl yumşaq və büzüşmüş olur. Maserasiyanın ilkin mərhələlərində dəri qırmızımtıl rəndə olub, qopmuş epidermis sahələri ilə növbələşən qabarcıqlarla örtülü olur. İnfeksiyanın qoşulması zamanı döl yaşımtil rəng alır. Baş və bədən hissəsi deformasiyalaşmışdır. Dölün antenatal ölümünün səbəbini aydınlaşdırmaq üçün autopsiya aparılır. Yarılma zamanı toxumalara mayenin hopması və ağciyərlərin atelektazı aşkar olunur.  Qığırdaq və toxumalar qonur və ya qırmızımtıl olur, epifizlər metafizlərdən ayrılmış olur. Ölmüş döl uşaqlıqda uzunmüddət qaldıqda daxili orqanların autolizi mümkündür. Bəzi hallarda uşaqlıqda ləngimə  zamanı ölü döl qanla hoparaq qanlı kütləyə, sonra isə bir az da dəyişilərək ətli kütləyə çevrilir.

Çoxdöllü hamiləlik və göbək ciyəsinin dolanması zamanı əksər hallarda döl mumifikasiyaya məruz qalır. O, digər döl tərəfindən sıxılır, ölçüləri kiçilir və büzüşür. Bəzən mumifikasiyaya uğramış döl sonradan petrifikasiyaya (kalsium duzlarının toplanması nəticəsində «kirəcləşmə») məruz qalır. Petrifikasiya adətən uşaqlıqdan kənar hamiləlik zamanı müşahidə olunur, lakin normal hestasiya zamanı da rast gəlinməsi mümkündür. Petrikfikasiyaya uğramış döl heç bir patoloji simptomlar törətmədən uşaqlıq və ya qarın boşluğunda illərlə qala bilər.

Dölün antenatal ölümünün əlamətləri və diaqnostikası

Dölün antenatal ölümünün əlamətləriDölün bətndaxili ölümü uşaqlığın böyüməsinin dayanması ilə müşayiət olunur.  Dölün hərəkəti müşahidə olunmur. Uşaqlığın tonusu azalır və ya artır. Süd vəziləri boşalmış olur. Ümumi halın pisləşməsi,zəiflik, əzginlik, qarnın aşağı hissəsində ağrı və ağırlıq hissi müşahidə olunur. Ürəkdöyünmənin olmaması dölün antenatal ölümundən xəbər verir.  Ürək yığılmalarının olmaması hestasiyanın 9-10-cu həftəsindən başlayaraq USM, 13-15-ci həftəsindən isə dölün fonokardioqrafiyası və ya elektrokardioqrafiya müayinələrinin köməyilə aşkar edilir. 18-20-ci həftədən sonra ürəkdöyünmənin olmaması adi auskultasiya zamanı müəyyən edilir. Diaqnozun təqdiqlənməsi üçün əlavə müayinələr: USM, kardiotokoqrafiya, qanda hormonların miqdarının təyini aparılır.

Dölün antenatal ölümünün əsas əlamətlərinə estriol, progesteron və plasentar laktogenin səviyyəsinin azalması aiddir. İlk günlərdə amnioskopiya zamanı yaşılımtıl dölyanı maye (rəngin dəyişməsi ilk nəcis-mekoniyin olması ilə əlaqədardır) aşkar edilir. Getdikcə suyun rəngi az intensiv olur, az hallarda qan qarışığı müşahidə olunur.  Bəzən dölün antenatal ölümünün diaqnostikası rentgenoqrfaiyadan istifadə olunur.  Rentgenoqramda dölün dərialtı piy toxuması, ürək və iri damarlarında qaz müşahidə edilir.

Skelet sümüklərinin qarşılıqlı vəziyyəti pozulur. Kəllə sümüklərinin kənarları üst-üstə yerləşir və ya «pillə» əmələ gətirərək aralanır. Birinci halda kəllənin kiçilməsi, ikinci halda isə– kəllənin hamarlaşması və ya kisəvari deformasiyasına rast gəlinir. Dölün başı kənara əyilmiş ola bilər. Onurga sütunu deformasiyalaşmış olur. Onun düzlənməsi, lordoz və ya bucaqlı deformasiyası mümkündür. Dölün ətrafları xaotik yerləşir. Petrifikasiya zamanı dölyanı qişa, bədən və ətraflarda kalsium düzlarının toplanması müşahidə olunur. Xəstənin daxili uroqrafiya müayinəsində dölün böyrəkləri kontrastlanmır.

Dölün antenatal ölümünün müalicə və profilaktikası

Hestasiyanın I trimestrində döl həyat qabiliyyətini itirdikdə düşüklər ola bilər.  Düşük baş vermədikdə tibbi abort həyata keçirilir. Dölün antenatal ölümü II trimestrə təsadüf etdikdə, özbaşına düşük baş vermir, hamiləlik təcili cərrahi yolla dayandırılır. Hərtərəfli müayinə və qanın laxtalanma sisteminin vəziyyəti öyrənildikdən sonra suni stimulyasiya aparılır. İlk növbədə estrogen, glükoza, vitamin və kalsium preparatları yeridilir, sonra isə oksitosin və prostaqlandinlər təyin olunur. Doğuşun birinci mərhələsinin sürətlənməsi üçün amniotomiya aparılır. III trimestrdə dölün ölümü zamanı fizioloji doğuş mümkündür. Doğuş fəaliyyəti müşahidə olunmadıqda stimulyasiya aparılır. Göstərişlərə əsasən dölün hissələrə ayrılaraq çıxarılması əməliyatı aparılır. Hidrosefaliya, alın və çanaq gəlişi, uşaqlığın cırılma təhlükəsi və ananın ümumi vəziyyətinin ağır olduğu hallarda kraniotomiya aparılır. Gecikmiş köndələn gəliş zamanı dekapitasiya və ya evisserasiya, çiyinlərin doğuş kanalında ilişməsi  zamanı– kleydotomiyadan istifadə olunur.

Dölün antenatal ölümünün profilaktik tədbirlərinə daxildir: genetik anomaliyaların vaxtında aşkara çıxarılması, somatik xəstəliklərin diaqnostika və müalicəsi, xroniki infeksiya ocaqlarının sanasiyası, zərərli vərdişlərdən imtina, məişətdə toksiki maddələrilə təmasın dayandırılması, peşə zərərlərinin aradan qaldırılması, travmatizmin qarşısının alınması və hamiləlik dövründə dərman preparatlarının düzgün təyini

Çoxdöllü hamiləlik zamanı dölün antenatal ölümü

Dölün bətndaxili ölümü çoxdöllü hamiləliklərin 6%-də rast aşkar olunur. Yaranma ehtimalı döl və xorionların sayından asılıdır. Əkizlər arasında ölüm riski dölün sayının çoxluğundan asılıdır.  Dixorial ekizlərlə müqayisədə ümumi xorionu olan ekizlərin ölüm ehtimalı daha çoxdur.  Dölün antenatal ölümünün birbaşa səbəblərinə dölün inkişafının ləngiməsi, ciftin qopması, ağır gedişli hestozlar, xorioamnionit və ya ümumi xorion zamanı arteriovenozanastomozun yaranması  aiddir.

Patologiyanın forması döl ölüm vaxtından asılıdır. Hamiləliyin erkən dövrlərində  (hestasiyanın 10-cu həftəsinə qədər) «itmiş ekiz» fenomeni müşahidə olunur. Ölmüş embrion qopub ayrılır və ya absorbsiyaya uğrayır. İki xorion olduqda ekizlərdən birinin ölümü digərinin inkişafına təsir etmir. Ümumi xorion zamanı II ekizdə bətndaxili inkişafın ləngiməsi və uşaq serebral iflicin (USİ) yaranma ehtimalı yüksəlir.  Bu kimi hallarda dölün antenatal ölümü aydınlaşdırılmamış qalır və hamiləliyin dayandırılması üçün təhlükə hesab olunur.

I trimestrin sonu və ya II trimestrin əvvəllərində ölmüş döl mumifkasiyaya uğrayır. O, II ekizin böyüyən döl kisəsi ilə sıxılır, «quruyur» və kiçilir. Əksər hallarda ümumi xorionlu II ekizin orqanizminə parçalanma məhsulları qan dövranı vasitəsilə daxil olduğundan anadangəlmə inkişaf qüsurları inkişaf edir.  Çoxdöllü hamiləlik və dölün antenatal ölümünə şübhə yarandıqda hərtərəfli müayinənin aparılması və hamiləliyin aparılma taktikasının düzgün seçilməsi məqsədilə  xəstə təcili hospitalizasiya edilməlidir. Müayinə zamanı hestasiyanın müddəti və xorionların sayı təyin olunur, sağlam dölün vəziyyəti qiymətləndirilir, ana orqanizmində rast gəlinən somatik və reproduktiv sistemin xəstəlikləri aşkar edilir. Ümumi xorion və dölün II trimestrin əvvəlində aşkar edilmiş antenatal ölümü zamanı sağlam döldə bətndaxili patologiyaların yaranma riskinin yüksək olmasına əsaslanaraq, hamiləliyin dayandırılması məsləhət görülür.

Hestasiyanın 25-34-cü həftələrində

Sağ qalmış dölün hərtərəfli müayinəsi (USM, MRT) aparılır. Dölün vəziyyəti qənaətbəxş olduqda hamiləlik davam etdirilir. Dölün antenatal ölümü zamanı təcili surətdə hamiləliyin dayandırılmasının vacibliyi ana və sağlam dölün vəziyyəti, bətndaxili pozğunluqların və hamiləliyin başa çatdırılmaması ilə bağlı ağırlaşmaların yaranma riskinə əsasən müəyyən edilir.  Hamiləliyin dayandırılmasına göstərişlər ana tərəfdən hamiləliyin davam etdirilməsinə mane olan somatik və reproduktiv sistemin xəstəlikləri aiddir.  Döl tərəfdən nisbi göstərişlərə anemiya, terminal qan dövranı və arteriovenoz anastomozlar zamanı dölün ölüm riskini misal göstərmək olar. Dölün antenatal ölümünün çoxdöllü hamiləliyin 34-cü həftəsindən sonraya təsadüf etməsi hamiləliyin dayandırılmasına  mütləq göstəriş sayılır.  İki xorionlu hamiləlikdə hamiləliyin təcili dayandırılmasına ehtiyac yoxdur. Pasiyent daimi nəzarət altına götürülür, hərarət, AT, ödem və axıntıların gündəlik nəzarəti, o cümlədən qanın laxtalanma sisteminin vəziyyətinin qıymətləndirilməsi məqsədilə müntəzəm analizlər aparılır.  Sağlam dölün vəziyyəti uşaqlıq–plasentar qan dövranının dopplerometriyası, biometriya və baş beynin exoqrafiyasının nəticələrinə əsasən qiymətləndirilir.  Doğuşdan sonra antenatal ölümün səbəbini aydınlaşdırmaq üçün həyat qabiliyyətini itirmiş dölün yarılması və ciftin müayinəsi həyata keçirilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: