Dölün hipoksiyası

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 10172

dölün hipoksiyası nədir?Dölün hipoksiyası – dölün toxuma və orqanlarına oksigenin kifayət qədər daxil olmaması nəticəsində yaranan kompleks dəyişikliklərlə səciyyələnən bətndaxili sindromdur. Patologiya zamanı həyati vacib orqanlarda, ilk növbədə mərkəzi sinir sistemində pozğunluqlar müşahidə olunur. Dölün hipoksiyasının diaqnostikasında kardiotokoqrafiya, uşaqlıq-plasentar qan dövranının dopplerometriyası, ginekoloji USM, amnioskopiya üsullarından istifadə olunur. Müalicə uşaqlıq-plasentar qan dövranının normalizasiyası, qanın reologiyasının yaxşılaşmasına yönəldilir; bəzən belə hallar hamiləliyin vaxtından əvvəl sona çatdırılmasını tələb edir.

  • Dölün hipoksiyasının yaranma səbəbləri
  • Dölün hipoksiyasının təsnifatı
  • Dölün hipoksiyasının əlamətləri
  • Dölün hipoksiyasının diaqnostikası
  • Dölün hipoksiyasının ağırlaşmaları
  • Dölün hipoksiyasının profilaktikası

Dölün hipoksiyası barədə ümumi məlumat

Dölün hipoksiyası hamiləlik və doğuş hallarının ümumi sayının 10,5%-də qeyd olunur. Hipoksiya bətndaxili inkişafın istənilən dövründə inkişaf edə bilər. Patologiya zamanı müxtəlif dərəcəli oksigen çatışmazlığı və ağırlaşmalar müşahidə olunur. Hestasiyanın erkən dövrlərində inkişaf edən hipoksiya embrionun inkişafının ləngiməsi və qüsurlara səbəb olur. Hamiləliyin gec mərhələlərində hipoksiya dölün böyüməsinin ləngiməsi, MSS-nin zədələnməsi, yenidoğulmuşun adaptasiya imkanlarının azalması ilə müşayiət olunur.

Dölün hipoksiyasının yaranma səbəbləri

Dölün hipoksiyasının səbəbləriDölün hipoksiyası uşaq və ana orqanizmi və ya ciftdə baş verən geniş əhatəli əlverişsiz proseslərin nəticəsində yarana bilər. Ananın xəstəlikləri – anemiya, ürək-damar patologiyaları (ürək qüsurları, hipertoniya), böyrək, tənəffüs sistemi xəstəlikləri (xroniki bronxit, bronxial astma və s.), şəkərli diabet, hamiləlik toksikozları, çoxdöllü hamiləlik, cinsi yolla ötürülən infeksiyalar zamanı döldə hipoksiyanın yaranma ehtimalı artır. Ananın zərərlı vərdişləri (spirtli içkilər, nikotin, narkotik asılılığı) dölün oksigenlə təhcizatına neqativ təsir göstərir.

Düşük təhlükəsi yaradan döl-plasentar qan dövranı çatışmazlıqları, gecikmiş doğuşlar, cift patologiyaları, fetoplasentar çatışmazlıq, doğuş fəaliyyətinin anomaliyaları, hamiləlik və doğuş prosesinin digər ağırlaşmaları zamanı hipoksiya təhlühəsi artır. İntranatal hipoksiyanın risk amillərinə dölün hemolitik xəstəliyi, anadangəlmə inkişaf anomaliyaları, bətndaxili infeksiyalaşma (herpetik infeksiya, toksoplazmoz, xlamidioz, mikoplazmoz və s.), göbək ciyəsinin uşağın boynuna çox sayda və kip dolanması, doğuş prosesində dölün baş hissəsinin uzunmüddətli kompressiyası aiddir.

Dölün hipoksiyasına cavab olaraq ilk növbədə MSS zədələnir, bu da sinir toxumasının oksigen çatışmazlığına daha həssas olması ilə izah olunur. Embrionun inkişafının 6-11-ci həftəsindən başlayaraq oksigen çatışmazlığı baş beynin yetişməsini, hematoensefalik baryerin formalaşmasını ləngidir, damarların quruluş və fəaliyyətinin pozulmasına gətirib çıxarır. Eləcə də dölün digər orqanlarında – böyrəklər, ürək, bağırsaqda hipoksiyanın təsirindən müxtəlif pozğunluqlar yaranır.

Dölün cüzi hipoksiyası MSS-nin klinik əhəmiyyətli zədələnmələrinə səbəb olmur. Ağır dərəcəli hipoksiyalar zamanı müxtəlif orqanların işemiya və nekrozları yaranır. Hipoksiya şəraitində inkişaf etmiş uşaqda geniş diapazonlu pozulmalara – nevrotik pozğunluqlardan tutmuş psixi inkişafın ləngiməsi və ağır somatik xəstəliklərə rast gəlmək olar.

Dölün hipoksiyasının təsnifatı

Davametmə müddəti və yaranma sürətinə görə dölün hipoksiyasının kəskin və xroniki formaları ayırd edilir. Dölün kəskin hipoksiyasının yaranması adətən doğuş aktının anomaliya və ağırlaşmaları – sürətli və ya ləng gedişli doğuş, ciftin yapışması və ya qopması, başın doğuş yollarında uzunmüddətli sıxılması ilə əlaqədardır. Bəzən kəskin hipoksiya hamiləlik zamanı (uşaqlığın cırılması və ya ciftin vaxtından əvvəl ayrıldığı hallarda) yarana bilər. Kəskin hipoksiya zamanı həyati vacib orqanların funksiya pozğunluqları sürətlə artır. Kəskin hipoksiya dölün ürək döyüntüsünün artması (1 dəqiqədə 160 vurğudan çox) və ya azalması (1 dəqiqədə 120 vurğudan az), aritmiya, ürək tonlarının kütləşməsi; hərəki aktivliyin güclənməsi və ya zəifləməsi ilə xarakterizə olunur. Çox zaman kəskin hiposiya fonunda dölün asfiksiyası müşahidə olunur.

Xroniki hipoksiyaya oksigenin uzunmüddətli mülayim çatışmazlığı səbəb olur. Oksigenin xroniki çatışmazlığı zamanı bətndaxili hipotrofiya baş verir; dölün kompensator imkanları həddindən artıq azaldıqda kəskin formada yaranan pozğunluqlar müşahidə olunur. Dölün hipoksiyası hamiləlik və ya doğuş zamanı inkişaf edə bilər; bundan əlavə doğuşdan sonra uşaqda hialin membran xəstəliyi, bətndaxili pnevmoniya nəticəsində yaranan hipoksiya da qeyd olunur.

Dölün kompensator-adaptasion imkanlarına əsasən hipoksiya kompensə olunmuş, subkompensə olunmuş və dekompensə olunmuş formalara bölünür. Əlverişsiz şəraitdə döl hipoksiya ilə yanaşı ağır mübadilə pozğunluqları ilə qarşılaşdığından, dünya təcrübəsində bu hal «distress- sindrom» adlanır və doğuşdan əvvəl, doğuş prosesində inkişaf edən və respirator formalara ayırd edilir.

Dölün hipoksiyasının əlamətləri

Dölün hipoksiyasının əlamətləriHipoksiyanın  təsirindən döldə yaranan dəyişikliklərin xarakteri oksigen çatışmazlığının intensivliyi və müddətindən asılı olur. Hiposiyanın ilkin təzahürü döldə ürək ritmlərinin artması, sonra onların azalması və ürək tonlarının kütləşməsinə səbəb olur. Dölyanı mayedə mekonium görünə bilər. Yüngül dərəcəli hipoksiyalarda dölün hərəki aktivliyi artır, ağır formalarda isə hərəkətlik azalır.

Dölün ifadəli hipoksiyası zamanı qan dövranı pozğunluqları inkişaf edir: qısamüddətli taxikardiya və yüksək arterial təzyiq bradikardiya və AT-in azalması ilə əvəz olunur. Reoloji pozulmalar hüceyrədaxili və toxuma ödemi ilə müşayiət olunan qanın qatılaşması və plazmanın damar məcrasından çıxması ilə təzahür edir. Damar divarlarının yüksək kövrəklik və keçiriciliyi nəticəsində qansızmalar baş verir. Damar tonusunun azalması və qan dövranının zəifləməsi orqanların işemiyası ilə nəticələnir. Hipoksiya zamanı döldə asidoz inkişaf edir, elektrolitlərin balansı dəyişir, toxuma tənəffüsü pozulur. Həyati vacib orqanlarda gedən dəyişikliklər bətndaxili ölüm, asfiksiya, kəllədaxili doğuş travmalarına səbəb ola bilər.

Dölün hipoksiyasının diaqnostikası

Dölün hərəki aktivliyinin dəyişməsi – narahatlıq, tərpənişlərin güclənməsi və tezləşməsi hipoksiyaya şübhə doğurur. Uzunmüddətli və ya proqressivləşən hipoksiya dölün hərəkətliyinin zəifləməsinə gətirib çıxardır. Qadın bu dəyişiklikləri hiss etdikdə, dərhal həkimə müraciət etməlidir. Mamalıq stetoskopunun köməyilə ürək döyüntülərinə qulaq asma zamanı ginekoloq ürək tonlarının tezliyi, ritmi, küylərin olması müəyyən edilir.  Müasir ginekologiyada dölün hipoksiyasını aşkar etmək məqsədilə dölün kardiotokoqrafiya, fonokardiotokoqrafiyası, dopplerometriya, USM, amnioskopiya və amniosentez, laborator müayinələrdən istifadə olunur.

Kardiotokoqrafiya zamanı dölün ürək yığılmalarının tezliyi və onun  hərəki aktivliyi izlənilir. Ürək ritmlərinin sakitlik və aktivlik hallarından asılı olaraq dəyişməsinə əsasən onun vəziyyəti haqqında mühakimə yürütmək olar. Fonokardioqrafiya ilə yanaşı kardiotokoqrafiya doğuş prosesində geniş tətbiq olunur. Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyasının köməyilə cift və göbək ciyəsi damarlarında qan cərayanının sürəti və xarakteri öyrənilir. Göbək ciyəsi qanının götürülməsi və turşu-qələvi balansının müayinəsi üçün USM nəzarətlə kordosentez aparılır. Dölün böyüməsinin ləngiməsinin aşkarlanması hipoksiyanın exoskopik əlaməti sayıla bilər. Bundan əlavə ginekoloji USM-də dölyanı mayenin tərkibi, həcmi və rəngi təyin edilir. Dölyanı mayenin həddindən artıq çox və ya az olması qeyri-qənaətbəxş hallardan xəbər verir.

Uşaqlıq boynu kanalından keçməklə aparılan amnioskopiya və amniosentez üsulları dölyanı mayenin şəffaflığı,  rəngi və miqdarı, tərkibində mekoniumun olmasını vizual qiymətləndirməyə, biokimyəvi sınaqlar (pH səviyyəsinin ölçülməsi, hormon və fermentlərin səviyyəsi, CO2-nin konsentrasiyası) aparmağa imkan verir. Cift gəlişi, kolpit, servisit, düşük təhdidləri zamanı amnioskopiya əks-göstəriş sayılır. Amniotik mayenin birbaşa qiymətləndirilməsi doğuşun I mərhələsində dölyanı mayenin axmasından sonra mümkündür. Dölyani mayenın yaşılımtıl rəngdə olması və tərkibində mekoniuma rast gəlinməsi dölün hipoksiyasına dəlalət edir.

Dölün hipoksiyasının müalicəsi

Dölün hipoksiyası aşkar olunduqda hamilə qadın mama-ginekoloji stasionarda hospitalizasiya olunur. Müalicənin məqsədi ananın mamalıq və ekstragenital patologiyalarının korreksiyası və fetoplasentar qan dövranının normalizasiyasından ibarətdir. Hamilələrə ciddi yataq rejimi, oksigenoterapiya tərin olunur. Uşaqlığın tonusunu azaldan (papaverin, dratoverin, eufillin, heksoprenalin, terbutalin), damardaxili laxtalanmanı zəiflədən (dipiridamol, dekstran, pentoksifillin, buzov qanının hemoderivatı) terapiya aparılır.

Dölün xroniki hipoksiyasında hüceyrələrin oksigen keçiriciliyini və metabolizmi yaxşılaşdıran (essensial fosfolipidlər, E, C, B6 vitaminləri, glutamin turşusu, qlükoza), antihipoksant, neyroprotektorlardan istifadə olunur. Hamiləlinin vəziyyətinin normallaşması və dölün hipoksiya əlamətləri azaldıqdan sonra hamiləyə tənəffüs gimnastikası, akvagimnastika, UBŞ, unduktotermiya məsləhət görülür. Kompleks tədbirlər effekt verməkdə və dölün hipoksiya əlamətləri saxlanıldıqda 28-ci həftədən sonra hamiləlik təcili surətdə Qeysəriyyə əməliyyatı ilə başa çatdırılır.

Xroniki hipoksiyalarda doğuş vaxtında əlavə tədbirlərin aparılmasına imkan verən kardiomnitorinqin köməyilə aparılır. Doğuş prosesində yaranan kəskin hipoksiya zamanı uşağa reanimasion kömək tələb olunur. Dölün hipoksiyasının vatında korreksiyası, hamiləlik və doğuşun rasional aparılması uşaq orqanizmində yarana biləcək kobud pozğunluqların qarşısını almağa imkan verir. Hipoksiya şəraitində inkişaf edən bütün uşaqlar gələcəkdə nevroloqun müşahidəsi altında olmalıdır; çox zaman psixoloq və loqopedin köməyinə ehtiyac olur.

Dölün hipoksiyasının ağırlaşmaları

Dölün ağır dərəcəli hipoksiyası yenidoğulmuşlarda ciddi poliorqan disfunksiyaları ilə müşayiət olunur. MSS-nin hipoksik zədələnmələrində perinatal ensefalopatiya, beynin ödemi, arefleksiya, qıcolmalar  inkişaf edə bilər. Tənəffüs sistemi tərəfdən posthipoksik pnevmopatiya, ağciyər hipertenziyası qeyd olunur. Ürək-damar sistemi pozulmalarına ürək və damarların qüsurları, endokardın işemik nekrozu və s. aid edilir.

Hipoksiyanın böyrəklərə təsiri böyrək çatışmazlığı, oliqouriya; MBT-də isə gəyirmə, qusma, enterokolitlə müşahidə olunur. Əksər hallarda yenidoğulmuşlarda ağır perinatal hipoksiya nəticəsində DDL-sindromu, ikincili immunodefisit yaranır. Yenidoğulmuşun asfiksiyası 75-80% hallarda dölün hipoksiyası fonunda baş verir.

Dölün hipoksiyasının profilaktikası

Dölün hipoksiyasının profilaktik tədbirlərinə hamiləliyin düzgün planlaşdırılması- ekstragenital patologiyalar və reproduktiv sistemin xəstəliklərinin müalicəsi, zərərli vərdişlərdən imtina, rasional qidalanma aiddir. Hamiləliyin aparılmasında risk amilləri nəzərə alınmalı, ana və dölün vəziyyətinə nəzarət edilməlidir. Dölün kəskin hipoksiyasının profilaktikası üçün doğuş üsulu düzgün seçilməli, doğuş travmalarının qarşısı alınmalıdır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: