Dölyanı maye ilə emboliya

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1368

dölyanı maye ilə emboliya nədir?Dölyanı maye ilə emboliya (DME) – amnion mayesinin ananın qan dövranına düşməsi nəticəsində bu mayenin komponentlərinə qarşı anafilaktoid reaksiyanın inkişafı ilə müşayiət olunan patologiyadır. Klinik əlamətlər kardiopulmonal şok və koaqulyasiya sisteminin pozulması ilə əlaqədar yaranır. Diaqnostika fizikal, laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Dölyanı maye ilə emboliyanın müalicəsi anafilaktoid reaksiyanın aradan qaldırılması, ürək-damar və tənəffüs sisteminin normallaşdırılması, sirkulyasiya edən qanın həcminin və hemostaz sisteminin bərpasından ibarətdir.

  • Dölyanı maye ilə emboliyanın yaranma səbəbləri
  • Dölyanı maye ilə emboliyanin təsnifatı və əlamətləri
  • Dölyanı maye ilə emboliyanın diaqnostikası
  • Dölyanı maye ilə emboliyanın müalicəsi
  • Dölyanı maye ilə emboliyanın proqnoz və profilaktikası

Dölyanı maye ilə emboliya barədə ümumi məlumat

Dölyanı maye ilə emboliya və ya hamiləliyin anafilaktoid sindromu amnion mayesinin ananın qan dövranına düşməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. DME-nin klinik şəkli ilk dəfə 1926-cı ildə braziliyalı həkim C.Meyer tərəfindən təsvir olunmuşdur. 1941-ci ildə amerikalı P. Şteyner və K. Laşbou bu vəziyyətin əlamətlərini xüsusi mamalıq sindromu altında birləşdirmişdir. Dölyanı maye ilə emboliya hər 10 000 doğuşdan 1-8 halda qeydə alınır. Bu ağırlaşma zamanı ana və perinatal ölüm göstəricisi 84-87%-ə çatır. Ana ölümünün ümumi strukturunda dölyanı maye ilə emboliyanın payı 15-17% təşkil edir.

Dölyanı maye ilə emboliyanın səbəbləri

Dölyanı maye ilə emboliyanın səbəbləriDölyanı maye ilə emboliyanın bir neçə inkişaf mexanizmi ayırd edilir: uşaqlıqdaxili təzyiqin yüksəlməsi, uşaqlıq venalarında təzyiqin azalması, döl kisəsi ilə zədələnmiş qan damarları arasında birbaşa əlaqənin olması. Birinci qrupa normada doğuş fəaliyyəti prosesində döl kisəsində 20 mm su sütünundan artıq olmayan təzyiqi həddindən artıq yüksəldən amillər daxildir.  Belə hallarda dölyanı maye ilə emboliyaya çoxdöllü hamiləlik, uşağın bədən çəkisinin 4500q-dan yüksək olması («iri döl»), dölyanı mayenin çoxluğuçanaq gəlişi, uşaqlıq boynunun elastikliyinin itirilməsi, uşaqlığın yığılma fəaliyyətinin stimulyasiyasının düzgün aparılmaması, uşağın sürətli doğulması, amnion mayesində mekoniumun olması, döl və /və ya ananın doğuş yollarının anatomo-fizioloji xüsusiyyətləri səbəb olur.

Venoz təzyiqin azalması fonunda dölyanı maye ilə emboliyanın yaranma amillərinə doğuş zamanı venalarda təzyiqin 40mm su sütünundan aşağı enməsi, mütləq və ya nisbi hipovolemiya aiddir. Belə vəziyyət preeklampsiya, şəkərli diabet, ürəyin müxtəlif qüsurları, çoxsaylı doğuşlar nəticəsində damarların tonusunun itirilməsi, sidikqovucu preparatların qəbulu, antihipertenziv və ya damargenişləndirici preparatların qeyri-rasional tətbiqi zamanı baş verə bilər. Dölyanı maye ilə emboliyanın yüksək riski hər zaman döl kisəsinin birbaşa travması və uşaqlıq damarlarının tamlığının pozulması ilə əlaqədardır. DME-nin bu inkişaf mexanizmi əksər hallarda normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması və ya onun gedişi, uşaqlığın cırılması, Qeysəriyyə kəsiyi əməliyyatı və ya dölparçalayıcı əməliyyatların aparılması, uşaqlıq boşluğunun əllə müayinəsi, patoloji preliminar dövrlə bağlı olur.

Dölyanı maye ilə emboliyanın təsnifatı və əlamətləri

Dölyanı maye ilə emboliyanın bu və ya digər əlamətlərinin üstünlüyündən asılı olaraq, patologiya aşağıdakı formalara bölünür:

  • Kollaptoid. Kəskin ifadə olunmuş kardial şokla xarakterizə olunur. Əsas əlamətləri: AT-nin kəskin azalması, tezləşmiş sapvari nəbz, əl və ayaq dərisinin solğunluğu, soyuması, huşun itməsi.
  • Qıcolmalarla gedən. Dölyanı maye ilə emboliyanın bu formasının əsas əlaməti generalizəolunmuş qıcolma sindromudur.
  • Hemorragik. Hemostaz sisteminin hipokoaqulyasiya istiqamətində yerdəyişməsi nəticəsində baş verir. Əsas əlamətləri: burun, ağız, uşaqlıq yolu, punksiya və kateterlərin qoyulma yerindən profuz qanaxmalar.
  • Ödemli. Dölyanı maye ilə emboliyanın bu klinik variantı ağciyər toxumasının ödemi ilə təzahür edərək, kəskin tənəffüs çatışmazlığına səbəb olur.
  • İldırımsürətli. Dölyanı maye ilə emboliyanın ən təhlükəli forması olub, sürətli inkişaf və poliorqan çatışmazlığı ilə səciyyələnir.

Dölyanı maye ilə emboliyanın klinik əlamətlərinin patogenezi ananın qan dövranı sisteminə amnion mayesi ilə birgə prostaqlandin, sitokin, histamin və digər eykozanoidlərin daxil olmasına əsaslanır. Onlar ağciyər damarlarının spazmı, qanın laxtalanma sisteminin pozulması və ağciyərlərin mikrosirkulyasiya sistemində mexaniki maneənin yaranması ilə müşahidə edilən anafilaktoid reaksiyalar törədir. Bu reaksiyalar ümumi oyanıqlıq və qorxu, titrətmə və bədən hərarətinin yüksəlməsi, inspirator və ya qarışıq tipli ifadəli təngnəfəslik, öskürək, AT-nin kəskin azalması, ÜYT və TT-nin artması qəfil başlanması ilə təzahür edir. Eləcə də ürək nahiyəsində ağrılar, ürəkbulanma, qusma, tonik-klonik qıcolmalar, boyun venalarının şişməsi və pulsasiyası, generalizəolunmuş sianoz və dərinin solğunlaşması («mərmərəbənzər dəri»), müxtəlif lokalizasiyalı profuz qanaxmalar müşahidə edilir. Dölyanı maye ilə emboliyanın klinik formalarından asılı olaraq, bu və ya digər əlamətlər üstünlük təşkil edə bilər.

Dölyanı maye ilə emboliyanın diaqnostikası

Dölyanı maye ilə emboliyanın müalicəsiDölyanı maye ilə emboliyanın diaqnostika prosesi doğuş zamanı anamnestik məlumatlar və şikayətlərin toplanması, fiziki baxış, laborator və instrumental müayinələrdən ibarətdir. DME-nin yüksək inkişaf riski anamnezində cinsiyyət orqanlarında əməliyyatlar, tez-tez təkrarlanan ginekoloji patologiyalar, çoxsaylı (xüsusən ağırlaşmış) doğuşlar olan qadınlarda izlənilir. Hamilə qadının təqdim etdiyi şikayətlər dölyanı maye ilə emboliyanın klinik formasından asılıdır. Fizikal baxışın köməyilə ÜYT, TT və AT-nin qiymətləndirilir, DME-nin əlamətləri aşkarlanır. Ehtiyac olduqda bu müayinədən sonra uşaqlıq boynuna baxış və onun palpasiyası aparıla bilər.

Dölyanı mayenin emboliyasının əlamətlərinin müşahidə edildiyi qadınların laborator test proqramına qanın ümumi analizi (trombosit, eritrositlərin səviyyəsi, hemoqlobin və hematokrit göstəriciləri), koaquloqramma (D-dimer, fibrinogen səviyyəsi, qanın laxtalanması və AHTM), biokimyəvi müayinə (qanın pH, elektrolitlər) daxildir. Dölyanı mayenin emboliyası zamanı instrumental üsullardan EKQ (miokardın işemiyasının əlamətləri və sinus taxikardiyasını aşkar edir) və döş qəfəsi orqanlarının rentgenoqrafiyası («kəpənək» formalı ağciyərlərin interstisial ödemini  və ürəyin sağ şöbələrinin böyüməsini müəyyən etməyə imkan verir) istifadə olunur.

Dölyanı maye ilə emboliyanın müalicəsi

Dölyanı mayenin emboliyası zamanı terapevtik tədbirlər anafilaktoid reaksiyanın, kardiopulmonal şokun aradan qaldırılmasına və hemostaz şisteminin kritik pozğunluqlarının inkişafının qarşısının alınmasına yönəldilir. İlk növbədə qadın oksigenlə təmin edilir və ya ASV aparatına qoşulur. Sonra qlükokortikosteroidlərin (prednizalon və ya hidrokortizon) yüksək dozaları damar daxilinə yeridilir, iri həcmli qan əvəzedici mayelərlə (balanslaşdırılmış kolloid və kristalloidlər) sirkulyasiya edən qanın həcmi bərpa olunur. Asidozun korreksiyası üçün natrium-bikarbonatdan istifadə edilir. Dölyanı maye ilə emboliya fonunda ifadəli hipotenziya zamanı seçim preperatları simpatomimetiklərdir (efedrin), zərurət olduqda dopamin və ya dobutamin tətbiq edilə bilər. Hemorragik sindromu aradan qaldırmaq məqsədilə fibrinoliz inhibitorları (traneksam turşusu), antitrombin, protrombin konsentratları, qan preparatları təyin edilir.

Dölyanı maye ilə emboliya zamanı doğuş taktikası müalicənin nəticələrindən asılıdır. Terapevtik tədbirlərin effektiv olduğu və qadının vəziyyətinin stabilləşdiyi hallarda hamiləlik fizioloji doğuşla başa çatdırılır. Dölyanı maye ilə emboliyanın ağırlaşmalarının inkişafı və ya konservativ terapiya heç bir nəticə verməməsi təcili Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına göstəriş sayılır. Massiv uşaqlıq qanaxmalarının qarşısını almaq mümkün olmadıqda uşaqlığı ekstirpasiyası həyata keçirilir.

Dölyanı maye ilə emboliyanın proqnoz və profilaktikası

Dölyanı maye ilə emboliyanın proqnozu qadının ümumi vəziyyətinin ağırlığı, əlamətlərin inkişaf sürəti və aparılan terapevtik tədbirlərin effektivliyindən asılıdır. Əksər hallarda proqnoz qeyri-qənaətbəxş olur.

Dölyanı maye ilə emboliyanın profilaktikası DME-yə səbəb ola bilən vəziyyətlərin: preeklampsiyaeklampsiya, fetoplasentar çatışmazlığın erkən diaqnostika və müalicəsindən ibarətdir. Hamiləlik zamanı uşaqlığın hipertonusu aradan qaldırılmalı, mama-ginekoloq tərəfindən təyin olunan preparatların dozalarına riayət edilməlidir. Preventiv tədbirlərə həmçinin hamiləliyin planlaşdırılması, qadın məsləhətxanalarında erkən qeydiyyata düşmə, diaqnostik müayinələrin müntəzəm şəkildə aparılması, hamilələr üçün MBT-nin yerinə yetirilməsi, intensiv psixoemosional yüklənmələrin istisnası aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: