Dölyanı mayenin azlığı

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 2926

dölyanı mayenin azlığı nədir?Dölyanı mayenin azlığı – embriogenezin müxtəlif mərhələrində aşkarlanan ciddi mamalıq patologiyasıdır. Adətən xəstəlik simptomsuz keçir, yalnız amniotik mayenin əhəmiyyətli dərəcədə azalması zamanı qadın dölün tərpənişləri zamanı diskomfort hiss edə bilər. Dölyanı mayenin azlığı bətndaxili inkişafın ləngiməsi ilə təzahür edir. Patologiyanın diaqnostikası obyektiv baxış və USM vasitəsilə yerinə yetirilir. Pasiyent hospitalizasiya olunmalı və medikamentoz terapiya aparılmalıdır,  müalicə effekt vermədikdə hamiləlik Qeysəriyyə əməliyyatı ilə başa çatdırılır.

  • Dölyanı mayenin azlığının səbəbləri
  • Dölyanı mayenin azlığının təsnifatı və əlamətləri
  • Dölyanı mayenin azlığının diaqnostikası
  • Dölyanı mayenin azlığının müalicəsi
  • Dölyanı mayenin azlığının proqnoz və profilaktikası

Dölyanı mayenin azlığı barədə ümumi məlumat

Dölyanı mayenin azlığı və ya oliqohidramnion – ciddi mamalıq patologiyası sayılır. Belə vəziyyət döl üçün təhlükə daşıyır: bətndaxili inkişafın ləngiməsinə və çoxsaylı anadangəlmə anomaliyaların yaranmasına – əyripəncəlik, onurğa sütununun əyriliyi, sümük toxumalarının deformasiyasına səbəb olur. Dölyanı mayenin azlığı nisbətən az hallarda-təxminən 4% xəstələrdə rast gəlinir. Amniotik maye dölün böyümə və formalaşmasında mühüm rol oynayır; mineral və qidalı komponentlərlə zəngindir; uşaqlığın sahəsinin genişlənməsinə səbəb olur və onun divarlarının dölə təzyiqinin qarşısını alır.

Dölyanı mayenin azlığı embrional inkişafın müxtəlif mərhələlərində yarana  bilər. Lakin statistik məlumatlara əsasən mamalıqda bu diaqnoz adətən III trimestrdə-hestasiyanın 37-38-ci həftəsinə yaxın aşkarlanır, bu da ciftin qocalması və onun funksional aktivliyinin azalması ilə izah olunur. Çox zaman dölyanı mayenin azlığı vaxtından əvvəl doğuşlara səbəb olur. Nadir hallarda patologiya I trimestrdə izlənilir və belə vəziyyətlərdə özbaşına (spontan) düşük riski çox yüksək olur.

Dölyanı mayenin azlığının səbəbləri

Dölyanı mayenin azlığının səbəbləriDölyanı mayenin azlığı adətən dölyanı kisənin liflərinin anomal inkişafı və ya onların lazımi miqdarda amniotik maye hasil etmə qabiliyyətinin pozulması nəticəsində meydana çıxır. Axırıncı halda dölyanı mayenin azlığının təkanverici amili infeksiyanın daxil olması, mübadilə prosesləri, dölün anadangəlmə qüsurları ola bilər. Mütəxəssislər çox zaman amniotik mayenin azlığının patogenezini ana orqanizminə neqativ amillərin təsiri altında xorionun dölyanı maye hasil etmə qabiliyyətinin zəifləməsi ilə əlaqələndirir.

Dölyanı mayenin azlığının ən geniş yayılmış səbəbi dölün anadangəlmə inkişaf qüsurlarıdır. Əksər hallarda patologiya embriogenezin 20-ci həftəsindən sonra aşkarlanır, böyrək və kəllənin üz hissəsinin anomaliyaları ilə müştərək şəkildə rast gəlinir. Dölyanı mayenin azlığına ananın cinsiyyət orqanlarından döl qişalarına yayılan bətndaxili infeksiyalar da səbəb ola bilər. Eləcə də, digər virus və bakterioloji patologiyalar, əsasən mayalanmadan sonra keçirilmiş KRVİ, qrip döl üçün təhlükəli hesab olunur. Ananın qanında sirkulyasiya edən törədici göbək ciyəsinin venaları ilə çox asanlıqla xoriona daxil olaraq, dölyanı mayenin azlığına gətirib çıxarır.

Amniotok mayenin azlığının daha bir səbəbi ana orqanizmində mübadilə proseslərinin pozulmasıdır. Məhz buna görə şəkərli diabet və piylənmədən əziyyət çəkən qadınlar risk qrupuna aid edilir. Belə hallarda amniotik mayenin azlığı artıq I trimestrdə müşahidə olunur. Həmçinin dölyanı mayenin azlığı daxili orqanların yanaşı gedən xəstəlikləri – sidik çıxarıcı yollar, ürək-damar sistemi, böyrəklərin patologiyaları ilə bağlı ola bilər. Çoxdöllü hamiləlik zamanı amniotik mayenin azalma riski artır. Çox hallarda patologiya uşağın qidalı maddələrə yüksək təlabatı ilə əlaqədar olur.

Dölyanı mayenin azlığına ciftin patologiyaları, xüsusən plasentar qan dövranının pozğunluqları, onun ayrı-ayrı hissələrinə qanın qeyri-bərabər paylanması da səbəb ola bilər. Ciftin anomal birləşmələri, onun vaxtından əvvəl ayrılması və ya qocalması, ciftin inkişaf qüsurları zamanı patologiyanın yaranma ehtimalı yüksəlir. Spirtli içkilər, nikotin, psixotrop vasitələrdən istifadə edən, əmək şəraiti zərərli olan qadınlar risk qrupuna daxildir. Bununla əlaqədar oliqohidramnionun formalaşma ehtimalını azaltmaq məqsədilə bu amillərin orqanizmə təsirini aradan qaldırmaq lazımdır.

Dölyanı mayenin azlığının təsnifat və əlamətləri

Dölyanı mayenin azlığı hestasiya müddətindən asılı olaraq 2 formaya bölünür:

  • Erkən oliqohidramnion– hestasiyanın 20-ci həftəsinə qədər aşkar edilir, əksər hallarda döl qişalarının yetərsizliyi ilə əlaqədar olur.
  • Gec oliqohidramnion– II-III trimestrdə yaranır, digər xəstəliklər və ciftin birləşmə və fəaliyyəti ilə bağlı ağırlaşmaların fonunda inkişaf edir.

Dölyanı mayenin azlığının klinikası amniotik mayenin səviyyəsinin azalma dərəcəsi ilə təyin edilir. Cüzi azalma (400-700ml) mülayim dərəcəli patologiyadan xəbər verir. Bu forma yalnız USM zamanı aşkarlanır, hər hansı bir obyektiv əlamət izlənilmir. Amniotik mayenin 700ml-dən çox azalması zamanı «ifadəli oliqohidramnion» diaqnozu qoyulur. Belə qadınlarda ürəkbulanma, qusma, başgicəllənmə, selikli  qişaların quruluğu qeyd olunur. Eləcə də dölün hərəki aktivliyinın ağrı ilə müşayiət olunması xarakterik əlamət sayılır.

Dölyanı mayenin azlığının diaqnostikası

Dölyanı mayenin azlığının müalicəsiDiaqnoz anamnestik məlumatlar, obyektiv baxış, laborator testlər və instrumental müayinələr əsasında qoyulur. Qadının planlı müayinəsi zamanı qarın dairəsi və uşaqlıq dibinin hündürlüyünün hestasiyanın müddətinə uyğun gəlməməsi dölyanı mayenin azlığından şübhələnməyə əsas verir. Bu zaman diqqətlə anamnez toplanılmalı və bu vəziyyətin səbəbi aydınlaşdırılmalıdır, çünki müalicənin sonrakı taktikası məhz patologiyaya yaradan amillərdən asılıdır.

Dölyanı mayenin azlığında infeksion amillərin rolunu istisna etmək üçün sidik və qanın laborator analizləri aparılır. Patogen mikrofloranın təyini və dölün infeksiyalaşmasının təsdiq və ya inkar edilməsi məqsədilə cinsi yollardan yaxma götürülür. Dölyanı mayenin azlığının daha dəqiq diaqnostik üsulu USM sayılır. Müayinə prosesində mütəsəssis amniotik mayenin dəqiq miqdarını təyin edir, cift və dölün vəziyyətini qiymətləndirir, bu patoloji hala səbəb ola biləcək anadangəlmə anomaliyalar aşkar edir. Bundan əlavə dölün ümumi halını müəyyən etmək üçün KTQ aparılır.

Dölyanı mayenin azlığının müalicəsi

Dölyanı mayenin azlığı zamanı tibbi yardım patoloji vəziyyətin formasından, eləcə də ana və dölün ümumi halından asılıdır. Hetasiyanın II trimestrində mülayim gediş və simptomatikanın olmaması zamanı gözləmə taktikası seçilir. Belə hallarda müalicə ambulator şəraitdə aparılır. Oliqohidramnionun ifadəli formasında, əgər patologiya hestasiyanın 34-cü həftəsində və ya ondan sonra aşkarlanırsa və uşaqlığın hipertonusu ilə müştərək şəkildə inkişaf edirsə, xəstə mütləq hospitalizasiya olunmalıdır.  Bu 2 kriteriyalardan ən azı birinin olması hamilə qadının ginekoloji şöbədə yerləşdirilməsi və uşağın doğulmasına qədər klinika şəraitində qalması üçün ciddi səbəb hesab olunur.

Dölyanı mayenin azlığının müalicəsi onun formasından asılı olmayaraq, ilk növbədə həyat tərzinin düzgün təşkil edilməsindən başlanır. Pasiyentə yataq rejimi təyin olunur. Stress, yorulmalar, fiziki aktivlik və ev işləri, neqativ amillərin orqanizmə təsiri istisna edilməlidir. Medikamentoz terapiya uşaqlıq-plasentar qan dövranını yaxşılaşdıran dərman preparatlarının təyinindən ibarətdir. Bununla yanaşı ciftin fəaliyyətini normallaşdıran vasitələr, vitamin komplekslərindən istifadə olunmalıdır.  Dölyanı mayenin azlığı uşaqlığın hipertonusu ilə müşayiət olunduqda, tokolitiklər göstəriş hesab olunur.

Amniotik mayenin azlığı infeksiya ilə bağlı olduqda törədicinin həssaslığı nəzərə alınmaqla antibakterial və virusəleyhinə vasitələr təyin olunur. Paralel olaraq dölyanı mayenin sekresiyasına təsir edən yanaşı xəstəliklərin müalicəsi aparılır. Patologiya zamanı mama-ginekoloq tərəfindən ana və dölün ümumi halına nəzarət olunmalıdır. Bütün səylər hamiləliyin doğuşun ehtimal olunan tarixinə qədər davam etdirilməsinə və uşağın tam yetişməsinə yönəldilir.

Konservativ müalicə müsbət dinamikaya səbəb olmadıqda, dölyanı mayenin azalması və uşağın vəziyyətinin sürətlə pisləşməsi zamanı embirogenezin müddətindən asılı olmayaraq, hamiləlik vaxtından qabaq dayandırılır. Doğuş prosesində ağırlaşmaların yaranma riskinin yüksək olması ilə əlaqədar Qeysəriyyə əməliyatına üstünlük verilir. Çox zaman dölyanı mayenin azlığı doğuş fəaliyyətinin birincili zəifliyinin, eləcə də dölün hipoksiyasının səbəbi hesab olunur. Konservativ terapiya müsbət nəticələr verdikdə hestasiyanın 38-ci həftəsində planlı Qeysəriyyə əməliyyatı icra olunur.

Dölyanı mayenin azlığının proqnoz və profilaktikası

Dölyanı mayenin azlığının vaxtında aşkarlanması və müalicəsi dölün hestasiyanın 37-38-ci həftəsinə qədər daşınmasına və sağlam uşağın doğulmasına imkan verir. Mamalıq patologiyasının II-III trimestrdə dölün bətndaxili inkişafının ləngiməsi ilə müştərək şəkildə rast gəlinməsi zamanı proqnoz qeyri-qənaətbəxş olur. Belə hallar dölün ölümü və ya onun inkişafdan geri qalması, funksional cəhətdən yetişməməsi ilə nəticələnir.

Dölyanı mayenin azlığının qarşısını almaq üçün qadın mayalanmadan əvvəl tam müayinə olunmalı və daxili orqanların xəstəliklərinin  müalicəsi aparılmalıdır. Mayalanmadan sonra oliqohidramnionun profilaktikası hamiləliyin erkən mərhələlərində qadın məsləhətxanasında qeydiyyat və bütün lazimi analizlərin verilməsindən ibarətdir. Bununla yanaşı stresslər, fiziki yüklənmələr, ana və döl orqanizminə neqativ amillərin təsiri istisna olunmalıdır. Vitaminlərlə zəngin, rasional qidalanma profilaktikanın vacib hissəsi sayılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: