Dölyanı mayenin çoxluğu
Dölyanı mayenin çoxluğu – mamalıq patologiyası olub, amnionda dölyanı mayenin miqdarının artması ilə xarakterizə olunur. Patologiya embirogenezin müxtəlif dövrlərində təzahür edir, ümumi vəziyyətin pisləşməsi, flüktuasiya, şişkinlik və ifadəli toksikozla müşayiət olunur. Diaqnoz obyektiv müayinə və USM-in nəticələrinə əsasən qoyulur. Pasiyent mamalıq şöbəsində hospitalizasiya olunmalıdır, patologiyanın müalicəsi antibiotiklər, ciftdə qan cərəyanını yaxşılaşdıran preparatlar, vitaminlərın təyinindən ibarətdir. Vəziyyətin ağırlığından asılı olaraq gözləmə taktikası və ya təcili doğuş üsulu tətbiq oluna bilər.
- Dölyanı mayenin çoxluğunun səbəbləri
- Dölyanı mayenin çoxluğunun təsnifatı
- Dölyanı mayenin çoxluğunun əlamətləri
- Dölyanı mayenin çoxluğunun diaqnostikası
- Dölyanı mayenin çoxluğunun müalicəsi
Dölyanı mayenin çoxluğu barədə ümumi məlumat
Dölyanı mayenin çoxluğu – amniotik mayenin tədricən və ya sürətli şəkildə artaraq, normadan kənara çıxması ilə xarakterizə olunan mamalıq patologiyasıdır. Bu patoloji vəziyyətin digər adı polihidroamniondur. Normada dölyanı mayenin həcmi hestasiyanın müddətindən asılıdır: 10-cu həftədə-30 ml, 21 gündən sonra-100 ml, 18-ci həftədə 400 ml, doğuşa yaxın isə 800-1500 ml olur. Dölyanı mayenin çoxluğu hestasiyanın müxtəlif mərhələlərində təxminən 1% qadınlarda aşkarlanır, əksər hallarda patologiya II-III trimestrdə rast gəlinir. Dölyanı mayenin çoxluğu ana və döl təhlükə daşıyır, 36% hallarda embriogenezin istənilən mərhələsində ifadəli toksikozun yaranmasına və xəstənin vəziyyətinin nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur.
1/3 hallarda dölyanı mayenin çoxluğu özbaşına (spontan) düşüklərlə nəticələnir. Döl qişaları amniotik mayenin yüksək təzyiqinə tab gətirməyib zədələnir, bu da dölün ölümü ilə müşayiət olunur. Dölyanı mayenin çoxluğu dölün sərbəst hərəkəti üçün geniş sahə yaradaraq, onun anomal vəziyyətinə gətirib çıxarır. Bu tip pozğunluq 6-7% hallarda rast gəlinir. Amniotik mayenin çoxluğunun digər fəsadlarına hər ikinci halda doğuşdan sonra qanaxmalar, dölyanı mayenin vaxtından qabaq axması, ciftin ayrılması aiddir.
Dölyanı mayenin çoxluğunun səbəbləri
Amniotik mayenin çoxluğunun patogenezi 2 əks mexanizmdən ibarət ola bilər: döl qişalarının xovlarının sekretor aktivliyinin pozulması və sorulmanın pozulması ilə əlaqədar dölyanı mayenin həcminin patoloji artması. Normada amniotik mayenin udulması uşağın ağciyərləri və bağırsaqları, eləcədə birbaşa döl qişası tərəfindən həyata keçirilir. Dölyanı mayenin çoxluğu həmçinin dölün udma aktivliyinin pozulması nəticəsində inkişaf edə bilər. Bu zaman amniotik maye normal həcmdə sintez olunur, lakin onun udulma prosesi ləngiyir (normada dölyanı maye hər 3 saatdan bir yenilənir, döl isə gün ərzində 4 litrə qədər maye udur).
Dölyanı mayenin çoxluğunun yaranma səbəbləri sona qədər öyrənilməmişdir. Mütəxəssislərin fikrincə ana orqanizmində mübadilə proseslərinin pozulması, xüsusən şəkərli diabet zamanı mamalıq patologiyasının yaranma riski əhəmiyyətli dərəcədə artır. Əksər hallarda amniotik mayenin çoxluğu böyrək, ürək-damar sisteminin xəstəlikləri nəticəsində yaranır. Rezus-uyğunsuzluq fonunda polihidramnionun ehtimalı yüksəlir. Dölyanı mayenin çoxluğunun daha bir geniş yayılmış səbəbi infeksiyalardır, belə hallar dölün bətndaxili yoluxma riski ilə müşayiət olunur. Məxmərək və herpes törədiciləri, toksoplazma və sitomeqalovirus daha təhlükəli hesab olunur.
Dölyanı mayenin çoxluğu dölün inkişaf pozğunluqları tərəfindən baş verə bilər. Statistik məlumatlara əsasən mamalıq anomaliyası adətən xromosom mutasiyaları ilə bağlı anomaliyalar fonunda aşkarlanır. Bir sıra hallarda amniotik mayenin çoxluğu böyrək, bağırsaqlar, ağciyərlər, MSS, ürəyin inkişaf qüsurları zamanı yaranır. Bu patologiyanın formalaşması üzrə risk qrupuna mayalanmadan sonra qrip və KRVİ daxil olmaqla virus və bakterial infeksiyalar keçirən qadınlar aiddir. Həmçinin hamiləlik zamanı neqativ amillərin təsiri: siqaret, narkotik və spirtli içkilərin istifadəsi, zərərli iş rejimi, orqanizmə qida elementlərinin kifayət qədər daxil olmaması amniotik mayenin çoxalmasında müəyyən rol oynayır.
Dölyanı mayenin çoxluğunun təsnifatı
Amniotik mayenin həcminin artma sürətindən asılı olaraq mamalıq patologiyasının 2 forması ayırd edilir:
- Xroniki polihidramnion – patologiyanın daha qənaətbəxş forması hesab olunur, belə vəziyyətlərdə hamiləliyin doğuşun ehtimal olunan gününə kimi uzadılması ehtimalı yüksək olur. Xroniki polihidramnion zamanı amniotik maye tədricən çoxalır, zəif ifadə olunan klinik əlamətlərlə müşayiət olunur və konservativ müalicəyə yaxşı tabe olur.
- Kəskin polihidramnion – dölyanı mayenin həcminin sürətlə artması (bir neçə saat ərzində) ilə xarakterizə olunan ağır formadır. Adətən bu patologiya hestasiyanın 16-18-ci həftəsində inkişaf edir, ana və dölün vəziyyətinin ağırlaşmasına gətirib çıxardır. Kəskin polihidramnion gecikmiş düşüklər, dölün ağır anadangəlmə anomaliyaları, ölü doğuşlara səbəb olmaqla yanaşı, ana üçün də ciddi təhlükələr törədir.
Dölyanı mayenin çoxluğunun ağırlıq dərəcəsi amniotik mayenin miqdarına əsasən təyin olunur: yüngül – amniotik mayenin həcmi 3 litrə qədər, orta – 3-5 litr, ağır- 5 litrdən artıq.
Dölyanı mayenin çoxluğunun əlamətləri
Dölyanı mayenin çoxluğu müxtəlif formalarda təzahür edə bilir, klinik şəkil patologiyanın ağırlıq dərəcəsi və proqressivləşmə sürətindən asılıdır. Mamalıq patologiyasının ən xarakterik əlaməti ürəkbulanma və güclü qusma ilə müşayiət olunan gecikmiş toksikoz hesab olunur. Amniotik mayenin çoxluğundan əziyyət çəkən qadınlarda qarnın ön divarında şişkinlik müşahidə olunur, eləcə də aşağı ətrafların dərialtı piy toxumasında mayenin toplanması mümkündür. Demək olar ki, hər bir qadında hərəkət zamanı güclənən flüktuasiya qeyd olunur.
Dölyanı mayenin çoxluğu hər zaman qadının ümumi halının nəzərəçarpacaq dərəcədə pisləşməsi ilə müşayiət olunur. Uşaqlığın dibinin diafraqmaya təzyiqi nəticəsində təngnəfəslik izlənilir, bəzən ürək fəaliyyəti pozulur, taxikardiya aşkar olunur. Amniotik mayenin çoxluğu zamanı hamilələr qarın, bel və qasıq nahiyələrində ağrı, tez yorulmadan şikayət edir. Toxumaların güclü gərilməsi fonunda qarnın ön divarında kobud çatlar yaranır. Polihidramnion döldə hipoksiya əlamətlərinə səbəb olur, bununla yanaşı çanaq gəlişi və onun hərəki aktivliyi üçün geniş sahənın yaranması səbəbindən göbək ciyəsinin dolanması mümkündür.
Dölyanı mayenin çoxluğunun diaqnostikası
Hamilə qadının təqdim etdiyi şikayətlər və obyektiv baxış əsasında dölyanı mayenin çoxluğundan şübhələnmək olar. Qadının ümumi vəziyyətinin pisləşməsindən əlavə uşaqlıq dibinin hündürlüyünün artaraq, hestasiya müddətinə uyğun gəlməməsi xarakterik əlamət hesab olunur. Həmçinin qarın dairəsinin əhəmiyyətli dərəcədə artması (bəzən göstəricilər 100-120 sm-dən çox olur) dölyanı mayenin çox olmasına dəlalət edir. Palpasiya zamanı dölün patoloji vəziyyəti –çəp, köndələn və ya çanaq müəyyən oluna bilər. Dölyanı mayenin çoxluğuna şübhə yarandıqda laborator diaqnostika: qan və sidiyin ümumi analizi, infeksiyanın aşkarlanması məqsədilə cinsi yollardan götürülən yaxmanın mikroskopik müayinəsi təyin olunur.
Dölyanı mayenin çoxluğu rezus-münaqişə ilə əlaqədar olduqda anticisimlərin miqdarını təyin edən analizlər aparılmalıdır. Dəqiq diaqnoz USM-dən sonra qoyulur. Müayinə dölyanı mayenin miqdarınıtəyin etməyə, eləcə də ciftin funksionallığını və dölün ümumi vəziyyətini qiymətləndirməyə imkan yaradır. Nadir hallarda amniosentez tətbiq olunur. Amniotik mayenin çoxluğu döl ciddi müayinə olunmalıdır, bu məqsədlə hipoksiyanın dərəcəsinin, ürək fəaliyyətinin, hərəki aktivliyin, çift damarlarında qan cərəyanının qiymətləndirilməsinə və həkim taktikasının seçilməsinə kömək edən KTQ və uşaqlıq-plasentar doppleroqrafiya icra olunur.
Dölyanı mayenin çoxluğunun müalicəsi
Amniotik mayenin çoxluğu hamilə qadının ginekoloji stasionara yerləşdirilməsini, ana və dölün vəziyyətinin müşahidə altına alınmasını tələb edir. Yataq rejimi təyin olunur. Stress amilləri və fiziki yüklənmələr uzaqlaşdırılmalıdır. Polihidramnionun medikamentoz müalicəsi onun yaranma səbəblərindən asılıdır. İlk növbədə dölyanı mayenin patoloji artmasına səbəb olan əsas xəstəliyin müalicəsi aparılmalıdır. Patoloji vəziyyətin etiologiyası müəyyən olunmadıqda, klassik sxem-bətndaxili infeksiyanın qarşısını almaq üçün antibakterial terapiya tətbiq olunur.
Konservativ müalicə uşaqlıq-plasentar qan dövranını yaxşılaşdıran preparatlar, vitamin komplekslər, sidik qovucuların istifadəsindən ibarətdir. Kəskin polihidramnion və xəstənin vəziyyətinin onun həyatına təhlükə törədəcək səviyyədə pisləşməsi embriogenezin müddətindən asılı olaraq, hamiləliyin pozulması və ya vaxtından qabaq Qeysəriyyə əməliyyatına göstəriş hesab olunur. Konservativ müalicə zamanı müsbət dinamika izləndikdə hamiləlik 37-38-ci həftəyə kimi uzadılır.
Polihidramnion zamanı hamiləlik planlı Qeysəriyyə əməliyyatı ilə başa çatdırılır. Döl kisəsinin özbaşına deşilməsinə nəzarət etmək lazımdır. Böyük həcmli amniotik mayenin sürətlə axması dölün kiçik hissələrinin sallanmasına, eləcə də doğuş fəaliyyətinin zəifliyinə gətirib çıxara bilər. Amniotik mayenin çoxluğu fonunda təbii doğuşun aparılmasına qərar verildikdə, amniotomiya icra edilməlidir. Bu üsul sancıların əlavə stimulyasiyasına səbəb olur.
Dölyanı mayenin çoxluğunun proqnoz və profilaktikası
Amniotik mayenin çoxluğu zamanı proqnoz ümumilikdə qənaətbəxş sayılır. Erkən diaqnostika və müalicə hamiləliyin doğuşun ehtimal olunan gününə kimi uzadılmasına və dölün sağlamlığının qorunmasına imkan yaradır. Lakin patoloji vəziyyət çox zaman doğuş zamanı və doğuşdan sonra yaranan qanaxmalarla, bətndaxili hipoksiya, ciftin vaxtından qabaq ayrılması ilə ağırlaşır. Kəskin polihidramnion əksər hallarda dölün ölümü ilə nəticələnir.
Mamalıq anomaliyasının profilaktikası məqsədilə hamiləliyin planlaşdırılması, infeksiya ocaqlarının vaxtında müalicəsi, müntəzəm ginekoloji müayinələr, eləcə də fiziki yüklənmənin azaldılması və düzgün qidalanma məsləhət görülür. Hamiləlik dövründə qadın stress və zərərli vərdişlərdən uzaq durmalı, təmiz havada kifayət qədər çox vaxt keçirməlidir.