Endometriumun atipik hiperplaziyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3730

endometriumun atipik hiperplaziyasi nədir?Endometriumun atipik hiperplaziyası – uşaqlığın daxili qatının patoloji çoxalması olub, atipik hüceyrələrin yaranması ilə səciyyələnir. Estrogenlərin artması ve progesteronun çatışmazlığı nəticəsində inkişaf edir. Endometriumun atipik hiperplaziyası xərçəngönü xəstəlik hesab olunur. Patologiyaya hər bir yaşda rast gəlmək olar, lakin daha çox 45 yaşdan sonra aşkar olunur. Aybaşı siklinin pozulması və uşaqlıq qanaxmaları ilə (menorragiya ve metrorragiya) müşaiyət olunur. Diaqnoz şikayətlər, anamnez və aparılan əlavə müayinə metodlarının nəticələrinə əsasən qoyulur. Müalicə-hormonterapiya, selikli qişanın qaşınması ve ablasiyası.

  • Endometriumun atipik hiperplaziyasının yaranma səbəbləri
  • Endometriumun atipik hiperplaziyasının əlamətləri
  • Endometriumun atipik hiperplaziyasının diaqnostikası
  • Endometriumun atipik hiperplaziyasının müalicəsi

Endometriumun atipik hiperplaziyası barədə ümumi məlumat

Endometriumun atipik hiperplaziyası- onun sürətli proliferasiyası olub, hüceyrələrin quruluşunun dəyişməsi ilə müşaiyət olunur. Əsasən 45-55 yaşlı qadınlarda rast gəlinir. Klimaks ve menopauza zamanı uzunmüddətli, təkrarlanan hiperplaziya xərçəngönü mərhələ hesab olunur. Bədxassəli patologiyaya keçməsi xəstəliyin formalarından asılı olaraq 8-29% təşkil edir. Endometriumun atipik hiperplaziyası adətən reproduktiv sistemin digər xəstəlikləri ile müştərək şəkildə inkişaf edir. Müalicə üsulu xəstənin yaşı, onun hamilə qalmaq istəyi, yanaşı gedən genital ve ekstragenital xəstəliklərdən asılıdır. Xəstəliyin müalicəsi ginekologiya ve onkologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Endometriumun atipik hiperplaziyasının yaranma səbəbləri

Endometriumun atipik hiperplaziyasının səbəbləriBu xəstəliyin inkişafı estrogenlərin səviyyəsinin artması, proqesteronun azalması, ovulyasiyanın olub-olmaması ilə əlaqədardır Estrogen ve proqesteron endometriumun siklik dəyişikliklərinin tənzimində iştirak edir. Aybaşının birinci fazasında estrogenler hüceyrələrin proliferasiyasını təmin edir. İkinci fazada proqesteron proliferasiyanı zəiflədir, sekresiyanı gücləndirir. Ovulyasiya baş vermədikdə, tam və ya nisbi hiperestronegemiya zamanı sekresiya fazası başlamır və ya da zəif olur. Endometriumun funksional qatının hüceyrələri böyüməyə davam edir və hiperplaziya baş verir.

Xəstəliyin inkişafına səbəb olan amillərə cinsi hormonların miqdarının yaşla əlaqədar olaraq dəyişməsi, erkən aybaşı, gecikmiş klimaks, anovulyasiya və yumurtalıqların funksiyasının pozulmasına səbəb olan xəstəliklər (yumurtalıqların polikistozu, hormon ifraz edən şişləri, piylənmə, hipertoniya xəstəliyi, şəkərli diabet və endokrin sistemin digər xəstəlikləri), reproduktiv sistemin anadangəlmə anomaliyaları və iltihabi xəstəlikləri, çoxsaylı abortlar, diaqnostik qaşınma, irsi meyllik, estrogen tərkibli preparatlar və tamoksifenin qəbulu aiddir.

Endometriumun atipik hiperplaziyası uşaqlığın selikli qişasının funksional qatının patoloji qalınlaşması ilə xarakterizə olunur , bu zaman epitelin vəzili toxuması onun stroması ilə müqayisədə daha çox dəyişikliyə məruz qalır. Histoloji müayinə zamanı vəzilərin sayının artması və stromanın ödemi müşahidə edilir. Vəzilər bir-birlərinə yaxın, damarlar isə qeyri-bəraber yerləşmişdir. Epitel hüceyrələri hiperxrom nüvəlidir. Çoxsaylı patoloji mitozlar qeyd olunur.

Vəzili hüceyrələrin yerləşmə xüsusiyyətindən asılı olaraq endometriumun atipik hiperplaziyasının iki forması vardır: sadə və adenomatoz. Sadə forma zamanı selikli qişanın quruluşunda heç bir  dəyişiklik  olmadan hüceyrələrin sayının artması və patoloji çoxalması  müşahidə olunur. Adenomatoz formada vəzili hüceyrələr sağlam uşaqlıq endometriumunun hücəyrələrinə xas olmayan quruluşa malik olur. Bu dəyişiklliklər bütün endometrium boyu (diffuz forma) və ya ayrı ayrı sahələrdə (ocaqlı forma) yerləşə bilər.  Bundan başqa adenomotoz hiperplaziya sahələrinə  uşaqlıq polipləri olan sahələrdə də rast gəlmək olar.

Endometriumun atipik hiperplaziyasının əlamətləri

Endometriumun atipik hiperplaziyasının əlamətləriBu xəstəliyin əsas simptomu uşaqlıq qanaxmalarıdır. Əksər qadınlarda belə qanaxmalar aybaşının gecikməsi fonunda 1-3 ay arası təkrarlanır. Nadir hallarda (piylənmə və aşkar endokrin patologiya olmadıqda) 7 gündən artıq davam eden menorragiya tip requlyar sikllər müşahidə edilir. Xəstələrin ¼ də anovulyator uşaqlıq qanaxmaları qeyd edilir. 5-10% hallarda metrorragiya aşkar edilir. Aybaşıdan kənar və ya aybaşı siklinin ortasında zəif qanlı ifrazata rast gəlmək olar.

Normal çəkidə virilizasiya əlamətləri 30% hallarda aşkar olunur. Endometriumun atipik hiperplaziyası rast gəlinən bütün xəstələr tez-tez reproduktiv sistemin xronik xəstəliklərindən, ikincili sonsuzluq, hamiləliyin sona çatdırılmaması, endometrioz, adenomiozmastopatiyadan əziyyət çəkir, lakin bu patologiyalara arıq qadınlarda 2 dəfə çox rast gəlinir.

Endometriumun atipik hiperplaziyasının diaqnostikası

Diaqnoz şikayətlər anamnez və müayinə metodları əsasında qoyulur. Sorğu zamanı ginekoloq menarxenin vaxtını, siklin müddətini, aybaşının neçə gün davam etməsini və qanın miqdarını, gecikmələrin və arada qanlı ifrazatların olmasını müəyyən edir. Sonra ginekoloji müayinə aparılır və endometriumun vəziyyətini (qalınlığı, həmcinsliyi, tərkibini), yumurtalıqların patoloji dəyişikliyini (şiş, kista, polikistoz) qiymətləndirmək üçün transvaginal ultrasəs müayinəsi yerine yetirilir.

USM zamanı 60-70% hallarda düzgün diaqnoz qoymaq olur, lakin əksər hallarda bu metodla diaqnozu təsdiq ve ya inkar etmək mümkün olmur. Xəstəni siklin 5-7ci günündə USM-nə göndərmək lazımdır. Uzunmüddətli qanaxmalarda USM aparılması siklin gününden asılı olmur. Normada reproduktiv dövrdə uşaqlığın selikli qişasının qalınlığı 7mm-dən çox olmur, 5 ilden qısa olan postmenopauza dövründə 5mm-dən az, 5ilden uzun sürən menopauzada ise 4mm-dən az olur. Qalınlığın artması, qeyri həmcins strukturun olması hiperplaziyadan şübhələnməyə əsas verir.

Bir sıra hallarda USM-dən sonra aspirasion biopsiya aparılıb, histoloji ve sitoloji müayinəyə verilir. Bu müayinə skrininq test kateqoriyasına aid olub, ambulator şəraitdə aparılır. Xəstəliyin diaqnostikasının qızıl standartı histeroskopiya və diaqnostik qaşınmadır. Bu müayinələrin informativliyi 90% dən yüksəkdir.

Yumurtalıqların polikistozu və metabolik sindroma şübhə zamanı qanda proqesteron testosteron, ekstradiol, LH, FSH, böyrəküstü ve qalxanabənzər vəzi hormonları yoxlanılır. Mammoqrafiya aparılır. Tez-tez baş veren residivlər zamanı biopsiya və yumurtalığın pazvari rezeksiyası-laparoskopiya yerinə yetirilir, götürülən material histoloji müayinəyə verilir. Endometriumun atipik hiperplaziyası uşaqlıq qanaxmalarına səbəb olan digər xəstəliklərlə: adenomioz, polipoz, uşaqlığın submukoz fibroması, bədxassəli şişləri (adenokarsinoma, uşaqlıq cisminin xərçəngi) differensiasiya olunmalıdır.

Endometriumun atipik hiperplaziyasının müalicəsi

Müalicə həm konservativ, həm də cərrahi olub, ambulator və xəstəxana şəraitində aparıla bilər. Planlı hospitalizasiyaya göstərişlərə reproduktiv dövrde qanaxma və ya qanlı ifrazatın olması, menopauza sonrakı dövrdə isə qanaxma, uzunmüddətli irinli və sulu ifrazatın olması aiddir. Ağır qanaxmalarda təcili hospitalizasiya aparılır. Endometriumun atipik hiperplaziyasının müalicə metodu xəstənin yaşı, hamilə qalmaq istəyi, somatik və reproduktiv sistemin xəstəliklərinin (xüsusilə adenomioz və mioma) olması, endometriumun atipik hiperplaziyasının forma və residivlərin sayından asılıdır.

Metrorragiya və menorragiya zamanı ilkin mərhələde qanaxamanı dayandırmaq və itirilmiş qanı bərpa etmək lazımdır. Endometriumun qaşınması yerinə yetirilir, oksitosin təyin edilir və qarnın aşağı hissəsinə buz qoyulur. Dəmir preparatları, ehtiyac olarsa qan və qanəvəzedicilər də təyinata əlavə edilir. Su-elektrolit balansını bərpa etmek və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün dekstran ve ya jelatinol, qlükoza və izotonik məhluldan istifadə edilir.

Qanaxmanı saxladıqdan sonra 3-6ay ərzinde selikli qişanın proliferasiyasını ləngitmək üçün hormonterapiya qəbulu məsləhət görülür. Sonrakı dövrdə ikifazalı aybaşı siklini bərpa etmək və ya süni menopauza yaratmaq üçün hormonal preparatlar təyin edilir. Hormonal terapiya hepatoprotektorlar, vitaminlər və desensibilizəedici preparatlarla qəbul edilməlidir.

Klimaksdan sonrakı dövrdə, hormonal terapiyaya əks göstəriş olduqda, konservativ müalicə effekt vermədikdə və reproduktiv dövrdə olan qadınlarda xəstəlik residiv verdikdə cərrahi əməliyyat aparılır. Endometriumun ablayasiyası daha az invaziv cərrahi müdaxilə hesab olunur, selikli qişanın qalınlığının tamamilə dağıdılması və ya xaric edilməsi ilə xarakterizə olunur. Əməliyyat histeroskopik yolla yüksəktezlikli cərəyanlardan istifadə edilməklə aparılır. Konservativ müalicəden sonra 5 il, cərrahi əməliyyatdan sonra isə 6 ay ərzində xəstə dispanser müşahidəsində olmalıdır.

Endometriumun atipik hiperplaziyasının proqnozu

Proqnoz pasiyentin yaşı, xəstəliyin residivləşməyə meylliyi,  genital və ekstragenital patologiyaların olmasından asılıdır. Reproduktiv funksiyanın saxlanması ilə tam sağalma, reproduktiv funksiyanın itirilməsi ilə sağalma baş verə bilər və ya xəstəlik uşaqlığın bədxassəli şişinə çevrilə bilər. Axırıncı halda histerektomiya və ya panhisterektomiya (adneksektomiya ilə birlikdə uşaqlığın çıxarılması) əməliyyatlarının aparılması mütləqdir.

Endometriumun atipik hiperplaziyasına endokrin xəstəlikləri və mübadilə pozulmaları ilə birlikdə (əsasən 45 yaşdan sonra) rast gəlindikdə proqnoz qənaətbəxş olmur. Sadə formada maliqnizasiya riski 8%, adenomatoz formada isə 29% təşkil edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: