Gec düşük

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 1419

gec düşük nədir?Gec düşük — hestasiyanın 13-22-ci həftələrində hamiləliyin özbaşına pozulmasıdır. Mərhələlərdən asılı olaraq, beldə və qarnın aşağı hissəsində dartıcı və ya tutmaşəkilli ağrılar, qanlı vaginal ifrazatlar yaranır, döl yumurtası və ya onun fraqmentləri xaric olur. Diaqnostika məqsədlə bimanual palpasiya, transabdominal ginekoloji USM aparılır, XQ-nin konsentrasiyası müəyyən edilir. Gec düşük riski yarandıqda qoruyucu rejim, hormonal, spazmolitik, sedativ preparatlar təyin olunur. Başlayan və ya artıq baş vermiş düşüklərdə uşaqlıq boşluğunun təmizlənməsi, antibakterial və anemiyaəleyhinə terapiya göstəriş sayılır.

  • Gec düşüyün yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Gec düşüyün əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Gec düşüyün müalicəsi
  • Proqnoz və profilaktika

Gec düşük barədə ümumi məlumat

Gec düşüklər 2-4% hamilələrdə rast gəlinir, bu da hestasiyanın pozulması hallarının 1/5 hissəsini təşkil edir. Gec düşüyün vaxtından əvvəl doğuşdan əsas fərqi dölün həyat qabiliyyətinə malik olmamasıdır. Hestasiyanın 22-ci həftəsində aparılan abortlarda dölün çəkisi 500 qrama qədər olur və o, uşaqlıq boşluğundan kənarda sərbəst inkişaf edə bilmir.

Gec düşüyün səbəbləri

Erkən düşüklərdən fərqli olaraq, hamiləliyin 13-22-ci həftələrdə pozulması çox nadir hallarda genetik anomaliyalarla əlaqədar baş verir. Bu dövrdə artıq dölün əsas orqanları formalaşdığından düşüklərə əsasən aşağıdakı patologiyalar səbəb olur:

  • İstmiko-servikal çatışmazlıq. Genetik anomaliyalar, hormonal dəyişikliklər və ya keçmiş doğuşlarda mexaniki zədələnmələr uşaqlıq boynunun çatışmazlığına gətirib çıxarır. Döl kisəsinin enməsi və onun qişalarının cırılması doğuş fəaliyyətinin vaxtından əvvəl başlanmasına təsir edir. İSÇ adəti düşüklər keçirən 15-40% qadınlarda aşkarlanır.
  • Uşaqlığın patologiyaları. İnkişaf anomaliyaları (təkbuynuzlu, ikibuynuzlu, yəhərəbənzər uşaqlıq), iltihabi proseslər, adenomioz, submukoz mioma, digər xoş və bədxassəli törəmələr hamiləliyin normal gedişinə mane olur.
  • Cift və göbək ciyəsinin patologiyaları. Ciftin yetişməsinin ləngiməsi və ya hipoplaziyası, toxumalarında kista və kalsinoz sahələrinin olması, onun iltihabı və vaxtından əvvəl ayrılması, eləcə də göbək ciyəsinin həqiqi düyünləri və damarlarının trombozu gec düşüklərə səbəb olur.
  • İmmunoloji amillər. Özbaşına gec abort rezus-amil və ya ABO sistemi üzrə ana və dölün qan uyğunsuzluğu nəticəsində baş verə bilər.

Birbaşa səbəblərdən əlavə, gec abortların bir sıra risk amilləri mövcuddur. Belə ki, cinsi infeksiyalar, dishormonal vəziyyətlər, yanaşı gedən somatik xəstəliklər (şəkərli diabet, arterial hipertenziya), hestozlar fonunda hamiləlik çox zaman özbaşına pozulur. Əvvəllər süni abortlar, ginekoloji əməliyyatlar, invaziv diaqnostik prosedurlar və uşaqlıq boynunun zədələnməsi ilə müşayiət olunan ağırlaşmış doğuş keçirmiş qadınlarda düşük riski yüksək olur. Eləcə də gec düşüklər travma, intoksikasiya, infeksion xəstəliklər, fiziki və emosional yüklənmələrlə bağlı yarana bilər.

Gec düşüyün patogenezi

Gec düşüyün səbəbləriHestasiya dövrünün özbaşına gec pozulmasının mexanizmi onu törədən səbəblərlə müəyyən edilir. Adətən əvvəlcə uşaqlığın tonusu artır və miometriumun yığılma aktivliyi güclənir, bu da uşaqlıq boynunun qısalmasına və açılmasına, döl yumurtasının uşaqlıq divarından ayrılmasına, onun ölümünə və qovulmasına gətirib çıxarır. Bəzən dölün ölümü gec abortu qabaqlayır. II trimestrin əvvəlində düşük zamanı qişalar adətən açılmır, döl yumurtası bütöv xaric olur. Döl yumurtasının bütün hissələrinin qovulmasından sonra miometrium yığılır, qanaxma dayanır.

Gec düşüyün təsnifatı

Gec düşüyün formasının (mərhələsinin) təyini simptomatika və patoloji prosesin geri dönməsinə əsaslanır. Mamalıq və ginekologiya sahəsinin Rusiyalı mütəxəssisləri tərəfindən gec düşüklərin aşağıdakı formaları ayırd edilir:

  • Düşük təhlükəsi. Cift, döl və onun qişaları qorunmaqla uşaqlığın əzələ qatının tonusunun artması ilə xarakterizə olunur.
  • Başlayan düşük. Natamam və ya tam açılmış uşaqlıq boynu fonunda dölün qopmağa başlayır.
  • Baş verən düşük. Döl və onu əhatə edən qişalar hissəvi və ya tam şəkildə uşaqlıqdan qovulur. Buna müvafiq olaraq, natamam və ya tam düşüklər qeyd olunur.
  • Baş tutmayan düşük (donmuş hamiləlik). Dölün ölümü və miometriumun yığılma fəaliyyətinin çatışmazlığı zamanı müşahidə edilir.

Xarici mütəxəssislər tərəfindən digər yanaşmalar irəli sürülür. ÜST-ün təsnifatında başlayan və başa çatan düşüklər ümumi kateqoriya – qaçılmaz düşüklər altında birləşdirilir, belə hallarda  hamiləliyi qorumaq mümkün olmur.

Gec düşüyün əlamətləri

Gec düşüyün əlamətləriKlinik təzahürlər abortun mərhələsindən asılıdır. Gec düşük təhdidləri zamanı pasiyentlər qarnın aşağı hissəsi və bel nahiyəsində dartıcı ağrıların yaranmasından şikayət edir. Vaginal ifrazatlar adətən müşahidə olunmur, nadir hallarda yaxılan qanlı axıntı baş verir. Başlayan düşüklərdə ağrı hissiyyatı artır, qanlı ifrazat yaranır və ya güclənir. Baş verən düşük mərhələsində uşaqlığın muskulaturası müntəzəm yığılır, bu da pasiyent tərəfindən tutmaşəkilli ağrı şəklində hiss edilir, gur qanlı ifrazat əmələ gəlir, döl yumurtası tam və ya hissəvi xaric olunur.  Dölün, ciftin və qişaların qovulmasından sonra ağrı itir, qanaxma dayanır, az miqdarda ifrazatlar bir müddət davam edə bilər.

Donmuş hamiləlikdə xarakterik ağrı və qanlı ifrazat olmur. Gözlənilən müddətdə dölün tərpənişləri izlənilmir və ya əvvəllər müşahidə edilən hərəkətləri tamamilə kəsilir. Pasiyent hamiləliyin subyektiv əlamətlərinin itməsini və süd vəzilərinin yumşalmasını qeyd edir. Dölün ölümündən 3-4 həftə keçdikdən sonra halsızlıq, başgicəllənmə, subfebrilitet yaranır. Bir sıra hallarda məhz bu dövrdə düşüyün tipik simptomatikası inkişaf edir.

Gec düşüyün ağırlaşmaları

Uşaqlıq boşluğunda dölün, onun qişalarının və ya ciftin fraqmentlərinin ləngiməsi əhəmiyyətli dərəcədə qanitirməyə gətirib çıxaran massiv qanaxmaya səbəb olur, bu da hipovolemik şokla nəticələnə bilər. Düşüklərə iltihabi prosesin qoşulması infeksiyalaşmış abortun klinikası- titrətmə, qızdırma, umumi halsızlıq, uşaqlıq yolundan axan qanlı və ya irinli ifrazat, qarnın aşağı hissəsində güclü ağrı ilə təzahür edir. Gələcəkdə bu xəstələrdə iltihabi və dishormonal ginekoloji xəstəliklərin inkişaf riski artır. Gec düşüyün uzaq ağırlaşmalarına növbəti hamiləliklərin özbaşına pozulma ehtimalının yüksəlməsi aiddir. Bununla yanaşı, bəzən qadının keçirdiyi stress depressiya və psixoloji problemlərlə sonlanır.

Gec düşüyün diaqnostikası

Hamiləliyin 13-22-ci həftələrində tipik klinik simptomatikanın yaranması gec düşüklərdən şübhlənməyə əsas verir. Diaqnozun təsdiqlənməsi və düşüyün mərhələsinin təyini üçün aşağıdakı müayinələr  aparılır:

  • Bimanual palpasiya. Düşük təhdidi zamanı uşaqlığın ölçüləri hestasiya müddətinə uyğun gəlir, miometriumun tonusu artmışdır, uşaqlıq boynu bağlı, ölçüləri isə normaldır. Düşüyün əvvəlində bir qədər açılmış servikal kanaldan qanlı ifrazat müşahidə edilir. Başa çatan düşüklərdə açıq xarici və daxili əsnək palpasiya olunur, kanal və/və ya uşaqlıq yolunda tam və ya fraqment şəklində döl yumurtası aşkarlanır. Dölün qovulması başa çatdıqdan sonra uşaqlığın ölçüləri kiçilir, servikal kanal natamam və ya tam bağlı olur.
  • Transabdominal USM. Düşük riski zamanı uşaqlıq tonusunun artması müəyyən edilir. Dölün həyat qabiliyyəti saxlanıldığı hallarda ou ürək döyüntüləri qeyd olunur. Başlayan və ya başa çatan düşüklərin əsas exo-əlamətlərinə uşaqlığın hipertonusu, cift qan dövranının pozulması, uşaqlığın daxili əsnəyinin açılması, döl yumurtasının qopması aiddir. Natamam düşüklərdə cift və/və ya döl yumurtasının fraqmentləri müəyyən edilir. Tam düşük üçün qapalı uşaqlıq boşluğu xarakterikdir.
  • Hormonal statusun təyini. Bu üsul düşük riski zamanı müalicə taktikasının seçilməsində böyük əhəmiyyət kəsb edir. Hormonların səviyyəsini müəyyən etmək üçün xəstəyə qanın estrogenlər, progesteron, testosterona görə, sidiyin 17-ketosteroidlərə görə analizi təyin olunur. Kolpositoloji müayinələrdə kariopiknotik indeksin (KPİ) 10%-dən çox artması dolayı yolla estrogenlərin səviyyəsinin azalmasına dəlalət edir.

Dölün ölümü zamanı xorionik qonadotropinin səviyyəsi azaldığından diaqnostika prosesində onun səviyyəsinin müəyyən edilməsi yüksək informativliyi ilə seçilir. Düşük təhdidlərində onun səbəblərini aşkar etmək üçün əlavə olaraq, dölün bətndaxili infeksiyalarına (herpes, toksoplazmoz, məxmərək, sitomeqalovirus) görə müayinələr, yaxmanın bakteriloloji analizi, cinsi infeksiyalara görə analizlər (PZR, İFA, İFR), standart və ya genişlənmiş xromosom testləri, koaquloqramma təyin oluna bilər. Gec düşük ektropion, cinsiyyət orqanlarının xoş və bədxassəli neoplaziyaları, beçəxor, kəskin cərrahi patologiyalarla differensiasiya edilir. Ehtiyac olduqda müayinə prosesinə onkoginekoloq, cərrah, terapevt cəlb olunur.

Gec düşüyün müalicəsi

Özbaşına gec düşüklər zamanı terapevtik taktika onun formalarından asılıdır. Düşük riski olduqda medikametoz müalicə və qoruyucu rejim (fiziki aktivlik və cinsi əlaqədən imtina) məsləhət görülür. Xəstəyə aşğıdakı qrup preparatlar təyin edilir:

  • Hormonal preparatlar. Gestagenlərin E vitamini ilə birgə kombinasiyası daha effektivdir.
  • Spazmolitiklər. Preparatlar miometriumun tonusunu azaltmaqla ağrı hissinin zəifləməsinə səbəb olur.
  • Metilksantinlər. Bu qrupa daxil olan medikamentlər miometriumu boşaldaraq, tromboz riskini aşağı salır, uşaqlıq və cift toxumalarında qan dövranını yaxşılaşdırır.
  • Sakitləşdirici vasitələr. Hamilənin keçirdiyi psixoloji gərginliyi azaltmaq üçün maqnezium preparatları, damotu və pişikotu dəmləmələrindən istifadə olunur.

Düşük təhdidi aradan qaldırıldıqdan sonra hamiləliyin aparılma taktikası  bu vəziyyəti yaradan səbəblərdən asılıdır. İstmiko-servikal çatışmazlıq aşkarlandıqda uşaqlıq boynuna tikiş qoyulur və ya uşaqlıq yoluna mamalıq pessariumu (Meyer həlqəsi) qoyulur. Ginekoloji və yanaşı gedən xəstəliklərin müalicəsi zamanı hamiləlik dövründə müxtəlif qrup preparatların təyininin xüsusiyyətləri nəzərə alınmalıdır. Dölün bətndaxili infeksiyalaşması və ya xromosom aberrasiyaları müəyyən edildikdə hamiləliyin aparılması törədicinin növü və genetik anomaliyalara əsasən təyin olunur.

Gecikmiş natamam düşüklər təxirəsalınmaz cərrahi yardımın aparılmasına birbaşa göstəriş sayılır, bu yolla güclü qanitirmənin qarşısının almaq mümkün olur. Belə hallarda döl yumurtasının qalıqları barmaq, xüsusi küretaj aləti və ya vakuum-aspiratorla xaric edilir. Paralel olaraq oksitosin damcı şəklində damara yeridilir. Hestasiyanın 13-16-cı həftələrində ehtimal olunan tam düşüklər zamanı USM-kontrol tətbiq olunur, desidual toxuma və döl yumurtasının elementləri aşkar edildikdə uşaqlığı qaşınması  həyata keçirilir. Düşük daha gec müddətlərdə baş verdikdə uşaqlığın aktiv yığılması ilə əlaqədar qaşınma aparılmaya bilər.

Baş tutmayan düşük və dölün ölümü zamanı həkimin taktikası hamiləliyin müddətindən asılı olur. Hestasiyanın 16-cı həftəsinə qədər döl yumurtası instrumental üsulla xaric edilir, daha gec dövrlərdə isə doğuş fəaliyyəti medikamentoz yolla stimulyasiya edilir. Bu məqsədlə natrium-xlorid məhlulu intraamnial yeridilir, antiprogestagenlər və prostaqlandinlər təyin olunur. Özbaşına düşükdən sonra anemyaəleyhinə və preventiv antibakterial terapiya göstəriş hesab edilir. Mənfi rezus qanı olan xəstələrə antirezus-immunoqlobulin yeridilir.

Gec düşüyün proqnoz və profilaktikası

Döl və qadın üçün proqnoz gec düşüyü törədən səbəblərə əsasən müəyyən edilir. Uşaqlığın kobud anatomik dəyişiklikləri və inkişaf anomaliyaları zamanı qoruyucu rejimin və medikamentoz müalicənin vaxtında təyini əksər hallarda hamiləliyi qorumağa imkan verir. Başlayan, natamam, tam və baş tutmayan düşüklər zamanı dölü xilas etmək mümkün olmur, mama-ginekoloqların bütün səyləri qadına yardımın göstərilməsinə yönəldilir. Keçirilmiş düşükdən sonra özbaşına abortların təkrarlanması ehtimalı 3-5% artır.

Gec düşüyün profilaktik tədbirlərinə hamiləliyin planlaşdırılması, cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin preventiv müalicəsi, qadın məsləhətxanasında vaxtında qeydiyyata düşmə və müntəzəm müşahidələr aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: