Hamilələrdə nefropatiya

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1358

hamilələrdə nefropatiya nədir?Hamilələrdə nefropatiya – gecikmiş toksikozun klinik forması olub, klassik triada: ödem, arterial təzyiq və proteinuriya ilə xarakterizə edilir. Bəzən hamilələrdə nefropatiya yuxarıda qeyd olunan əlamətlərin ikisi, monosimptom gedişdə isə yalnız biri (hipertenziya və ya proteinuriya) ilə təzahür edir. Hamilələrdə nefropatiyanın diaqnostikası aşkar və gizlin əlamətlər, yüksək AT və hamiləliyin III trimestrində sidikdə zülalın müəyyən edilməsinə əsaslanır. Müalicə ginekoloji stasionarda aparılır, qoruyucu rejim, pəhriz, hipotenziv, diuretik, sedativ vasitələrin təyinindən ibarət olur.

  • Hamilələrdə nefropatiyanın yaranma səbəbləri
  • Hamilələrdə nefropatiyanın əlamətləri
  • Hamilələrdə nefropatiyanın diaqnostikası
  • Hamilələrdə nefropatiyanın müalicəsi
  • Hamilələrdə nefropatiya zamanı proqnoz
  • Hamilələrdə nefropatiyanın profilaktikası

Hamilələrdə nefropatiya barədə ümumi məlumat

Hamiləliyin gecikmiş toksikozuna (hestoz) hestasiyanın ikinci yarısında yaranan və hamiləliyin pozulması və ya doğuşdan sonra keçib gedən patoloji vəziyyətlər aiddir. Gecikmiş toksikozlara hamiləlik hidropsu, nefropatiya, preeklampsiyaeklampsiya aiddir, bu klinik formalar eyni zamanda bir patoloji prosesin mərhələləri hesab olunur. Adətən gecikmiş toksikoz ödemlə başlayır, sonra isə nefropatiya, preeklampsiya və eklampsiyaya ilə ifadə olunur. Toksikozun 1 formasının digəri ilə əvəz olunması tədricən, simptomatikanın dərinləşməsi və ya sürətlə gedə bilər.

Hamilələrdə nefropatiyanın 2 forması ayırd edilir: ağırlaşmamış somatik anamnezi olan hamilələrdə yaranan birincili və əvvəllər mövcud olan pielonefrit, qlomerulonefrit, hipertoniya xəstəliyi, ürək qüsurları fonunda inkişaf edən qarışıq gecikmiş toksikoz (ikincili nefropatiya). Perinatal uşaq və ana ölümünün səbəbləri arasında nefropatiya böyük yer tutur. Müxtəlif tədqiqatların nəticələrinə əsasən hamilələrdə nefropatiyanın inkişaf tezliyi 2,2-15,0% diapazonunda dəyişir.

Hamilələrdə nefropatiyanın yaranma səbəbləri

Hamilələrdə nefropatiyanın səbəbləriHesab olunur ki, nefropatiyanın inkişafı hamiləlik zamanı orqanizmdə baş verən adaptasiya mexanizmlərinin zəifliyi ilə əlaqədardır. Hamilələrdə nefropatiya arteriolların generalizəolunmuş spazmı, hemodinamikanın pozulması, damar keçiriciliyinin artması, sirkulyasiya edən qanın həcminin azalması, həyati vacib orqanların mikrosirkulyasiyasının pozulması ilə xarakterizə olunur, bu pozğunluqlar hipoksiyaya, metabolik dəyişikliklərə, ilk növbədə su-duz və zülal mübadiləsinin pozulmasına gətirib çıxarır.

Hamilələrdə nefropatiyanın yaranma səbəblərini izah edən bir sıra hipotezlər mövcuddur. Nəzəriyyələrdən birinə əsasən nefropatiyanın yaranmasına işemiyalaşmış cift və uşaqlıqda metabolizmin zərərli məhsullarının toplanması səbəb olur. Toksiki metabolitlər arasında olan xüsusi antigen antigen-anticisim kompleksi yaradır. Bu komplekslər böyrəklərdə toplanaraq, böyrək yumaqcıqlarının zədələnməsinə səbəb olur. Bundan əlavə, cift vazopressor təsirə malik maddə sintez edir ki, o da arteriolların spazmına gətirib çıxarır. İşemiyalaşmış ciftdən ümumi qan dövranına daxil olan tromboplastinin böyrək və ağciyər damarlarında təkrarlanan trombemboliyalarla müşayiət olunan DDL-sindromunun inkişafına səbəb olması istisna edilmir.

Digər nəzəriyyəyə görə patologiyanın inkişafı hormonal balansın pozulması ilə əlaqədardır. İşemiyalaşmış cift və uşaqlıqda toplanmış metabolizm məhsulları prostaqlandin və vazokonstriktorların, böyrəküstü vəzi hormonlarının (aldosteron, katexolamin), böyrəklər tərəfindən renin hormonunun sintezini və onun uşaqlıq, eləcə də cift tərəfindən ekstrarenal produksiyasını stimulə edir.

Hamilələrdə nefropatiyanın yaranmasında ana və döl arasında IgG, IgM, C3-komplementin fraksiyasından ibarət sirkulyasiya edən immun komplekslərin yaranması ilə müşahidə olunan immun münaqişənin roluna böyük yer verilir. Bu fonda hamilə orqanizmində bioloji aktiv maddələr –asetilxolin, histamin, serotonin və s. sintez olunur.

Hamilələrdə nefropatiyaların yaranması həm də MSS-nin fəaliyyətinin pozulması ilə bağlıdır, hələ toksikoz əlamətlərinin inkişafından əvvəl baş beynin EEQ dəyişiklikləri bu faktı sübut edir. Hamiləlik nefropatiyası əksər hallarda ilk hamiləlik, çöxdöllülük zamanı qeyd olunur. Hipertoniya xəstəliyi, piylənmə, ürək qüsurları, şəkərli diabet, keçirilmiş pielonefrit və qlomerulonefrit xəstəliyin risk amillərinə aiddir.

Böyrəklərdə baş verən sirkulyator dəyişikliklər orqanizmdə maye və natriumun ləngiməsinə (ödemlərə), sidikdə zülalın yaranmasına (proteinuriya), reninin həddindən artıq sintezi isə dayanıqlı damar spazmına və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin hamilələrdə nefropatiya zamanı miokard, qaraciyər, baş beyin damarları zədələnir. Cift qan dövranının pozulması nəticəsində dölün hipotrofiyası və hipoksiyası inkişaf edə bilər.

Hamilələrdə nefropatiyanın əlamətləri

Hamilələrdə nefropatiyanın əlamətləriHamilələrdə nefropatiya bir qayda olaraq, hestasiyanın 20-ci həftəsindən sonra yaranır. Nefropatiyadan əvvəl  normal AT və sidikdə zülalın olmaması fonunda gizli və aşkar ödemlərlə xarakterizə olunan hamiləlik ödemləri inkişaf edir. Qeyri-qənaətbəxş gediş zamanı hamiləlik ödemi toksikozun növbəti mərhələsi-hamiləlik nefropatiyası ilə əvəz olunur.

Nefropatiyanın daimi əlamətlərinə əvvəlcə diastolik, sonra isə sistolik AT-nin artması ilə müşahidə olunan proqressivləşən arterial hipertenziya aiddir. Hipertenziyanın aşkar olunmasından 3-6 həftə sonra proteinuriya izlənilir. Ödemlərin ifadəliyi əl və üzun zəif pastozluğu ilə bütün bədənin ödemi arasında dəyişir. Əlamətlərin ifadəliyindən asılı olaraq, hamilələrdə nefropatiyanın 3 ağırlıq dərəcəsi ayırd edilir:

I dərəcədə АT 150/90mm civə sütunundan  yüksək olmur; proteinuriya 1 q/l-dən az olur; aşağı ətraflarda ödemlər qeyd edilir. Hamilələrdə nefropatiyanın II dərəcəsi AT-nin 170/110mm civə sütununa qədər yüksəlməsi (nəbz fərqi 40-dan az olmamaqla); proteinuriyanın 3 q/l-ə qədər artması, sidikdə hialin silindrlərinin izlənilməsi; aşağı ətraflarda və qarnın ön divarında ödemlərin yaranması; diurezin 1 saatda 40 ml-dən az olmaması ilə xarakterizə olunur. III dərəcədə AT 170/110mm civə sütunundan yuxarı (nəbz amplitudası 40-dan azdır); proteinuriya 3 q/l-dən çox olur, sidikdə dənəli silindrlər aşkarlanır; ödemlər generalizasiyası nüşahidə edilir; diurez 40 ml/saatdan az olur.

Eləcə də nefropatiya zamanı susuzluq, başgicəllənmə, yuxunun pozulması, halsızlıq, təngnəfəslik, dispepsiya, meteorizm, görmənin pozulması, beldə ağrı qeyd edilir. Qaraciyərin zədələnməsi zamanı sağ qabırğaaltı nahiyədə ağrı, qaraciyərin böyüməsi, bəzi hallarda isə sarılıq izlənilir. Miokardın zədələnməsi işemik kardiopatiyalarla təzahür edir.

Hamilələrdə nefropatiyanın erkən inkişafı və uzunmüddətli gedişi zamanı onun növbəti mərhələlərə – preeklampsiya və eklampsiyaya keçmə ehtimalı yüksəlir. Nefropatiya hamiləliyin özbaşına pozulmasına, dölün inkişafının ləngiməsinə, ciftin vaxtından əvvəl ayrılması, dölün hipoksiya və asfiksiyasına, vaxtından qabaq və ağırlaşmış doğuşlara (doğuş fəaliyyətinin anomaliyaları, qanaxmalara) gətirib çıxara bilər.

Hamilələrdə nefropatiyanın diaqnostikası

Hamilələrdə nefropatiya ginekoloq tərəfindən xarakterik əlamətlərə əsasən aşkarlanır. Klassik triada yalnız 50-60% hamilələrdə rast gəlinir, qalan qadınlarda bir və ya 2 əlamət müşahidə olunur.

Hamiləlik zamanı AT-nin ölçülməsinin, çəki artımına dinamik nəzarətin, diurezin həcminin təyininin, sidiyin ümumi analizinin müayinəsinin müntəzəm şəkildə aparılması hamilələrdə nefropatiyanın erkən dövrlərdə aşkar edilməsini asanlaşdırır. Cift və dölün vəziyyətinin dəqiqləşdirilməsi üçün uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası, kardiotokoqrafiya, dölün fonokardioqrafiyası, ginekoloji USM tətbiq olunur. Nefropatiyalı hamilələrdə göz dibinin müayinəsi zamanı arteriyaların daralması, venaların genişlənməsi izlənilir.

Hamiləlik nefropatiyası pielonefrit, qlomerulonefrit, simptomatik hipertenziya, böyrəküstü vəzilərin şişləri (feoxromositoma, Konn sindromu) ilə differensiasiya edilir. Hamilələrdə nefropatiyanın diaqnostikasına okulist, endokrinoloq, nevroloq, kardioloq cəlb oluna bilər. Əlavə olaraq, böyrəklər və böyrəküstü vəzilərin USM, EKQ, qan və sidiyin biokimyəvi analizi, koaquloqram, sidiyin bakterioloji əkilməsi, hormonların müayinəsi (renin, aldosteron, katexolaminlər) tələb oluna bilər.

Hamilələrdə nefropatiyanın müalicəsi

Nefropatiya stasionar şəraitdə: I və II dərəcədə – hamilələrin patologiya şöbəsində, III dərəcədə isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilməlidir. Stasionarda AT, elektrolitlərin miqdarı, böyrəklərin fəaliyyətinin hərtərəfli monitorinqi aparılır.

Müalicənin əsas şərti müalicəvi-qoruyucu tədbirlərə: yataq, istirahət və yuxu rejimi, sedativ preparatların qəbuluna riayət etməkdən ibarətdir. Hamilələrdə nefropatiya zamanı pəhriz təyin olunur: duzun sutkalıq qəbulu 1,5-2,5 qrama, mayenin həcmi isə 1 litrə qədər məhdudlaşdırılır, yağların miqdarı azaldılır. Qida rasionunda zülal, meyvə, tərəvəzlər, kalium və karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidir. Hər həftə yüngülləşdirici qida (qatıq, kəsmik, quru meyvələr) qəbulu günləri keçirilir.

Medikamentoz terapiya angiospazmin aradan qaldırılmasına, mikro- və makrohemodinamikanın normallaşmasına, zülal itkisinin bərpasına yönəldilir. Hamilələrdə nefropatiya zamanı birinci sıra preparatlara spazmolitiklər (papaverin, platifillin, drotaverin), hipotenziv vasitələr (maqnezium-sulfat), diuretiklər, kalium preparatları, antiaqreqantlar (dipiridamol), zülal preparatları (plazma, albumin) və s. aiddir. İnfuzion terapiya sirkulyasiya edən qanın həcmi, diurez, elektrolitlər, hematokritə nəzarət etməklə aparılır. Bundan əlavə hirudoterapiya, oksigenobaroterapiya tətbiq oluna bilər. Konservativ terapiya müsbət nəticə vermədikdə (I dərəcədə 1-2 həftə, III dərəcədə 1-2 gün ərzində) hamiləlik təcili surətdə dayandırılır.

Hamilələrdə nefropatiya zamanı proqnoz

Rejimə riayət olunması və adekvat terapiya zamanı hamiləlik nefropatiyası adətən müalicəyə tabe olur. Nefropatiyanın əlamətlərini aradan qaldırılmaqla hamiləliyi qorumaq mümkün olur. Doğuş prosesində döl və zahının vəziyyətinin monitorinqi, anesteziya, dölün hipoksiyasının profilaktikası tələb olunur.  Yenidoğulmuş bətndaxili hipoksiyaya görə yoxlanılmalı, neonatoloqun müşahidəsi altına götürülməlidir. Doğuşdan sonra qadınlarda ödemlər, hipertenziya, proteinuriya itir, böyrəklərin fəaliyyəti bərpa olur.

Erkən dövrlərdə yaranan və müalicəyə tabe olmayan nefropatiyalar zamanı proqnoz qeyri-qənaətbəxşdir. Nefropatiyanın dayanıqlı formaları çox zaman preeklampsiya və eklampsiyaya keçərək, ana və dölün ölümü ilə nəticələnə bilər.

Hamilələrdə nefropatiyanın profilaktikası

Hamiləliyin aparılması zamanı AT, çəki artımı, böyrəklərin fəaliyyətinə nəzarət edilməli, toksikozun erkən əlamətlərinin vaxtında diaqnostika və müalicəsi aparılmalıdır. Nefropatiyanın fon xəstəlikləri hesab olunan ekstragenital patologiyaları olan hamilələrə xüsusi diqqət yetirilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: