Hamiləlik qanaxmaları

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 9362

hamiləlik qanaxmalarının müalicəsiHamiləlik qanaxmaları – patoloji əlamət olub, embriogenezin müddətindən asılı olmadan yaranır və qadın orqanizmdə baş verən dəyişikliklərə dəlalət edir. Spontan abort, uşaqlıqdan kənar hamiləlik, rezus-uyğunsuzluq, cift gəlişi və digər hallarda müşahidə oluna bilər. Hamiləlik qanaxmaları ümumi qənaətbəxş vəziyyət fonunda inkişaf edə və ya qarnın aşağı hissəsi, bel, oma nahiyələrində ağrı hissiyyatı ilə müşayiət oluna bilər. Diaqnostika ginekoloji müayinə, ana və dölün vəziyyətinin ultrasəs qiymətləndirilməsi ilə aparılır. Bu patoloji əlamətin müalicəsi yalnız mütəxəssis tərəfindən onun səbəblərinə əsasən təyin olunur.

  • Hamiləlik qanaxmalarının yaranma səbəbləri
  • Hamiləlik qanaxmalarının təsnifat və əlamətləri
  • Hamiləlik qanaxmalarının diaqnostika və müalicəsi
  • Hamiləlik qanaxmalarının proqnoz və profilaktikası

Hamiləlik qanaxmaları barədə ümumi məlumat

Hamiləlik qanaxmaları – mayalanmadan sonra qadın orqanizmində baş verən fizioloji dəyişikiklər və ya patoloji hallarla bağlı bir sıra dəyişikliklərə dəlalət edən mamalıq simptomudur. Bu əlamətin dəqiq etiologiyası yalnız mama-ginekoloq tərəfindən xəstə tam müayinə olunduqdan sonra müəyyənləşdirilir. Hamiləlik qanaxmaları təxminən hər 5-ci xəstədə müşahidə olunur. 50% hallarda onlar patoloji dəyişikliklərin olmasını təsdiqləyərək, özbaşına (spontan) düşüklərlə nəticələnir.  Xəstələrin 50%-də əlamət fizioloji xarakter daşıyır. Qanaxma adətən embrogenezin I və III trimestrində baş verir.

Hamiləlik qanaxmalarının təhlükəliyi ondan ibarətdir ki, bu mamalıq simptomu müxtəlif amillər tərəfindən, o cümlədən  ana və döl üçün risk faktorlarının təsirindən yaranir. Bir sıra hallarda digər patoloji əlamətlər izlənilmir. Hamiləlik zamanı istənilən qanaxma zamanı dərhal həkimə müraciət olunmalıdır.  Yalnız mütəxəssis qadın və dölün sağlamlığı üçün təhlükənin olmasını qiymətləndirməyə və hamiləliyin aparılma taktikasını təyin etməyə qadirdir. Vaxtında göstərilən kömək hətta hamiləliyin anomal gedişi zamanı onun uzadılmasına və uşağın həyatının qorunmasına imkan verir.

Hamiləlik qanaxmalarının səbəbləri

Hamiləlik qanaxmalarının səbəbləriHamiləlik qanaxmaları embriogenezin istənilən dövrlərində baş verə bilər. Qanaxmalar  həm qadın orqanizmində yaranan fizioloji dəyişikliklər fonunda, həm də mamalıq patologiyasının formalaşması nəticəsində inkişaf edə bilir. Erkən mərhələlərdə qadınların 50%-də döl yumurtasının uşaqlıq boşluğunda implansasiyası ilə əlaqədar cüzi miqdarda qanaxma müşahidə olunur. Bu tip qanaxma əksər hallarda qadın tərəfindən aybaşı ifrazatı kimi qiymətləndirildiyindən həkimə müraciət olunmur, bu da gələcəkdə embriogenezin müddətinin təyin olunmasını çətinləşdirir. Buna oxşar əlamət hestasiyanın erkən dövrlərində progesteron çatışmazlığı zamanı mümkündür.

Hamiləliyin I trimestrində patoloji qanaxmaların ən çox rast gəlinən səbəbi özbaşına düşüklər hesab olunur. Bu əlamət həm təzə başlayan, həm də tam abortlar zamanı izlənilir. Mayalanmadan sonra təxminən 6-cı həftədə yaranan qanaxma döl yumurtasının uşaqlıqdan kənar implantasiyası zamanı müşahidə olunur. Hamiləliyin bu müddətində baş verən qanaxma həmçinin rezus-uyğunsuzluq, inkişafdan qalmış hamiləlikdən xəbər verir. Uşaqlığı qidalandıran venaların varikoz genişlənməsi zamanı analoji əlamətlər qeyd olunur. Belə hallarda hamiləlik qanaxmaları toxumaların qan təhcizatının güclənməsi ilə izah olunur.

Hestasiyanın II trimestrində qanaxmalara az hallarda (5-10%) rast gəlinir. Bir qayda olaraq, əlamət gec düşük və ya istmiko-servikal çatışmazlığa dəlalət edir. Bəzən cinsi yolllardan qanaxma dölün ölümü ilə əlaqədar olur. III trimestrdə də qanaxmalar patologiyaların olmasına işarə edir. Bu dövrdəki qanaxmaların ən geniş yayılmış səbəbi cift gəlişidir. Belə hallarda embrional orqan uşaqlıq əsnəyini tam və ya hissəvi örtür, bu zaman ağaşı seqmentə yüksək təzyiq nəticəsində ciftin hissəcikləri qoparaq, qanaxmaya səbəb olur.

Az hallarda III trimestrdə qanaxmalar normal yerləşən ciftin qopması ilə bağlı olur. Belə vəziyyətlər dölün həyatı üçün yüksək təhlükə daşıyır. Təhlükə həm də ondan ibarətdir ki, əvvəlcə daxili qanaxma baş verir və ya hematoma formalaşır, yalnız bundan sonra qan xaricə axır. Bu əlamətin nadir hallarda rast gəlinən, lakin ana və dölün həyatı üçün ən təhlükəli hesab olunan səbəbinə uşaqlığın cırılması aiddir. Ağırlaşma miometriumda çapıqların olması və dölyanı mayenin çoxluğu, iri döl və ya çoxdöllülük nəticəsində toxumaların dartılması zamanı aşkarlanır. Çox nadir hallarda hamiləlik qanaxmaları döl qişalarının və ya cift damarlarının tamlığının pozulması səbəbindən yaranır.

Eləcə də hamiləlik qanaxmaları embriogenezin istənilən dövrlərində rast gəlinən səbəblərlə bağlıola bilər. Bunlara xoşxassəli törəmələr – mioma, servikal kanal və uşaqlıq boşluğunda poliplər aiddir. Çox zaman qanaxma uşaqlıq boynunun eroziyası olan qadınlarda qeyd olunur. Bəzən patoloj əlamət kiçik çanaq orqanlarında qanın sirkulyasiyasının güclənməsi nəticəsində baş verir. Aktiv cinsi əlaqə, fiziki yüklənmələr, endotel qatının zəifləməsi ilə bağlı olan yanaşı gedən ürək-damar xəstəlikləri hamiləlik qanaxmasının yaranma riskini artırır.

Hamiləlik qanaxmalarının təsnifat və əlamətləri

Mənşəyindən asılı olaraq hamiləlik qanaxmaları 2 qrupa bölünür:

  • Fizioloji hamiləlik qanaxmaları– hamiləliklə əlaqədar orqanizmdə gedən fizioloji dəyişikliklər nəticəsində yaranır, ana və dölün sağlamlığı və həyatı üçün heç bir təhlükə daşımır.
  • Patoloji hamiləlik qanaxmaları– onun anomal gedişinə dəlalət edir, ana və uşağın həyat və sağlamlığına təhlükə törədə bilər, təxirəsalınmaz tibbi yardım tələb edir.

Hamiləlik qanaxmalarının klinikası birbaşa olaraq onu yaradan səbəbdən asılıdır. Embriogenezin erkən mərhələlərində fizioloji dəyişikliklər səbəbindən cinsi yollardan qanın axması ümumi vəziyyətin qənaətbəxşliyi fonunda baş verir. Poliplər, eroziya, miomalarla bağlı hamiləlik qanaxmaları da əksər hallarda əhval-ruhiyyəni pozmur. Bu zaman bioloji mayenin cüzi miqdarda (cəmi 1 neçə damcı şəklində) ifrazı müşahidə olunur, əlamət qısamüddətli xarakter daşıyır. Çoxlu miqdarda, aybaşı qanına bənzəyən hamiləlik qanaxmaları progesteron çatışmazlığı nəticəsində yaranır.

Hamiləliyin özbaşına pozulması ilə əlaqədar olan qanaxmalar zamanı xəstələr bel-oma, qarın nahiyəsində daimi və ya tutmaşəkilli ağrılardan şikayət edir. Bununla yanaşı ürəkbulanma, baş gicəllənməsi, əzginlik, bədən hərarətinin bir qədər artması müşahidə oluna bilər. Belə hallarda qanaxma müxtəlif intensivlikli olur və çox zaman ifrazatda toxuma hissəciklərinə rast gəlinir. Döl yumurtasının uşaqlıqdan kənar implantasiyası, eləcə də uşaqlığın cırılması zamanı qadının həyatı təklükəyə atılır. Belə vəziyyətdə əvvəlcə daxili qanaxma baş verir, yalnız ondan sonra xarici cinsiyyət orqanlarından patoloji ifrazat izlənilir. Qarın nahiyəsində anal nahiyə, bədənin yan hissələrinə yayılan kəskin ağrı qeyd olunur. Güclü qanaxma zamanı şok vəziyyəti, letal sonluq təhlükəsi yaranır.

Hamiləliyin gec mərhələlərində qanaxmalar heç də hər zaman aydın klinik əlamətlərlə müşayiət olunmur. Cift gəlişi zamanı qanaxma yeganə əlamət hesab olunduğundan, belə hallarda mütləq mama-ginekoloqa müraciət olunmalıdır. Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması zamanı qanaxma uşaqlığın hipertonusu fonunda izlənilir, qarında ağrı, ümumi vəziyyətin pisləşməsi qeyd olunur. Dölün kardiomonitorinqində ürək yığılmalarının tezliyinin, hərəki aktivliyin pozulması müşahidə olunur.

Hamiləlik qanaxmalarının diaqnostikası və müalicəsi

Hamiləlik qanaxmalarının əlamətləriHamiləlik qanaxmalarının səbəbini müəyyən etmək üçün ginekoloji müayinə aparılır. Fizioloji dəyişikiklər zamanı normadan kənaraçıxmalar aşkar olunmur. Patoloji qanaxmalarda spontan abort fonunda uşaqlıq boynunun açılması müşahidə olunur. Miometriumun tonusunun artması ciftin ayrılmağa başlamasına dəlalət edir. Laborator üsullar arasında XQ səviyyəsini müəyyən edən analizdən istifadə olunur. Uşaqlıqdan kənar hamiləlik və qanaxma zamanı bu göstərici aşağı olur. Hamiləlik qanaxmasının instrumental diaqnostikası USM aparılmasından ibarətdir. Bu üsulun köməyilə miometrium və embrionun vəziyyətini, damarlarda qan cərəyanını, ciftin dəqiq lokalizasiyasını və onun hissəciklərinin ayrılmasını müəyyən etməyə imkan verir. KTQ-dan istifadə etməklə diaqnost  dölün həyat qabiliyyəti barəsində düzgün rəy verə bilər.

Hamiləlik qanaxmalarının müalicəsi onu törədən səbəbdən asılıdır. Patoloji dəyişikliklər aşkar olunmadıqda və ya onun təzahürü polipin zədələnməsi ilə bağlı olduqda tibbi yardım tələb olunmur. Nadir hallarda həkim onun xaric olunmasını məsləhət görür. Uşaqlıq boynunun eroziyası halarında da gözləmə taktikası seçilir. Düşük ehtimalı və cift gəlişi fonunda qanaxma zamanı xəstə təcili ginekoloji stasionarda hospitalizasiya olunmalı və medikamentoz müalicə aparılmalıdır. Uşaqlığın tonusunu azaltmaq üçün sedativ preparatlar, tokolitiklərdən istifadə olunur. Belə halarda hamiləliyin aparılması xüsusi diqqət tələb edir.

Döl yumurtasının uşaqlıqdan kənar implantasiyası, çapığın cırılması, sona çatmış özbaşına düşük səbəbindən baş verən qanaxmalar hospitalizasiya və cərrahi müalicə tələb edir. Döl qişalarının qalıqlarının xaric olunması və ya hamiləliyin təcili surətdə başa çatdırılmasından sonra antibakterial terapiya təyin olunur. Belə hallarda qanaxmanın dayandırılması onun intensivliyindən asılı olaraq, müxtəlif üsullarla həyata keçirilir, əksər hallarda uşaqlıq arteriyasının bağlanması icra edilir. Ciftin vaxtından qabaq ayrılması təcili Qeysəriyyə əməliyyatına göstəriş sayılır.

Hamiləlik qanaxmalarının proqnoz və profilaktikası

Hamiləlik qanaxmaları zamanı adətən proqnoz qənaətbəxş olur. Vaxtında göstərilən tibbi yardım döl və ananın həyatının qorunmasına imkan verir. Letal sonluq nadir hallarda müşahidə olunur.

Hamiləlik qanaxmalarının profilaktikası xoşxassəli qanaxmaların erkən diaqnostikasından və onların mayalanmadan əvvəl müalicəsindən ibarətdir. Patoloji əlamətin inkişafının qarşısını almaq üçün qadın məsləhətxanalarında erkən qeydiyyata düşmək, bütün lazımi analizlərdən keçmək və hər hansı bir dəyişiklik zamanı dərhal mama-ginekoloqa müraciət etmək lazımdır. Eləcə də hamiləlik qanaxmalarının profilaktikasına stress, fiziki yüklənmə və aktiv cinsi əlaqələrin istisna edilməsi aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: