Hamiləlik zamanı aşağı boş vena sindromu
Hamiləlik zamanı aşağı boş vena sindromu — uşaqlığın böyüməsi ilə əlaqədar aorta-kaval kompressiya nəticəsində yaranan hemodinamik dəyişikliklər kompleksidir. Hamilə qadın arxası üstə uzanarkən başgicəllənmə, qəfil halsızlıq, taxikardiya, tənəffüsün çətinləşməsi, AT-ın xeyli azalması, dölün tərpənişlərinin artması, bayılma ilə təzahür edir. Diaqnoz exokardioqrafiya, plasentar qan dövranının doppleroqrafiyası, inteqral reoqrafiyanın nəticələrinə əsasən qoyulur. Xüsusi müalicə tələb etmir. Əksər hallarda əlamətlərin korreksiyası üçün qadının yataqda vəziyyətini dəyişməsi kifayət edir. Dölün kəskin intranatal hipoksiyasının qarşısını almaq məqsədilə vertikal doğuşlar məsləhət görülür.
- Hamiləlik zamanı aşağı boş vena sindromunun yaranma səbəbləri
- Patogenez
- Hamiləlik zamanı aşağı boş vena sindromunun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Hamiləlik zamanı aşağı boş vena sindromunun müalicəsi
- Proqnoz və profilaktika
Hamiləlik zamanı aşağı boş vena sindromu barədə ümumi məlumat
Aşağı boş venanın sıxılması sindromu (ABVS, aorta-kaval kompressiya sindromu, postural hipotenziv sindrom) —hamiləlik dövründə aşkarlanan və ən çox rast gəlinən hemodinamik pozğunluqlardandır. Müxtəlif müəlliflərin məlumatlarına əsasən 70% hamilələrdə III trimestrdə pozğunluğun müxtəlif ifadə dərəcəsinə malik subklinik təzahürləri qeydə alınır, onların yalnız 10%-i ümumi vəziyyətin pisləşməsindən şikayət edir. Aşağı boş vena sindromunun vaxtında diaqnostikasının aktuallığı hestasiyanın pozulması və uşağın normal inkişafının pozulması,perinatal ölümün artması ilə müşayiət olunan digər ciddi mamalıq ağırlaşmalarının yaranma riskinin yüksək olması ilə izah edilir.
Hamiləlik zamanı aşağı boş vena sindromunun yaranma səbəbləri
Hamiləlik dövründə aorta-kaval kompressiya adətən böyüyən uşaqlıq tərəfindən venaların mexaniki sıxılması və qarındaxili təzyiqin artması nəticəsində baş verir. Aşağı boş venada qan cərəyanı çox nadir hallarda hamiləliyin digər səbəblərlə – anadangəlmə daralma, tromboflebit, qarın boşluğu orqanlarının, retroperitoneal sahənin həcmli neoplaziyaları, qaraciyər xəstəlikləri ilə müştərəkliyi fonunda pozulur. Hamiləliyin sonlarına yaxın uşaqlığın kütləsi 10-20 dəfə artır, dölün çəkisi 2,5 kq və daha artıq, dölyanı mayenin həcmi isə 1-1,5 l olur. Nəticədə pasiyent arxası üstə uzandıqda elastik damar divarı 6-7kq təzyiq hiss edir, bu da venanın mənfəzinin daralmasına gətirib çıxarır.
Belə halların demək olar ki, bütün hamilələrdə baş verməsinə baxmayaraq, ABVS-nin tipik klinik şəkli yalnız 9-10% xəstələrdə müşahidə edilir, 17-20% qadınlarda xəstəlik subklinik gedir. Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatlarına nəticələrinə əsasən hamiləlik dövründə pozğunluğun inkişaf ehtimalını artıran bir sıra amillər ayırd edilmişdir:
- Kollateral qan dövranının çatışmazlığı. Normada aşağı boş vena sistemində pozulmuş qan dövranının kompensasiyası üçün qanın kompressiya sahəsindən yuxarıya və ya yuxarı boş venaya axınını təmin edən paravertebral və adsız venoz kələflərdən ibarət şəbəkə formalaşır. Kollateralların kifayət qədər inkişaf etmədiyi və ya qeyri-müəyyən səbəblərdən onların reduksiyasının artdığı hallarda hipotenziv postural sindrom yaranır.
- Birləşdirici toxumanın differensiasiya olunmayan displaziyası. Genetik səbəblərdən kollagen sintezinin pozulması nəticəsində venaların orta qişası xarici kompressiyaya daha davamsız olur. Hestasion hormonal dəyişikliklər vəziyyəti daha da ağırlaşdırır. Progesteronun konsentrasiyasının 10 dəfədən çox artması boş venanın xarici qişasının saya əzələ liflərinin boşalmasına gətirib çıxarır.
- Patoloji hestasiya. Çoxdöllü hamiləlik, dölyanı mayenin çoxluğu, iri döl, rezus-uyğunsuzluq, uşağın anadangəlmə anomaliyaları, ekstragenital xəstəliklər (şəkərli diabet, kardiopatologiya) və s. zamanı aşağı boş vena daha çox sıxılır. ABVS-li hamilələrin təxminən 1/3 vegetativ-damar distoniyasından, 15% — arterial hipertenziyadan, 17% — hestozlardan, 22%-i artıq çəkidən əziyyət çəkir.
Hamiləlik zamanı aşağı boş vena sindromunun patogenezi
Kaval kompressiya zamanı aşağı ətraflar, qarın və çanaq boşluğu orqanlarından qanın axını çətinləşir. Venoz qayıdış azalır, ağciyər alveollarına daxil olan qanın miqdarı azalır, onun oksigenasiyası zəifləyir, hipoksemiya formalaşır. Eyni zamanda ürək atımı və ondan asılı olan damar təzyiqi azalır. Qan dövranı susteminə oksigenlə kifayət qədər təhzic olmayan az miqdarda qanın daxil olması nəticəsində ana və uşağın müxtəlif orqanlarında toxuma hipoksiyası inkişaf edir. Plazmanın bir hissəsi aşağı ətrafların damar məcrasında və cinsiyyət orqanlarının kövşək toxumalarında depolaşır, bu da venaların varikoz genişlənməsinə səbəb olur.
Hamiləlik zamanı aşağı boş vena sindromunun əlamətləri
Pasiyentlərin 2/3-də pozğunluq simptomsuz və ya qadının bədən vəziyyətinin dəyişilməsi zamanı dölün hərəki aktivliyinin artması ilə gedir. Postural hipotenziyanın əlamətləri adətən ilk dəfə hestasiyanın 25-27-ci həftələrində özünü büruzə verir. Patoloji simptomatika hamilə qadın arxa üstə uzandıqdan 2-3 dəqiqə sonra yaranır və 10 dəqiqə ərzində maksimal səviyyəyə çatır. Çox nadir hallarda ABVS oturaq vəziyyətdə müşahidə edilir. Klinik ifadəli pozğunluqları olan pasiyentlərin 50%-də başgicəllənmə, hava çatışmazlığı hissi, tənəffüsün çətinləşməsi, qəfil halsızlıq, ürəkdöyünmənin artması, dölün tərpənişlərinin tezləşməsi qeydə alınır. Bəzən prekardial ağrı, qulaqlarda küy, göz önündə qığılcımlar, görmə sahəsinin daralması, narahatlılıq, qorxu izlənilir. 1-3% pasiyentlərdə AT-nin xeyli azalması (80 mm civə sütununa qədər və daha aşağı), bayılmalar müşahidə edilir. Bədənin vəziyyəti dəyişildikdə simptomatika tez bir zamanda aradan qalxır.
Hamiləlik zamanı aşağı boş vena sindromunun ağırlaşmaları
ABVS çox vaxt cift qan dövranının pozulması, dölün xroniki və ya kəskin hipoksiyası, onun inkişafının ləngiməsi ilə ağırlaşır. Aşağı boş venanın kompressiyası zamanı ciftin vaxtından qabaq ayrılması hallarına daha sıx rast gəlinir. Venoz durğunluq babasil xəstəliyi, varikoz, tromboz, tromboflebitə səbəb olur. Aşağı ətrafların damarlarında qanın böyük həcmdə toplanması orqanların çoxsaylı zədələnmələri — böyrək yumaqcıqlarının filtrasiyasının pozulması, respirator distress-sindromu, beyin və ürək-damar çatışmazlığı, hipovolemik şokla nəticələnə bilər.
Hamiləlik zamanı aşağı boş vena sindromunun diaqnostikası
Hamiləlik dövründə aşağı boş vena sindromunun diaqnostikası adətən AT-nin azalması və qadının uzanıqlı vəziyyətində yaranan xarakterik simptomatikaya əsaslanır. Pozğunluğun subklinik gedişinə şübhə yarandıqda hemodinamik dəyişiklikləri və dölün qan təhcizatının pozulmasını aşkar edən kompleks müayinələr təyin edilir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı müayinələr msləhət görülür:
- Exokardioqrafiya. Müayinə prosesində hamilə qadının sol tərəfdən arxası üstə çevrilməsi zamanı göstəricilərin dəyişilməsi qiymətləndirilir. Qanın vurğu və dəqiqəlik həcminin, ürək indeksinin 15-20% azalması, ÜST-nin artması, ürəyin qan qovma funksiyasını əks etdirən digər göstərəcilərin pozulması gizli postural hipotenziv sindromun olmasına dəlalət edir.
- Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası. Müayinənin nəticələri həmçinin pasiyentin bədən vəziyyətinə nəzərən qiymətləndirilir. Qadın arxası üstə uzandıqda kaval kompressiya nəticəsində göbək ciyəsində rezistivlik indeksi (Rİ) norma göstəricilərindən 1,15-1,29 dəfə çox olur. Eyni zamanda hər iki uşaqlıq arteriyasında Rİ 10-19% azalır.
- İnteqral reoqrafiya. Yüksək tezlikli cərəyana qarşı toxumaların müqavimətinin dəyişməsinin qeyri-invaziv qeydiyyatı damar məcrasının qanla dolmasını qısa müddət ərzində qiymətləndirməyə imkan verir. Qanın vurğu və dəqiqəlik həcminin, ÜYT, ürək indeksinin reoqrafik təyini exokardioqrafik müayinənin nəticələrini təsdiqləyir və ya zərurət olduqda onu əvəz edir.
Döldə hipoksiyanın yüksək yaranma riski ilə əlaqədar KTQ, fonokardioqrafiya vasitəsilə onun vəziyyətinin dinamik monitorinqi məsləhət görülür. Göstərişlərə əsasən qadının (istisna hallarda dölün) qanının qaz tərkibinin spektrofotometrik analizi aparılır. Adətən bu üsul oksigenin parsial təzyiqinin azalmasını, karbon qazının parsial təzyiqinin artmasını və metabolik asidozun əlamətlərini aşkar edir.
Aşağı boş venanın sıxılması ilə müşayiət olunan digər pozğunluqlarla — stenoz, tromboz, qaraciyər, mədəaltı vəzi, uşaqlıq, yumurtalıqlar, böyrəklər, sidik kisəsi, retroperotoneal limfa düyünlərinin neoplaziyaları, Badd–Kiari sindromu ilə differensial diaqnostika aparılır. Kollapsa səbəb olan patoloji vəziyyətlər: vegetativ-damar distoniyası, qida və ya medikamentoz zəhərlənmələr zamanı arterial hipotoniya, kəskin infeksiya, aritmiya, ürək çatışmazlığı inkar edilir. Göstərişlər olduqda pasiyent kardioloq, fleboloq, qastroenteroloq, hepatoloq, uroloq, onkoloq tərəfindən konsultasiya olunur.
Hamiləlik zamanı aşağı boş vena sindromunun müalicəsi
Adətən kaval kompressiya nəticəsində yaranan postural hipotenziya pasiyent yan tərəfə çevrildikdə və ya ayağa qalxdıqda öz-özünə keçib gedir. Pozğunluğun klinik əlamətlərinin qeydə alındığı hamilələr ayaqların arasına balış qoymaqla sol tərəf üzərində yatmalıdır. Bəzi qadınlar yarımoturaq vəziyyətdə özlərini yaxşı hiss edir. Venoz durğunluğun azalması və hemodinamik göstəricilərin yaxşılaşması məqsədilə mülayim dərəcəli fiziki yüklənmələr – yerimə, suda gimnastika, hamilələr üçün yoqa məsləhət görülür. Bətndaxili hipoksiya zamanı uşaqlıq-plasentar kompleksdə qan cərəyanını yaxşılaşdıran preparatlar təyin olunur.
Doğuş üsulunun seçilməsində ABVS nəzərə alınmalıdır. Qeysəriyyə əməliyyatına mamalıq və ekstragenital göstərişlər olmadıqda vertikal doğuşlar aparılır. Belə vəziyyətdə dölün hipoksiya riski əhəmiyyətli dərəcədə azalır. Qadın ənənəvi üsula təkid edərsə, o, sol tərəf üzərində uzandırılır, dölün qovulması dövründə isə baş tərəfi hündürə qaldırılan doğuş kreslosuna yerləşdirilir. Qeysəriyyə əməliyyatı zamanı kaval kompressiya çox vaxt hemodinamikanın kritik pozğunluqlarına səbəb olur, cərrahi doğuşlardan əvvəl və müdaxilə zamanı bu fakt diqqətdən yayınmamalıdır.
Hamiləlik zamanı aşağı boş vena sindromunun proqnoz və profilaktikası
ABVS vaxtında aşkarlandıqda hamiləlik və doğuşun sonluğu qənaətbəxş olur. Pasiyentin həyat tərzinin korreksiyası barədə mama-ginekoloqun təyinatlarına riayət etməməsi zamanı vəziyyət ciddiləşir.
Profilaktik məqsədlə bütün hamilələrə hestasiyanın 25-ci həftəsindən sonra arxası üstə uzanmaq və yatmaqdan imtina, artıq çəkinin azaldılması, normal hemodinamikanı təmin etmək üçün kifayət qədər hərəki aktivlik məsləhət görülür. Çoxdöllü hamiləlik, dölyanı mayenin çox olması, piylənmə, aşağı ətrafların, cinsiyyət orqanlarının varikozu fonunda dölün bətndaxili hipoksiya əlamətləri (tərpənişlərin artması və ya azalması, onların intensivliyinin dəyişməsi) yarandıqda ehtimal olunan ağırlaşmaların qarşısını almaq məqsədilə postural hipotenziv sindromun gizli formalarını istisna edən müayinələr təyin edilməlidir.