Hamiləlikdə uşaqlığın tonusu
Hamiləlikdə uşaqlığın tonusu — miometriumun tonik gərginliyinin doğuşun ehtimal olunan gününə qədər yüksəlməsi ilə səciyyələnən patoloji vəziyyətdir. Çanaq, qarın, bel, oma, aralıq nahiyəsində diskomfort, ağrı, gərginlik, uşaqlıq divarının bərkiməsi, daha ağır hallarda sidik ifrazının tezləşməsi, defekasiya çağırışları, dölün aktivliyinin dəyişməsi ilə təzahür edir. Diaqnostika palpasiyaya, uşaqlığın USM, tonusometriyaya, hormonların səviyyəsinin təyininə əsaslanır. Müalicə məqsədilə spazmolitiklər, tokolitiklər, sedativ vasitələr, progestagen preparatlardan istifadə olunur.
- Hamiləlikdə uşaqlığın yüksək tonusunun səbəbləri
- Patogenez
- Təsnifat
- Hamiləlikdə uşaqlığın tonusunun əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Hamiləlikdə uşaqlığın tonusunun müalicəsi
- Proqnoz və profilaktika
Hamiləlikdə uşaqlığın tonusu barədə ümumi məlumat
Normada miometriumun saya əzələ lifləri daima tonik yığılmış vəziyyətdə olmaqla uşaqlıq boşluğunda 8-12 mm.cv.st. təzyiq yaradır. Hamiləlik zamanı pozğunluğun yayılma tezliyi 60-65%-ə çatır. Onun yaranma ehtimalı 35 yaşdan sonra 3 dəfə yüksəlir, bu da keçirilmiş ginekoloji xəstəliklər, abortlar, diaqnostik və invaziv müdaxilələrlə bağlıdır. Risk qrupuna zərərli əmək şəraitində işləyən, az yatan, siqaret və spirtli içkilərdən istifadə edən, boşanmış və ya cinsi partnyorla gərgin münasibətdə oaln qadınlar daxildir.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun səbəbləri
Miometriumun yığılma aktivliyi neyrohumoral təsirlər və uşaqlığın əzələ qatında baş verən patomorfoloji dəyişikliklər nəticəsində güclənir. Bəzən tonusun artması fizioloji xarakter daşıyır (cinsi akt zamanı uşaqlıq əzələlərinin yığılması, hamiləliyin II yarısında sancılar). Lakin əksər hallarda tonik aktivliyin yüksəlməsi hestasiyanın normal gedişinə təhlükə törədən patoloji proseslərin inkişafına dəlalət edir. Uşaqlığın tonusu aşağıdakı səbəblərdən artır:
- Hormonal disbalans. Progesteron çatışmazlığı zamanı miometriumun saya əzələ liflərinin tonik yığılmaları güclənir. Hiperprogesteronemiya steroidogenezin yumurtalıq və ya böyrəküstü vəzi pozğunluqları olan hamilələrdə androgenlərin yüksək konsentrasiyası, hipotireozla bağlı prolaktinin səviyyəsinin artması, polikistoz yumurtalıqlar sindromu, qaraciyərin sirrozu, hipofizin şişləri, qusmaəleyhinə və antihistamin preparatların qəbulu nəticəsində baş verir.
- Uşaqlığın divarının gərilməsi. Böyüyən döl və onun qişaları tərəfindən uşaqlığın divarının əhəmiyyətli dərəcədə dartılması zamanı əzələ lifləri reflektor olaraq yığılır. Uşaqlığın tonusunun güclənməsi dölyanı mayenin çoxluğundan əziyyət çəkən qadınlarda, iri döllü və ya çoxdöllü hamiləliklərdə müşahidə olunur. Normal ölçülərə malik dölün daşınması zamanı miometrium cinsi infantilizm, inkişaf anomaliyaları (yəhərəbənzər uşaqlıq və s.) fonunda gərilir.
- Uşaqlıq divarının patoloji dəyişiklikləri. Uşaqlığın selikli, əzələ, seroz qişalarında gedən ltihabi və neoplastik proseslər onun dartılma qabiliyyətinin azaldaraq, miometriumun lokal və ya generalizasiya olunmuş yığılmalarına səbəb olan patoloji impulsasiya ocağı yaradır. Yüksəlmiş tonusa interstisial və submukoz miomalar, endometrioz, servisit, endometrit, kiçik çanaqda bitişmələr səbəb ola bilər.
- Sinir tənziminin pozulması. Normada hamiləliyin 38-39-cu həftəsinə qədər uşaqlığın yığılmasına cavab verən uşaqlıqdaxili reseptorlar, onurğa beyni və baş beynin qabıq maddəsinin oyanıqlığı minimal olur. Emosional stresslər, fiziki gərginliklər, hipertermiya ilə müşayiət olunan kəskin infeksiyalar (qrip, KRVİ, angina) zamanı MSS-də qıcıqlanma sahəsi formalaşa bilər. Onun aktivliyi uşaqlığın tonusuna neqativ təsir göstərir.
Miometriumun yığılmalarının hamiləliyin pozulmasına səbəb olan güclənməsi və tezləşməsi həmçinin immun dəyişikliklərdə (rezus-uyğunsuzluq, izoimmun uyğunsuzluq) rast gəlinir, bu zaman uşaqlıq yad orqanizm kimi qəbul etdiyi uşaqdan azad olmağa çalışır. Oxşar hallar dölün həyatla uzlaşmayan inkişaf anomaliyaları və ya onun antenatal ölümü zamanı yaranır.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun patogenezi
Hamiləlik zamanı uşaqlığın tonusunun güclənməsinə səbəb olan əsas həlqə xarici və daxili qiıcıqlandırıcıların təsirindən əzələ liflərinin yığılmalarının sürətlənməsidir. Miometriumun fizioloji tonusu avtonom sinir sistemi tərəfindən təmin olunur. Yığılmaların artmasına əzələ liflərini boşaldan progesteron və hestasion dominant- uşaqlığın intrareseptorlarından afferent impulsasiyanın təsiri altında baş beynin qabıq maddəsində formalaşan, hestasiyanı poza bilən sinir proseslərini tormozlayan oyanma ocağı mane olur. Buna əsasən mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri uşaqlığın tonusunun güclənməsinin 2 mexanizmini ayırd edir: humoral və neyrogen.
Birinci halda yüksəlmiş tonik yığılma progestorunun səviyyəsinin azalmasına cavab olaraq, ikinci halda isə MSS-də patoloji qıcıqlanma ocağının yaranması və ya uşaqlığın gərilməsi, iltihabi proseslər, neoplaziyalar səbəbindən orqandan gələn sinir impulsları axınında baş verən dəyişikliklər nəticəsində inkişaf edir. Bəzən patogenezin humoral və neyrogen həlqələri birləşir. Miometriumun fizioloji yığılmasının güclənməsi fiziki və emosional gərginlik, intim yaxınlıq, vaginal müayinə, dölün tərpənişləri zamanı qana katexolaminlər, digər bioaktiv birləşmələrin ifrazının artması ilə müşayiət olunur.
Hamiləlikdə uşaqlığın tonusunun təsnifatı
Hamiləlikdə uşaqlığın tonusunun yüksəlməsinin sistemləşdiirlməsinin əsas kriteriyalarına patoloji hisslərin xarakteri, intensivliyi, davam etmə müddəti, onların yaranma tezliyi aiddir. Belə yanaşma hamiləliyin optimal aparılma taktikasını müəyyən etməyə və hestasiyanın pozulmasının vaxtında qarşısını almağa imkan verir. Miometriumun yüksək tonusunun ifadəliliyinin 3 dərəcəsi ayırd edilir:
- I dərəcə. Qarnın aşağı hissəsində qısamüddətli yüngül və ya mülayim ağrılar yaranır. Diskomfort hissi və uşaqlığın bərkiməsi sakitlik halında medikamentoz terapiya aparılmadan keçib gedir.
- II dərəcə. Daha ifadəli ağrılar yalnız qarnın aşağı hissəsində deyil, onurğa sütununun bel-oma nahiyəsində də qeyd olunur. Uşaqlıq əhəmiyyətli dərəcədə bərkiyir. Patoloji simptomların aradan qaldırılması üçün spazmolitiklərin qəbulu tələb olunur.
- III dərəcə. Qarın, bel və oma nahiyəsində intensiv ağrı hissiyyatı hətta cuzi fiziki yüklənmələr və emosional gərginliklər zamanı müşahidə edilir. Palpasiyada uşaqlıq çox bərkdir. Hamilə hospitalizasiya edilməlidir.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun əlamətləri
Miometriumun yığılmalarının güclənməsi çanaq nahiyəsində diskomfort hissi ilə təzahür edir. Qadın qarının aşağı hissəsində, qasıq üzərində, bel, oma, bəzən aralıq nahiyəsində müxtəlif intensivlikli dartıcı ağrılardan şikayət edir. Eyni zamanda gərginlik və qarnın «bərkiməsi» hissi yaranır. Hamiləliyin II-III trimestrində qarın divarından sərtləşmiş uşaqlıq palpasiya edilir. Bəzi xəstələrdə sidik ifrazı tezləşir, defekasiya çağırışları baş verir, dölün tərpənişləri intensivləşir. Yüngül hallarda horizontal vəziyyətdə dərin sakit tənəffüs zamanı yüksək tonusun əlamətləri itir. Vəziyyətinin proqressivləşməsi zamanı miometriumun tonik yığılmaları sancılarla əvəz olunur.
Hamiləlikdə uşaqlığın tonusunun ağırlaşmaları
Uşaqlığın əzələ liflərinin tonusunun həddindən artıq güclənməsi hamiləliyin I yarısında erkən və ya gec düşüklər, II yarısında isə vaxtından əvvəl doğuşlara səbəb olur. Uşaqlıq divarının yığılması adətən uşaqlıq və ciftin damarlarında qan cərəyanının pozulması, dölün qan təhcizatının pisləşməsi ilə müşayiət olunur. II-III dərəcəli tonusun tez-tez təkrarlanan yüksəlmələrində fetoplasentar çatışmazlığın yaranması, dölün bətndaxili hipoksiyası, onun inkişafının ləngiməsi mümkündür. Pozğunluq dölyanı mayenin vaxtından əvvəl axması, istmiko-servikal çatışmazlıq, normal yerləşmiş ciftin ayrılması riskini artırır. Uşaqlığın tonusunun yüksəlməsi qeyd olunan hamilələrdə əksər hallarda doğuş prosesində güclü doğuş fəaliyyəti, miometriumun diskoordinasiyalı yığılmaları izlənilir.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun diaqnostikası
Uşaqlığın yüksək tonusu zamanı diaqnostik axtarışın əsas məqsədi pozğunluğu yaradan səbəblərin təyinindən, onun hamiləliyin gedişinə təsirinin qiymətləndirilməsindən ibarətdir. Bəzi hallarda patoloji vəziyyət klinik əlamətlərlə təzahür etmir, USM-skrininq zamanı təsadüfən aşkarlanır. Miometriumun tonusunun artmasına şübhə yarandıqda aşağıdakı müayinə üsullarının aparılması məsləhət görülür:
- Qarnın palpasiyası. Hamiləliyin II-III trimestrində normal tonus zamanı qarın yumşaqdır, hestasiyanın gec mərhələlərində uşaqlığın divarından dölün vəziyyəti və gəlişi asanlıqla təyin edilir. Uşaqlıq divarının sərtləşməsi və gərginliyi, bəzən “daş kimi” bərkiməsi tonusun artmasına dəlalət edir Döl palapsiya olunmur.
- Uşaqlığın USM. Uşaqlığın divarları əzələ liflərinin yığılması hesabına lokal və ya total qalınlaşmışdır. Kiçik ölçülü bərkimə sahəsində klinik simptomatika rast gəlinməyə bilər. USM ciftin ayrılma əlamətlərinin vaxtında aşkarlanmasına kömək edir. Fetoplasentar çatışmazlıq zamanı ultrasəs müayinə uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası ilə tamamlanır.
- Tonusometriya. Miometriumun yığılma dərəcəsi xüsusi tonusometrlərlə ölçülən şərti vahidlərlə qiymətləndirilir. Ötürücülər uşaqlığın proyeksiyası üzərində yerləşdirilir, bundan sonra onun ştiftinin uşaqlıq divarına daxil olma dərinliyi cihazın şkalasında qeyd olunur. Müayinə prosesində yaylı və elektrik tonusometrlərdən istifadə edilir.
- Cinsi hormonların səviyyəsinin təyini. Uşaqlığın yığılmalarının güclənməsi çox zaman dishormonal vəziyyətlərlə bağlı olduğundan, patologiyanın səbəblərini müəyyən etmək üçün laborator üsullar təyin edilir. Uşaqlığın yüksək tonusu fonunda qadınlarda progesteronun miqdarının azalması, testosteronun, prolaktinin konsentrasiyasının artması müşahidə oluna bilər.
Əlavə müayinlər qismində uşaqlıq boynunun qısalmasını müəyyən edən servikometriya, dölə təhlükə törədən vəziyyətlərin vaxtında aşkarlanmasına yönəldilmiş KTQ, dölün fetometriyası və fonokardioqrafiyası məsləhət görülür. Miometriumun tonusunun artması ilə müşayiət olunan müxtəlif xəstəliklər arasında, eləcə də dölün implantasiya sahəsində uşaqlıq divarının lokal (təbii) qalınlaşması ilə differensial diaqnostika aparılır. Göstərişlərə əsasən hamilə qadın endokrinoloq, infeksionist, nevropatoloq, psixoterapevtin müayinəsinə yönəldilir.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun müalicəsi
Hamiləliyin aparılma taktikası patologiyanın ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir. Tonusun yüngül dərəcələrində fiziki və psixi yüklənmələrin azaldılması, yuxu və istirahət rejiminin normaya salınması, kəskin qidalar və ədviyyatlardan imtina məsləhət görülür. Miometriumun mülayim və ya ifadəli tonik yığılmalarında aktivliyin məhdudlaşdırılmasından əlavə uşaqlığın boşalmasına yönəldilmiş tokolitik terapiya göstəriş sayılır. II dərəcəli pozğunluqlarda konservativ müalicə ambulator şəraitdə spasmolitiklərin (həb şəklində) qəbulu ilə icra olunur, III dərəcədə isə xəstə hospitalizasiya edilir, yataq rejimi, dərman maddələrinin əsasən parenteral yeridilməsi təyin olunur. Uşaqlığın tonusunun zəiflədilməsi məqsədilə aşağıdakı qrup preparatlardan istifadə edilir:
- Sedativ preparatlar. Sakitləşdirici vasitələr həyəcan, emosional gərginlik, uşağı itirmək qorxusunu azaltmağa, qıcıqlanma ocaqlarını zəiflətməyə, MSS hestasion dominantı gücləndirməyə kömək edir. Mülayim tonik yığılmalarda sedativ fitopreparatlar, ağır vəziyyətlərdə trankvilizatorlar, hətta neyroleptiklər təyin olunur.
- Spazmolitiklər. Saya əzələlərin boşalması IV tip fosfodiesterazanın aktivliyinin selektiv inhibisiyası və hüceyrədaxilində kalsiumun miqdarının azalması hesabına əldə olunur. Spazmolitik vasitələr saya əzələ liflərinin həm sinir, həm də əzələ mənşəli spazmını effektli şəkildə aradan qaldırır, toxumalarda qan cərəyanını gücləndirir.
- Tokolitiklər. Tokolitik məqsədlə adenilatsiklazanı aktivləşdirən β-2-simpatomimetiklərdən istifadə olunur. sAMF-in sintezinin artması, kalsium nasosunun fəaliyyətinin stimulyasiyası nəticəsində miofibrillərdə kalsiumun konsentrasiyası azalır, uşaqlığın yığılma aktivliyi zəifləyir. Miometriumun boşalmaası üçün klassik vasitə-maqnezium-sulfat tətbiq olunur (maqnezium ionları kalsiumun rəqibi sayılır).
Uşaqlığın tonusu pregesteron çatışmazlığı ilə bağlı olduqda selektiv progestagen təsirli preparatlar göstəriş sayılır. Miometriumun yüksək yığılma aktivliyi zamanı fizioloji vaxtda hamiləliyin təbii doğuşla başa çadırılması məsləhət görülür. Qeysəriyyə əməliyyatı yalnız mamalıq göstərişlərinə (ciftin qopması, anatomik və ya kliniki dar çanaq, dölün çəp və ya köndələn gəlişi, uşaqlığın cırılma təhlükəsi, göbək ciyəsinin dolanması və s.) əsasən aparılır.
Hamiləlikdə uşaqlığın yüksək tonusunun proqnoz və profilaktikası
Uşaqlığın miofibrillərinin tonusunun I və II dərəcələrində hamiləlik adətən ciddi ağırlaşmalar olmadan gedir, pozğunluğun III dərəcəsində adekvat terapiya aparılmadlqda proqnoz pisləşir.
Ginekoloji xəstəliklərdən (endometrit, servisit, adneksit, endometrioz, uşaqlığın miomasından) əziyyət çəkən qadınlar hamiləlik planlaşdırdıqda mütləq mama-ginekoloqun təyinatlarına əməl etməli, hamiləlik baş verdikdə isə qadın məsləhətxanasında erkən qeydiyyata düşməlidir. Profilaktik məqsədlə hamilələrə məişət və peşə yüklənmələrini azaltmaq, istirahət rejiminə riayət etmək tövsiyyə olunur. Uşaqlığın tonusunun artması zamanı cinsi əlaqə istisna olunmalıdır.