Hiperpolimenoreya
Hiperpolimenoreya – menstrual siklin pozulmasıdır. Aybaşının çox miqdarda (hipermenoreya) və uzunmüddətli (polimenoreya) olması ilə xarakterizə edilir. Hiperpolimenoreyada aybaşı ritmi adətən saxlanılır, lakin hər ay təkrarlanan gur qanaxmalar astenik və anemik sindromun inkişafına gətirib çıxarır. Hiperpolimenoreyanın səbəblərini aşkar etmək üçün ginekoloji müayinə, laborator testlər (qanın ümumi analizi, yaxmanın müayinəsi, hormonların təyini), kiçik çanaq orqanlarının exoqrafiyası, diaqnostik qaşınma ilə aparılan histreoskopiyadan istifadə olunur. Hiperpolimenoreyanın müalicəsi onun səbəblərinin konservativ və ya cərrahi üsulla aradan qaldırılması, dəmir çatışmazlıqlı anemiyanın korreksiyasına yönəldilir.
- Hiperpolimenoreyanın yaranma səbəbləri
- Hiperpolimenoreyanın əlamətləri
- Hiperpolimenoreyanın diaqnostikası
- Hiperpolimenoreyanın müalicə və profilaktikası
Hiperpolimenoreya barədə ümumi məlumat
Hiperpolimenoreya – menorragiya və ya hipermenstrual sindromun bir növü olub, aybaşının müddəti və intensivliyinin artması ilə xarakterizə olunur. Hiperpolimenoreyanın miqdar kriteriyasına aybaşı qanının 150 ml-dən, davametmə müddətinin isə 7 gündən çox olması (12 gündən az) aiddir. Bu vəziyyətdə aybaşı siklinin ritmikliyi pozulmur. Bəzi hallarda hiperpolimenoreya proymenoreya – tez-tez təkrarlanan və aralarındakı interval 21 gündən az olan aybaşı qanaxmaları ilə müştərək şəkildə inkişaf edir. Hiperpolimenoreyanın dəqiq populyasion tezliyi məlum deyil. Tibbi ədəbiyyatlarda olan məlumatlara əsasən hiperpolimenoreya yeniyetmə dövründə rast gəlinən aybaşı pozulmalarının 19%-ni təşkil edir; reproduktiv dövrdə uşaqlığın mioması olan qadınların 50%-də, uşaqlıqdaxili spiraldan istifadə edən qadınların isə 3,7–9,6%-də iştirak edir.
Hiperpolimenoreyanın yaranma səbəbləri
Hiperpolimenoreya sindromu müxtəlif genital və ekstragenital xəstəliklər fonunda baş verə bilər. Əksər hallarda bu tip aybaşı pozğunluqlarının yaranmasına uşaqlıqdaxili patoloji proseslər: endometrioz, submukoz və interstisial fibroma, metroendometrit səbəb olur. Endometriumun həddindən artıq inkişafı (hiperplaziya) və onun uzunmüddətli qopması adətən hiperestrogeniya ilə bağlı olur. Uşaqlığın vəziyyət anomaliyaları (xüsusən retrofleksiya), eləcə də uşaqlıqdaxili kontraseptiv vasitələrin istifadəsi aybaşı qanaxmalarının müddət və intensivliyinin artmasına gətirib çıxara bilər. Patoloji səbəblərdən əlavə hiperpolimenoreya müxtəlif yaş dövrlərində qadın orqanizmində baş verən fizioloji proseslərin nəticəsində yarana bilər. Yeniyetmə dövründə hipermenstrual sindrom yumurtalıqların hormonal fəaliyyətinin başlanması, klimaks zamanı isə onun sönməsi ilə izah olunur.
Hormonal disfunksiya ekstragenital səbəblərdən də (qaraciyər, qalxanabənzər vəzi xəstəlikləri, vərəm, ürək-damar patologiyası və s.) inkişaf edə bilər. Aybaşının xarakterinə qanın laxtalanma sisteminın pozğunluqları (məsələn, trombositopenik purpura, K vitamini çatışmazlığı) da müəyyən qədər təsir edir. Bəzən hiperpolimenoreya tipli aybaşı pozulmaları uzunmüddətli stress və ya emosional gərginlik fonunda inkişaf edir.
Hiperpolimenoreyanın əlamətləri
Hiperpolimenoreyanın kliniki əlamətlərinə aiddir:
- Aybaşı qanaxmalarının siklikliyi (aybaşı arası intervallar eyni olur)
- Uzunmüddətli aybaşı qanaxmaları (7-10 gün)
- Gur və güclü aybaşı qanaxmaları. Gur aybaşı üçün qadının hər 1 saatdan və ya daha tez gigiyenik bezi dəyişməsi xarakterikdir. Hər ay itirilən aybaşı qanının miqdarı 200-250 ml və daha çox olur.
Hiperpolimenoreya alqodismenoreya (ağrılı aybaşı) ilə müşayiət oluna bilər. Aybaşı axıntısında qan laxtalarına rast gəlmık olur. Uuznmüddətli və güclü aybaşı qanaxmaları nəticəsində ümumi əhval pozulur, astenik sindrom və anemiya inkişaf edir. Xəstələr tez yorulma, əsəbilik, zəiflik, yuxululuq, libidonun azalması, çəki itkisindən şikayət edirlər. Dəmir çatışmazlıqlı anemiyanın əlamətlərinə aybaşı zamanı başgicəllənmə, dəri solğunluğu, huşun itirilməsi aiddir.
Hiperpolimenoreyanın diaqnostikası
Hiperpolimenoreyanın çoxsaylı səbəblərinə əsasən diaqnostik axtarış təkcə ginekologiya sahəsinə deyil, eləcə də endokrinologiya, hemotologiya və digər istiqamətlərə yönəldilir. İlk növbədə ginekoloq aybaşı funksiyasının xüsusiyyətləri, aybaşının xarakterinin dəyişməsini yəyin edir, ətraflı mamalıq-ginekoloji anamnez toplayır.
Uşaqlığın mioması və iltihabi prosesləri ginekoloji müayinədə aşkarlanır. Kiçik çanaq orqanlarının USM vasitəsilə endometrium və yumurtalıqların vəziyyəti izlənilir. Hiperpolimenoreyanın infeksion etiologiyasını istisna etmək üçün mikroskopik, bakterioloji qiymətləndirmə, PZR-diaqnostika aparmaq üçün yaxma götürülür. Hiperpolimenoreyanın səbəbləri haqqında əlavə məlumat almaq üçün cinsi hormonlar, qalxanabənzər vəzi hormonlarının səviyyəsinin təyini, qaraciyər sinaqları aparılır. Dəmirdefisitli anemiyanın dərəcəsini müəyyən etmək üçün qanın kliniki analizindən istifadə olunur. Endometrioz, endometriumun hiperplastik proseslərinə şübhə olduqda diaqnostik qaşınma və selikli qişanın histoloji müayinəsi ilə müşayiət olunan histeroskopiya icra olunur.
Hiperpolimenoreyanın müalicə və profilaktikası
Yanaşı gedən pozğunluqlardan asılı olaraq hiperpolimenoreya sindromunun müalicəsinin müxtəlif növləri mümkündür. Patologiyanın səbəbi hormonal disfunksiya olduqda kombinəolunmuş oral kontraseptivlərdən istifadə olunur. Hiperpolimenoreyanın adenomioz və uşaqlığın mioması ilə assosiasiyası zamanı uşaqlıqdaxili levonorgestrel-rilizinq-sistemin «Mirena» qoyulması və ya hormonal kontraseptiv üzüyün «NovaRinq» istifadəsi yaxşı terapevtik təsir göstərir.
Qan dayandırıcı vasitələrin (disinon, traneksam turşusu) istifadəsi qanaxmanın simptomatik kəsilməsinə yönəldilir. Dəmir çatışmazlığının bərpa etmək üçün anemiya əleyhinə terapiya təyin edilir. Bundan əlavə, fol turşusu, B qrup və C vitaminlərinin qəbulu məsləhət görülür. Əhvalın düzəlməsində düzgün qidalanma, rasional əmək və istirahət rejimi böyük rol oynaıyır.
Uşaqlığın fibromioması güclü aybaşı qanaxmalarına səbəb olduqda cərrahi müalicə-konservativ miomektomiya, uşaqlığın uşaqlıqyolu üstü amputasiyası və ya histerektomiya (uşaqlığın çıxarılması adətən öz reproduktiv potensialini realizasiya etmiş yaşı 40-dan yuxarı olan qadınlarda tətbiq edilir) aparılır. Uşaqlığın polipləri aşkar edildikdə polipin histerorezektoskopiyası icra edilir.
Hiperpolimenoreya qadına narahatlıq törətməklə yanaşı, reproduktiv sağlamlıqla bağlı ciddi problemlərin olmasına dəlalət edir. Müntəzəm ginekoloji müayinələr, genital və ekstragenital patologiyaların vaxtında müalicəsi aybaşı pozulmalarının qarşısını almağa kömək edir. Hər bir qadın öz sağlamlığına diqqət yetirməli, aybaşı təqvimi aparmalı-axıntıların davametmə müddəti və həcmini qeyd etməlidir.