Hipomenstrual sindrom
Hipomenstrual sindrom – menstrual pozğunluq olub, aybaşının seyrəkləşməsi, fizioloji normalarla müqayisədə onun davam etmə müddətinin və ya qanitirmənin azalması ilə ifadə olunur. Hipomenstrual sindromun birbaşa təzahürlərinə nadir baş verən, qısa müddətli menstruasiyalar və ya aybaşının azlığı aiddir. Xəstələrin müayinəsinə ümumi və ginekoloji baxış, funsksional diaqnostik testlər, instrumental (USM, histeroskopiya, diaqnostik qaşıma) və laborator müayinələr (yaxmanın analizi, hormonların səviyyəsinin təyini) daxildir. Hipomenstrual sindromun müalicəsi aşkar olunmuş dəyişikliklərin korreksiyası, hormonoterapiya, fizioterapiya, vitaminoterapiya və s.-dən ibarətdir.
- Hipomenstrual sindromun yaranma səbəbləri
- Hipomenstrual sindromun əlamətləri
- Hipomenstrual sindromun diaqnostikası
- Hipomenstrual sindromun müalicəsi
Hipomenstrual sindrom barədə ümumi məlumat
Hipomenstrual sindrom aybaşının müddəti, tezliyi və intensivliyinin azalması ilə xarakterizə olunan menstrual funksiyanın müxtəlif pozğunluqlarını özündə birləşdirir. Aybaşı siklinin pozulmalarına aid edilir, lakin pubertat və premenopauza dövrlərində yumurtalıqların fizioloji dəyişikliklərilə əlaqədar norma hesab edilə bilər. Premenopauzada adətən amenoreyadan əvvəl predmenstrual sindrom müşahidə olunur. Reproduktiv yaşda olan qadınlarda hipomenstrual sindrom əksər hallarda sonsuzluqla müşayiət olunur, bu da onu ginekologiya və reprodiktiv təbabətin ən aktual problemləri sırasına qoyur.
Yaranma vaxtına görə hipomenstrual sindrom birincili və ikincili olur. Birincili formada qısa müddətli, nadir baş verən menstruasiyalar və ya aybaşının azlığı menstrual funksiyanın başlandığı andan müşahidə olunur. İkincili hipomenstrual sindrom normal davam etmə müddəti olan, ritmik və intensiv aybaşıdan sonra patoloji proseslərin təsirindən yaranır.
Hipomenstrual sindromun təzahür formaları aşağıdakı parametrlərə görə fərqlənir:
- dövriliyi (bradi- və ya opsomenoreya – 5-8 həftədən bir təkrarlanan nadir aybaşılar; spaniomenoreya – ildə 2-4 dəfə baş verən çox nadir aybaşılar)
- davam etmə müddəti (oliqomenoreya – aybaşı qanaxması 2 gündən az davam edir)
- intensivliyi (hipomenoreya – qanitirmənin 40 ml-dən az olması ilə gedən aybaşı azlığı).
Hipomenstrual sindroma mono formada nadir hallarda rast gəlinir, əksər hallarda sadalanan pozğunluqlar müştərək şəkildə inkişaf edir: məsələn, hipomenoreya opsomenoreya və ya oliqomenoreya ilə müşayiət olunur.
Hipomenstrual sindromun səbəbləri
Birincili hipomenstrual sindrom aybaşı siklini tənzim edən daxili sekresiya vəzilərinin (hipofiz, yumurtalıq, böyrəküstü vəzilərin) funksiyasının zəifləməsi ilə əlaqədardır. Belə xəstələrdə ümumi və genital infantilizm, reproduktiv orqanların anadangəlmə inkişaf anomaliyaları, adrenogenital sindrom, virilizasiya əlamətləri (hirsutizm, xarici görünüşdə interseksual və ya kişi cizgiləri) müşahidə olunur. Sağlam qızlarda hipomenstrual sindrom menarxenin başlanmasından sonra ilk 3 il ərzində aybaşı siklinin formalaşması dövründə izlənilir.
İkincili hipomenstrual sindromun etioloji səbəbləri müxtəlifdir, lakin həmişə qazanılmış xarakter daşıyır. Aybaşı pozğunluğunun bu formasının yaranmasına endokrin patologiyalar, infeksion və ya ümumi xəstəliklər, bədən çəkisinin həddindən artıq itirilməsi (o cümlədən anoreksiya), emosional gərginlik və stresslər, xroniki intoksikasiya, şüalanma, anemiya, hipovitaminoz və s. səbəb olur. Aybaşının zəifləməsi uşaqlıqdaxili müdaxilələrin (diaqnostik qaşınma, tibbi abortlar) aparılması zamanı endometriumun bazal qatının zədələnməsi, yumurtalığın rezeksiya və ya çıxarılması (ooforektomiya), infeksion proseslərlə (xroniki endometrit, genital vərəmlə) əlaqədar ola bilir.
Az hallarda hipomenstrual sindrom hormonal kontraseptivlərin qeyri-düzgün qəbulu və ya adekvat seçilməməsinın yan təsiri kimi müşahudə olunur. Premenopauza dövründə (45-50 yaş) hipomenstrual sindrom yumurtalıqların fəaliyyətinin təbii sönməsinin əks etdirən normal hal hesab olunur.
Hipomenstrual sindromun əlamətləri
Opsomenoreya (bradimenoreya) aybaşı arası dövrün 5-8 həftəyə qədər uzanması ilə xarakterizə olunur. Normada bu interval 21-35 gün olur. Aybaşı ritminin seyrəkləşməsinin daha bir təzahürü spaniomenoreya sayılır, bu zaman aybaşı il ərzində 2-4 dəfə baş verir. Hipomenstrual sindromun bu formasında sikl öz iki fazalığını saxlayır, lakin fazaların davametmə müddəti azala və ya arta bilər. Bu kriteriyaya əsaslanaraq opsomenoreyanın gedişinin 3 forması qeyd olunur:
1) aybaşı siklində follikulyar faza uzanır, lütein fazasının isə müddəti dəyişmir. Follikulların yetişməsinin ləngiməsi səbəbindən ovulyasiya 17-30 günlərdə izlənilir.
2) aybaşı siklinin follikulyar fazası uzanır, lütein isə qısalır. Gecikmiş ovulyasiya, sarı cismin natamamlığı, lütein çatışmazlığı, endometriumun vəzili hiperplaziyası ilə xarakterizə olunur.
3) aybaşı siklində follikulyar fazanın davam etmə müddəti dəyişmir, lütein fazası isə uzanır.
Oliqomenoreya aybaşının müddətinin 2 günə qədər və ya daha çox azalması zamanı aşkarlanır. Oliqomenoreyadan əziyyət çəkən qadınlarda əksər hallarda kişilərə xas bədən quruluşu, tüklənmə, inkişaf etmiş əzələ kütləsi, güclü tərləmə, bədəndə akne müşahidə olunur.
Hipomenoreya qanitirmənin 40-50 ml-dən az olması ilə gedən aybaşı azlığı ilə xarakterizə olunur. Bu halda aybaşı ağrısız olur və ya qarın nahiyəsində sancı tutmaları, baş ağrıları, dispeptik sindromlar müşahidə olunur.
Normal ritm, müddət və intensivliyin dəyişilməsindən əlavə hipomenstrual sindrom zamanı alqomenoreya, yorğunluq, əsəbilik, depressiya, libidonun azalması, sonsuzluğa rast gəlmək olur.
Hipomenstrual sindromun diaqnostikası
Hipomenstrual sindromun diaqnozu ümumi və ginekoloji baxış, USM, funksional və hormonal testlər, instrumental üsulların nəticələrinə əsasən qoyulur. Aybaşının pozulmasının səbəblərini təyin etmək üçün dar mütəxəssislərin: endokrinoloq, nevroloq, psixoterapevtin konsultasiyaları tələb oluna bilər.
Xəstə ilə söhbət zamanı ginekoloq şikayətlər, ümumi, mamalıq-ginekoloji və ailə anamnezini aşkar edir- bu hipomenstrual sindromun formalarını (opso-, oliqo, hipomenoreya və ya onların müştərəkliyini) və tiplərini (birincili, ikincili) təyin etməyə kömək edir. Ümumi baxış zamanı qadının konstitutsional xüsusiyyətləri, süd vəziləri, dərinin vəziyyəti, tüklənmənin xüsiyyətlərinə diqqət yetirilir. Ginekoloji kresloda baxış və bimanual müayinə hamiləliyi istisna etməyə, cinsiyyət üzvlərinin quruluş anomaliyalarını aşkar etməyə, mikroskopik və kolpositoloji müayinələr üçün yaxma götürməyə, funksional testlər aparmağa imkan verir. Daxili reproduktiv orqanların vəziyyəti kiçik çanaq orqanlarının USM müayinəsinin nəticələrinə əsasən qiymətləndirilir.
Hormonal dəyişikliklərin xüsusiyətlərini təyin etmək üçün ilk növbədə qanda FSH, LH, estrogen, progesteron, testosteron, prolaktin, TTH; sidikdə isə 17-ketosteroidlərin konsentrasiyası müəyyən edilir. Son mərhələdə ehtimal olunan patologiyanın vizual və histoloji təsdiqi üçün histeroskopiya, diaqnostik qaşıma, laparoskopiya aparılır.
Hipomenstrual sindromun müalicəsi
Hipomenstrual sindromun müalicə sxemi aparılan müayinələrin nəticələrinə əsasən seçilir. Əgər aybaşı pozğunluqlarının səbəbi stress, həddindən artıq fiziki yüklənmələr, pis qidalanma ilə bağlıdırsa rejimin normallaşdırılması üzrə tövsiyyələr verilir, sedativ vasitələr, vitaminoterapiya, dietoterapiya məsləhət görülür. Anemiya aşkarlandıqda dəmir preparatları, fol turşusu, B12 vitamini, askorbin turşusu vasitəsilə onun korreksiyası aparılır.
Hipomenstrual sindrom siklin hormonal tənziminin pozulması nəticəsində baş verirsə əvvəlcə estrogen-gestagen preparatlar, sonra isə follikulogenez və ovulyasiyanın stimulyasiyası təyin edilir. Hormonal müalicənin sxemi individual qaydada seçilir. Sindrom infeksion-iltihabi mənşəli olduqda müvafiq mikrobəleyhinə və immunostimuləedici müalicə aparılır.
Bir sıra hallarda fizioterapevtik prosedurlar yaxşı nəticələr verir, bu üsullar hipotalamo-hipofizar-yumurtalıq-böyrəküstü vəzi sisteminin funksional vəziyyətinin normallaşmasına və kiçik çanaq orqanlarının qan təhcizatının yaxşılaşmasına kömək edir. Hipomenstrual sindromun müalicəsi üçün ginekoloji massaj, elektrofarez, qalvanizasiya, amplipulsterapiya, induktotermiya, xarici və vaginal lazerterapiya, boşluqdaxili ultratonoterapiya və digər üsullrdan istifadə edilir. Müalicəvi kurslarının-hidroterapiya (hidromassaj, radon vannaları, qalxan duş), palçıqla müalicə, fitoterapiya, iynəbatırma terapiyasının tətbiq olunduğu sanator-kurort müəssisələri məsləhət görülür. Pubertat və premenopauza dövrlərində hipomenstrual sindromun müalicəsi tələb olunmur.
Reproduktiv sağlamlığın qorunması məqsədilə hipomenstrual sindromun inkişafına səbəb olan amillər istisna olunmalıdır. Bu məqsədlə istirahət və əmək rejimi düzgün seçilməli, stress halları aradan qaldırılmalı, kontrasepsiyanın etibarlı üsullarından istifadə olunmalıdır. Bundan əlavə müntəzəm olaraq ginekoloq müayinəsindən keçimək məsləhət görülür. Qadın aybaşının xüsusiyyətlərinə, onun davametmə müddəti, intensivliyi, müntəzəmliyinə fikir verməlidir. Bu vərdişləri ana böyüyən qızlarına da aşılamalıdır.