İstmiko-servikal çatışmazlıq

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3807

istmiko-servikal çatışmazlıq nədir?İstmiko-servikal çatışmazlıq embriogenez dövründə uşaqlıq boynunun açılması ilə əlaqədar yaranır, düşüklər və ya vaxtından qabaq doğuş halları ilə nəticələnir. Adətən patologiya klinik əlamətlərlə müşahidə olunmur, bəzi hallarda cüzi ağrı, qanla qarışıq seliyin ifrazı mümkündür. Patoloji dəyişikliklərin təyini və diaqnozun təsdiqlənməsi üçün ultrasəs skanlamadan istifadə olunur. Tibbi kömək uşaqlıq yoluna Meyer həlqəsinin (xüsusi pessarium) və ya cərrahi tikişlərin qoyulmasından ibarətdir. Eləcə də medikamentoz terapiya göstəriş hesab olunur.

  • İstmiko-servikal çatışmazlığın yaranma səbəbləri
  • İstmiko-servikal çatışmazlığın təsnifatı
  • İstmiko-servikal çatışmazlığın əlamətləri
  • İstmiko-servikal çatışmazlığın diaqnostikası
  • İstmiko-servikal çatışmazlığın müalicəsi

İstmiko-servikal çatışmazlıq barədə ümumi məlumat

İstmiko-servikal çatışmazlıq (İSÇ) – hamiləlik patologiyası olub, daxili əsnək nayiyəsində yerləşən əzələlərin zəifləməsi, döl və onun qişalarını saxlaya bilməməsi nəticəsində inkişaf edir. Mamalıq sahəsində belə hala hər 10-cü xəstədə rast gəlinir, patologiya çox zaman II trimestrdə yaranır, nadir hallarda hamiləliyin 28-ci həftəsindən sonra aşkarlanır. İstmiko-servikal çatışmazlığın təhlükəliyi erkən simptomatikanın olmaması ilə əlaqədardır, halbuki bu patoloji hal hamiləliyin son mərhələlərində dölün ölümünə və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Əgər qadında adəti düşüklər müşahidə olunursa, təxminən 25% hallarda bu vəziyyətin səbəbi İSÇ sayılır.

İstmiko-servikal çatışmazlıq zamanı daxili əsnək nahiyəsində əzələ tonusunun azalması qeyd olunur, bu da onun tədricən açılmasına gətirib çıxardır. Nəticədə döl qişalarının bir hissəsi uşaqlıq boynunun mənfəzinə sallanır. Bu mərhələdə istmiko-servikal çatışmazlıq uşaq üçün real təhlükə hesab olunur, belə ki, hətta cüzi yüklənmə və ya aktiv hərəkət döl kisəsinin tamlığını pozaraq, vaxtından qabaq doğuşa və ya dölün ölümünə səbəb ola bilər. Bundan əlavə cinsi yolllarda həmişə müəyyən mikroflora olduğundan İSÇ zamanı dölün infeksiyalaşması halları da mümkündür.

İstmiko-servikal çatışmazlığın səbəbləri

İstmiko-servikal çatışmazlığın səbəbləriİstmiko-servikal çatışmazlığın etiologiyası uşaqlıq sfinkterini formalaşdıran əzələ liflərinin tonusunun azalması ilə izah olunur. Uşaqlıq sfinkterinin əsas rolu uşaqlıq boynunun doğuş fəaliyyətinin başlanmasına kimi  bağlı vəziyyətdə qalmasını təmin etməkdər ibarətdir.  İstmiko-servikal çatışmazlıq zamanı bu mexanizm pozularaq, servikal kanalın vaxtından qabaq açılmasına gətirib çıxarır. Əksər hallarda istmiko-servikal çatışmazlığın səbəbi anamnezdə uşaqlıq boynunun travmatik zədələnməsi hesab olunur. Gecikmiş abortlar, cırılmalar, cərrahi doğuşlar (mamalıq maşalarının qoyulması) keçirmiş qadınlarda istmiko-servikal çatışmazlığın yaranma ehtimalı yüksəlir.

İstmiko-servikal çatışmazlıq çox zaman dölparçalayıcı əməliyyatlar, çanaq gəlişi ilə doğuşlar və uşaqlıq boynunda aparılan cərrahi müdaxilələrdən sonra inkişaf edir. Bu amillər serviksin zədələnməsinə və əzələ liflərinin ayrı-ayrılıqda yerləşməsinin pozulmasına səbəb olaraq, onların yetərsizliyinə gətirib çıxardır. Eləcə də hamilə qadının reproduktiv orqanlarının anomal quruluşu ilə bağlı anadangəlmə anomaliyalar istmiko-servikal çatışmazlığın etioloji amillərindən sayılır.  Çox nadir hallarda anadangəlmə istmiko-servikal çatışmazlıq müşahidə olunur, belə hallarda patologiyanı hətta mayalanmanın baş vermədiyi hallarda da aşkar etmək mümkündür: ovulyasiya zamanı servikal kanalın 0,8 sm-dən çox açılması qeyd olunur.

Nadir hallarda istmiko-servikal çatışmazlıq hiperandrogeniya- xəstənin qanında kişi cinsi hormonlarının yüksək konsentrasiyası fonunda izlənilir. Bu problemin progesteron çatışmazlığı ilə müştərəkliyi patologiyanın yaranma ehtimalını yüksəldir. İstmiko-servikal çatışmazlıq zamanı çoxdöllülük ağırlaşdırıcı rol daşıyır. Uşaqlıq boynuna yüksək təzyiqlə yanaşı belə hallarda çox zaman relaksin hormonunun sintezinin artması aşkar edilir. Elə bu səbəbdən bəzən istmiko-servikal çatışmazlığa qonadotropin vasitəsilə ovulyasiyanın induksiyası aparılan qadınlarda rast gəlinir. Patologiyanın yaranma ehtimalı iri döl, dölyanı mayenin çoxluğu, ananın zərərli vərdişlər, hamiləlik dövründə ağır fiziki əmək zamanı daha da artır.

İstmiko-servikal çatışmazlığın təsnifatı

Etiologiyaya əsasən itmiko-servikal çatışmazlığın 2 növü qeyd olunur:

  • Travmatik. Anamnezində servikal kanalda aparılan, çapıqla nəticələnən invaziv manipulyasiyalar və əməliyyatlar olan qadınlarda aşkarlanır. Çapıq toxuması dölün uşaqlıq boynuna təzyiqi zamanı yüksək yüklənməyə davam gətirə bilməyən birləşdirici toxuma elementlərindən ibarətdir. Bu səbəbdən anamnezində cırılmalar olan qadınlarda travmatik istmiko-servikal çatışmazlıq mümkündür. Bu növ İSÇ adətən II-III trimestrdə -uşaqlığın çəkisinin artdığı dövrlərdə qeyd olunur.
  • Funksional. Funksional istmiko-servikal çatışmazlıq əksər hallarda hormonal fonun pozulması –hiperandrogeniya və ya progesteron çatışmazlığı ilə bağlı olur. Adətən embriogenezin 11-ci həftəsindən sonra yaranır, bu da döldə daxili sekresiya vəzilərinin fəaliyyətinin başlanması ilə izah olunur. Dölün endokrin orqanları androgen hasil edir, bu hormonlar qadın orqanizmində sintez olunan digər maddələrlə birgə əzələ tonusunun zəifləməsinə və servikal kanalın vaxtından qabaq açılmasına gətirib çıxardır.

İstmiko-servikal çatışmazlığın əlamətləri

İstmiko-servikal çatışmazlığın əlamətləriKlinik olaraq istmiko-servikal çatışmazlıq demək olar ki, təzahür etmir. Simptomlar zamanı patologiyanın əlamətləri dəyişikliklərin yarandığı müddətdən asılı olur. I trimestrdə ağrı ilə müşayiət olunmayan yaxılan qanlı ifrazat istmiko-servikal çatışmazlığa dəlalət edə bilər. Hamiləliyin gec mərhələlərində (embriogenezin 18-20-cü həftələrindən sonra) İSÇ dölün ölümünə və buna müvafiq olaraq düşüklərə səbəb olur. Qadınlarda yaxılan qanlı ifrazat, bel və qarın nahiyəsində diskomfort müşahidə olunur.

İstmiko-servikal çatışmazlığın spesifikliyi ondan ibarətdir ki, hətta müntəzəm qaydada ginekoloq qəbulunda olduqda belə, aşkar klinik simptomatikanın olmaması ilə əlaqədar çox vaxt patoloji dəyişikliyi vaxtında müəyyən etmək mümkün olmur. Bu da patogen mikrofloranın yoluxma ehtimalını azaltmaq məqsədilə hər dəfə konsultasiya zamanı obyektiv ginekoloji baxışın aparılmaması ilə izah olunur. Lakin bununla belə ginekoloji müayinə prosesində istmiko-servikal çatışmazlığı aşkar etmək heç də həmişə mümkün olmur. Uşaqlıq boynunun həddindən artıq yumşalması və ya uzanması intrumental diaqnostikanın aparılması üçün səbəb hesab olunur. Məhz bu əlamətlər əksər hallarda istmiko-servikal çatışmazlığın yaranmasından xəbər verir.

İstmiko-servikal çatışmazlığın diaqnostikası

Ultrasəs skanlama – istmiko-servikal çatışmazlığın diaqnostikasında ən informativ üsul sayılır. Uşaqlıq boynunun qısalması patologiyanın xarakterik əlaməti hesab olunur. Normada bu göstərici embriogenezin mərhələsindən asılı olaraq müxtəlif olur: hestasiyanın 6-cı ayına qədər- 3,5-4,5sm, gec dövrlərdə- 3-3,5sm təşkil edir. İstmiko-servikal çatışmazlıq zamanı bu göstəricilər azalır. Kanalın 25mm-ə qədər azalması düşük və ya vaxtından qabaq doğuş təhlükəsinə dəlalət edir.

Uşaqlıq boynunun V-şəkilli açılması – istmiko-servikal çatışmazlığın xarakter əlaməti sayılır, bu hala həm ilk dəfə, həm də təkrar doğan qadınlarda rast gəlinir. Uşaqlıq boynunun V-şəkilli açılması ultrasəs monitorinq zamanı aşkarlanır. Bəzən diaqnozun təqdiqlənməsi məqsədilə skanlama zamanı əlavə yüklənmə ilə sınaq aparılır- xəstədən öskürməsi xahiş olunur və ya uşaqlıq boşluğunun dib hissəsinə təzyiq olunur. Doğan qadınlarda bəzi hallarda istmiko-servikal çatışmazlıq uşaqlıq boynunun bütün hissələrində mənfəzin genişlənməsi ilə müşayiət olunur. Qadın risk qrupuna aid olduqda və ya İSÇ-nın dolayı əlamətləri müşahidə olunduqda ayda 2 dəfə monitorinq aparılmalıdır.

İstmiko-servikal çatışmazlığın müalicəsi

İstmiko-servikal çatışmazlıq zamanı ciddi yataq rejimi təyin olunur. Hamilə qadın neqativ amillərdən: stress, zərərli əmək şəraiti, intensiv fiziki yüklənmələrdən uzaq durmalıdır. Xəstənin vəziyyəti və patoloji dəyişikliklərin ifadəliyinə əsaslanaraq mama-ginekoloq hamiləliyin sonrakı gedişi haqda qərar qəbul edir. İstmiko-servikal çatışmazlıq zamanı konservativ terapiya uşaqlıq yoluna dölün uşaqlıq boynuna təzyiqini azaldan Meyer üzüyünün qoyulmasından ibarətdir. Prosedur embriogenezin 28-ci həftəsinə kimi və daha sonra əsnəyin azacıq açılması hallarında aparılır.

İstmiko-servikal çatışmazlıq zamanı aparılan cərrahi müdaxilə hamiləliyin doğuşun ehtimal olunan gününə kimi davam etdirilməsinə imkan verir. Uşaqlıq boynunun vaxtından qabaq açılmasının qarşısını almaq üçün həmin nahiyəyə tikiş qoyulur. Əməliyyat narkoz altında aparılır, onun tətbiqi üçün aşağıdakı şərtlər olmalıdır: döl qişalarının tamlığı və dölün həyat qabiliyyətinin olması, hamiləliyin müddətinin 28 həftədən çox olmaması, patoloji ifrazat və döl orqanları tərəfindən infeksion prosesin aşkarlanmaması. İstmiko-servikal çatışmazlıq zamanı tikiş və pessarium embriogenezin 37-ci həftəsində, eləcə də doğuş başlandıqda, döl kisəsinin deşilməsi, fistulanın yaranması və ya qanlı yaxılan axıntının olması hallarında xaric edilir.

Konservativ terapiya zamanı və postoperasion dövrdə istmiko-servikal çatışmazlıqlı xəstələrə infeksiyanın inkişafının qarşısını alan antibakterial preparatlar təyin edilir. Həmçinin spazmolitiklərin, uşaqlığın hipertonusu zamanı isə tokolitiklərin istifadəsi göstəriş hesab olunur. İstmiko-servikal çatışmazlığın funksional formasında əlavə olaraq hormonal vasitələr qəbul edilə bilər. Hamiləliyin təbii doğuşla başa çatdırılması mümkündür.

İstmiko-servikal çatışmazlığın proqnoz və profilaktikası

İstmiko-servikal çatışmazlıq zamanı qadın hamiləliyi doğuşun ehtimal olunan gününə kimi davam etdirə bilər. Əzələ sfinkterinin zəifliyi nəticəsində sürətli doğuş riski artır, bu halın yaranma ehtimalı olduqda hamilələr hospitalizasiya olunur.

İstmiko-servikal çatışmazlığın profilaktikası vaxtında müayinə və aşkar olunan xəstəliklərin (xüsusən hormonal) hələ hamiləliyin planlaşdırılması dövründə müalicəsindən ibarətdir. Mayalanmadan sonra qadın əmək və istirahət rejimini normallaşdırmalıdır. Stress halları, ağır fiziki yüklənmələr istisna olunmalıdır. Mütəxəssislər tərəfindən qadının vəziyyətinə xüsusi diqqət yetirilməlidir və onun İSÇ-nın inkişafı üzrə risk qrupuna daxil olması mümkün qədər tez müəyyənləşdirilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: