Kəskin vaginit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2966

kəskin vaginit nədir?Kəskin vaginit – uşaqlıq yolunun selikli qişasının infeksion və ya qeyri-infeksion xarakterli qızğın gedişli iltihabı prosesdir. Kəskin vaginitin əlamətlərinə uşaqlıq yolu nahiyəsində hiperemiya, qaşınma və göynəmə, gür atipik ifrazat, dispareuniya, ağrılı sidik ifrazı aiddir. Diaqnoz ginekoloji baxış, pH-metriya, vaginal sekretin mikrobioloji, seroloji və PZR-müayinələrin nəticələrinə əsasən qoyulur. Kəskin vaginitin müalicəsində əsas məqsəd etioloji amilin aradan qaldırılmasından ibarətdir, bu da uşaqlıq yolunun sanasiyası, iltihabəleyhinə, antimikrob terapiya və sonrakı mərhələdə mikrofloranın normallaşdırılması ilə əldə edilir.

  • Kəskin vaginitin yaranma səbəbləri
  • Kəskin vaginitin təsnifatı
  • Kəskin vaginitin əlamətləri
  • Kəskin vaginitin diaqnostikası
  • Kəskin vaginitin müalicəsi

Kəskin vaginit barədə ümumi məlumat

Kəskin vaginit (kolpit) infeksiya, allergen, kimyəvi qıcıqlandırıcılar, yüksək temperaturun təsirindən uşaqlıq yolu dəhlizinin və divarlarının selikli qişasının aydın nəzərə çarpan iltihabi dəyişiklikləridir. Reproduktiv yaşlı qadınlar arasında xronikləşməyə və residivləşməyə meylli kəskin vaginitin yüksək yayılma tezliyi qeyd olunur. Patologiya əksər hallarda vulva (vulvovaginit), sidik kanalı və uşaqlıq boynunun iltihabı ilə müştərək şəkildə inkişaf edir. Kəskin formanın davametmə müddəti 2 həftədən, yarımkəskin formada isə 2 aydan çox olmur. Kəskin vaginit daimi və əhəmiyyətli diskomfort törədir, cinsi həyatı pozur, digər reproduktiv orqanların (uşaqlıq, yumurtalıqların) iltihabi prosesə cəlb olunmasına, hestasiya dövründə isə bətndaxili infeksiyalaşmaya, dölün inkişaf qüsurlarının formalaşmasına, hamiləliyin pozulmasına səbəb olur.

Kəskin vaginitin yaranma səbəbləri

Kəskin vaginitin səbəbləriKəskin vaginitin inkişafında infeksion amillər-bakteriyalar, ibtidailər, viruslar, göbələklər əsas rol oynayır. Əksər hallarda etioloji agentlər qismində cinsi akt zamanı (CYKİ) xaricdən daxil olan və ya digər infeksiya ocaqlarından (məsələn vərəm mənşəli) yayılan mikroorqanizmlər iştirak edir. Xəstəliyin təkanverici amillərinə uşaqlıq yolunun normal biotopunun pozulması- saprofit mikrofloranın həddindən artıq çoxalması və laktobakteriyaların titrinin azalması fonunda onun virulentlik əldə etməsi aiddir. Bu, pH-ın qələviləşməsinə, vaginal sekretin tərkib və immunoloji xüsusiyyətlərinin dəyişməsinə  gətirib çıxarır.

Kəskin vaginitin inkişafına ümumi və yerli rezistentliyin azalması (qlükokortikoidlər, KOK, antibiotiklərin qəbulu, stress, hipovitaminoz fonunda), uşaqlıq yolunun epitel qatının tamlığının pozulması (yad cisimlərlə zədələnməsi, abort, diaqnostik qaşınma, histeroskopiya, UDS-in qoyulması zamanı), hormonal disbalans (hipoestrogeniya, hipotireoz, menopauza, hamiləlik), metabolik pozğunluqlar (şəkərli diabet) səbəb olur. Uşaqlıq yolunun strukturunun dəyişməsi (divarlarının enməsi, cinsi yarığın aralanması) və cinsiyyət orqanlarının selikli qişalarının damar-trofik pozğunluqları vaginal seliyin müdafiə xüsusiyyətlərinin azalmasına təsir edir.

Cinsi partnyorların tez-tez dəyişdirilməsi, qorunmamış cinsi akt, şəxsi və intim gigiyenaya riayət edilməməsi, kimyəvi, termiki və allergik amillər (yanıqlar, sintetik alt paltarlarının istifadəsi, prezervativ, spermisid, antiseptiklər, intim gigiyena vasitələri, paltarlar üçün nəzərdə tutulan kondisionerlərə qarşı yüksək həssaslıq) kəskin vaginitin inkişafına gətirib çıxara bilər. Qız uşaqlarında infeksiyanın hematogen yolla digər ocaqlardan (məsələn, skarlatina zamanı) yayılması, diatez, helmintozlar, cinsiyyət orqanlarının qeyri-qənatbəxş gigiyenası, uşaqlıq yoluna yad cismin düşməsi zamanı kəskin vaginitin formalaşması mümkündür.

Kəskin vaginitin təsnifatı

Kəskin vaginit infeksion (bakterial, göbələk, protozoy, virus, qarışıq) və qeyri-infeksion (allergik, kimyəvi, termiki) mənşəli olur. Uşaqlıq yolunun infeksion iltihabı törədicinin tipindən asılı olaraq spesifik (qonoreya, sifilis, trixomonad, xlamidiya, mikoplazma, vərəm mikobakteriyaları və s.) və qeyri-spesifik formalara ayrılır.

Qeyri-spesifik (aerob) kəskin vaginitlər adətən enterobakteriyalar (E.coli, Enterobacter spp., Enterococcus spp., Proteus mirabilis və s.), streptokokk və stafilokokklar (Str. pyogenes., Staph.aureus), difterioidlər tərəfindən törədilir. Göbələk mənşəli kəskin vaginitlərin (vaginal kandidoz) başlıca amilı Candida cinsindən olan mayayabənzər göbələklər, virus mənşəli formalarda isə genital herpesin (HSV-2) və papillomavirus infeksiyanın törədiciləri hesab olunur. Kəskin vaginitin qarışıq etioloji formalarına- protozoy-bakterial, göbələk-bakterial, göbələk-allergik və s.) da rast gəlinir.

Xəsətliyin risk amillərindən asılı olaraq, abort, doğuş, əməliyyatdan sonra yaranan və allergik vaginitlər ayırd edilir. Vaginal ekssudatın tipinə əsasən vaginitlər seroz, seroz-irinli, qanqrenoz; selikli qişanın dəyişikliklərinin xarakterinə görə sadə, makulyoz, qranulyoz formalara bölünür. Xəstənin yaşını nəzərə almaqla qızlarda, reproduktiv və menopauza dövründə olan qadınlarda yaranan vaginitlər qeyd olunur.

Kəskin vaginitin əlamətləri

Kəskin vaginitin əlamətləriKəskin vaginitin müxtəlif formaları ifadəli əlamətlərə və sürətli gedişə malik olur, çox zaman vulvit, uretrit, endoservisitlə müşayiət edilir. Xəstələr uşaqlıq yolu və xarici cinsiyyət orqanları nahiyəsində davamlı qaşınma, dispareuniya, sidik ifrazı zamanı kəskin ağrı, cinsi yollardan axan gur patoloji ifrazatdan (irin, bəzən qan qarışıqlı və ya xoşagəlməz iyli) şikayət edir. Uşaqlıq yolunun divarları və dəhlizinin hiperemiyası, ödemi, qanamaya meylliliyi, ağır formalarda isə epitel qatın deskvamasiyası, eroziya və xoralar aşkarlanır.

Kəskin trixomonad vaginit selikli- irinli xarakterli, üfunətli, köpüklü gur ifrazatın yaranması, uşaqlıq boynunun prosesə qoşulması zamanı «çiyələyəbənzər serviks» əlaməti ilə seçilir. Qonoreya mənşəli kəskin vaginit üçün çoxlu miqdarda irinli qatı ifrazat, sifilis genezli formalarda xarici cinsiyyət orqanları və uşaqlıq yolunun xoralı zədələnmələri xarakterik əlamət sayılır. Qeyri-spesifik vaginit sarı-yaşıl axıntı ilə müşayiət olunur. Vaginal kandidozlar zamanı bozumtul-ağ kəsmiyəbənzər ifrazat, uşaqlıq yolunun divarları və dəhlizində ərplər, vulvanın eroziyaları qeyd edilir.

Herpetik kəskin vaginitdə ağrılı xoralar və selikli qişanın müxtəlif zədələnmələri, papillomatoz formalarda isə uşaqlıq yolu, vulva, qasıq nahiyəsində ağ və ya bənövşəyi ağrılı ziyillər izlənilir. Allergik vaginit çox zaman allergiyanın digər formaları – mövsümi rinit (ot qızdırması), astma, atopik dermatit fonunda təzahür edir.

Kəskin vaginit müalicə olunmadıqda reproduktiv traktın və sidik yollarının xroniki residivləşən iltihabi prosesləri ilə əvəz olunur, hamiləlik dövründə döl və dölyanı mayenin infeksiyalaşması (xorioamnionit), döl kisəsi qişalarının vaxtından əvvəl cırılması, hamiləliyin pozulması, doğuşdan sonrakı endometrit, yenidoğulmuşun pnevmoniyası, qadınlarda sonsuzluq təhlükəsi yaradır.

Kəskin vaginitin diaqnostikası

Kəskin vaginitin diaqnostikası kliniki-laborator müayinələrin- ginekoloji baxış, skrininq testlər (pH-metriya), Nativ və ya Qramm üsulu ilə rənglənmiş vaginal yaxmanın mikroskopiyası, uşaqlıq yolu, uretra və servikal kanaldan götürülmuş ifrazatın kultural analizi, PZR və seroloji üsulların (İFA, İFR,  birbaşa immunoflüoressensiya) nəticələrinə əsasən qoyulur.

Qeyri-spesifik kəskin vaginit zamanı bakterioskopik müayinədə leykositlərin artması (>10), soyulan epitel hüceyrələri (10 və daha artıq), çoxlu miqdarda qram-müsbət və qram-mənfi mikroflora aşkarlanır. Vaginal seketin pH səviyyəsinin yüksəlməsi (pH> 6,5) xarakterik əlamət sayılır. Bakterioloji analizin köməyilə kəskin vaginitlərin törədicilərinin identifikasiyası, vaginal biotopun kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, antimikrob preparatlara həssaslığın təyini aparılır.

Serodiaqnostikanın nəticələri törədicinin antigenlərinə qarşı yüksək spesifik anticisimlərin – IgM, IgG и IgA titrini və infeksion prosesin mərhələlərini müəyyən etməyə imkan verir. IgE-nin yüksək konsentrasiyası allergik mənşəli kəskin vaginitin markeri sayılır. Sifilisə şübhə yarandıqda spesifik seroloji treponem reaksiyalar tətbiq olunur. PZR geniş spektrli törədicilərin aşkarlanmasında – xəstənin «mikrobioloji pasportunun» yaranmasında iştirak edir. Kolpitin müxtəlif etiologiyalı formaları arasında, eləcə də kəskin vaginitlə bakterial vaginozun differensial diaqnostikası aparılır.

Kəskin vaginitin müalicəsi

Kəskin vaginitin müalicəsi kompleksşəkilli olub, iltihabın etioloji amilləri nəzərə alınmaqla icra olunur. Müalicə uşaqlıq yolu və vulvanın yerli sanasiyası, sistemli etiotrop terapiya, vaginal mikrofloranın normallaşdırılmasından ibarətdir. Bəzi hallarda eyni zamanda cinsi partnyorun da müalicəsi tələb olunur.

Etiotrop (antibakterial, antimikotik, antivirus) preparatlar yerli –vaginal (şam, kürəciklər, kapsullar, krem şəklində) və sistemli formada –peroral və əzələdaxilinə tətbiq oluna bilər. Bakterial vaginitlər zamanı antibiotiklər törədicinin həssaslığına əsasən təyin olunur: sifilis mənşəli formalarda penisillin, makrolidlər, sefalosporinlər; qonoreya genezli vaginitlərdə penisillin, tetrasiklin, flüorxinolonlar daxilə qəbul edilir və ya əzələ daxilinə yeridilir. Xlamidiya, mikoplazma, ureaplazma mənşəli kəskin vaginitlərdə doksisillin, azitromisin, ofloksasin effektivdir.

Qeyri-spesifik kəskin vaginit zamanı yerli müalicə – antiseptik təsirli vaginal suppozitoriyalar və mazlar, kompleks preparatlar, dezinfeksiyaedici məhlullar (hidroksimetilxinoksalindioksid, miramistin), furasillin, kalium-permanqanat məhlulları, dərman bitkilərinin dəmləmələri ilə vannaların tətbiqi kifayət edir. Kandidoz vaginitlərdə vaginal şam və krem şəklində antimikotiklər (ketokonazol, klotrimazol, itrakonazol), yerli qeyri-spesifik vasitələr (natrium-tetraborat), flükonazol (peroral) təyin olunur. İfadəli qaşınma hallarında desensibilizəedici və sedativ preparatlar, kortikosteroid mazlar göstəriş sayılır. Trixomoniaz zamanı nitroimidazollar (peroral və yerli) müsbət nəticələr verir. Herpetik vaginit antivirus vasitələr (daxilə), şam, asiklovir, bromnaftaxinon məlhəmləri ilə tamponların qoyulması tələb olunur. Bağırssq və uşaqlıq yolunun biosenozunun normalizasiyası məqsədilə eubiotiklərdən istifadə edilir.

Müalicə müddətində gigiyena qaydalarına əməl etmək, cinsi əlaqədən imtina, qida rasionundan kəskin, duzlu, hisə verilmiş, yağlı qidaların istisna olunması, qənnadi məmulatlarının azaldılması məsləhət görülür. Müalicənin nəticəsi normosenozun laborator göstəricilərinə əsasən təsdiqlənir.

Kəskin vaginitin profilkatikası düzgün gigiyenik və sağlam vərdişlərin formalaşmasından, təsadüfi cinsi əlaqələrin istisna edilməsindən, tampon, ətirli intim gigiyena vasitələri, sintetik alt paltarların istifadəsinin məhdudlaşdırılmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: