Klimaks zamanı uşaqlıq qanaxmaları
Klimaks zamanı uşaqlıq qanaxmaları – cinsi yollardan axan müxtəlif intensivlikli qanlı ifrazat olub, aybaşı funksiyasının sönməsi fonunda və ya onun kəsilməsindən sonra yaranır. Klimakterik qanaxmalar davam etmə müddəti, dövriliyi, qanaxmanın həcmi, ifrazatın xarakterinə (laxtaların olması) görə fərqlənir. Uşaqlıq qanaxmaları disfunksional və üzvi mənşəli olur. Klimaks zamanı uşaqlıq qanaxmalarının səbəbini təyin etmək məqsədilə ginekoloji müayinə və USM ilə yanaşı, histeroskopun nəzarəti altında diaqnostik qaşınma, sıyrıntının histoloji analizi aparılır. Klimakterik qanaxmaların müalicə taktikası (konservativ və ya cərrahi) onun səbəbinə əsasən təyin olunur.
- Klimaks zamanı uşaqlıq qanaxmalarının təsnifatı
- Klimaks zamanı uşaqlıq qanaxmalarının yaranma səbəbləri
- Klimaks zamanı uşaqlıq qanaxmalarının əlamətləri
- Klimaks zamanı uşaqlıq qanaxmalarının diaqnostikası
- Klimaks zamanı uşaqlıq qanaxmalarının müalicəsi
Klimaks zamanı uşaqlıq qanaxmaları barədə ümumi məlumat
Klimaks zamanı uşaqlıq qanaxmaları – premenopauza, menopauza və ya postmenopauza dövründə cinsi orqanlardan qanın spontan şəkildə xaric olmasıdır. Bu patoloji vəziyyət 45-55 yaşlı qadınların ginekolji şöbələrdə hospitalizasiya olunmasının ən geniş yayılmış səbəbi hesab olunur. Qanaxmanın yaranma səbəbləri və müalicə taktikası klimaksın dövründən asılıdır. Tədqiqatların nəticələrinə əsasən klimaks zamanı uşaqlıq qanaxmaları 25% hallarda – uşaqlığın mioması, 20% hallarda – endometrioz, 10% hallarda isə endometriumun polipləri ilə müştərək şəkildə inkişaf edir. Qanlı ifrazatın intensivliyi, davam etmə müddəti və həcmindən asılı olmayaraq, klimakterik qanaxmaları olan qadın mütləq həkim nəzarəti altında olmalıdır, çünki patologiya nəinki dishormonal pozğunluqlar və uşaqlığın xoşxassəli dəyişiklikləri fonunda inkişaf edir, həmçinin bədxassəli şişlərlə əlaqədar yarana bilər.
Klimaks zamanı uşaqlıq qanaxmalarının təsnifatı
Uşaqlıq qanaxmasının baş verdiyi klimaksın dövründən asılı olaraq, premenopauzal, menopauzal və postmenopauzal qanaxmalar ayırd edilir. Qanlı ifrazatın həcmi, davametmə müddəti, müntəzəmliyi və s. kimi əlamətlərə əsasən klimakterik qanaxmalar aşağıdakı tiplər üzrə gedə bilər:
- Menorragiya – premenopauza dövrünün gur siklik qanaxmaları;
- Metrorragiya – asiklik xarakterli qanaxmalar;
- Menometrorragiya – asiklik uşaqlıq qanaxmaları ilə gur aybaşının bir yerdə inkişafı;
- Polimenoreya – müntəzəm qısa intervallarla (21 gündən az) yaranan uşaqlıq qanaxmaları.
Premenopauzal dövrdə (menopauzadan 4-8 il əvvəl) qanaxmalar menometrorragiya, menopauza və postmenopauzada isə metrorragiya xarakteri daşıyır. Yaranma səbəblərinə görə uşaqlıq qanaxmaları bir sıra formalara bölünür: disfunksional, yatrogen, reproduktiv orqanların xəstəlikləri və ya ekstragenital patologiyalarla əlaqəli olan.
Klimaks zamanı uşaqlıq qanaxmalarının səbəbləri
Premenopauzal dövrdə uşaqlıq qanaxmaları adətən disfunksional olub, hipotalamo-hipofizar-yumurtalıq-uşaqlıq tənziminin involyusion pozğunluqlarının nəticəsində yaranır. Qonadotropinlərin sekresiyasının dövriliyinin pozulması follikulun yetişməsinin pozulmasına, sarı cismin natamamlığına və lütein çatışmazlığına gətirib çıxarır. Nisbi hiperestrogeniya və progesteronun mütləq çatışmazlığı zamanı proliferasiya fazası uzanır, sekresiya fazası isə qısalır. Klimaksın bu dövründə uşaqlıq qanaxmaları bir qayda olaraq, endometriumun hiperplaziyası (vəzili-kistoz, adenomatoz, atipik və ya endometriumun polipləri) fonunda baş verir. Buna nəinki yaşla bağlı yumurtalıqların fəaliyyətinin zəifləməsi, həmçinin mübadilə-endokrin pozğunluqları (piylənmə) və immunodepressiya da səbəb olur.
Yumurtalıqların disfunksiyasından əlavə, klimaks zamanı uşaqlıq qanaxmalarının yaranması üzvi genital patologiyalarla: atrofik vaginit, adenomioz, uşaqlığın fibromioması, endometriumun xərçəngi, yumurtalıqların hormonal-aktiv şişləri ilə bağlı olur. Əksər hallarda sadalanan xəstəliklər endometriumun hiperplastik transformasiyası ilə müşayiət olunur, klimakterik qanaxmaların patogenezi isə qarışıq xarakter daşıyır. Residivləşən klimakterik qanaxmalardan əziyyət çəkən qadınların anamnezində çox zaman abortlar, ginekoloji xəstəliklər, uşaqlıq və artımlarda aparılan əməliyyatlar qeyd olunur.
Bəzən klimaks zamanı uşaqlıq qanaxmalarına əvəzedici terapiya çərçivəsində hormonal preparatların qəbulu səbəb ola bilər. Eləcə də cinsi yollardan qanın axması ekstragenital xəstəliklər: hipotireoz, qaraciyərin sirrozu, koaqulopatiyalar və s. nəticəsində baş verə bilər. Fertillik qabiliyyətinin azalmasına baxmayaraq, menopauza dövründə hamiləliyin baş tutma ehtimalına əsasən qanaxmalar zamanı düşük və uşaqlıqdan kənar hamiləlik təhlükəsini inkar etmək lazımdır.
Klimaks zamanı uşaqlıq qanaxmalarının əlamətləri
Aybaşı siklinin davam etmə müddəti və xarakterinin pozulmaları klimakterik dövrün əvvəllərində-premenopauzada qeyd olunur. Bu dövrdə aybaşının müntəzəmliyi pozula bilər. Menstruasiya 2-3 ay ərzində müşahidə olunmadan yenidən bərpa oluna bilər. Aybaşı qanaxmalarının intensivliyi dəyişir-aybaşı qanı azalır və ya gur olur. Bu pozğunluqlar orqanik mənşəli olmadıqda premenopauzanın normal halı hesab olunur.
Qanaxma xarakteri daşıyan həddindən artıq gur aybaşı zamanı (gigiyenik bez hər 1 saatdan bir və ya daha tez dəyişildikdə), eləcə də menstrual ifrazatda qan laxtaları olduqda tez bir zamanda ginekoloqa müraciət etmək lazımdır. Aybaşı arası dövrdə və ya cinsi aktdan sonra yaranan qanaxmalar patologiya hesab olunur. Uzun müddət davam edən aybaşı, menstruasiyanın 3 aydan çox izlənilməməsi və ya aybaşı intervalının 21 gündən az olması ciddi narahatlıq doğurmalıdır.
Klimakterik qanaxmalardan əziyyət çəkən qadınların ümumi halı anemiyanın dərəcəsi, yanaşı gedən xəstəliklərə (hipertoniya xəstəliyi, qaraciyər və qalxanabənzər vəzinin patologiyaları, onkoloji xəstəliklərə) əsasən müəyyən olunur.
Klimaks zamanı uşaqlıq qanaxmalarının diaqnostikası
Klimaks zamanı uşaqlıq qanaxmaları geniş əhatəli patoloji hallardan xəbər verdiyindən, onun diaqnostikası hərtərəfli xarakter daşıyır. Diaqnostikanın I mərhələsi ginekoloqun və ya ginekoloq-endokrinoloqun müayinəsindən başlayır, həkim seçimində menopauza problemi üzrə mütəxəssislərə üstünlük verilir. Söhbət əsnasında xəstənin şikayətləri dəqiqləşdirilir, menoqramın analizi aparılır. Ginekoloji baxış zamanı həkim qanlı ifrazatın xarakter və intensivliyini, bəzən isə qanaxmanın mənbəyini təyin edə bilər. Müayinə zamanı qanaxma olmadıqda onkositologiyaya görə yaxma götürülür.
Növbəti diaqnostik mərhələdə kiçik çanaq orqanlarının transvaginal USM aparılmalıdır, bu üsul hamiləliyin inkarı və təsdiqi, uşaqlıq və yumurtalıqların patologiyaları barədə son rəy verməyə imkan verir. Klimakterik qanaxmalar zamanı aparılan laborator müayinələr qanın kliniki və biokimyəvi analizləri, koaquloqram, β-XQ, cinsi hormonlar və qonadotropinin səviyyəsinin təyini, tireoid panelin, lipid spektrinin müayinəsi və qaraciyər sınaqlarından ibarətdir.
Qanaxmaların mənbəyi və səbəbinin təyin edilməsində ən informativ üsul histeroskopiyanın nəzarəti altında aparılan diaqnostik qaşınma hesab olunur. Endometriumun sıyrıntısının histoloji analizi klimakterik qanaxmaların üzvi patologiyalar, o cümlədən blastomaztoz proseslər nəticəsində yaranan qanaxmalarla differensial diaqnostikasının aparılmasına imkan verir. İnstrumental diaqnostikanın köməkçi üsullarına submukoz və intramural miomaları, uşaqlığın poliplərini aşkar edən metodlar- histerosalpinqoqrafiya, kiçik çanağın MRT aiddir.
Klimaks zamanı uşaqlıq qanaxmalarının müalicəsi
Servikal kanal və uşaqlıq cisminin selikli qişasının diaqnostik qaşınması eyni zamanda həm diaqnostik, həm də müalicəvi xarakter daşıyır, bu da onun cərrahi hemostaz funksiyası daşıması ilə izah olunur. Hiperplaziyalaşmış endometriumun və ya qanayan poliplərin xaric edilməsindən sonra qanaxma dayanır. Sonrakı taktika patomorfoloji analizdən asılıdır. Uşaqlığın adenokarsinoması, endometriumun atipik hiperplaziyası panhisterektomiyanın aparılmasına göstəriş hesab olunur. Uşaqlığın iri ölçülü və ya çoxsaylı miomaları, düyünlü formalı adenomioz, fibromiomanın adenomiozla müştərəkliyi zamanı uşaqlığın cərrahi yolla çıxarılması: histerektomiya və uşaqlığın supravaginal amputasiyası məsləhət görülür.
Klimaks zamanı uşaqlıq qanaxmalarına səbəb olan xoşxassəli dishormonal proseslərdə konservativ müalicədən istifadə olunur. Klimakterik qanaxmaların residivlərinin profilaktikası məqsədilə vəzili epitelin və endometriumun stromasının atrofik dəyişikliklərinə səbəb olan gestagenlər təyin olunur. Bununla yanaşı, gestagenlərlə terapiya menopauzanın digər təzahürlərini zəiflədir. Son on illiklərdə klimaks zamanı uşaqlıq qanaxmalarının müalicəsində antiestrogen təsirli preparatlar (danazol, gestrinon) tətbiq olunur. Antiestrogenlər endometriuma təsir etməklə yanaşı, uşaqlığın miomasının ölçülərinin kiçilməsinə, mastopatiyanın əlamətlərinin azalmasına səbəb olur. Aybaşı funksiyasının sönməsi məqsədilə androgenlərin istifadəsi yalnız 50 yaşdan yuxarı qadınlarda mümkündür. Anamnezdə tromboemboliya, venaların varikoz xəstəliyi, tez-tez kəskinləşən xroniki xolesistit və hepatitlər, arterial hipertenziya bütün qrup preparatlar üçün ümumi əks-göstəriş sayılır.
Klimakterik qanaxmalar zamanı hemostatik və anemiya əleyhinə preparatların tətbiqi köməkçi xarakter daşıyır. Endokrin-metabolik dəyişikliklər (piylənmə, hipotireoz, hiperqlikemiya, hipertenziya) aşkar olunduqda endokrinoloq, diabetoloq, kardioloqun müşahidəsi altında onların medikamentoz və dietik korreksiyası aparılır.
Aparılan müalicə fonunda və ya ondan sonra uşaqlıq qanaxmalarının residivləri adətən aşkar olunmamış üzvi xəstəliklərə (submikoz miomatoz düyünlər, poliplər, endometrioz, yumurtalıqların şişinə) dəlalət edir. Klimakterik qanaxmalar zamanı onkoloji xəstəliklərdən şübhələnmək lazımdır, çünki bu yaş dövründə olan qadınların 5-10%-də qanlı ifrazatın səbəbi endometriumun xərçəngidir. Klimaks dövrünə daxil olan qadınlar öz sağlamlıqlarına xüsusi diqqət yetirməli, anomal qanaxmalar zamanı təcili olaraq mütəxəssisə müraciət etməlidirlər.