Menorragiya

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 3639

menorragiya nədir?Menorragiya (gur aybaşı) – aybaşı zamanı fizioloji normadan artıq (~150 ml) qanitirmə ilə xarakterizə olunur. Qadın cinsiyyət sisteminin iltihabı xəstəlikləri, uşaqlığın mioması, yumurtalıqların disfunksiyası, neyro-psixi yorğunluqların əlaməti ola bilər. Menorragiya anemiyanın inkişafı, əmək qailiyyətinin və qadının həyat keyfiyyətinin pozulmasına gətirib çıxarır. Digər ağırlaşmalar əsas xəstəliyin səbəbindən asılıdır. Diaqnoz anamnestik məlumatlar, ginekoloji baxış, kiçik çanaq orqanlarının USM vasitəsilə qoyulur. Zərurət olduqda biopsiya və sitoloji müayinələr aparılır. Menorragiyanın müalicəsi terapevtik və ya cərrahi ola bilər.

  • Menorragiyanın əlamətləri
  • Menorragiyanın əsas səbəbləri
  • Menorragiyanın diaqnostikası
  • Menorragiyanın terapevtik müalicəsi
  • Menorragiyanın cərrahi müalicəsi
  • Menorragiyanın cərrahi müalicəsi
  • Yeniyetmələrdə menorragiya
  • Menorragiyanınprofilaktikası

Menorragiya barədə ümumi məlumat

Menorragiya hipermenstrual sindromun (gur aybaşı) bir forması sayılır, bu zaman müntəzəm aybaşı qanaxması 7 gündən çox, qanitirmənin ümumi həcmi isə 100-150 ml-dən artıq olur. Güclü və uzunmüddətli aybaşı qadınların 30%-ni narahat edir, lakin onların heç də hamısı bu problemlə ginekoloqa müraciət etmir. Menarxe ilə eyni zamanda yaranan birincili və normal aybaşıdan sonra inkişaf edən ikincili menorragiyalarayırd edilir.

Menorragiyanın əlamətləri

Menorragiyanın əlamətləriMenorragiyanın əsas əlaməti qan laxtalarından ibarət uzunmüddətli və güclü aybaşı ifrazatıdır. Uzun müddət davam edən ifadəli qanitirmə ümumi halın pisləşməsi, halsızlıq, başgicəllənmə, bayılma anemiya ilə təzahür edən anemiyaya səbəb olur. Çox zaman menorragiyalar zamanı diş əti və damaqdan qanaxmalar, bədəndə göyərmə və qançırlar izlənilir. Aybaşı o qədər güclü olur ki, qadın gigiyenik tampon və ya bezi hər saat, bəzən daha tez dəyişməyə məcbur qalır.

Menorragiyanın əsas səbəbləri

Menorragiyanın yaranmasına səbəb olan amillər aşağıdakılardır:

  • Hormonal qeyri-stabillik. Əsasən predklimakterik və klimakterik yaşlı qadınlarda müşahidə olunur. Bu fizioloji dövrlərdə hormonal fonun qeyri-stabilliyi menorragiyaların inkişaf riskini artırır.
  • Reproduktiv sistemin xəstəliklərimioma, poliplər, uşaqlığın adenomiozu, yumurtalıqların disfunksiyası. Orqanizmdə hormonal disbalans nəticəsində inkişaf edir və qadınların 80%-də menoragiyanın səbəbi hesab olunurlar.
  • Uşaqlıqdaxili kontraseptiv vasitələrin istifadəsi. Belə hallarda menorragiya arzuolunmaz yan təsir hesab olunaraq, bəzi hallarda uşaqlıqdaxili spiralın çıxarılması ilə nəticələnir.
  • Qanın laxtalanma sisteminin pozulması ilə əlaqədar xəstəliklər. (məsələn, K vitamininin çatışmazlığı, trombositopeniya), eləcə də laxtalanmaya təsir edən bəzi dərman preparatlarının (antikoaqulyantlar) qəbulu. Qanın laxtalanma sisteminin pozulmalarını müşayiət edən güclü qanaxmalar gur aybaşı-menorragiyalarla təzahür edir.
  • İrsi menorragiya. Çox zaman menorragiya ana xətti ilə ötürülən irsi xəstəlik olur.
  • Çanaq orqanları, qalxanabənzər vəzi, böyrəklər, qaraciyər, ürək xəstəlikləri. Menorragiya zamanı gur aybaşının endokrin və ümumi somatik səbəblərini istisna etmək üçün xəstəyə endokrinoloq və terapevtin müayinəsindən keçməlidir.
  • İzafi fiziki yüklənmələr, yorulmalar, stress halları, iqlim dəyişkənliyi. Orqanizmi yeni şəraitə və yüklənmələrə adaptasiya etməyə məcbur edən bütün amillər menorragiyanın inkişafına səbəb ola bilir.

Menorragiyanın diaqnostikası

Menorragiyanın səbəbləri«Menorragiya» diaqnozu pasiyentin şikayətləri və qanitirmənin əlamətlərinə əsasən qoyulur. İstənilən uşaqlıq qanaxmalarında hamiləlik, xüsusilə də uşaqlıqdan kənar hamiləlik inkar edilir. Hamiləlik və onunla bağlı patologiyanı inkar etmək məqsədilə hamiləlik testi – qanda xorionik qonadotropinin səviyyəsinin təyini aparılır.

Diaqnozun qoyulmasında anamnestik məlumatlar (dərman vasitələrinin qəbulu, əvvəlki hamiləliklər, doğuşların ağırlaşmaları və s.) mühüm əhəmiyyət kəsb edir. Menorragiyanın səbəblərini aşkar etmək üçün uşaqlıq yolu və uşaqlıq boynu müayinə olunur, yad cisim, travmatik zədələnmə, polip, şiş, iltihabi və ya atrofik dəyişikliklərin olması müəyyən edilir.

Uşaqlıq və yumurtalıq patologiyalarına şübhə olduqda diaqnostik müayinələr: kiçik çanaq orqanlarının USM, histeroskopiya, uşaqlıq boynunun biopsiyası, endometriumun qaşınması və toxumanın histoloji analizi tətbiq olunur. Laborator üsullarla hemoqlobinin miqdarı müəyyən edilir, qanın biokimyəvi analizi və koaquloqram testi aparılır, hormonal fon, onkomarkerlər – СА 19-9, СА-125 təyin olunur. Uşaqlıq boynunda xərçəngönü və ya xərçəng hüceyrələrinin aşkar edilməsi məqsədilə Papanikolau üsulu ilə yaxmanın sitoloji analizi icra olunur.

Menorragiyadan əziyyət çəkən qadınlara aybaşı təqvimi tutmaq-aybaşının davam etmə müddəti və ifrazatın xarakterini qeyd etmək məsləhət görülür. Qanitirmənin intensivliyi qadının bez və ya tamponu dəyişmə tezliyi ilə müəyyən edilir.

Menorragiyanın terapevtik müalicəsi

Menorragiyanın müalicə üsulu aybaşı qanaxmlarının səbəbi, intensivliyi və davametmə müddəti nəzərə alınmaqla seçilir. Özbaşına aparılan müalicə xəstəliyin ağırlaşmasına gətirib çıxarır.

Hormonal balansın tənzimi üçün uzunmüddətli hormonal kontrasepsiya təyin olunur. Oral kontraseptivlərin tərkibinə daxil olan progesteron və estrogen endometriumun həddindən artılq çoxalmasının qarşısını alır və aybaşı zamanı ifrazatın miqdarını 40%-dən çox olmaqla azaldır. Oral kontraseptivlər ginekoloq tərəfindən fərdi qaydada seçilir.

Menorragiyalı qadınlara dəmir çatışmazlıqlı anemiyanın qarşısını almaq məqsədilə dəmir preparatları məsləhət görülür. Rutin və askorbin turşusunun qəbulu qanitirmənin azalmasına kömək edir. Menorragiyanın müalicəsində qanlı ifrazatın miqdarı və davam etmə müddətinə təsir edən  iltihabəleyhinə preparatlar (ibuprofen) tətbiq olunur. Güclü qanaxmalar zamanı qansaxlayıcı preparatlar –etamzilat, kalsium xlorid və ya qlükonat, aminokapron turşusu təyin edilir. Hormonal disbalans zamanı homoepatik müalicə effektivdir.

Menorragiyanın müalicəsində həmçinin levonogestrel tərkibli uşaqlıqdaxili sistemdən istifadə olunur. Kontraseptiv təsir hesabına onlar endometriumun proliferasiyasının qarşısını alır, onun qalınlığını və qan təhcizatını azaldır. Lakin əgər menorragiya uşaqlıqdaxili kontraseptivin istifadəsi ilə əlaqədar baş verirsə kontraseptiv vasitə çıxarılmalı və qorunmanın digər üsullarından istifadə edilməlidir. Menorragiyalı qadınlara normal əmək və istirahət rejimi, düzgün qidalanma məsləhət görülür. Aybaşı qanaxmaları kəsildikdən sonra fizioterapevtik prosedurlar –ozokerit və diatermiya (10-15 seans) aparılır.  Bəzi hallarda cərrahi müdaxilə tələb olunur.

Menorragiyanın cərrahi müalicəsi

Menorragiyanın cərrahi müalicəsi aşağıdakı göstərişlər üzrə aparılır:

  • Menorragiyanın residivləşən gedişi;
  • Cinsiyyət orqanlarının fizioloji dəyişiklikləri və ya zədələnmələri;
  • Menorragiyanın medikamentoz terapiyasının qeyri-effektivliyi;
  • İfadəli dəmir çatışmazlıqlı anemiya.

Menorragiyalar zamanı diaqnostika və müalicə məqsədilə uşaqlığın hər hansı bir patologiyasını (məsələn, endometriumun poliplərini) aşkar etməyə imkan verən və onu aradan qaldıran histeroskopiyadan istifadə edilir. Uşaqlıq boşluğunun qaşınması müvəqqəti olaraq bir neçə aybaşı sikli ərzində qanaxmanı azaltmağa kömək edir.

Uzun müddətli və gur aybaşı qanaxmaları və ya fibromioma və poliplər zamanı histerektomiya – uşaqlığın cərrahi yolla xaric edilməsi tətbiq olunur. Bir sıra hallarda uşaqlığın supravaginal amputasiyası icra olunur. Menorragiyanın cərrahi müalicəsi əsasən 40 yaşdan yuxarı qadınlarda, cavan xəstələrdə isə yalnız çox ağır hallarda aparılır. Menorragiyaya səbəb olan qalxanabənzər vəzinin xəstəlikləri və şişləri medikamentoz və ya cərrahi yolla müalicə olunur.

Yeniyetmələrdə menorragiya

Yeniyetmələr üçün hormonal fonun qeyri-stabilliyi xarakterik olduğundan çox zaman 13-16 yaşlı qızlarda menorragiya müşahidə olunur.  Yeniyetmələrdə menorragiyanın əsas səbəbi endometriumun yetişməsi və ayrılmasına təsir edən progesteron və estrogen arasındakı balansın pozulmasıdır. Aybaşının ağırlaşmış gedişi qalxanabənzər vəzinin böyüməsi, qanın laxtalanma xüsusiyyətlərinin pozulması, cinsi infeksiyalar zamanı inkişaf edə bilər. Bundan əlavə koaqulopatiyaların irsi forması (hemostazın pozulması) yeniyetmələrdə menorragiyaların geniş yayılmış səbəblərindən sayılır.

Yeniyetmələrdə menorragiyanın gedişi ağır olduğundan belə hallarda pozğunluqların yaranma səbəbini aşkar etmək və onların korreksiya olunması məqsədilə təcili olaraq həkimə müraciət edilməlidir. Müalicə aparılmadıqda gələcəkdə bu xəstələrin 30%-də yumurtalıqların polikistozu inkişaf edir.

İlkin konsultasiyaya qızla bərabər ananın da gəlməyi və ailəvi anamnez, hamiləliyin gedişi, uşağın keçirdiyi məstəliklər barədə həkimi məlumatlandırmağı vacibdir. Həkim xəstənin antropometrik göstəricilərini (boy, çəki), habelə qızın inkişafına təsir edən patoloji prosesləri istisna etmək üçün ikincili cinsi əlamətlərin inkişaf dərəcəsini qiymətləndirir. Aybaşının başlanma tarixi, aybaşı siklinin gedişi və xüsusiyyətləri (siklin davametmə müddəti, aybaşı qanaxmasının müddəti, intensivliyi və ağrı ilə müşayiət olunması və s.) müəyyən edilir. Aybaşının yeniyetmənin ümumi halı və əmək qabiliyyətinə təsiri barədə suallara (qızın menorragiya səbəbindən dərs məşğələlərini buraxması, idmanla məşğul olması və s.) xüsusi diqqət yetirilir. Bu məlumatlar yeniyetmənin həm ümumi, həm də ginekoloji sağlamlığının mühüm göstəricisi hesab olunur.

Yeniyetmələrdə menorragiya zamanı anemiyanı aşkar etmək üçün mütləq hemoqlobinin səviyyəsi yoxlanmalıdır. Dəmir çatışmazlıqlı anemiyalarda xəstələrə dəmir preparatları təyin edilir. Aybaşı siklini tənzim etmək məqsədilə aşağı dozalı hormonal kontraseptivlərdən (1 həbdə estrogenin miqdarının 35 mkq-dən çox olmaması şərtilə) istifadə olunur. Qızlara aybaşı təqvimi tutmaq, aybaşı siklinin xüsusiyyətlərini fiksə etmək məsləhət görülür.

Menorragiyanın müalicəsinin effektivliyi təxminən 6 aydan sonra qiymətləndirilir, onun göstəricisi aybaşı qanaxmasının normal həcminin bərpası hesab olunur. Sağaldıqdan sonra belə xəstələr ildə 2 dəfə ginekoloq müayinəsindən keçməlidir.

Menorragiyanın profilaktikası

Menorragiya ciddi və təhlükəli xəstəliyin əlaməti olmasa da qadına narahatlıq törədərək, onun həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Menorragiyaların profilaktikası məqsədilə qadınlar güc tələb edən idmanla məşğul olmamalı, izafi fiziki yüklənmələr, stresslər, iqlim şəraitinin kəskin dəyişməsi halları istisna edilməlidir. Bu tədbirlərin qeyri-effektivliyi və ümumi halın pisləşməsi zamanı təcili olaraq həkimə müraciət etmək lazımdır.

B, C, fol turşusu, dəmirdən ibarət polivitamin komplekslərinin qəbulu menorragiyanın profilaktika üsullarına aiddir. Aybaşı təqviminin müntəzəm aparılması menorragiyaların yaranma tarixini müəyyən etməyə kömək edir, bu da vaxtında diaqnostik və müalicəvi tədbirlərin görülməsinə imkan verir.

Qanaxma hər zaman təxirəsalınmaz hal hesab olunur, bu səbəbdən qadın menorragiyalarla bağlı həkimə gec müraciət etməklə anemiyanın ağırlaşmasına, endometritin inkişaf riskinin yüksəlməsinə, qanın laxtalanma sisteminin göstəricilərinin pisləşməsinə səbəb olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: