Metroendometrit
Metroendometrit – uşaqlıq divarının əzələ və selikli qişasının iltihabı olub, miometrit və endometritin əlamətlərini özündə birləşdirir. Kəskin metroendometrit hipertermiya, intoksikasıya, qarnın aşağı hissəsində ağrı hissi, cinsi yollardan axan irinli ifrazatla təzahür edir. Xroniki metroendometrit seroz ifrazat, aybaşı funksiyasının pozulması və aybaşıarası qanaxmalarla müşayiət olunur. Diaqnoz ginekoloji baxış, exoqrafiya, materialın bakterioloji əkilməsinin nəticələrinə əsasən qoyulur. Kəskin formanın müalicəsi zamanı antibiotikoterapiya, dezintoksikasiya, xroniki metroendometritdə isə fizioterapiya, hormonoterapiya tətbiq olunur.
- Metroendometritin yaranma səbəbləri
- Metroendometritin əlamətləri
- Metroendometritin diaqnostikası
- Metroendometritin müalicəsi
Metroendometrit barədə ümumi məlumat
Metroendometrit endometriumun bazal qatı və ona söykənən miometriumu əhatə edən qarışıq tipli iltihabı prosesdir. Bir qayda olaraq, endometrit metritin yaranmasına səbəb olur. Metroendometritin müxtəlif formalarının ümumi populyasion tezliyi təyin olunmamışdır, lakin məlumdur ki, doğuşdan sonrakı dövrdə bu infeksion ağırlaşma zahıların 3-8%-də inkişaf edir, patoloji doğuşlar zamanı onun tezliyi 20%-ə qədər artır. Metroendometritin gecikmiş diaqnostikası və qeyri-rasional terapiyası generalizəolunmuş irinli–septiki ağırlaşmaların inkişafına, gələcəkdə isə uşaqlıq mənşəli sonsuzluğa gətirib çıxarır. Proqnozun ciddiliyi metroendometriti müasir mamalıq və ginekologiyanın mühüm problemləri sırasına daxil edir.
Metroendometritin yaranma səbəbləri
Etioloji amillərdən asılı olaraq metroendometritin 2 forması ayırd edilir: infeksion və aseptik. Əksər hallarda xəstəlik şərti-patogen flora və ya çox zaman sinergik təsir göstərən aerob-anaerob kompleksləri tərəfindən törədilir. Mikrobioloji tədqiqatların nəticələrinə əsasən metroendometritin ən aktual patogenlərinə stafilokokk, streptokokk, protey, bağırsaq və göy-yaşıl irin çopləri, anaerob bakteriyalar (bakteroid, peptostreptokokk, peptokokk) aiddir. Metroendometritli xəstələrin əksəriyyətində polimikrob assosiasiyalar: qızılı stafilokokkun streptokokk, bağırsaq çöpü və ya enterobakteriyalarla kombinasiyası aşkar edilir. Bakterioloji əkmələrdə qeyri-spesifik mikroflora ilə yanaşı qonokokk, mikoplazma, Kox basilləri, difteriya çopü izlənilə bilər.
Çox hallarda infeksiyalaşma qalxan yolla (uşaqlıq yolundan və servikal kanaldan uşaqlıq boşluğuna) baş verir. Bu prosesə müxtəlif ginekoloji müdaxilələr – servikal kanalın genuşləndirilməsi, abort, doğuş, uşaqlıqdaxili spiralın qoyulması, histeroskopiya, histerosalpinqoqrafiya, diaqnostik qaşınma səbəb olur. İnfeksiyanın enən yolla yayılmasının mənbəyi uşaqlıq boruları, kontakt infeksiyalaşmanın səbəbi iltihabı dəyişilmiş appendiks, törədicinin hematogen yayılmasının mənbəyi LOR-orqanlarının irinli ocaqları hesab olunur.
İnfeksion etiologiyalı metroendometritin inkişafının fon amillərinə törədicinin uşaqlığa keçməsini asanlaşdıran hallar: aybaşı, uşaqlıq qanaxmaları, kiçik çanaq boşluğunda venoz durğunluq, spesifik və qeyri-spesifik kolpit və endoservisitlər aiddir. Bir qayda olaraq, postabort metroendometrit döl yumurtasının tam xaric olunmaması fonunda yaranır. Puerperal (doğuşdan sonrakı) endometritin risk amillərinə doğuş fəaliyyətinin zəifliyi, uzunmüddətli susuz dövr, cift toxumasının qalıqlarının uşaqlıq boşluğunda ləngiməsi, doğuşdan sonrakı qanaxmalar daxildir. Aseptik metroendometritin mənşəyi uşaqlığın travmaları, fiziki və kimyəvi amillərin təsiri (krioterapiya, endometriumun ablasiyası, şırınqalama) ilə sıx bağlıdır. Belə hallarda infeksion iltihab ikincili qoşulur.
Metroendometrit zamanı infeksion proses endometriumun bazal qatında başlayır. Onunla miometrium arasında dəqiq anatomik sərhəddin olmaması infeksiyanın tez bir zamanda əzələ qatına yayılmasına səbəb olur. Endometrium qalınlaşır, kövşək, ödemli və hiperemiyalı olub, irinli ərplə örtülür. Mikroskopik olaraq leykositar infiltrasiya, vəzili epitelin distrofiya və deskvamasiyası vizualizasiya olunur. Miometrium ödemlidir, limfosit və seqmentnüvəli neytrofillərlə infiltratlaşmışdır. Ağır hallarda uşaqlığın seroz qişasının iltihabı prosesə qoşulması – perimetritin inkişafı müşahidə olunur.
Xroniki metroendometrit zamanı ödem və hiperemiya az ifadə olunur, iltihabı ilfiltratda lmfositlər və plazmositlər üstünlük təşkil edir. Miometrium birləşdirici toxumanın çoxalması hesabına qalınlaşır. Damarlar sklerotik proseslər və stromanın fibroz transformasıyası nəticəsində endometrium qeyri-bərabər qalınlaşır, hiperplaziya ocaqları və polipoz törəmələrlə müşayiət olunur. Vəzilərin distrofik dəyişiklikləri endometriumun sekretor transformasiyası və aybaşı funksiyasının pozulmalarına (anovulyasiya, siklin pozğunluqlarına) səbəb olur.
Metroendometritin əlamətləri
Kəskin metroendometrit
Kəskin iltihabın əlamətləri adətən hamiləliyin süni yolla pozulması, doğuş, uşaqlıqda aparılan diaqnostik-müalicəvi müdaxilələrdən 3-4 gün sonra müşahidə olunur. Xəstənin vəziyyəti tez bir zamanda pisləşir: bədən hərarəti 38,0—39,0°С-yə qədər yüksəlir, titrətmə, ifadəli əzginlik, taxikardiya, intoksikasion sindrom izlənilir. Qarnın aşağı hissəsi və oma nahiyəsində ağrı hissiyyatı müşahidə edilir. Palpasiya zamanı ölçüləri böyümüş və ağrılı uşaqlıq əllənir. Bulanıq, gur, seroz-irinli, irinli, bəzi hallarda irin iyli ifrazat xarakterikdir.
İrinli sekretin uşaqlıq boşluğundan axınına əngəl törədən maneələrin olması (submukoz miomalar, uşaqlığın polipləri, uşaqlıq boynunun çapıq dəyişiklikləri və s.) piometranın inkişafı ilə nəticələnir. Bu zaman xəstənin vəziyyəti ağırlaşır, qarnın aşağı hissəsində tutmaşəkilli ağrılar baş verir. Doğuşdan sonrakı endometrit zamanı uşaqlığın zəif yığılması, onun retrofleksiyası və ya servikal kanalın qan laxtaları ilə tutulması səbəbindən loxiyaların ləngiməsi fonunda loxiometranın inkişafı mümkündür.
Kəskin ednometrit orta hesabla 5-10 gün davam edir. Silinmiş formalar (məsələn, antibiotikoterapiya fonunda) subfebril hərarətlə gedir. Metroendometritin ağır formalarında iltihabi proses kiçik çanaq peritonuna və ya qarın boşluğunun seroz örtüyünə yayılır (pelvioperitonit, peritonit). Proqnostik cəhətdən ən qeyri-qənaətbəxş ağırlaşmalar uşaqlığın qanqrenası və sepsis hesab olunur.
Xroniki metroendometrit
Xroniki forma səhv və ya sona kimi aparılmayan müalicənin nəticəsi olaraq kəskin formanın davamı kimi və yaxud birincili xroniki xəstəlik şəklində inkişaf edə bilər. Xroniki metroendometrit zamanı seroz, açıq rəngli, bəzən irin qarışıqlı vaginal ifrazat izlənilir. Vaxtaşırı olaraq qasıq üzərində, bel və oma nahiyəsində dartılan ağrılar yaranır. Palpasiyada uşaqlığın ağrısız olması, sərtləşməsi və bir qədər böyüməsi müəyyən olunur.
Endometriumun patomorfoloji dəyişiklikləri aybaşı disfunksiyalarına: menorragiya, metrorragiya, anovulyator sikllərə səbəb olur. Metroendometritin bu forması çox zaman naboti kistaları, xroniki adneksit, kiçik çanaqda bitişmə prosesləri, xroniki çanaq ağrıları, uşaqlıqdaxili sinexiyalarla müşayiət olunur. Bu patoloji proseslər öz növbəsində reproduktiv funksiyanın pozulmalarına (hamiləliyin özbaşına pozulması, adəti düşüklər, sonsuzluğa) gətirib çıxardır.
Metroendometritin diaqnostikası
Qadının xarakterik şikayətlərlə ginekoloqa müraciəti zamanı həkim metroendometritin doğuş, uşaqlıqdaxili müalicəvi-diaqnostik müdaxilələr, cinsi yolla keçən xəstəliklərlə əlaqəsini nəzərə alaraq, hərtərəfli anamnez toplayır. Ginekoloji kresloda müayinə zamanı servikal kanaldan axan irinli ifrazat, ölçüləri artan və ağrılı uşaqlıq (və ya onun subinvolyusiyası) izlənilir. Qanın ümumi analizində kəskin iltihabı dəyişikliklər: leykositoz, leykoformulanın sola yerdəyişməsi, EÇS-nin artması aşkarlanır. Metroendometritin törədicisinin verifikasiyası yaxmanın mikroskopiyası, ifrazatın bakterioloji müayinəsi, PZR-diaqnostika yolu ilə yerinə yetirilir.
Sulu konsistensiyalı leykorreya, sərt konsistensiyalı, böyümüş uşaqlıq, aybaşı funksiyasının müxtəlif pozğunluqları xroniki metroendometritə dəlalət edir. Kiçik çanaq orqanlarının USM zamanı qalınlaşmış miometrium, qeyri-həmcins exostrukturlu hiperplaziyalaşmış endometrium vizualizasiya olunur. Diaqnostik qaşıma nəticəsində götürülmüş uşaqlığın selikli qişasının sıyrıntısının histoloji analizi xroniki metroendometritə xas olan dəyişiklikləri aşkar etməyə imkan verir.
Metroendometritin müalicəsi
Kəskin metroendometritin müalicəsi mümkün qədər tez başlanmalı və tam həcmdə aparılmalıdır. Xəstəyə yataq rejimi, qarnın aşağı hissəsinə soyuq kompress təyin olunur. Geniş spektrli mikrob törədicilərinə təsir etmək məqsədilə polusintetik penisillinlər (ampisillin, karbenisillin), sefalosporinlərin metronidazolla kombinasiyası təyin olunur. Mikrobioloji analizin nəticələri hazır olduqdan sonra antibiotikoterapiya korreksiya olunur.
İfadəli intoksikasiya sindromu zamanı koloid və kristalloid məhlullarla infuzion terapiya aparılır. Ümumi medikamentoz terapiya desensibilizəedici, ağrısızlaşdırıcı, uterotonik vasitələr, spazmolitik, vitaminlər, immunomodulyatorlardan ibarətdir. Uşaqlıqdaxili lavajın aparılması- antiseptik məhlullar və antibiotiklərin köməyilə uşaqlıq boşluğunun damcı yolu ilə yuyulması zamanı nəzərəçarpacaq dərəcədə effekt müşahidə olunur. Uşaqlıq boşluğunda döl yumurtasının hissəciklərinin və ya cift qalıqlarının ləngiməsi hallarında onların vakuum-aspirasiya və ya küretaj üsulu ilə təmizlənməsi icra olunur. Septiki ağırlaşmaların inkişafı zamanı cərrahi müdaxilə- uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya (uşaqlığın uşaqlıq boynu ilə birgə xaric edilməsi) tələb olunur.
Xroniki endometritin müalicəsində əzələdaxili mikrobəleyhinə terapiya ilə yanaşı, antibiotiklərin uşaqlığın selikli qişasına yeridilməsi tətbiq olunur. Müalicəvi şırınqalama, fizioterapevtik müalicə (UYT-terapiya, lazeroterapiya, boşluqdaxili elektrofarez, parafinoterapiya, palçıqla müalicə və s.), müalicəvi vannalar (hidrogen kükürdlü, radonlu) təyin olunur. Yumurtalıqların hipofunksiyası hormonal preparatlarla (KOK) korreksiya olunur. Uşaqlıqdaxili sinexiyaların formalaşması zamanı histeroskopun nəzarəti altında onların kəsilməsi həyata keçirilir.
Metroendometritin proqnoz və profilaktikası
Metroendometritin gedişi və proqnozu törədicinin virulentliyindən və xəstə orqanizminin müqavimətindən asılıdır. Kəskin endometrit sağalma və ya əksinə xəstəliyin xronikləşməsi ilə nəticələnə bilər. Yaranan septiki ağırlaşmalar nəinki qadının reproduktiv planını, hətta onun həyatını da təhlükə altına qoyur. Xroniki endometritin ağırlaşmaları reproduktiv funksiyanı pozaraq, uşaqlıqdan kənar hamiləlik, düşüklər, vaxtından əvvəl doğuş, ciftin yerləşmə anomaliyaları, zəif doğuş fəaliyyəti, doğuşdan sonra yaranan qanaxmalar və s. səbəb olur.
Metroendometritin profilaktikası fərdi profilaktika üsulları və tibbi nəzarətdən ibarətdir. Cinsiyyət sistemi xəstəliklərinin proflaktikası və vaxtında müalicəsi, abortlardan imtina, uşaqlıqdaxili müdaxilələr zamanı aseptika qaydalarına riayət edilməsi, ginekoloji müayinələr və USM-nəzarət metroendometritin və onun ağırlaşmalarının qarşısını almağa kömək edir.