Ovulyator sindrom

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3233

ovulyator sindrom nədir?Ovulyator sindrom — ovulyasiya zamanı yaranan və onunla əlaqəli olan simptomokompleksidir. Orta hesabla növbəti ovulyasiyadan 2 həftə əvvəl inkişaf edərək, bir neçə saatdan 2 günə kimi davam edir. Ovulyator sindrom qarnın aşağı hissəsində ağrı, uşaqlıq yolundan axan qanlı ifrazat, bir sıra hallarda hərarətin subfebril həddə qədər yüksəlməsi, ürəkbulanma, qusma, emosional pozğunluqlarla təzahür edir. Diaqnozun təsdiqlənməsi üçün bazal temperatur ölçülür, follikulometriya aparılır, lüteinləşdirici hormon və estrogenin səviyyəsi qiymətləndirilir. Spesifik terapiya tələb olunmur, ifadəli ağrı yarandıqda analgetiklər və spazmolitiklərin təyini göstəriş sayılır.

  • Ovulyator sindromun yaranma səbəbləri
  • Patogenez
  • Ovulyator sindromun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Ovulyator sindromun müalicəsi
  • Proqnoz və profilaktika

Ovulyator sindrom barədə ümumi məlumat

Ginekologiya sahəsinin əksər mütəxəssisləri ovulyator sindromu sərbəst xəstəlik hesab etmir.  Statistik məlumatlara əsasən hər ikinci qadın həyatında ən azı 1 dəfə bu sindromun əlamətlərini hiss etmişdir, pasiyentlərin 20%-dən çoxunda isə bütün ovulyator sikllərdə müxtəlif ağırlıqlı pozğunluqlar izlənilir. 85% hallarda ovulyasiya zamanı ağrı və ifrazata fizioloji proseslər, 14% hallarda reproduktiv orqanların xəstəlikləri, 1% hallarda aybaşı siklinin ortasında yumurtahüceyrənin çıxması ilə əlaqədar olmayan patologiyanın inkişafı səbəb olur. Pozğunluq çox zaman 25-42 yaşlı qadınlarda rast gəlinir və klimaksın başlanması ilə tamamilə keçib gedir.

Ovulyator sindromun yaranma səbəbləri

Normada qadın yumurtahüceyrənin follikuldan çıxmasını hiss etmir. Lakin bir sıra fizioloji səbəblər təkanverici amillərlə birgə ovulyasiya zamanı və ondan sonra 48 saat ərzində patoloji əlamətlərin yaranmasına səbəb olur. Bu amillərə aşağıdakılar aiddir:

  • Follikulun böyüməsi. Dominant yetişmiş follikulun zəruri ölçülərə qədər böyüməsi yumurtalığın kapsulunun gərilməsi ilə müşayiət olunur. Bu zaman ağrı sindromu yarana bilər.
  • Follikulun partlaması. Yumurtalıq qişasında sinir ucları yerləşir. Follikulun divarının zədələnməsi zamanı onlar qıcıqlanaraq, baş beyinə müvafiq impulslar göndərir, bu da qadın tərəfindən ovulyator ağrı kimi hiss edilir.
  • Fallop borularının yığılması. Yumurtahüceyrənin uşaqlıq boşluğunda hərəkəti uşaqlıq borusunun divarının yığılması hesabına baş verir. Bəzi mütəsəssislərin fikrincə peristaltika ağrı hissi ilə müşayiət oluna bilər.
  • Peritonun qıcıqlanması. Follikulun partlaması nəticəsində qarın boşluğuna nəinki yumurtahüceyrə, həmçinin onu əhatə edən maye, eləcə də az miqdarda qan tökülür. Peritonun qıcıqlanması zamanı ağrı baş verir.

Ovulyator dövrün patoloji gedişinin ehtimalını artıran əsas amillərə qadın cinsiyyət sisteminin xəstəlikləri aiddir. Ağrı sindromunun yaranma riski yumurtalığın kistası, xroniki ooforit, salpingit, adneksit, çanaq boşluğunda bitişmələri olan qadınlarda yüksəkdir. Bundan əlavə ağrı həddinin azalması alqodismenoreyalı pasiyentlərdə qeyd olunur.

Ovulyator sindromun patogenezi

Ovulyator sindromun səbəbləriOvulyator sindromun patogenezi iki aparıcı həlqədən ibarətdir. Birinci həlqəyə iltihabi və bitişmə prosesləri ilə əlaqədar yumurtalığın kapsulunun və uşaqlıq borularının divarlarının sərtləşməsidir. İltihablaşmış və sərtləşmiş toxumaların dağılması ağrı reseptorları, sonra isə baş beyin tərəfindən ciddi travma kimi qəbul edilir. Kiçik çanaq boşluğunda bitişmə və sinexiyalar olduqda fallop borularının yığılması ağrı ilə müşayiət olunur. Patogenezin ikinci həlqəsi ağrı həddinin azalmasıdır. Nadir hallarda bu hal patoloji olur. Adətən ağrıya qarşı sensibilizasiya kiçik çanaqda lokal həcmli və iltihabi proseslər tərəfindən törədilir. Eyni zamanda follikullarda estrogenlərin sekresiyasının kəsilməsi nəticəsində nisbi hipoestrogenemiya yaranır. Nəticədə endometriumun funksional qatı hissəvi soyulur, yaxılan ifrazatlar əmələ gəlir. 1-3 gündən sonra müvəqqəti çatışmazlıq sarı cisim tərəfindən kompensə edilir, endometriumun ayrılması dayanır.

Ovulyator sindromun əlamətləri

Patoloji vəziyyətin patoqnomik təzahürlərinə qarnın aşağı hissəsində birtərəfli ağrı aiddir. 28-günlük ovulyator sikl zamanı ağrı hissiyytaı təxminən onun ortasına, bir qədər qısa və ya uzunmüddətli sikllərdə isə aybaşıdan 13-15 gün əvvələ təsadüf edir. Ağrı sindromu müxtəlif intensivlikdə (zəifdən tutmuş kəskin formaya qədər) olur. Əksər hallarda ağrı qasıq, oma, büzdüm nahiyəsinə irrdiasiya edir, yerimə, cinsi akt, bədən vəziyyətinin kəskin dəyişməsi, ağırlıq qaldırma, digər fiziki yüklənmələr zamanı güclənir. Vaginal ifrazatlar müşahidə oluna bilər. Adətən onlar az miqdarda olub, qanlı və ya seroz xarakter daşıyır.

Qadınların bir qismində ovulyasiya zamanı bədən hərarəti 37,5-37,7°С-yə qədər yüksəlir, subfebrilitet 24 saatda çox davam etmir. Çox nadir hallarda ovulyator sindrom ürəkbulanma, qusma ilə müşayiət olunur. Bəzən ovulyasiyanın patoloji gedişi zamanı belə günlərdə halsızlıq, qıcıqlanma və ağlağanlıq müşahidə edilir. Ağrı hissiyyatının müddəti adətən 2 gündən çox olmur. Ağrı və hərarət uzun müddət davam edərsə, kəskin cərrahi patologiyanın istisna olunması məqsədilə pasiyent mütləq müayinə olunmalıdır.

Ovulyator sindromun ağırlaşmaları

Ovulyator sindromun əlamətləriOvulyator dövrün patoloji gedişi adətən qadının sağlamlığı üçün heç bir risk daşımır. O, əsasən emosional vəziyyət və həyat keyfiyyətinə təsir göstərir. Bəzi pasiyentlərdə aybaşı siklinin ortasında gündəlik aktivlik pozulur, cinsi istək azalır. Emosional pozulmalar depressiya səviyyəsinə çata bilər. Həyat üçün təhlükəli sayılan ağırlaşmalar yalnız ovulyator sindrom altında digər xəstəliklərin – kəskin appendisit, uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının partlaması və ya onun ayaqcığının burulması gizləndiyi hallarda izlənilir.

Ovulyator sindromun diaqnostikası

Diaqnostik mərhələnin əsas məqsədi ovulyasiya dövründə yaranan, lakin onunla əlaqəsi olmayan xəstəliklərin istisna edilməsindən ibarətdir. Müayinə planına aşağıdakı üsullar daxildir:

  • Bazal hərarətin ölçülməsi. Düz bağırsaq və ya uşaqlıq yolunda ölçülən hərarət ovulyasiya zamanı təxminən 1° С yüksələrək, 37,7-37,8° С təşkil edir. Hərarətin qalxma vaxtı ilə xarakterik klinik əlamətlərin üst-üstə düşməsi dolayı yolla ovulyator sindromun olmasından xəbər verir.
  • Ultrasəs follikulometriya. Yumurtalıqların dinamik USM prosesində böyüyən follikula nəzarət edilir. Yumurtahüceyrənin çıxma anında onun ölçüsü 18,0-24,0mm-ə çatır. Ovulyasiyadan sonra yumurtalıqda sarı cisim, çanaq boşluğunda isə az miqdarda maye qeyd olunur.
  • Cinsi hormonların səviyyəsinin təyini. Yetkin yumurtahüceyrənin çıxma dövründə qanda lüteinləşdirici hormonun (LH) səviyyəsi artır, estrogenlərin miqdarı bir qədər azalır.

Ovulyasiya zamanı yaranan pozğunluqları həm xroniki ginekoloji xəstəliklər (iltihabi proseslər, həcmli törəmələr, endometrioz) və uroloji patologiyalardan, həm də kəskin qarın sindromundan differensiasiya etmək lazımdır. Ginekoloji kresloda müayinədən əlavə xəstələrə çanaq orqanlarının transvaginal və transabdominal USM, KT, diaqnostik laparoskopiya, uşaqlıq yolunun arxa tağının punksiyası, yaxmanın floraya görə əkilməsi, PZR-diaqnostika, hamiləlik testi təyin oluna bilər. Zərurət olduqda diaqnostik prosesə cərrah və uroloq cəlb edilir.

Ovulyator sindromun müalicəsi

Ovulyasiyator pozğunluqların xüsusi müalicə üsulları mövcud deyil. Müalicə simptomatik olub, əsasən ağrı sindromunun aradan qaldırılmasına yönəldilir. Patogenezi nəzərə alaraq, belə xəstələrə analgetiklər və spazmolitik preparatlar təyin edilir. Qarnın aşağı hissəsinə isti kompresslər və ya isitqacın qoyulması ağrı hissiyyatının intensivliyini əhəmiyyətli dərəcədə azaldır. Bu dövrdə fiziki yüklənmələr, cinsi əlaqə (hamiləlik planlaşdıran qadınları çıxmaq şərtilə) istisna olunmalıdır. Tez-tez təkrarlanan ovulyator sindrom zamanı pasiyentin istəyi və onun reproduktiv planı nəzərə alınmaqla oral kontraseptivlər məsləhət görülür, onraın qəbulu fonunda ağrı müşahidə edilmir. Vitamin-mineral kompleksləri və digər ümumi möhkəmləndirici vasitələrin qəbulu müsbət nəticələr verir.

Ovulyator sindromun proqnoz və profilaktikası

Proqnoz qənaətbəxşdir. Profilaktika məqsədilə ehtimal olunan ovulyasiya dövründə fiziki yüklənmələri istisna etmək və seksual aktivliyi məhdudlaşdırmaq (hamiləlik planlaşdırılması nəzərə alınmaqla) tövsiyyə olunur. Pəhriz, yuxu və istirahət rejiminin normalizasiyası, stress və digər yüklənmələrin azaldılması zamanı ağrı hissiyyatının ifadəliliyi əhəmiyyətli dərəcədə zəifləyir və ya tamamilə kəsilir. Ginekoloji xəstəliklərin vaxtında və adekvat müalicəsi, abortlar, əsassız invaziv prosedurlardan imtina etməklə onların yaranma riskinin azaldılması, arzuolunmaz hamiləlikdən və cinsi infeksiyalara yoluxmadan qorunma effektli təsir göstərir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: