Psixogen sonsuzluq
Psixogen sonsuzluq — 1 il ərzində kontrasepsiyadan istifadə etmədən müntəzəm cinsi əlaqələr zamanı psixoloji səbəblərdən hamiləliyin baş tutmamasıdır. Somatik sağlamlıq, ovulyasiyaya daimi nəzarət, cinsi aktivlik fonunda mayalanmanın baş tutmaması, aybaşı dövründə isteriya, az hallarda oliqomenoreya, opsomenoreya, amenoreya ilə təzahür edir. Diaqnostika sonsuzluğun digər formalarının inkar edilməsi üsullarına və psixoloji konsultasiyaya əsaslanır. Müalicə məqsədilə psixoterapevtik üsullar, sedativ preparatlar, antidepressantlar, trankvilizatorlar, fizioterapiya, köməkçi reproduktiv texnologiya tətbiq edilir.
- Psixogen sonsuzluğun yaranma səbəbləri
- Patogenez
- Psixogen sonsuzluğun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Psixogen sonsuzluğun müalicəsi
- Proqnoz və profilaktika
Psixogen sonsuzluq barədə ümumi məlumat
Psixogen (psixoloji, idiopatik, funksional) sonsuzluq hamilə qala bilməyən qadınların 5-10%-də aşkar edilir. Onun əsas xüsusiyyəti mayalanmaya mane ola biləcək bir səbəbin olmamasıdır. Risk qrupunu 30-35 yaşlı kişilərə xas keyfiyyətlərə malik, karyera qurmaq arzusunda olan, eləcə də ətrafdakı insanlardan asılı, emosional cəhətdən yetkin olmayan qadınlar təşkil edir. Psixogen sonsuzluğun infertilliyin digər formaları ilə müştərəkliyi ciddi problem sayılır: müşahidələrin nəticələrinə əsasən 35-40% sonsuz qadınlarda üzvi patologiyadan əlavə aparılan terapiyanın effektivliyini azaldan psixoloji amillər müəyyən edilir.
Psixogen sonsuzluğun səbəbləri
Funksional sonsuzluq aybaşı və reproduktiv funksiyaların neyrohumoral tənziminin mərkəzi həlqələrinə təsir edən amilərlə bağlıdır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə görə idiopatik sonsuzluğun əsas səbəbləri aşağıdakılardır:
- Fiziki və emosional yüklənmələr. Uzunmüddətli yorğunluq, В результате длительного утомления, ailədə və işdə gərgin vəziyyətlər, sosial müdafiə olunmayan qadınlar xroniki stress vəziyyətində olur. Bu hallar üçün xarakterik olan hormonal dəyişikliklər qonadotropininin ifrazı tormozlayır, avtonom sinir sisteminin parasimpatik və simpatik şöbələrinin aktivliyini dəyişir. Neyrohumoral disbalansın ən ağır dərəcəsi ovulyasiyanın tormozlanması və psixogen amenoreyanın inkişafıdır.
- Obsessiv formalı hamiləlik arzusu. Sonsuzluq qadın üçün ən ağır psixotravmatik amildir. Hamiləlik testlərinin neqativ olması reproduktiv funksiyaların neyrohumoral tənzimini pozan xroniki stresslərin yaranmasına səbəb olur. Bununla yanaşı intim yaxınlığa «tibbi prosedur» kimi münasibət bəslənilməsi cinsi həyatın keyfiyyətini azaldır, çanaq orqanlarına durğunluq hallarının inkişafına gətirib çıxarır.
- Hamiləlik və ana olmaqla bağlı fobiyalar. Hamiləlik ağırlaşmaları, doğuş prosesində ağrı sindromu, fiqura və çəkinin pozulması, uşağın ehtiyaclarının ödənilməsi barədə narahatlıqlar, məsuliyyət hissi baş beyində mayalanmaya mane olan dominant ocaq formalaşdıra bilər.
Reproduktologiya sahəsində aparılan tədqiqatlar psixogen infertiliyin inkişaf riskini artıran şəxsi-psixoloji və şəxsiyyətlərarası –ailəvi xüsususiyyətləri aşkar etmişdir. Belə qadınlar çox zaman öz və valideynlərinin evliliklərini uğursuz hesab edir, təmkinlilik və praktiklikləri ilə seçilirlər. Onlar özünə qapanma, rəqabət, dominantlıq, depressiya, həyəcanlılıq, qısqanclıq, mühakimələrin konservativliyi və rigidliyinə meylli olurlar. Sonsuzluğun digər formalarından əziyyət çəkən qadınlarla müqayisədə psixoloji infertilliyin rast gəlindiyi pasiyentlər özlərini daha az ekspressiv, zərif və seksual hiss edir.
Psixogen sonsuzluğun patogenezi
Psixogen sonsuzluğun inkişaf mexanizmi onu törədən səbəblərdən asılı olmayaraq, ümumi olur: MSS səviyyəsində baş verən neyrokimyəvi dəyişikliklər bütün orqanizmə, o cümlədən reproduktiv orqanlara sistemli tənzimləyici təsir göstərir. Bu pozğunluqlar stress reaksiyaları zamanı formalaşan proseslərlə analojidir. Belə pasiyentlərdə stress həyəcanının dezadaptiv somatizasiyası inkişaf edir. Reproduktiv hiperdominantın – qabıqaltı strukturların fəaliyyətində disbalansı təmin edən dominant oyanma ocağının formalaşması vəziyyəti daha da ağırlaşdırır.
Stressor təsirlərə cavab olaraq hipotalamo-hipofizar-böyrəküstü vəzi mexanizminin aktivləşməsi nəticəsində kortizol və AKTH-nin səviyyəsi artır, eyni zamanda qonadotrop rilizinq-amillərin sekresiyası azalır. Follikul stimuləedici və lüteinləşdirici hormonların sintezinin zəifləməsi estrogen, progesteronun produksiyasının və ovulyasiyanın pozulmasına səbəb olur. Həmçinin stress zamanı yüksək miqdarda hasil olunan prolaktin də anovulyator təsirə malikdir. Daha ağır hallarda neyrohumoral tənzimin pozulması disfunksional uşaqlıq qanaxmaları və psixogen amenoreyanın yaranması ilə nəticələnir.
Hipoestrogeniya fonunda uşaqlıq boynu seliyi daha qatı və özlü olur, bu da spermatozoidlərin uşaqlığa keçməsinin qarşısını alır. Follikulun zülal qişasının sərtləşməsi ovulyasiya prosesini pozur, yumurtahüceyrə membranının xüsusiyyətlərinin dəyişilməsi isə mayalanma ehtimalını azaldır. Progesteron çatışmazlığının adrenalinin konsentrasiyasının artması ilə müştərəkliyi səyrici epitelin funksional aktivliyinin və uşaqlıq borularının peristaltikasının pozulmasına, saya əzələ liflərinin spazmına, uşaqlığın tonusunun artmasına gətirib çıxararaq, yumurtahüceyrənin passajına və mayalanmadan sonra onun implantasiyasına mane olur. Bəzi pasiyentlərdə patofizioloji proseslərin tranzitor olması onların laborator və instrumental üsullarla aşkarlanmasını çətinləşdirir.
Psixogen sonsuzluğun əlamətləri
Psixoloji infertillik zamanı qadınlar heç bir somatik şikayətlər olmadan 1 il ərzində kontrasepsiyasız müntəzəm cinsi əlaqələr zamanı hamiləliyin baş tutmamasından şikayət edir. Pozğunluğun xarakterik əlaməti «hamiləliyin gözlənilməsi simptomudur»: ovulyasiyaya daimi nəzarət, aybaşı siklinin ortasında cinsi aktivliyin artması, ehtimal olunan aybaşıdan əvvəl hamiləlik testlərinin gündəlik aparılması, növbəti menstruasiyanın başlanması ilə əlaqədar isteriya. Belə pasiyentlərdə özünü qiymətləndirmə aşağı olur, onlar həyəcanlı-depressiv vəziyyətlərə meylli olur. Qadınların bir qismində opsomenoreya, oliqomenoreya baş verir. 5% hallarda psixogen amenoreya müşahidə edilir.
Psixogen sonsuzluğun ağırlaşmaları
Üzvi patologiyalar olmadan qadının uzunmüddət hamilə qala bilməməsi nevroz, psixogen depressiya, sayrışan halların inkişafına təkan verir. Funksional neyrohumoral pozğunluqlar sonsuzluq problemini həll etmək üçün tətbiq edilən köməkçi reproduktiv texnologiyanın effektivliyini azalda bilər. Bəzi pasiyentlərdə yalançı hamiləlik yaranır. Seksin müalicənin bir hissəsi kimi qəbul edilməsi intim həyatın keyfiyyətini pisləşdirir: libido zəifləyir,onorqazmiya tez-tez müşahidə olunur. Baş tutmuş hamiləlik zamanı neqativ emosional vəziyyətin davam etməsi uşaqlığın yüksək tonusu səbəbindən spontan düşük və vaxtından əvvəl doğuş riskini artırır.
Psixogen sonsuzluğun diaqnostikası
Psixogen infertilliyin diaqnostikası sonsuzluğun digər formalarının (boru-peritoneal, uşaqlıq, uşaqlıq boynu, immunoloji, kişi) inkar edilməsinə əsaslanır. Daxili cinsiyyət orqanları, hormonal fon, psixoloji vəziyyətin obyektiv qiymətləndirilməsinə kömək edən kompleks müayinələrdən istifadə olunur. Psixogen sonsuzluğa şübhə yarandıqda aşağıdakı müayinələr təyin edilir:
- Ginekoloji kresloda baxış. Bimanual palpasiya və vaginal güzgülərin köməyilə aparılan müayinə zamanı patoloji əlamətlər müəyyən edilmir. Uşaqlıq və artımlar ağrısız olub, normal ölçü, konsistensiya və xarici səthə malikdir. Uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişasının gözlə görünən iltihab əlamətləri müşahidə olunmur.
- Kiçik çanaq orqanlarının USM. Bu üsul vasitəsilə cinsiyyət orqanlarının anadangəlmə və qazanılmış patologiyaları istisna edilir. Ultrasəs müayinə orqanlarda qan dövranının xüsusiyyətlərini təyin etmək üçün rəngli doppleroqrafiya, ovulyasiyaya nəzarət məqsədilə follikulometriya ilə tamamlanır. Çətin hallarda KT, MRT tətbiq olunur.
- Hormonal müayinələr. Psixogen sonsuzluqda kortizol, AKTH, prolaktinin miqdarı arta, estradiol, progesteron, FSH, LH konsentrasiyası isə azala bilər. Aybaşı başlandıqdan sonra növbəti uğursuz mayalanma cəhdi ilə əlaqədar katexolaminlərin səviyyəsinin yüksəlməsi mümkündür.
Üzvi patologiyanı istisna etmək üçün əlavə müayinə üsullarından – ultrasəs histerosalpinqoqrafiya, yumurtalıqların follikul ehtiyatının qiymətləndirilməsi, uşaqlıq borularının keçiriciliyinin yoxlanılması (exohidrotubasiya), histeroskopiya, diaqnostik laparoskopiya, uşaqlıq boynunun seliyinin postkoital testi, kəllə və baş beymim instrumental müayinələrindən istifadə edilir. İdiopatik sonsuzluğun diaqnostikasında psixoloqun konsultasiyası mühüm rol oynayır. O, xəstənin qorxuları və gizli motivlərini aşkar edir, onun emosional reaksiyalarının səviyyəsini qiymətləndirir. Ehtiyac olduqda mama-ginekoloq və reproduktoloqdan əlavə qadın endokrinoloq, nevropatoloq, infeksionist, ftiziatr, onkoloq tərəfindən müayinə olunur. Həmçinin pasiyentin həyat yoldaşı androloqun təyinatı ilə laborator-instrumental müayinələrdən keçir.
Psixogen sonsuzluğun müalicəsi
Həkim taktikası stressə qarşı reaksiyaların səviyyəsinin azaldılmasına, normal emosional fonun bərpasına, psixoloji problemlərin korreksiyasına yönəldilir. Əksər hallarda infertilliyin funksional formaları yüksək terapevtik rezistentliklə seçilir, uzunmüddətli kompleks müalicə tələb edir. Psixogen infertilliyin əlamətlərinin müşahidə olunduğu qadınlara aşağıdakılar məsləhət görülür:
- Reproduktiv hiperdominantın dağıdılması. Çox zaman mayalanma qadının hamilə qala bilməməsi barədə fikirlərindən yayınması zamanı baş verir. Bir sıra hallarda diqqətin yeni istiqamətə -EKM aparılması, surroqat analıq xidmətindən istifadə, övladlığa götürməyə yönəldilməsi neyrohumoral tənzimin bərpasına və hamiləliyin baş tutmasına səbəb olur. Pozitiv emosiyalar (səyahət, ailəvi istirahət) müsbət nəticələr verə bilər.
- Stress səviyyəsinin azaldılması. Daimi yüklənmələr fonunda yaranan idiopatik sonsuzluq zamanı iş və məişət vəzifələrinin həcminin azaldılması, əmək və istirahət rejiminin düzgün təyini, gecə yuxusunun normaya salınması məsləhət görülür. Adətən ovulyasiyaya nəzarətin dayandırılması hamiləliyin baş verməsinə təsir edir. İfadəli emosional pozğunluqları olan qadınlara sedativ preparatlar, trankvilizastorlar, antidepressantlar, fizioterapiya (maqnezium elektrofarezi, elektroyuxu, hidromassaj vannaları və s. ) təyin olunur.
- Psixoterapevtik təsirlər. Klinik psixoloq və ya psixoterapevt psixoloji əngəlləri (fobiyalar, şəsxiyyətlərarası münaqişə və s.) dəqiq müəyyən edir, onları aradan qaldırır. Pasiyentin şəxsi və xarakteroloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif üsullar: koqnitiv-davranış terapiyası, psixoanalitik seanslar, art-terapiya, geştalt terapiya tətbiq edilir.
Psixogen sonsuzluq zamanı ovulyasiyanın medikamentoz stimulyasiyası hormonal disbalans və onunla yanaşı gedən reproduktiv orqanların funksional dəyişiklikləri ilə əlaqədar qeyri-effektiv ola bilər. Psixogen infertilliyin dayanıqlı formaları zamanı psixoemosional pozğunluqlarının korreksiyasından sonra köməkçi reproduktiv texnologiya (superovulyasiyanın stimulyasiyası, süni inseminasiya, EKM, surroqat analıq proqramında iştirak) göstəriş sayılır.
Psixogen sonsuzluğun proqnoz və profilaktikası
Pozğunluğun funksional xarakterinə baxmayaraq, sonsuzluğun psixoloji formasında fertilliyin bərpası reproduktologiyanın ən çətin terapevtik məsələlərindən hesab olunur. Yalnız kompleks yanaşma (düzgün seçilmiş medikamentoz və psixoloji təsirlərin həyat tərzinin dəyişilməsi ilə müştərəkliyi) zamanı müsbət nəticələrin əldə etmək mümkündür. Psixogen sonsuzluöun birincili profilaktikası tam şəkildə işlənib hazırlanmamışdır. Fertilliyin qorunması üçün balanslaşdırılmış iş qrafiki, pozitiv emosiyalar, ailədaxili münasibətlərin yaxşılaşdırılması məsləhət görülür.