Qadınlarda mikoplazmoz
Qadınlarda mikoplazmoz – Mycoplasma genitalium/hominis tərəfindən törədilən urogenital infeksiya olub, uretrit, vaginit, servisit, endometrit, salpingit, adneksit şəklində təzahür edir. Latent gedişə malik ola bilər və ya cinsiyyət orqanlarının qaşınması, sidik ifrazı zamanı göynəmə hissi, az miqdarda şəffaf ifrazat, qarnın aşağı hissəsi və bel nahiyəsində ağrı, aybaşıarası qanaxmalar, adəti düşüklər, sonsuzluqla müşayiət oluna bilər. Qadınlarda mikoplazmozun diaqnostikasında laborator müayinələr: kultural, PZR, İFA, İFR həlledici rol oynayır. Mikoplazmanın müalicəsində antibiotiklər (tetrasiklin, flüorxinolon, makrolid), yerli terapiya (şamlar, şırınqalama), immunomodulyatorlardan istifadə olunur.
- Qadınlarda mikoplazmozun yaranma səbəbləri
- Qadınlarda mikoplazmozun əlamətləri
- Qadınlarda mikoplazmozun diaqnostikası
- Qadınlarda mikoplazmozun müalicə və diaqnostikası
Qadınlarda mikoplazmoz barədə ümumi məlumat
Qadınlarda mikoplazmoz mikoplazma genitalium və mikoplazma hominis tərəfindən törədilən sidik-cinsiyyət traktının infeksiyalar qrupudur. Müxtəlif tədqiqatların nəticələrinə əsasən əhalinin 10-50% M.Homins daşıyıcılarıdır. Mikoplazma hamiləliyin adəti pozulmasından əziyyət çəkən qadınların 25%-də, bətndaxili inkişaf qüsurlu uşaq dünyaya gətirən anaların 51%-də aşkarlanır. Mikoplazmozun ən yüksək yayılma tezliyi fertil yaşlı seksual aktiv qadınlar arasında müşahidə olunur. Hal-hazırda cinsi yolla keçən infeksiyalar arasında klassik zöhrəvi xəstəliklərlə müqayisədə (qonoreya, sifilis) ureaplazmoz və mikoplazmoz üstünlük təşkil edir. Mikoplazma infeksiyasının yayılma tendensiyasının yüksək olması və reproduktiv sağlamlığa təhlükə törətməsi bu problemi ginekologiya, urologiya, venerologiya sahəsinin aktual məsələləri sırasına daxil edir.
Qadınlarda mikoplazmozun səbəbləri
Mikoplazma infeksiyasının törədiciləri kiçik mikroorqanizmlər olub, viruslarla bakteriyalar arasında keçid pilləni təşkil edir. Hüceyrəsiz mühitdə böyümə qabiliyyətinə görə bakteriyalara, işıq mikroskopunda ayırd edilməyən kiçik ölçüləri (150-450 mm), nüvə və hüceyrə divarının olmaması, sahib hüceyrədə parazitləşmə xüsusiyyətlərinə görə isə viruslara oxşaryır. Mycoplasmataceal ailəsinin çoxsaylı nümayəndələrindən (orta hesabla 200 növ) yalnız 16 növ insan orqanizmində məskunlaşır: onlardan 6-sı sidik-cinsiyyət traktı, qalanları isə ağız boşluğu və udlaq nahiyəsində kolonizasiyalaşır. Aşağıdakı növlər insan üçün patogen hesab olunur:
- M. рneumoniae (KRX, atipik pnevmoniyaya səbəb olur);
- M. hominis (bakterial vaginoz, mikoplazmozun inkişafında iştirak edir);
- M. genitalium (qadınlar və kişilərdə urogenital mikoplazmoz törədir);
- M. incognitos (az öyrənilmiş generalizasiya olunmuş infeksiyaya səbəb olur);
- М.fermentans və М. рenetrans (İİV infeksiyası ilə assosiasiya olunur);
- Ureaplasma urealyticum/parvum (ureoplazmozun etioloji amili hesab edilir).
Mikoplazma infeksiyasının ötürülməsinin başlıca yolu cinsi yoldur (qorunmamış genital, oral-genital əlaqələr). Qadınlarda mikoplazmozun koinfeksiyalarına digər urogenital infeksiyaları – kandidoz, xlamidioz, genital herpes, trixomoniaz, qonoreyanı misal göstərmək olar. Az hallarda məişət-kontakt yolla: ümumi məişət əşyaları (yataq dəsti, dəsmal və liflər, unitazın oturacağı), sterilizasiya edilməmiş ginekoloji və uroloji alətlərdən istifadə zamanı yoluxma mümkündür. 8-17% cinsi həyat yaşamayan məktəblilər arasında M.Hominis aşkarlanması mikoplazmanın qeyri-cinsi ailədaxili yolla ötürülməsinin mümkünlüyünü təsdiq edir. Vertikal yol dölün bətndaxili infeksiyalaşmasına səbəb olur. Bundan əlavə, infeksiyalaşma doğuş prosesində də mümkündür: mikoplazmalı anaların dünyaya gətirdikləri yenidoğulmuş qızların 57%-nin cinsiyyət orqanlarında M.Hominis aşkarlanır.
Mikoplazma cinsiyyət orqanlarının selikli qişalarda yaşayaraq, xəstəlik törətməyə bilər – belə formalar mikoplazmadaşıyıcılıq adlanır. Qadınlarda bu hal kişilərə nisbətən daha çox rast gəlinir. Mikroorqanizmlərin patogenliyini və mikoplazmozun yaranma ehtimalını artıran amillərə digər bakteriya və viruslarla infeksiyalaşma, immunçatışmazlıq, bakterial vaginoz (vaginal pH-ın dəyişməsi, lakto-və bifidumbakteriyaların miqdarının azalması, digər şərti-patogen və patogen növlərin üstünlük təşkil etməsi), hamiləlik, soyuqdəymə aiddir.
Qadınlarda mikoplazmozun əlamətləri
Qadınların təxminən 10%-də mikoplazmoz latent və subklinik gedişə malik olur. İnfeksiyanın aktivləşməsi adətən müxtəlif stress amillərin təsirindən baş verir. Lakin hətta gizli infeksiya potensial təhlükə hesab olunur: əlverişsiz şəraitdə ağır septiki proseslərə (peritonit, postabort və doğuşdan sonrakı sepsisə) səbəb olur, dölün bətndaxili infeksiyalaşması isə perinatal ölüm riskini artırır.
İnkubasion dövr 5 gündən 2 aya qədər davam edir, lakin əksər hallarda orta hesabla 2 həftə təşkil edir. Qadınlarda mikoplazmoz vulvovaginit, servisit, endometrit, salpingit, ooforit, adneksit, uretrit, sistit, pielonefrit şəklində gedə bilər. Xəstəlik aydın ifadə olunmuş spesifik əlamətlərə malik olmur, urogenital mikoplazma infeksiyasının əlamətləri onun klinik formalarından asılıdır.
Mikoplazma mənşəli vaginit və ya servisit az miqdarda şəffaf vaginal ifrazat, qaşınma, sidik ifrazı zamanı göynəmə hissi, ağrılı cinsi əlaqə (dispareuniya) ilə müşayiət olunur. Uşaqlıq və onun artımlarının iltihabı zamanı xəstələr qarnın aşağı hissəsi və bel nahiyəsində dartıcı ağrılardan şikayət edir. Sistit və pielonefritin əlamətlərinə bədən hərarətinin 38,5°С-yə qədər yüksəlməsi, ağrılı sidik ifrazı, qarın və beldə kəskin ağrılar aiddir. Mikoplazma etiologiyalı endometrit aybaşı siklinin pozğunluqları və aybaşıarası qanaxmalarla təzahür edir. Bu formanın tez-tez rast gəlinən ağırlaşmalarına qadınlarda sonsuzluq daxildir.
Mikoplazmozun hamilə qadınlarda inkişafı daha təhlükəlidir. İnfeksiya özbaşına (spontan) düşüklər, hestoz, fetoplasentar çatışmazlıq, xorioamnionit, vaxtından əvvəl doğuş, dölyanı mayenin çoxluğu və ya vaxtından əvvəl axmasına səbəb ola bilər. Sağlam hamilələrlə müqayisədə mikoplazma ilə infeksiyalaşmış qadınlarda hamiləliyin sona qədər çatdırılmaması halları 1,5 dəfə çox müşahidə olunur. Uşaqlarda bətndaxili mikoplazmoz generalizəolunmuş formada gedərək, polisistem zədələnmələr, mikoplazmalı pnevmoniya, meningitlə müşayiət olunur. İnfeksiyalaşmış uşaqlar arasında anadangəlmə qüsurlar və ölü doğumlar üstünlük təşkil edir.
Qadınlarda mikoplazmozun diaqnostikası
Qadınlarda yalnız kliniki əlamətlər, anamnez, ginekoloji müayinə, floraya görə yaxmanın nəticələrinə əsasən mikoplazmozu aşkar etmək mümkün deyil. Dəqiq diaqnozun qoyulması üçün kompleksşəkilli laborator üsullar tətbiq olunur.
Ən sürətli və informativ üsul molekulyar-genetik diaqnostika (PZR) hesab olunur, onun dəqiqliyi 90-95% təşkil edir. Analizin aparılması üçün lazım olan material urogenital traktın epitel qatından götürülən sıyrıntı ya qandan ibarət ola bilər. Mikoplazmoza görə bakterioloji əkilmə yalnız M.Hominis növünü aşkar edir, bu metod çətinliyi və nəticələrin gec hazır olması (1 həftəyə kimi) ilə seçilsə də, antibiotikoqramın təyininə imkan verir. Mikrobioloji analiz üçün uretra, uşaqlıq yolunun tağları, servikal kanalın ifrazatından istifadə olunur. Koloniya əmələ gətirən vahidin (KƏV) 104-dən artıq olması diaqnostik əhəmiyyət kəsb edir. Mikoplazmanın İFA və İFR üsulları ilə təyinin geniş yayılmasına baxmayaraq, bu metodlar dəqiqliyi az olur (50-70%).
Qadınlarda mikoplazmozun diaqnostikasında sidik-cinsiyyət sisteminin infeksion prosesə qoşulma dərəcəsini müəyyən etməyə kömək edən USM üsullarından: kiçik çanağın USM, böyrəklər və sidik kisəsinin USM istifadə olunur. Hamiləlik planlaşdıran (o cümlədən EKM vasitəsilə), kiçik çanaq nahiyəsinin iltihabi prosesləri, sonsuzluqdan əziyyət çəkən, ağırlaşmış mamalıq anamnezi olan qadınlar mütləq qaydada mikoplazmoza görə müayinə olunmalıdır.
Qadınlarda mikoplazmozun müalicə və profilaktikası
Simptomsuz M.Hominis daşıyıcılığın müalicə taktikası tam öyrənilməmişdir. Bir çox tədqiqatçılar və klinisistlərin fikrincə mikoplazma hominis qadının normal mikroflorasının komponenti olub, adi şəraitdə sağlam orqanizmdə heç bir patoloji əlamət törətmir. Əksər hallarda mikoplazmanın bu növü bakterial vaginozla assosiasiya yaradır, bu səbəbdən müalicə mikoplazmanın eliminasiyasına deyil, vaginal floranın korreksiyasına yönəldilməlidir.
M.genitalium aşkarlanması və urogenital iltihab əlamətlərinin olması, hamiləlik planlaşdıran və ya keçmişdə qeyri-qənaətbəxş mamalıq anamnezi olan, sonsuzluqdan əziyyət çəkən qadınlarda mikoplazmanın təsdiqi zamanı mikoplazmanın məqsədyönlü müalicəsi aparılır. Eləcə də, ginekoloji əməliyyat və ya az invaziv uşaqlıqdaxili müdaxilələrdən (abort, UDS qoyulmasından) əvvəl qadınlara müalicə kursu məsləhət görülür.
Qadınlarda mikoplazmozun etiotrop müalicəsi törədicinin maksimal həssaslığı nəzərə alınaraq təyin olunur. Adətən tetrasiklin sırasından olan antibiotiklər (tetrasiklin, doksisiklin), makrolidlər, flüorxinolonlar, sefalosporinlər, aminoqlikozidlər və s. təyin olunur. Bəzən mikrobəleyhinə vasitələrin yeridilməsi plazmofarez zamanı tətbiq oluna bilər. Yerli müalicə məqsədilə klindamisin, metronidazol tərkibli vaginal krem və həblərdən istifadə olunur. Sidik kanalının instillyasiyası, antiseptiklərlə şırınqalama aparılır. Antibiotikoterapiya ilə yanaşı göbələkəleyhinə vasitələr, immunomodulyatorlar, polivitamin komplekslər, eubiotiklər təyin olunur. Ozonoterapiya və maqnitolazeroterapiya məsləhət görülür.
Mikoplazmoz zamanı hər iki cinsi partnyor müalicə almalıdır. Standart müalicə kursu 10-15 gün davam edir. Kurs bitdikdən 2-3 həftə sonra kultural müayinə, 1 aydan sonra isə PZR-diaqnostika aparılır, bu üsullar əsasında xəstənin sağalmasına dair nəticə çıxarılır. Təxminən 10% xəstələrdə müalicəyə qarşı rezistentlik müşahidə olunur. Hamiləlik zamanı mikoplazmanın müalicəsi yalnız infeksiya ana və uşaq üçün təhlükə hesab olunduğu hallarda tətbiq olunur.
Mikoplazmozun profilaktikası məqsədilə vaxtaşırı ginekoloji müayinələr, kontrasepsiyanın baryer üsullarından istifadə, urogenital infeksiyaların erkən diaqnostika və müalicəsi məsləhət görülür.