Qadınlarda orta yaş krizisi
Qadınlarda orta yaş krizisi – psixi inkişafın keçid dövrü olub, sosial rol, nailiyyətlər, ailə məsələlərinə baxışın dəyişilməsi ilə təzahür edir. 30-50 yaş arasında yaranır, 6 aydan 2-3 ilə qədər davam edir. Əsas əlamətləri: aktual vəziyyətdən (iş, həyat tərzi, həyat yoldaşı, uşaqlardan) narazılıq, dəyişikliklərə cəhd göstərmək, emosional labillik, qıcıqlanma, yeni maraqların yaranması. Krizisin diaqnostikası psixoloq tərəfindən aparılır, müayinə söhbət əsnasında aparılır. Krizisin daha asan və tez yaşanması məqsədilə qadınların mütəxəssislərə müraciət etmələri məsləhət görülür.
- Qadınlarda orta yaş krizisinin səbəbləri
- Patogenez
- Qadınlarda orta yaş krizisinin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Orta yaş krizisi zamanı qadınlara verilən məsləhətlər
- Proqnoz və profilaktika
Qadınlarda orta yaş krizisi barədə ümumi məlumat
1965-ci ildə kanadalı psixoanalitik E.Jak ilk dəfə olaraq öz məqaləsində insan imkanlarının məhdudluğunu və ölümün qaçılmazlığını dərk etmə dövrünü ifadə edən «orta yaş krizisi» terminini işlətmişdir. Qadınlarda krizis kişilərlə müqayisədə daha erkən dövrlərdə -30-50 yaş arası müşahidə olunur. Etiologiya və təzahürlərinə görə əksər qadınlarda bu dövr femin xarakterli olub, cavanlığın itirilməsi, cinsi təmin olunmamaqla bağlıdır. Karyera və biznesə meylli, məqsədyönlü, özünə güvənən qadınlarda krizis kişilərə xas (maskulin) formada gedir. Krizis dövrünün yaşanması münasibətlərini və fəaliyyətini dəyişə bilən orta təbəqəyə aid nümayəndələrdə daha parlaq ifadə olunur.
Qadınlarda orta yaş krizisinin səbəbləri
Qadınlarda krizis kişilərə nisbətən az ifadəli olur, bəzi hallarda ümumiyyətlə nəzərə çarpmır. Kəskin və uzunmüddətli gediş psixoloji, bioloji və sosial xarakter daşıyır. Qadın özünü realizasiya üçün nə qədər çox sahə seçirsə və öz nailiyyətlərinə qarşı nə qədər tələbkar olarsa, dəyişikliklər dövrü də bir o qədər kəskin keçir. Krizisin təzahürlərini gücləndirən amillər aşağıdakılardır:
- Xarici görkəmin dəyişməsi. Müasir dövrdə qadının uğurlu və tələbkar olması onun cəlbedici görkəmi, cavanlığı və seksuallığı ilə ölçülür. Yaşla əlaqədar dəyişikliklər – qamət, dəri və saçların vəziyyətinin pisləşməsi, çəki artımı həyəcan, özünə inamsızlıq və aşağı qiymət vermənın səbəblərinə çevrilir.
- Hormonal pozğunluqlar. Klimakterik dövrün başlanması emosional labillik, əhval dəyişikliyi, əzginliklə müşayiət olunur. Bütün bu təzahürlər krizisin neqativ anlarını gücləndirir.
- Ailə münasibətləri. Həyat yoldaşı və ana rolları qadın üçün çox vacibdir. Krizis zamanı ailədaxili münasibətlərin qiymıtləndirilməsi baş verir. Subay və sonsuz qadınlar uzunmüddətli, ağır keçid dövrünə daha çox meylli olur.
- Sosial vəziyyət. Neqativ hisslərin provokasiyaedici amillərinə karyerada kifayət qədər uğur qazanılmaması, peşə laqeydliyi, aşağı gəlir aiddir. Sosial statusundan narazı olan qadınlar iş yerini, fəaliyyət sahəsini dəyişir.
- İctimai stereotiplər. Krizisin ağırlığı sosial qrupların qadının uğuru və rifahı haqqında fikirlərindən asılıdır. Kübar cəmiyyətdə xarici görünüş və peşə uğurlarına yüksək tələblər irəli sürülür. Dini birliklər arasında ailə münasibətlərinin möhkəmliyinə (keyfiyyətindən asılı olmayaraq), çox uşaqlığa, evdarlığa üstünlük verilir.
- Psixoloji keyfiyyətlər. Özünə tənqidi yanaşan və ətraf mühitin fikirlərindən asılı olan qadınlarda krizis daha ağır keçirilir. Özünə sevgi və zəifliklərin qəbul edilməsi emosional diskomforun aradan qalxmasına səbəb olur.
Qadınlarda orta yaş krizisinin patogenezi
Orta yaş krizisinin psixoloji əsası E.Erikson tərəfindən ətraflı izah olunmuşdur. Bu hal inkişafın vacibliyi- yeni vərdişlərə yiyələnmək, münasibətlər və fəaliyyətin dərk edilməsi ilə xarakterizə olunur. Uşaqda baş verən krizisdən fərqli olaraq, qadınların krizisi şəxsi ehtiyatların axtarışı, tələbatların tədqiqi, Eqo ilə ümumiliyin arasında seçimin vacibliyindən ibarətdir. Bu termin başqalarının, xüsusən də gələcək nəslin rifahı üçün qayğı anlayışını ifadə edir. Krizisin 1 təzahürü də daha az təcrübəli adamların maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə özünü büruzə verir. Bununla yanaşı şəxsi həyat daha yaradıcı və məhsuldar olur. Əgər qadın özünü düşünərsə, ətrafı qayğısı alır, bütün diqqəti şəxsi maraq və narahatlıqlarına yönəlir, bu da emosional labilliyə gətirib çıxardır.
Qadınlarda orta yaş krizisinin əlamətləri
Krizis depressiya, xroniki yorğunluq, sinir gərginliyi əlamətləri ilə təzahür edir. Xarakterik əlamət-aktual həyat tərzindən məmnun qalmamaq, dəyişikliklər etmək istəyi. Emosional gərginlik sağlamlığın pozulması, xarici görünüşün yaşla əlaqədar dəyişməsi, ailədaxili münasibətlərdə problemlərlə əlaqədar olur. 30 yaşdan sonra cavanlıq və gözəlliyin həmişəlik itiirilməsi barədə fikirlər yaranır: qırışlar, piqmentasiya, gözətrafı qaralmalar müşahidə olunur, dəri quru və az elastik olur, əksər hallarda bədən çəkisi artır, yerişi ağırlaşır. Xarici gözəlliyə yüksək qiymət verən və ətrafdakıların diqqətini cəlb etməyə öyrəşmiş qadınlar qocalma prosesini daha ağır keçirdir. Cavanlıq dövrünü uzatma cəhdləri pəhriz, idman, kosmetoloji və cərrahi plastik prosedurlardan ibarət olur.
Əvvəlki ailədaxili münasibətlər qıcıq və narazıçılıq mənbəyinə çevrilir. Həyat yoldaşına olan sevgi II plana keçir, onun hərəkətləri, kifayət qədər diqqət və emosional yaxınlığın olmaması narazılıq yaradır. Xəyalən qadın həyat yoldaşı ilə münasibətlərin romantik, ehtiraslı, sevincli olduğu keçmiş dövrlərə qayıdır. Nostalji hisslər ümidsizlik və narazılığı daha da artırır. Vəziyyəti dəyişmək məqsədilə qadın tez-tez «içdən» söhbətlər aparır, lakin bu hallar tənə, ittiham, inciklik və göz yaşları ilə nəticələnir. Bəzən boşanma haqqında qərar qəbul edilir, digər partnyorlarla sevgi münasibətləri qurulur. Subay qadınlar üçün həyəcan mənbəyi kişinin və ya niyyətin ciddiliyindən xəbər verən rəsmiləşdirilmiş münasibətin olmamasıdır.
Uşaqlarla münasibətdə təhsildə geriləmə, itaətsizlik, sərbəstlik səbəbindən tez-tez münaqişələr baş verir. Cox zaman qadının orta yaş krizisi onun övladının yeniyetmə krizisi ilə üst-üstə düşür. Nizam –intizamın, tələblərin və ciddiliyin artması ilə ana övladının sosial bacarığa nail olmasını və bununla da valideyn kimi güclülüyünü sübut edir. Övladı olmayan qadınlar uşağın yoxluğunu qüsur, çatışmazlıq kimi qəbul edir, hamilə qalmağa və ana olmağa cəhd göstərirlər. Bu tələbatın fonunda düşünülməmiş nigahlar qurulur, tibbi müayinələrə, o cümlədən reproduktiv texnologiyanın tətbiqinə külli miqdarda maddi vəsait xərclənir.
Özünü ailəyə həsr edib, karyera ilə maraqlanmayan qadınlar səylə işləməyə, ixtisasını artırmağa və ya təhsil almağa başlayır. Peşə sahəsində müəyyən uğurlar əldə edənlər birdən-birə vəzifədən imtina edir, xeyirxahlıq, mərhəmət, qayğı kimi mənəvi keyfiyyətlərini göstərməyə imkan verən yaradıcılıq və təşkilati işlərlə məşğul olurlar. Emosional labillik, boşluq hissinə qalib gəlmək niyyəti ilə çox vaxt qadınlar din, ezoterik təlim, qeyri-adi yaradıcılıq işlərinə əl atırlar.
Qadınlarda orta yaş krizisinin ağırlaşmaları
Qadınlarda uzunmüddətli krizis depressiya ilə ağırlaşır. Müsbət dəyişikliklərin olmaması darıxma, çıxılmazlıq və həyatın mənasız olma hissini artırır. İştah və yuxu pozulur (yuxusuzluq, həddindən artıq yuxululuq), həyəcan, qıcıqlanma artır, davamlı özünü günahkar hiss etmə formalaşır. Qadınlarda əvvəllər ona zövq verən (hobbi və seks də daxil olmaqla) məşğələlərə qarşı maraq itir. Klimakterik əlamətlər pis keçirilir, baş ağrıları, həzmlə bağlı problemlər, tərləmə, tənəffüsün çətinləşməsi müşahidə olunur. Ağır hallarda özünə qəsd barədə fikirlər yaranır, intihar cəhdləri edilir.
Qadınlarda orta yaş krizisinin diaqnostikası
Əksər hallarda krizis həkim və psixoloqların iştirakı olmadan keçir, ağırlaşmalar zamanı–depressiya, əhval-ruhiyyənin davamlı pisləşməsi hallarında təkmilləşdirilmiş köməyə ehtiyac yaranır. Krizis vəziyyətinin aşkar olunması üçün klinik söhbət üsulundan istifadə olunur. Psixoloq müayinəsində qadınlar emosional labillik, tez qıcıqlanma, ətrafda baş verən hadisələrə, ailə münasibətləri, nigah, peşəyə qarşı marağın itməsini qeyd edirlər. Depressiya və digər nevrotik pozğunluqlar üçün xarakterik olan şikayətlər zamanı şəxsi emosional sfera sorğular və proyektiv testlərin (L.N.Sobçik tərəfindən tərtib olunan şəxsiyyətin standartlaşdırılmış çoxfaktorlu müayinə üsulu, insan şəkli, «ev-ağac-insan», tematik appertseptiv test, Bekin depressiya şkalası və s.) köməyilə aparılan kompleks müayinələri tətbiq olunur.
Orta yaş krizisi zamanı qadınlara verilən məsləhətlər
Krizis başlandıqda təşvişə düşməmək və dəyişikliklərdən qorxmamaq lazımdır. Bu dövrdə baş verən dəyişikliklər təbii və qaçılmazdır, onların qəbul edilməsi həyatın ikinci yarısını daha mənalı və şəmərəli yaşamağa imkan verir. Qadın öz emosiyaları, düşüncələrı və hərəkətləri üzərində işləməklə krizisin əsas əlamətlərini azalda bilər. Bu dövrdə psixoloqlar tərəfinfən təklif edilən məsləhətlər aşağıdakılardır:
- Sağlamlığa qayğı. Orqanizmdə gedən dəyişikliklərə müsbət yanaşma güc və enerjinin daha uzunmüddətli saxlanılmasına imkan verir. Qocalmanın təbii proses olmasını qəbul edərək, bütün fikri xarici gözəllikdən sağlamlığın qorunmasına yönəltmək lazımdır . Cazibədarlıq anlayışı xarici görkəm, emosiya və hərəkətlərin harmoniyası kimi qəbul edilməlidir.
- Sevgi və qayğı göstərmək. Krizis zamanı özünə qapanmaq olmaz, əksinə ailə üzvləri, dostlar, iş yoldaşları ilə aktiv münasibət qurulmalıdır. Qıcıqlanma, narazılıq, inciklik hissi artdıqda səbəbin daxili dəyişikliklərlə bağlı olmasını qəbul edərək, sevgi və qayğını göstərməyin müxtəlif yolları tapilmalıdır.
- Fizioloji narahatlıq. Krizis və onun törətdiyi xoşagəlməz emosiyaları, düşüncə və hərəkətləri inkar etmək lazım deyil. Bu halı daha tez başa vurmaq üçün neqativ emosiyaları obyektivləşdirmək- ağlamaq, öz narahatlıqlarını bir vərəqə yazmaq və ya onları rəsm şəklində təsvir etmək, destruktiv ideya və istəkləri yoluna qoymaq (işdən azad olmaq, boşanmaq, evdən getmək), onların nəticələrini qiymətləndirmək lazımdır. İkinci mərhələdə müsbət anlar (təcrübələr, şəxsi keyfiyyətlər, əldə olunmuş məqsədlər) barədə düşünmək lazımdır. Gələyək planların hazırlanması effektiv inkişaf vasitəsi sayılır.
- Sağlam eqosentrizm. Özünü dərk etməyin bir sıra üsulları mövcuddur. Krizis yeni şəxsi istəklər, gözəllik və bacarıqların axtarış dövrüdür. Qadın bütün diqqətini həyatın mənfi anlarından pozitiv məqamlara yönəltməlidir, ona sevinc, xoş həyəcan və xoşbəxtlik hissi bəxş edən işlərlə (rəqs, təbiət qoynunda istirahət, rəsm çəkmək, kulinariya, dostlarla görüş) məşğul olmalıdır.
Qadınlarda orta yaş krizisinin proqnoz və profilaktikası
Orta yaş krizisinin proqnozu qənaətbəxş olur, keçid mərhələsi özünə və ətrafdakılara qarşı yeni münasibətin formalaşması, qayğı və sevginin yüksək səviyyəsinin inkişafı ilə başa çatır. Krizis dövrünün dərk olunmaması, özünə qapanma, bütün diqqətin destruktiv narahatlıqlara yönəldilməsi zamanı proses uzanır, depressiyanın formalaşmasına, sağlamlığın pozulmasına səbəb olur. Münaqişələrin həlli üçün baş verən dəyişikliklərin müvəqqəti və təbii proses olduğunu qəbul etmək, zərurət olduqda mütəxəssislərə – psixoloq, psixoterapevtə müraciət etmək lazımdır.