Qarın boşluğu hamiləliyi
Qarın boşluğu hamiləliyi – döl yumurtasının uşaqlığa deyil, qarın boşluğuna implantasiyası ilə xarakterizə olunur. Risk amillərinə uşaqlıq artımlarının iltihabi xəstəlikləri, reproduktiv orqanlarda aparılan əməliyyatlar, uşaqlıqdaxili spiralın üzünmuddətli istifadəsi, cinsi infantilizm, kiçik çanaq orqanlarının şiş xəstəlikləri, endokrin pozğunluqlar və stresslər aiddir. Ağırlaşmalar yaranana qədər qarın boşluğu hamiləliyi əlamətlərinə görə adi hestasiyanı xatırladır. Bu patalogiya zamanı daxili qanaxmaların və qarın boşluğu orqanlarının zədələnmələrinin yaranma ehtimalı yüksəkdir. Diaqnoz şikayətlər, anamnez, ümumi və ginekoloji instrumental müayinələrın nəticələrinə əsasən qoyulur. Müalicə cərrahi yolladır.
- Qarın boşluğu hamiləliyinın yaranma səbəbləri
- Qarın boşluğu hamiləliyinın əlamətləri
- Qarın boşluğu hamiləliyinın diaqnostika və müalicəsi
Qarın boşluğu hamiləliyi barədə ümumi məlumat
Qarın boşluğu hamiləliyində embrion uşaqlığa deyil, piylik, qarın boşluğu nahiyəsinə və ya qarın boşluğu orqanlarının səthinə yapışır. Uşaqlıqdan kənar hamiləliklərin ümümi sayının 0,3-0,4% təşkil edir. Qarın boşluğu hamiləliyinin inkişafının risk amillərinə reproduktiv sistemin patoloji dəyişiklikləri, yaş, stress və endokrin pozğunluqlar aiddir. Qarın boşluğu hamiləliyinin sonluğu döl yumurtasının yapışma yerindən, qan təhcizatının səviyyəsindən və embrionun implantasiya nahiyəsində iri damarların olmasından asılıdır. Hamiləlik dölün ölümü, iri qan damarlarının və daxili orqanların zədələnməsi ilə nəticələnə bilər. Qarın boşluğu hamiləliyi təcili cərrahi müdaxiləyə göstəriş sayılır. Bu patologiyanın müalicəsi mama-ginekoloqlar tərəfindən həyata keçirilir.
Qarın boşluğu hamiləliyinin səbəbləri
Spermatozoid fallop borularının ampulyar hissəsində yumurtahüceyrəyə daxil olaraq ziqota əmələ gətirir. Ziqota xaricdən yumurtahüceyrənin parlaq qişası ilə örtülü olur. Sonra ziqota bölünməyə başlayır və eyni zamanda boru epitelinin kirpiklərinin peristaltik hərəkətləri sayəsində uşaqlıq borusu boyunca hərəkət edir. Bu zaman embrionun differensiasiya olunmamış hüceyrələri ümümi parlaq qatın altında yerləşmiş olur. Sonradan bu hüceyrələr 2 qata ayrılır: daxili (embrioblast) və xarici (trofoblast). Embrion blastosist mərhələsinə keçir, uşaqlıq boşluğuna daxil olaraq parlaq qışadan azad olur. Trofoblastın xovları endometriumun dərinliklərinə daxil olur – implantasiya baş verir.
Qarın boşluğu hamiləliyi 2 halda baş verir:
- Döl yümürtası implantasiya anında qarın boşluğunda yerləşir (birincili qarın boşluğu hamiləliyi);
- Embrion əvvəlcə uşaqlıq borusunda implantasiya edir, sonra boru abortuna xas şəkildə ayrılaraq, qarın boşluğuna düşür və periton, piylik, qaraciyər, uşaqlıq, bağırsaq və ya dalağın səthinə təkrarən implantasiya olur.
Adətən birincili və ikincili formanı ayırmaq mümkün olmur, çünki ilkin implantasiya sahəsində embrionun ayrılmasından sonra standart müayinələr zamanı müşahidə olunmayan çapıq yaranır.
Qarın boşluğu hamiləliyinin risk amillərinə yumurtalıq və fallop borularının iltihabi xəstəlikləri, cərrahi müdaxilələr nəticəsində bitişmələrin yaranması və boruların yığılma qabiliyyətinin pozulması, cinsi infantilizm zamanı boruların uzanması və boru peristaltikasının zəifləməsi, şişlərin təsirindən boruların mexaniki sıxılması, uşaqlıq borularının endometriozu, EKM və uşaqlıq daxili spiralın üzünmüddətli istifadəsi aiddir. Bundan əlavə, qarın boşluğu hamiləliyinin yaranma ehtimalı böyrəküstü və qalxanabənzər vəzilərin xəstəlikləri və boru peristaltikasını zəiflədən progesteronun səviyyəsinin artması zamanı yüksəlir. Bəzi müəlliflər qarın boşluğu hamiləliyi ilə trofoblastın vaxtından qabaq aktivliyi arasında əlaqə olduğunu qeyd edirlər.
Siqaret çəkən qadınlarda qarın boşluğu hamiləliyinin yaranma riski zərərli vərdişlərdən uzaq olan qadınlarla müqayisədə 1,5-3,5 dəfə yüksək olur. Bu da immunitetin zəifləməsi, uşaqlıq borularının peristaltik hərəkətlərinin pozulması və gecikmiş ovulyasiya ilə izah olunur. Bəzi tədqiqatçıların fikrincə qarın boşluğu hamiləliyinin yaranması həm də stresslə əlaqəlidir. Stress halları antiperistaltik yığılmalar yaradaraq, fallopiya borularının yığılma aktivliyinə neqativ təsir göstərir, nəticədə embrion boruda ləngiyərək onun divarına yapışır. Sonra boru abortu baş verir və döl yumurtası qarın boşluğuna implantasiya edir.
Son on illiklər ərzində gec reproduktiv yaş dövründə olan qadınlarda rast gəlinən uşaqlıqdan kənar hamiləlik (o cümlədən qarın boşluğu hamiləliyi) aktual problemlərdən biri hesab olunur. Qadınların karyera qurmaq, sosial və maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi onların ana olmaq istəyini geridə qoyur. Yaş artdıqca hormonal fon dəyişir, fallopiya borularının peristaltikasının aktivliyi azalır, müxtəlif neyrovegetativ dəyişikliklər baş verir. Yaşı 35-dən yuxarı olan qadınlarda qarın boşluğu hamiləliyinin yaranma riski 24-25 yaşa çatmamış qadınlarla müqayisədə 3-4 dəfə yüksək olur.
Qarın boşluğu hamiləliyinin gedişi embrionun implantasiya sahəsinin xüsusiyyətlərindən asılıdır. Qan təhcizatı zəif olan yerə implantasiya dölün ölümü ilə nəticələnir. Embrionun kiçik qan damarlarının şaxələri ilə zəngin olan sahəyə yapışması zamanı onun inkişafı adi hestasiyaya xas şəkildə davam edir. Qarın boşluğu hamiləliyində anadangəlmə qüsürların yaranma ehtimalı normal hestasiyaya nisbətən yüksək olur, bu da dölün uşaqlıq divarı ilə qorunmaması ilə əlaqədardır. Qarın boşluğu hamiləliyi çox nadir hallarda sona kimi çatdırılır. Xorion xovlarının iri damarların divarına yapıması güclü daxili qanaxmalarla nəticələnir. Plasentanın parenximatoz və boşluqlu orqanların toxumalarına invaziyası onların zədələnməsinə səbəb olur.
Qarın boşluğu hamiləliyinin əlamətləri
Ağırlaşmalar yaranana qədər qarın boşluğu hamiləliyi adi hestasiyaya xas olan əlamətlərlə müşahidə olunur. Erkən dövrdə ürəkbulanma, halsızlıq, yuxululuq, dad və iybilmə hissinin dəyişilməsi, aybaşının olmaması və süd vəzilərinin şişməsinə rast gəlinir. Ginekoloji müayinə zamanı bəzi hallarda dölün uşaqlıqda yerləşmədiyi və uşaqlığın ölçülərinin cüzi artaraq hestasiya müddətinə uyğun gəlmədiyi aşkarlanır. Bəzi hallarda qarın boşluğu hamiləliyinin klinik şəkli müəyyən olunmadığından səhvən çoxdöllü hamiləlik, miomatoz düyün fonunda hamiləlik və ya uşaqlığın anadangəlmə inkişaf anomaliyaları kimi qəbul edilir .
Qarın boşluğu hamiləliyi rast gəlinən qadınlarda bir müddətdən sonra qarnın aşağı hissəsində ağrılar yaranır. Kiçik damarların zədələnməsi zamanı artan anemiya müşahidə olunur. Daxili orqanların zədələnməsi zamanı kliniki əlamətlər çox fərqli olur. Bəzən qarın boşluğunun ağırlaşmalarını uşaqlığın cırılması, ciftin vaxtından əvvəl ayrılması və ya düşük təhlükəsi kimi qəbul edirlər. Nəzərəçarpan halsızlıq, başgicəllənmə, bayılmaönü hal, huşun itirilməsi, göz önündə qaraltı, güclü tərləmə, qarnın aşağı hissəsində ağrı, dəri və selikli qişaların avazıması daxili qanaxmadan (hamilə qadının həyatı üçün birbaşa təhlükə törədən patologiya) xəbər verir.
Qarın boşluğu hamiləliyinin diaqnostika və müalicəsi
Qarın boşluğu hamiləliyinin erkən diaqnostikası təhlükəli ağırlaşmaların inkişafının, eləcə də qadının həyat və sağlamlığı üçün yarana biləcək təhlükənin qarşısını almağa imkan verir. Diaqnoz ginekoloji müayinə və USM əsasında qoyulur. Diaqnostika zamanı səhvə yol verməmək üçün müayinə uşaqlıq boynunun identifikasiyasından başlanılır, sonra «boş» uşaqlıq və uşaqlıqdan kənarda yerləşmiş döl yumurtası müşahidə edilir. Qarın boşluğu hamiləliyinin gec mərhələlərində aparılan USM zamanı ciftin qeyri-adi lokalizasıyası aşkar olunur. Döl və cift uşaqlıq divarları ilə əhatə olunmur.
Şübhəli hallarda laparoskopiya – az invaziv müalicəvi-diaqnostik müdaxilə həyata keçirilir. Laparoskopiya qarın boşluğu hamiləliyinin dəqiqliklə təsdiq edilməsi və bir sira hallarda (hestasiyanın erkən dövrlərində) döl yumurtasının xaric edilməsi məqsədilə aparılır. Hamiləliyin gec dövrlərində, ciftin xovlarının qarın boşluğu orqanlarına inkişafı zamanı laparotomiyadan istifadə etmək mütləqdir. Cərrahi müdaxilənin həcmi ciftin lokalizasiyasına əsasən təyin olunur. Orqanın tikilməsi və ya rezeksiyası, bağırsaq anastomozunun formalaşdırılması və s. tələb oluna bilər.
Qarın boşluğu hamiləliyinin erkən aşkarlanması və vaxtında aparılan cərrahi müalicə zamanı ana üçün proqnoz qənaətbəxş sayılır. Gec diaqnostika və ağırlaşmaların inkişafı zamanı proqnoz qeyri-qənaətbəxşdir (qanaxma və daxili orqanların ağır zədələnməsi səbəbindən ölüm).
Qarın boşluğu hamiləliyinin uğurla başa çatdırılması ehtimalı son dərəcə azdır. Ədəbiyyatda haniləliyin son dövrlərində cərrahi müdaxilənin müfəqqəyitlə aparıldığı nadir hallara rast gəlinir, lakin belə bir nəticə kauzistik hal kimi qəbul olunur. Həmçinin qeyd edilir ki, qarın boşluğu hamiləliyinin nəticəsində doğulan körpələrdə əksər hallarda inkişaf qüsurlarına rast gəlinir.