Qızlarda cinsiyyət orqanlarının travmaları

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 4164

qızlarda cinsiyyət orqanlarının travmaları nələrdir?Qızlarda cinsiyyət orqanlarının travmaları — xarici və daxili cinsiyyət orqanlarının mexaniki, termiki, kimyəvi, elektrik və digər təsirlərdən baş verən zədələnmələridir. Ağrı, qanaxma, hematoma, ödem, orqanların deformasiyası ilə təzahür edir. Diaqnozun qoyulmasında ginekoloji baxış, vaginoskopiya, çanaq orqanlarının rentgenoqrafiyasının, ehtiyac olduqda mikrobioloji müayinələrin nəticələrindən istifadə olunur. Müalicə sxemi yara nahiyəsinin birincili işlənilməsi, zədələnmiş orqanların cərrahi yolla bərpası, infuzion terapiya, hemostatik, antibakterial, iltihabəleyhinə, sedativ preparatların təyinindən ibarətdir.

  • Qızlarda cinsiyyət orqanlarının travmalarının yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Qızlarda cinsiyyət orqanlarının travmalarının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Qızlarda cinsiyyət orqanlarının travmalarının müalicəsi
  • Proqnoz və profilaktika

Qızlarda cinsiyyət orqanlarının travmaları barədə ümumi məlumat

Daxili və xarici cinsiyyət orqanlarının travmatizminə 6-7 yaşa qədər qızların 0,8%-də, məktəblilərin isə 4,7%-də rast gəlinir. Uşaqlarda ginekoloji xəstəliklərin strukturunda cinsiyyət orqanlarının travmalarının payı 6%-dən çoxdur, əksər müəlliflərin fikrincə oğlanlarla müqayisədə qızlarda travmatik zədələnmələr 2-4 dəfə az müşahidə olunur. Düz zərbə, iti və ya  küt əşyaların üzərinə yıxılma nəticəsində əsasən alın, böyük və kiçik cinsiyyət dodaqları, uşaqlıq yolu dəhlizi, aralıq, qızlıq pərdəsi, klitor zədələnir. Travmaların 75%-ə qədəri açıq olur. Daxili cinsiyyət orqanlarının zədələnmələri nisbətən az hallarda qeydə alınır, onlara çox zaman cinsi təcavüz, yol-nəqliyyat qəzaları, yatrogen təsirlər səbəb olur.

Qızlarda cinsiyyət orqanlarının travmalarının səbəbləri

Qızlarda cinsiyyət orqanlarının travmalarının səbəbləriQızlarda cinsiyyət orqanlarının travmatik zədələnmələri adətən uşağın və ətrafdakıların ehtiyatsız davranışı, əlverişsiz xarici amillərin təsiri, böyüklər və ya digər uşaqların anlaqlı hərəkətləri ilə əlaqədar yaranır. Uşaq ginekologiyası və travmatologiya sahəsinin mütəxəssislərinin fikrincə qızlarda reproduktiv orqanların travmalarının başlıca səbəbləri aşağıdakılardır:

  • Bədbəxt hadisələr və qəzalar. 5-6 yaşa qədər cinsiyyət orqanları nahiyəsində travmalar əsasən məişət xarakteri daşıyaraq, ev şəraitində, bəzən isə məktəbəqədər müəssisələrdə baş verir. 6 yaşdan sonra qızlar əksər hallarda evdən kənarda travmalar alır, 11 yaşdan yuxarı uşaqlarda idman travmalarının tezliyi yüksəlir. Travmaların ən geniş yayılmış səbəblərinə iti və ya küt əşyaların üzərinə yıxılma, kimyəvi və termiki amillərin təsiri aiddir.
  • Seksual xarakterli təsirlər. Daxili və xarici cinsiyyət orqanları təcavüz, o cümlədən kəsici və deşici əşyaların istifadəsi nəticəsində zədələnə bilər. Belə travmalar ağır olmaları ilə fərqlənir, əhəmiyyətli dərəcədə qanitirmə və psixiloji şokla səciyyələnir. Həmçinin uşaqlıq yolu, cinsiyyət dodaqları, qızlıq pərdəsi, aralığın yaralanması masturbasiya məqsədilə cinsiyyət orqanlarına, sidik kanalına, düz bağırsağa iri, kəsici əşyaların yeridilməsi zamanı mümkündür.
  • Yeniyetmə qızlarda doğuş travmatizmi. Yeniyetmə dövründə doğuşlar doğuş yollarının zədələnmələrinin – uşaqlıq boynu, uşaqlıq yolu, aralığın cırılmalarının yüksək riski ilə müşayiət olunur. Gənc qızların təxminən 50%-də anatomik dar çanaq qeydə alınır, bu da sürətli doğuşlar zamanı yumşaq toxumaların zədələnmə ehtimalını artırır. Doğuş prosesində cinsiyyət orqanlarının travmatizasiyası ilə bağlı pozulmalar çox vaxt doğuşdan sonra hipotonik qanaxmalarla ağırlaşır.
  • Yatrogeniyalar. Nadir hallarda qızların cinsiyyət orqanları diaqnostik və ya müalicəvi (ümumcərrahi, ginekoloji, uroloji) prosedurların ehtiyatsız aparılması səbəbindən baş verir. Cinsiyyət orqanları zondun, endoskopun, digər alətlərin kobud yeridilməsi, invaziv müdaxilələrin aparılma texnikasının pozulması, şüa terapiyası zamanı zədələnir. Yatrogen travmatizm boşluqlu orqanlar arasında fistulaların formalaşması ilə nəticələnə bilər.

Uşaqlarda cinsi nahiyənin zədələnmə ehtimalını artıran bir sıra anatomo-fizioloji və psixoloji amillər mövcuddur: qızlarda dərialtı piy toxuması yaxşı inkişaf etmir, səthi epitel qonşu toxumalarla zəif birləşir, epidermis nazik olub, mexaniki təsirlərə qarşı davamsızdır, uşaqlar dinamik və impulsivdir, hərəkətləri dəqiq koordinasiyalı deyil. Eləcə də travmaların  baş verməsində nəzarətin azlığı və ya ümumiyyətlə olmaması mühüm rol oynayır.

Qızlarda cinsiyyət orqanlarının travmalarının patogenezi

Cinsiyyət orqanlarının travmaları zamanı klinik təzahürlərin yaranma mexanizmi zədələyici amilin tipindən, onun müddətindən asılıdır. Bir qayda olaraq, travmaya məruz qalan sahənin mərkəzində maksimal zədələnmələr – yumşaq toxuma, damarlar, sinir liflərinin destruksiyası  qeyd olunur. Travma ocağının ətrafındakı toxumalarda aktiv şəkildə iltihab mediatorları ifraz olunur, qısamüddətli reflektor spazmdan sonra damarların paretik genişlənməsi hesabına mikrosirkulyasiya pozulur, durğun  hiperemiya və travmatik ödem (seroz mayenin toxumalara hopması) müşahidə edilir. Daha ağır travmalarda qansızma, hematoma formalaşır.

Reparasiya dövründə zədələnmiş sahələr nekroz kütlələrindən təmizlənilir, onların qan təhcizatı və innerevasiyası bərpa olunur, epitelizasiya və ya çapıqlaşma baş verir. Cinsiyyət orqanlarının mexaniki zədələnməsi (əzilmə, kəsilmə, deşilmə, cırılması) ilə kimyəvi və ya termiki yanıqların patogenezinin ayrl-ayrı həlqələri arasında müəyyən fərqliliklərə rast gəlinir.

Qızlarda cinsiyyət orqanlarının travmalarının təsnifatı

Qızlarda cinsiyyət orqanlarının travmaları zədələnmənin səbəbi, lokalizasiyası, növü, qonşu orqanların prosesə qoşulma dərəcəsinə əsasən sistemləşdirilir. Patologiyanın klinik formasının düzgün təyini optimal həkim taktikasının seçilməsinə imkan verir. Qızlarda cinsiyyət orqanlarının travmaları aşağıdakı kriteriyalar üzrə təsnif edilir:

  • Zədələyici amil. Reproduktiv orqanların mexaniki travmaları daha çox yayılmışdır. Termiki, kimyəvi, şüa zədələnmələri bir qədər az izlənilir.
  • Travmaların növü. Zədələyici amilin təsir mexanizmi və toxumaların destruksiya xüsusiyyətlərindən asılı olaraq, cinsiyyət orqanlarının əzilmələri, cırılmaları, kəsikləri, deşilmələri, yanıqları, donmaları ayırd edilir.
  • Zədələnmənin lokalizasiyası. Həm xarici (vulva, aralıq, klitor, qızlıq pərdəsi), həm də daxili cinsiyyət orqanları (uşaqlıq yolu, travma, uşaqlıq artımları) zədələnə bilər. Kombinəolunmuş travmalar mümkündür.
  • Qonşu orqanların prosesə qoşulması. Güclü təsirlər zamanı çanaq sümükləri, sidik kanalı, sidik kisəsi, sidik axarları, periton, düz bağırsaq, nazik və yoğun bağırsağın zədələnmə ehtimalı artır.

Qızlarda cinsiyyət orqanlarının travmalarının əlamətləri

Qızlarda cinsiyyət orqanlarının travmalarının əlamətləriUşaq adətən zədələnmiş nahiyədə intensiv ağrılardan şikayət edir. Xarici cinsiyyət orqanlarının travmalarının 30%-i, daxili zədələnmələrin isə  xeyli hissəsi qanaxma ilə müşayiət olunur.  Klitorun venoz kələfləri və kavernoz törəmələrin cırılması, aralığın iri damarlarının yaralanması zamanı qaitirmə daha güclü olur. Dəri və selikli qişaların tamlığının pozulduğu hallarda hematomalar əmələ gəlir. Onların ölçüləri stabil ola, tədirən və ya sürətlə (arteriyalar zədələndikdə) arta bilər.

Bəzi qızlarda iri hematomaların vulva və aralıq nahiyəsindən qarnın ön divarı, sağrı nahiyəsi, budun daxili səthinə yayılması müşahidə edilir. Ətraf toxumalarda travmatik ödem aşkarlanır. Uşaqlıq yolu, uşaqlığın travmaları zamanı cinsi orqanlarda qan ifraz olunur, daxili qanaxma, hematomanın formalaşaraq, xarici cinsiyyət orqanları və kiçik çanaq toxumasına yayılması mümkündür.

Cinsi nahiyə və yaxınlıqda yerləşən orqanların müştərək travmalarında  hematuriya, sidik ifrazının çətinləşməsi və ya kəskin ağrılarla müşayiət edilməsi, qeyri-iradi nəcis və qazların xaric olması izlənilir. Qızlarda travma fonunda çox vaxt ümumi halsızlıq, rezorbtiv qızdırma qeydə alınır. Cinsiyyət orqanlarının termiki və kimyəvi yanıqları üçün ifadəli hiperemiya, dəridə qovuqcuqların əmələ gəlməsi, eroziyaların qısa zaman ərzində yaranması, toxumaların daha dərin nekrotik dağılmaları xarakterikdir. Radiasiya travmaları ləng inkişaf edir, onların nəticələri – toxumaların nekroz və fibrozu zədələnmədən bir qədər keçdikdən sonra aşkarlanır.

Qızlarda cinsiyyət orqanlarının travmalarının ağırlaşmaları

Travma zamanı qanaxmalar anemiyaya, ağır hallarda isə hemorragik şok, hematokolpos, hematometranın formalaşmasına gətirib çıxarır. Adətən yaralanma birincili mikrob disseminasiyasi ilə müşayiət edilir, bu da irinli-iltihabi proseslərin – yaralar, yanıqlar, hematomaların irinləməsi, piokolpos, piometra, pelvioperitonit, peritonitin yaranma ehtimalını artırır. Cinsi təzavüz zamanı genital infeksiyaların (qonoreya, sifilis, genital herpes, xlamidioz, trixomoniaz, mikoplazmoz, ureaplazmoz və s.) inkişafı mümkündür.

Cinsiyyət orqanlarının travmalarının uzaq fəsadlarına gələcəkdə doğuşların gedişini ağırlaşdıran aralığın, vulvar həlqənin, uşaqlıq yolunun çapıqları aiddir. Cinsi nahiyə və qonşu orqanların müştərək travmaları rektovaginal, uretrovaginal və sidik kisəsi-uşaqlıq yolu fistulaları ilə ağırlaşır. Əksər qızlarda posttravmatik dövrdə nevrozabənzər pozğunluqlar – pərişanlıq, depressiya, həyəcanlılıq, fobiya, sayrışan hallar inkişaf edir.

Qızlarda cinsiyyət orqanlarının travmalarının diaqnostikası

Müalicəyə tez başlamaq üçün müayinə prosesində zədələnmələrin xarakter və həcmi operativ şəkildə qiymətləndirilməlidir. Diaqnostikanın dəqiqliyi həkim taktikasının düzgün seçilməsinə və ağırlaşma ehtimalının minimuma endirilməsinə imkan verir. Müayinə planına fizikal, instrumental, laborator üsullar daxildir:

  • Ginekoloji kresloda baxış. Cinsiyyət dodaqları, aralıq nahiyəsində xəttli və ya cırılmış yara, qançırlar aşkarlanır, uşaqlıq yolundan qanın ifrazı mümkündür. Xarici hematoma zamanı cinsi yarığın zədələnməmiş tərəfə yerdəyişməsi ilə vulvanın deformasiyalaşması təyin edilir. Rekto-abdominal baxış və uşaqlıq yolunun ehtiyatla zondlanmasına üstünlük verilir.
  • Vaginoskopiya. Cinsiyyət orqanlarının daxili travmalarını və yad cisimləri aşkar etmək məqsədilə vaginoskopdan (kombinəolunmuş uretroskop) və ya uşaqlar üçün nəzərdə tutulan, qızlıq pərdəsinin təbii dəliyindən yeridilən xüsusi vaginal güzgülərdən istifadə olunur. Vaginoskopun tubusu və güzgülər qızın yaşı və qızlıq pərdəsinin xüsusiyyətləri nəzərə alınmaqla seçilir.
  • Çanağın rentgenoqrafiyası. Cinsiyyət orqanlarının travmalarının çanaq sümüklərinin sınıqları ilə müştərəkliyinə və ya uşaqlıq yolunda yad cisimlərin olmasına şübhə yarandıqda rentgenoloji müayinə göstəriş sayılır. Uşaqlıq yolunun kontrast maddə ilə doldurulması rentgen-neqativ materialdan olan əşyaların vizualizasiyasına şərait yaradır. Daxili cırılmalarda kontrastlaşdırma aparılmır.
  • Floraya görə yaxma. Cinsi təcavüz hallarında qonokokklar və spermatozoidlərin aşkarlanması üçün mütləq yaxma götürülməlidir. Genital infeksiyaların törədicilərini yoxlamaq üçün laborator müayinələr: floraya görə əkilmə, antibiotikoqramma, PZR-diaqnostika, İFA, İFR, TORCH-kompleksin genişlənmiş variantı məsləhət görülür.

Əlavə üsullar qismində sistoskopiya, rektoromanoskopiya, düz bağırsağın barmaqla müayinəsi, boşluqlu orqanların rentgenoqrafiyası təyin edilir. Differensial diaqnostika müxtəlif növ travmalar arasında aparılır. Göstərişlərə əsasən  müayinə prosesinə travmatoloq, cərrah, uroloq, proktoloq, psixoloq, psixoterapevt cəlb olunur.

Qızlarda cinsiyyət orqanlarının travmalarının müalicəsi

Qızlarda cinsiyyət orqanlarının travmaları zamanı müalicənin əsas məqsədi zədələnmiş sahənin sanasiyasından, toxumaların tamlığının bərpasından, mümkün ağırlaşmaların profilaktikasından ibarətdir. Statistik məlumatlara əsasən stasionar şəraitdə yardım göstərilməsi üçün qızların təxminən 50%-i hospitalizasiya olunur. Demək olar ki, bütün uşaqlarda tetanus səleyhinə profilaktika aparılmalıdır. Pasiyentin  yaşından asılı olaraq, əksər manipulyasiyalar yerli və ya ümumi ağrısızlaşdırma ilə tətbiq edilir. Cinsiyyət orqanlarının travmaları zamanı müalicə aşağıdakı mərhələlərlə icra olunur:

  • Birincili cərrahi işlənilmə. Zədələnmə ocağından nekrozlaşmış toxumalar, qan laxtaları xaric edilir. Yaralar steril və aseptik məhlullarla işlənilir. Hematomalara sıxıcı sarğı və soyuq kompress qoyulur. Qançır artmağa davam edərsə, hematoma kəsilir, qan laxtaları təmizlənilir, qanayan damar  bağlanılır, ehtiyac olduqda drenajdan istifadə olunur.
  • Zədələnmiş cinsiyyət orqanlarının tikilməsi. Dağılma və irinləmə olmadıqda travmadan 12-24 saat keçməmək şərtilə toxumaların topoqrafiyası nəzərə alınmaqla birincili tikişlər qoyulur. Qalan hallarda erkən ikincili tikişlərin qoyulması travmanın 7-14-cü günündə yaraların tam təmizlənməsi və qranulyasiyanın formalaşmasından sonra məsləhət görülür. İltihabi proseslər olduqda antibakterial preparatlar tətbiq edilir. Əməliyyat prosesində imkan daxilində qızlıq pərdəsinin tamlığı bərpa olunur.

Göstərişlərə əsasən analgetiklər, qanın köçürülməsi, infuzion terapiya, hemostatiklər, sedativ vasitələr təyin edilir. Qarın boşluğuna nüfuz edən yaralanmalar, bağırsaqların, sidik-ifrazat sisteminin zədələnməsi ilə müşahidə olunan ağır travmalar təcili laparotomiyaya, sistostomun, drenajın  qoyulmasına göstəriş sayılır. Uzaq dövrlərdə orqanlare arasında fistula yolları olduqda rekonstruktiv müdaxilələr həyata keçirilir. Həddindən artıq çapıqlaşmanın qarşısını almaq üçün sorucu terapiya tətbiq edilir.

Qızlarda cinsiyyət orqanlarının travmalarının proqnoz və profilaktikası

Vaxtında və düzgün aparılan müalicə zamanı 91,2% qızlarda müsbət nəticələr – gələcəkdə aybaşı və reproduktiv funskiyaların normal formalaşması üçün şərait, sosial adaptasiya əldə edilir. Birincili profilaktika uşaqlara nəzarət, onlara məişətdə, uşaq müəssisələrində, küçədə, idman məşğələlərində təhlükəsiz davranış qaydalarının öyrədilməsi, cinsi zorakılıq hallarından qorunma aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: