Qızlıq pərdəsinin atreziyası

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 10801

qızlıq pərdəsinin atreziyası nədir?Qızlıq pərdəsinin atreziyası – himenal arakəsmənin vaginal və aybaşı ifrazatının xaricə axınına mane olan keçməməzliyi, tam bitişməsidir. Adətən pubertat dövrdə aşkar olunur, yalançı amenoreya, ağrı, hematokolpos, bəzən isə hematometr, hematosalpinks və cinsi əlaqənin mümkünsüzlüyü ilə xarakterizə olunur.  Qızlıq pərdəsinin atreziyası piohematometr və piohematosalpinkslə ağırlaşa bilər. Müalicə qızlıq pərdəsinin xaçşəkilli kəsilməsi ilə aparılır.

  • Qızlıq pərdəsinin atreziyasının yaranma səbəbləri
  • Qızlıq pərdəsinin atreziyasının əlamətləri
  • Qızlıq pərdəsinin atreziyasının diaqnostikası
  • Qızlıq pərdəsinin atreziyasının müalicəsi
  • Ağırlaşmalar və qızlıq pərdəsinin atreziyasının profilaktikası

Qızlıq pərdəsinin atreziyası barədə ümumi məlumat

Atreziya zamanı qızlıq pərdəsinin xarici və daxili cinsiyyət orqanlarını birləşdirən təbii dəliyı  müşahidə olunmur,  qızlıq pərdəsi sərt olub, uşaqlıq yoluna girişi tamamilə örtür.  Etioloji amillərə görə 2 forması ayırd edilir: anadangəlmə (perforasiya olunmamış qızlıq pərdəsi) və ikincili  atreziya (çapıq və ya bitişmələr nəticəsində yaranan).

Qızlıq pərdəsinin atreziyasının səbəbləri

Qızlıq pərdəsinin atreziyasının səbəbləriQızlıq pərdəsinin birincili (anadangəlmə) atreziyası bətndaxili inkişaf  qüsuru sayılır. Qızlıq pərdəsi hamiləliyin 19-cu həftəsində paramezonefral kanalın distal hissəsindən formalaşır, bir qədər sonra himenal arakəsmədə dəliyin yaranması ilə nəticələnir. Bu proseslərin pozulması zamanı qızlıq pərdəsinin atreziyası baş verir.

Normal formalaşmış qızlıq pərdəsinin ikincili atreziyası uşaqlıqda keçirilən infeksiyalar (qızılca, difteriya və s.), spesifik və qeyri-spesifik vulvovaginit, çapıqlaşma və ya bitişmə prosesləri ilə əlaqədardır.

Qızlıq pərdəsinin atreziyasının əlamətləri

Premenarxe zamanı qızlıq pərdəsinin atreziyası klinik olaraq müşahidə olunmur. Nadir hallarda uşaqlıq yolunda toplanan selik (hidrokolpos, mukokolpos) qonşu orqanlara təyziq edərək, sidik ifrazının pozulmasına xas əlamətlərinin meydana çıxması ilə təzahür edir. Qızlıq pərdəsinin atreziyasının klinik simptomatikası aybaşının başlanmasına təsadüf edir. Aybaşı axıntılarına rast gəlinməyən qızlarda qarnın aşağı hissəsi və bel nahisəsində siklik spastik ağrılar müşahidə olunur. Aybaşı qanının xaricə axını mümkün olmadıqda qan uşaqlıq yolunda toplanaraq, onun divarlarının gərilməsinə səbəb olur-hematokolpos yaranır. Proses davam etdikdə qanın uşaqlıq boşluğu və fallop borularında (hematometra və hematosalpinks) toplanması hallarına da rast gəlmək mümükündür.

Qızlıq pərdəsinin atreziyasının diaqnostikası

Qızlıq pərdəsinin atreziyasının əlamətləriMukokolposdan əziyyət çəkən qızların müayinəsi zamanı qızlıq pərdəsi cinsiyyət dodaqları arasında yerləşən sarımtıl –bozumtul rəngli, albalı və ya göyərçin yumurtası ölçüsündə şişəbənzər törəmə şəklində aşkarlanır. Qızlıq pərdəsinin atreziyası zamanı yeniyetmələr qarnın aşağı hissəsində hər ay müntəzəm şəkildə yaranan kəsici, tutmaşəkilli ağrılardan və aybaşı qanaxmalarının olmamasından şikayətlənirlər.

Ginekoloji müayinə zamanı xarici cinsiyyət orqanlarının normal quruluşu və inkişafı, uşaqlıq yoluna girişin olmaması  aşkar olunur. Hematokolpos qızlıq pərdəsinin cinsi yarıqdan göy rəngli, şişəbənzər  qabarması ilə müşahidə olunur. Qızlıq pərdəsinin atreziyası zamanı aparılan rektal müayinədə nahamar səthli, bərk-elastik konsistensiyalı uşaqlıq yolunun gərilməsi aşkar edilir. Rekto-abdominal müayinə zamanı uşaqlıq qasıq nahiyəsindən yuxarıda ağrılı, elastik şiş şəklində palpasiya olunur.

Qızlıq pərdəsinin atreziyasının müalicəsi

Qızlıq pərdəsinin atreziyası zamanı fibrozlaşmış pərdənin kəsilməsi (himenotomiya, cərrahi deflorasiya) həyata keçirilir. Aralıq nahiyə və cərrahi sahənin hazırlanmasından sonra qızlıq nahiyəsı  0.5%-li novokain ilə infiltrasiya edilir. Cinsiyyət dodaqları aralanaraq qızlıq pərdəsinın qabarmış hissəsində boylama kəsik aparılır, qan laxtaları və qan xaric edilir. Boylama kəsik yuxarıdan aşağıya doğru qızlıq pərdəsinin əsasına kimi davam etdirilərk, xaçşəkilli köndələn kəsiklə tamamlanır. Uşaqlıq yolu qan kütlələrindən tamamilə təmizlənilir. Təkrari atreziyanın qarşısını almaq üçün kəsiyin kənarları ketqut sapla tikilir.

Qızlıq pərdəsinin atreziyası hematosalpinkslə müşayiət olunduqda, ilk növbədə laparotomiya, sonra isə himenotomiya aparılır. Qalxan infeksiyanın yaranma ehtimalını azaltmaq üçün uşaqlıq yolunun şırnaqla yuyulması və tamponlanması məsləhət görülmür.

Qızlıq pərdəsinin atreziyasının ağırlaşmaları və profilaktikası

Hematosalpinksin inkişafı infeksiyanın qoşulması və piohematosalpinksin yaranmasına gətirib çixara bilər. Qızlıq pərdəsinin birincili atreziyasının profilaktik tədbirlərinə normal embriogenez və dölün sağlam inkişafı üçün əlverişlı şəraitin təmini, hamiləliyin  xüsusi mama-ginekoloji müəssisələrdə aparılması aiddir.

Qızlıq pərdəsinin ikincili atreziyasının qarşısını almaq üçün qız uşaqları keçirilmiş infeksiyalardan sonra mütlıq müayinə olunmalı,  vulvovaginitlərin profilatikası aparılmalıdır.  Adətən düzgün aparılmış himenotomiyadan sonra qızlıq pərdəsinin təkrari atreziyasına rast gəlinmir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: