Salpingit
Salpingit – fallop (uşaqlıq) borularının infeksion iltihabıdır. Kəskin salpingit qarında güclü ağrılar, febrilitet, titrətmə, intoksikasiya ilə təzahür edir. Xəstəliyin yarımkəskin və xroniki formalarında klinik şəkil silinmiş olur, lakin əksər hallarda dispareuniya və sonsuzluq qeydə alınır. Diaqnoz bimanual baxış, yaxmanın bakterioskopik və bakterioloji müayinələri, exoqrafiyanın nəticələrinə əsasən qoyulur. Salpingitin müalicəsi antibakterial terapiya, fizioterapevtik üsullaın köməyilə aparılır. İrinli tuboovarial şişlərin formalaşması zamanı laparoskopiyanın tətbiqi göstəriş sayılır.
- Salpingitin yaranma səbəbləri və inkişafı
- Salpingitin əlamətləri
- Salpingitin diaqnostikası
- Salpingitin müalicəsi
- Salpingitin proqnoz və profilaktikası
Salpingit barədə ümumi məlumat
İzoləolunmuş salpingitlərə nadir hallarda rast gəlinir; çox zaman onlar yumurtalıqların iltihabı ilə müştərək şəkildə inkişaf edir – salpinqooforit (adneksit). Salpingit həmçinin uşaqlığın iltihabları – endoservisit və endometritlə müşayiət oluna bilər, bu da cinsiyyət sisteminin bütün şöbələrinin sıx anatomo-fizioloji əlaqəsi ilə bağlıdır.
Salpingitin yaranma səbəbləri və inkişafı
Etiologiyasına görə salpingitlər qeyri-spesifik və spesifik formalara ayırd edilir. Qeyri-spesifik salpingit qızılı və ya epidermal stafilokokk, streptokokk, enterokokk, bağırsaq çöpü, bakteroid, peptokokk, peptostreptokokk, protey, Candida cinsindən olan göbələklər, eləcə də qarışıq mikroflora tərəfindən törənir. Salpingitə səbəb olan mikrob assosiasiyaları geniş istifadə olunan antibiotiklərə rezistentdir. Septiki etiologiya üçün uşaqlıq borusunun birtərəfli zədələnməsi xarakterikdir.
Qeyri-spesifik salpingitin inkişafına somatik statusun zəifləməsi, ginekoloji patologiya (yumurtalıqların hipofunksiyası, uşaqlıq yolunun enməsi), doğuş travmaları, ağırlaşmış abortlar, müxtəlif uşaqlıqdaxili manipulyasiyalar (metrosalpinqoqrafiya, uşaqlığın diaqnostik qaşınması, histeroskopiya, UDS-nin yeridilməsi və çıxarılması) səbəb olur. Belə hallarda uşaqlığın epitel qatının zədələnməsi törədicilər üçün giriş qapısı rolunu oynayır.
Salpingitin spesifik formalarının yaranmasında cinsi yolla orqanizmə keçən qonokokk, trixomonad, xlamidiyalar iştirak edir. Vərəm mikorbakteriyaları adətən ağciyərlərdə lokalizasiya olunan infeksiya ocaqlarından, döş qəfəsi daxili və ya mezenterial limfa düyünlərindən hematogen yolla uşaqlıq borularına yayılır. Spesifik salpingitlər iki tərəfli olur.
İlkin mərhələlərdə iltihab uşaqlıq borusunun selikli qişasında müşahidə edilir, bu zaman iltihabi reaksiyalar – hiperemiya, mikrosirkulyator pozğunluqlar, ekssudat, ödem, hüceyrə infiltrasiyası qeydə alınır. Ödemin uşaqlıq borularının əzələ qatına yayılması zamanı onların qalınlaşması və deformasiyası baş verir.
Eksudativ möhtəviyyat tərkibindəki mikroorqanizmlərlə birlikdə qarın boşluğuna tökülərək, uşaqlıq borusunun seroz örtüyünü və peirtonu zədələyir, nəticədə perisalpingit və pelvioperitonit yaranır. Sonralar follikulun partlaması zamanı qraaf qovuqcuğunun qranulyoz qişası infeksiyalaşa – salpinqooforit inkişaf edə bilər.
Salpingit zamanı uşaqlıq borusunun dəlik və ampulyar hissəsində ekssudat və fimbriyaların qalınlaşması sayəsində obliterasiya sürətlə proqressivləşir. Uşaqlıq borusunda sekretin toplanması hidrosalpinks və piosalpinksin formalaşmasına gətirib çıxarır. İltihabi dəyişilmiş uşaqlıq boruları, periton, bağırsaq ilgəkləri, appendiks arasında bitişmə prosesi –perisalpingit inkişaf edir. Xroniki salpingitlər boru sonsuzluğunun başlıca amili hesab olunur.
Salpingitin əlamətləri
Salpingitin klinik təzahürlərinin başlanması adətən aybaşının sona çatması ilə bağlıdır. Kəskin salpingit ümumi vəziyyətin kəskin pozulması – hərarətin yüksəlməsi, titrətmə, qarnın aşağı hissəsində ağrı yaranması, onun oma və düz bağırsağa irradiasiyası ilə başlayır. Qastroenteral pozğunluqlar (qusma, meteorizm, qusma), intoksikasiya (zəiflik, mialgiya, taxikardiya), funksional və emosional-nevrotik dəyişikliklər meydana çıxır.
Salpingitin patoqnomik əlamətlərinə cinsiyyət yolları və sidik kanalından seroz-irinli ifrazatın axması aiddir. Dizurik pozulmalar sidik ifrazının tezləşməsi, ağrılı olması, sidiyin az porsiyalarla ifrazı ilə xarakterizə olunur. Bağırsaq pozğunluqları «qıcıqlanmış bağırsaq» sindromu (mayeşəkilli və tez-tez baş verən nəcis ifrazı) ilə təzahür edir. Pasiyentlərin əksətiyyəti cinsi əlaqənin kəskin ağrılı olmasından şikayət edir.
Yarımkəskin salpingitlər zamanı qadının ümumi halı yaxşılaşır, ağrılar azalır, hərarət subfebril olur. Xroniki salpingit qənaətbəxş vəziyyət, normal bədən temperaturu fonunda gedə bilər, lakin xəstəliyin bu fazasında dayanıqlı ağrılar davam edir. Hipotermiya, həddindən artıq yorğunluq, stress, interkurrent infeksiyalar xroniki salpingitin kəskinləşməsinə səbəb olur. Salpingitin piosalpinkslə ağırlaşdığı hallarda hektik tipli qızdırma, titrətmələr inkişaf edir, intoksikasiya artır, peritonun qıcıqlanmasının ifadəli simptomları aşkarlanır. Piosalpinksin deşilmısi və irinin qarın boşluğuna tökülməsi yayılmış peritonitə gətirib çıxara bilər.
Qonoreya mənşəli salpingit gedişinə görə iltihabın septiki formasından çox az fərqlənir, lakin qonoreya zamanı uşaqlıq borularından əlavə, uretra, sidik kanalı, parauretral yollar, bartolin vəzilər, düz bağırsaq da zədələnir. Xlamidiya etiologiyalı salpingit uretrit, servisit, endometrit əlamətləri, uşaqlıq borularının destruktiv zədələnmələri ilə xarakterizə edilir. Patologiya çox zaman uşaqlıqdan kənar hamiləlik və sonsuzluqla nəticələnir. Vərəm mənşəli salpingit xroniki gedişə malik olur; prosesin kazeoz formasında kəskinləşmə müşahidə edilir.
Salpingitin diaqnostikası
Anamnezin toplanması xəstəliyi ağırlaşmış doğuşlar, hamiləliyin cərrahi yolla pozulması, ginekoloji manipulyasiyalar, cinsi partnyorun dəyişməsi və s. ilə əlaqələndirməyə imkan verir. Salpingitin diaqnostikası fizikal, laborator, instrumental müayinələrə əsaslanır.
Kəskin salpingit zamanı ginekoloji müayinə kəskin ağrılıdır. Ön qarın divarından uşaqlıq artımları nahiyəsində dəqiq sərhədləri olmayan bir və ya ikitərəfli infiltrasiya palpasiya olunur. Xroniki fazada sklerozlaşma və fibrozlaşma nəticəsində uşaqlıq artımları az hərəkətli olur. Pelvioperitonit zamanı peritonun qıcıqlanma əlamətləri; ekssudatın duqlas cibində toplanması – uşaqlıq yolunun arxa tağının qabarması və kəskin ağrılı olması aşkarlanır.
Peirferik qanın dəyişilməsi sola meylli leykoformulalı leykositoz, EÇS-nin yüksəlməsi ilə səciyyələnir. Sidik kanalı, uşaqlıq yolu və servikal kanaldan götürülən yaxmanın mikrobioloji analizi törədicini və onun antibiotiklərə qarşı həssaslığını müəyyən etməyə imkan verir. Qonoreya, vərəm və xlamidiya mənşəli salpingitlərin diaqnozu PZR və İFA üsulları ilə təsdiqlənir.
USM (transvaginal, transabdominal) vasitəsilə fallopiya borularının qalınlaşması, kiçik çanaqda bitişmələr və ekssudatın olması; hidro- və piosalpinks zamanı borunun şişəbənzər dəyişikliyi vizualizasiya edilir. Xroniki salpingitlərdə uşaqlıq borularının keçiriciliyini qiymətləndirmək üçün USHSS aparılır. Duqlas boşluğunda ekssudatın toplandığı hallarda uşaqlıq yolunun arxa tağı punksiya olunur. Kəskin appendisit, uşaqlıqdankənar hamiləlik, piosalpinksin partlaması, yumurtalığın apopleksiyasının inkar edilməsi üçün diaqnostik laparoskpiyanın tətbiqi məqsədəuyğundur.
Salpingitin müalicəsi
Kəskin salpingit və xroniki formanın ifadəli kəskinləşməsi zamanı xəstə hospitalizasiya olunmalıdır. Salpingitin terapiyasının vacib komponentlərinə yataq rejimi, hipoqastral nahiyəyə soyuq kompress, ciddi pəhriz aiddir. Mikrobəleyhinə terapiyanın təyini bakterioloji əkilməsinin nəticələri və salpingitin etiologiyasına əsaslanır. Müalicə polusintetik penisillinlər, sefalosporinlər, flüorxinolonlar, aminoqlikozidlər, makrolidlər, tetrasiklinlərlə 10-14 gün müddətində aparıla bilər. Eyni zamanda nitrofuranların törəmələri, göbələkəleyhinə vasitələr, QSİƏP, infuzion terapiya, autohemoterapiya təyin olunur. Metabolik və mikrosirkulyator proseslərin stimulyasiyası vitaminlər, tiaminpirofosfat, aloe ekstraktı, hialuronidazanın yeridilməsi ilə icra edilir.
Anaerob flora və trixomonad tərəfindən törədilən salpingitlər metronidazolun köməyilə müalicə olunur; vərəm və qonoreya mənşəli salpingitlərin terapiyası vərəm və qonoreyanın müalicə prinsiplərinə əsasən aparılır. Xroniki salpingitlər və kəskin prosesdən sonra bərpa dövründə fizioterapiya – UYT, maqnitoterapiya, elektrofarez, ultrasəs, diadinamoterapiya, hidroterapiya (radon, sulfid, natrium-xlorid vannaları, talassoterapiya), termoterapiya (ozokeritoterapiya, parafinoterapiya) geniş tətbiq olunur. İynərefleksoterapiya seansları ağrı sindromunun aradan qaldırılmasına və patoloji dəyişikliklərin geriyə inkişafına səbəb olur.
Tuboovarial şişlər formalaşdıqda diaqnostik laparoskopiya həyata keçirilir; ehtiyac olduqda tubektomiya və ya adneskektomiya icra edilir. Bəzən kiçik çanağın transvaginal aspirasion-şırınqa yolu ilə drenajlanması və sanasiyası yerinə yetirilir.
Salpingitin proqnoz və profilaktikası
Salpingit adətən aybaşı, cinsi və reproduktiv funksiyaların pozulmasına səbəb olur. Pasiyentlərdə çox zaman sonsuzluq, uşaqlıqdan kənar hamiləlik, bitişmə prosesləri ilə əlaqədar çanaq ağrıları müşahidə edilir.
Salpingitlərin profilaktik tədbirlərinə ginekoloji müdaxilələrin aparılma texnikasına riayət, baryer kontrasepsiya və təhlükəsiz cinsi əlaqə barədə maarifləndirmə, ekstragenital və genital infeksiya ocaqlarının vaxtında likvidasiyası aiddir.