Süd yarası

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 4787

süd yarası nədir?Süd yarası (vaginal kandidoz) – uşaqlıq yolunun selikli qişasının göbələk mənşəli zədələnməsidir. Patologiya vulva nahiyəsində qaşınma və göynəmə, çoxlu miqdarda kəsmiyəbənzər ifrazat, sidik ifrazı və cinsi akt zamanı ağrı ilə təzahür edir. Göbələk infeksiyasının orqanizmdə yayılması və generalizə olunmuş formaya keçməsi, normal hamiləlik və doğuşun gedişinin pozulması, dölün infeksiyalaşması mümkündür. Diaqnoz ginekoloji baxış, kolposkopiya, yaxmanın mikroskopik və bakterioloji müayinələrinin nəticələrinə əsasən qoyulur. Süd yarasının müalicəsi yerli və sistem təsirli göbələk əleyhinə preparatlarla aparılır.

  • Süd yarasının yaranma səbəbləri
  • Süd yarasının əlamətləri
  • Süd yarasının ağırlaşmaları
  • Süd yarasının diaqnostikası
  • Süd yarasının müalicəsi
  • Süd yarasının hamilələrdə müalicəsi
  • Süd yarasının profilaktikası

Süd yarası barədə ümumi məlumat

Süd yarası  — uşaqlıq yolunun selikli qişasının Candida cinsindən olan göbələklər tərəfindən törədilən iltihabi zədələnməsidir. Uşaqlıq yolunda göynəmə və qaşınma, ağ kəsmiyəbənzər ifrazatla xarakterizə olunur. Yenidoğulmuşların kandidozu da süd yarası adlanır və o, əksər hallarda ağız boşluğunun kandidozu kimi təzahür edir. Süd yarasının diaqnostikası uşaqlıq yolundan götürülən yaxmanın mikroskopik və kultural müayinəsi zamanı göbələyin aşkar olunması yolu ilə aparılır. Yanaşı gedən cinsi yolla keçən infeksiyaları (CYKİ) istisna etmək üçün İFA, İFR və PZR-diaqnostika tətbiq olunur. Xroniki residivləşən süd yarası xəstənin hərtərəfli müayinəsinə göstəriş hesab olunur, müayinənin məqsədi orqanizmdə patologiyaya səbəb olan dəyişikliklərin təyin edilməsindən ibarətdir. Müalicə zamanı yerli və sistem təsirli preparatlardan istifadə olunur.

Süd yarasının inkişafına səbəb olan mayayabənzər Candida göbələkləri əksər qadınların şərti-patogen florasi sayılır və heç bir patoloji əlamətlər törətmir. Bu səbəbdən klassik CYKİ-dən fərqli olaraq ,süd yarasını 100% cinsi yolla ötürülən xəstəliklər qrupuna aid etmək olmaz, lakin Candida göbələklərinə cinsi partnyordan yoluxma ehtimalı da mövcuddur. Süd yarasının klinik şəklinin cinsi infeksiyalarla oxşarlığı və bu xəstəliklərin tez-tez müştərək şəkildə rast gəlinməsi ilə əlaqədar olaraq, ginekoloqlarla yanaşı veneroloqlar da kandidozun diaqnostika və müalicəsi ilə məşğul olur.

Süd yarasının səbəbləri

Süd yarasının səbəbləriSüd yarasının inkişafına uşaqlıq yolunun sağlam mikroflorasını pozan müxtəlif amillər səbəb olur. Nəticədə normada göbələk florasının çoxalmasının qarşısını alan faydalı bakteriyaların miqdarının azalması və göbələklərin sayının intensiv artması müşahidə olunur. Göbələklərin aktiv şəkildə çoxalması onların patogen xüsusiyyətlərinin təzahürünə – uşaqlığın selikli qişasının kolpit və ya vaginit tipli iltihabi dəyişikliklərinin yaranmasına gətirib çıxardır.

Uşaqlıq yolunda mikroorqanizmlərin normal nisbətinin pozulmasına səbəb olan amillərə sitostatik və digər immunosupressorlarla müalicə, hormonal kontrasepsiyanın istifadəsi, somatik xəstəliklərlə (İİV, xroniki bronxit, tonzillit, xroniki pielonefrit, qaraciyərin sirrozu və s.) bağlı immunitetin zəifləməsi, hormonal pozğunluqlar (şəkərli diabet, yumurtalıqların disfunksiyası, klimaks, hipotireoz, piylənmə), anoreksiya, hamiləlik, stress vəziyyətləri, iqlim dəyişikliyi aiddir.

Uzunmüddətli və ya tez-tez təkrarlanan antibiotikoterapiya, antibakterial preparatların probiotiklər təyin olunmadan istifadəsi ilk növbədə bağırsaq disbiozuna səbəb olur. Bağırsaq Candida göbələklərinin rezervuarı hesab olunduğundan, onun xəstəliyi (disbakterioz, kolit və s.) zamanı göbələklər digər orqanlara, ilk növbədə uşaqlıq yoluna yayılaraq, süd yarasının inkişafına gətirib çıxardır.

Eləcə də bir sıra yerli amillər: şəxsi gigiyenaya riayət olunmaması,  bez və vaginal tamponların vaxtında dəyişilməməsi, yerli kontraseptivlərin, ətirli bez və tualet kağızlarının istifadəsi, sintetik alt paltarlarının geyinillməsi uşaqlıq yolunun biosenozunu pozaraq, süd yarasına səbəb olur. Gigiyenik məqsədlə antibakterial təsirli vasitələrin (antibakterial sabun, intim gel, vaginal sprey) tez-tez istifadə olunması çox zaman yerli immunitetin zəifləməsi və süd yarasının inkişafı ilə nəticələnir.

Bəzi qadınlarda hovuz və ya çimərliklərdən sonra, eləcə də yaş paltarın dəyişilməməsi ilə əlaqədar süd yarasının inkişafı müşahidə olunur. Bu, nəm mühitin Candida göbələklərinin həyat fəaliyyətinə qənaətbəxş təsiri ilə əlaqədardır. Qida rasionunda şirniyyatın artıq miqdarda istifadə olunması da süd yarasının yaranmasına səbəb ola bilir.

Süd yarası olan qadınların dünyaya gətirdiyi uşaqlar bətndaxili dövrdə və ya doğuş yollarından keçərkən infeksiyalaşaraq, süd yarası xəstəliyinə tutula bilər. Belə hallarda doğuş travması, vaxtından əvvəl doğuş, hemolitik xəstəlik, bətndaxili hipoksiya, yenidoğulmuşun asfiksiyası ilə əlaqədar uşaq orqanizminin zəifləməsi süd yarasının inkişafını asanlaşdırır.

Süd yarasının əlamətləri

Süd yarasının əlamətləriSüd yarası xarici cinsiyyət orqanları və uşaqlıq yolu nahiyəsində ifadəli göynəmə və qaşınma ilə təzahür edir. Bu əlamətlər kandidoza xas olan ağ rəngli ifrazatlarla müşayiət olunur. Süd yarası üçün qeyri-həmçins konsistensiyalı kəsmik dənələrini xatırladan kiçik yığınlardan ibarət ifrazatlar xarakterikdir. İfrazat turş iyli ola bilər. Süd yarasından əziyyət çəkən qadınların əksəriyyəti cinsi əlaqə, su prosedurlarından sonra, gecə saatlarında ifrazatın artmasını qeyd edirlər. Çox hallarda kiçik cinsiyyət dodaqlarının hiperemiyası, bəzən isə kiçik və böyük cinsiyyət orqanlarının anusa kimi yayılan ödemi müşahidə olunur. Uşaqlıq yolunun selikli qişasının ödem və iltihabi dəyişiklikləri dispareuniyaya  səbəb olur. Sidik ifrazı zamanı ağrı yarana bilər.

Əksər hallarda süd yarasının silinmiş gedişinə rast gəlinir, bu zaman xəstəliyin klinik əlamətləri zəif ifadə olunur və ya qeyd olunan simptomlardan yalnız biri izlənilir. Süd yarasının əlamətləri aybaşının başlanması ilə öz-özünə itə bilər, çünki bu dövrdə vaginal mühit göbələklərin inkişafı üçün əlverişsiz sayılan qələvi istiqamətə dəyişir. Lakin süd yarası xroniki şəkil ala bilər. Bir qayda olaraq, onun residivləri ildə 4 dəfədən az olmayaraq baş verir və adətən aybaşıdan 1 həftə qabaq müşahidə olunur. Xroniki süd yarası müalicəyə çətin tabe olduğundan ağırlaşmalara gətirib çıxara bilər. Süd yarası uşaqlıq yolunun digər infeksion mənşəli zədələnmələri (ureaplazmoz, xlamidioz, genital herpes və s.) ilə müştərək şəkildə inkişafı mümkündür.

Yenidoğulmuşlarda süd yarasının ən çox rast gəlinən əlamətlərinə diş əti, yumşaq damaq, yanaqların selikli qişası və dilin kandidoz zədələnmələri (gingivit, stomatit, qlossit) aiddir. Kandidoz selikli qişalarda ağ ərplə örtülü sahə və ya ləkələrin yaranması ilə təzahür edir. Ərpin silinməsi zamanı onun altında hiperemiyalı və iltihablaşmış selikli qişa aşkarlanır. Süd yarasından əziyyət çəkən yenidoğulmuş narahat olur, tez-tez ağlayır, pis əmir və döşdən imtina  edir. Az hallarda yenidoğulmuşların süd yarası kandidoz mənşəli konyuktivit şəklində izlənilir. Bətndaxili infeksiyalaşmanın fəsadı göbələkləri tərəfindən törədilən pnevmoniya ola bilər.

Süd yarasının ağırlaşmaları

Xroniki gedişli süd yarası bir sıra ağırlaşmalara – servisit, uretrit, sistitə səbəb olur, bu da göbələk infeksiyasının uşaqlıq yoluna yaxın orqanlara (uşaqlıq, sidik kanalı, sidik kisəsinə) yayılması ilə əlaqədardır. Süd yarasının digər cinsi yolla keçən infeksiyalarla müşayiət olunması uzunmüddətli residivləşən gediş zamanı qadınlarda sonsuzluqla nəticələnə bilər.

Süd yarasının diaqnostikası

Bir qayda olaraq, xəstələr süd yarası əlamətləri ilə ginekoloqa müraciət edir. Həkim ginekoloji müayinə və kolposkopiya icra edir, uşaqlıq boynu və uşaqlıq yolunun selikli qişasından yaxma götürür. Süd yarası zamanı yaxmanın mikroskopik müayinəsi preparatda göbələk miselilərini aşkar edir. Bu üsulun nəticələri tez bir zamanda əldə edilir, lakin o, xəstəliyə məhz hansı göbələyin səbəb olması haqqında dəqiq məlumatlar vermir. Bu suala cavab tapmaq üçün yaxmanın xüsusi qidalı mühitdə bakterioloji əkilməsi aparılır və artıb-çoxalan koloniyalar araşdırılır, Candida göbələklərinin antimikotik preparatlara qarşı həssaslığı  təyin edilir. Bununla yanaşı aşkar olunan Candida koloniyalarının miqdarı nəzərə alınır, çünki onların az miqdarda olması uşaqlıq yolunun sağlam mikroflorası üçün normal hal hesab olunur.

Klinik müşahidələrə əsasən süd yarası əksər halarda digər cinsi infeksiyaların fonunda inkişaf edərək onların əlamətlərini gizlədə bilir. Bu səbəbdən süd yarasının aşkar olunması zamanı qadının ÇYKİ görə müayinə olunması məsləhət görülür. Adətən kompleks PZR-diaqnostika tətbiq olunur, ehtiyac olduqda bu üsul İFA və İFR ilə tamamlanır.

Süd yarasının inkişafı orqanizmdə gedən bu və ya digər dəyişikliklərlə əlaqəli olduğundan diaqnostika prosesində xəstə hərtərəfli müayinə olunmalıdır. Bu, süd yarasının müalicəyə çətin tabe olduğu və ya xronik formaya kecdiyi hallarda daha aktual hesab olunur. Çox zaman süd yarası şəkərli diabeti ilkin əlaməti sayılır, bu əlaqədar olaraq qanda şəkərin miqdarı yoxlanmalıdır və onun konsentrasiyası artıq olduqda xəstə endokrinoloqa müraciət etməlidir. Həmçinin qastroenteroloji müayinə: disbakterioza görə analiz, koproqram, qastroskopiya, mədənin rentgenoqrafiyası, qarın boşluğunun  USM, irriqoskopiya, nazik bağırsağın rentgenoloji müayinəsi tövsiyyə olunur.

Sidik sistemi orqanları tərəfindən ağırlaşmalar müşahidə oluduqda uroloqun konsultasiyası, sidik və uretradan götürülmüş yaxmanın analizi, Zimnitski sınağı, sidik kisəsinin USM aparılmalıdır. Süd yarası bakterial vaginoz, qonoreya, genital herpes, trixomoniazla differensiasiya edilməlidir.

Süd yarasının müalicəsi

Yerli müalicə süd yarasının erkən mərhələlərində və onun ağırlaşmamış gedişi zamanı göbələk əleyhinə preparatlardan: mikonazol, klotrimazol, izokonazol, natamisindən ibarət vaginal şam və ya həblərlə tətbiq olunur. Kəskin süd yarasının müalicə müddəti təyin olunan preparatdan asılı olaraq, 1-7 gün təşkil edir. Onun effektivliyi 80-90%-ə çatır. Müalicə prosesində intim gigiyenaya düzgün riayət etmək və cinsi əlaqədən imtina etmək lazımdır.

Süd yarasının yerli müalicəsində nistatin tərkibli genişli spektrli preparatlardan istifadə etmək olmaz. Onlar uşaqlıq yolunun faydalı mikroflorasını azaldır, əksər hallarda qardnerellyoza səbəb olur. Süd yarasının yüngül gedişi zamanı yerli müalicə flükonazolun birdəfəlik qəbulu ilə əvəz oluna bilər. Süd yarasının əlamətlərinin itməsi heç də həmişə xəstənin sağalmasına dəlalət etmir. Müalicədən sonra vaginal yaxmanın təkrar müayinəsi aparılmalıdır.

Yerli terapiya istənilən effekti vermədikdə və ya süd yarasının xroniki gedişi zamanı sistem təsirli antimikotik dərmanların daxilə qəbulundan istifadə olunur. Əksər hallarda bu məqsədlə flukonazol təyin edilir. Göbələkəleyhinə terapiyadan sonra sağlam vaginal mikroflora bərpa olunmalıdır, bunun üçün eubiotiklər məsləhət görülür. Lakin onların istifadəsi yalnız laborator yolla kandidozun likvidasiyası təsdiq olunduqdan sonra məqsədəuyğun hesab olunur.

Xroniki süd yarasının müalicəsi bir neçə ay davam edə bilər. Müalicə taktikası yanaşı gedən xəstəliklərin terapiyası, bağırsaq disbakteriozunun korreksiyası, ümumi möhkəmləndirici vasitələr, provokasiyaedici amillərin (antibiotik, oral kontraseptivlərin qəbulu və s.) uzaqlaşdırılmasından ibarətdir. Residivləşən süd yarasının müalicəsində fizioterapevtik üsullardan: sinusoidal moduləedici cərəyan, maqnitoterapiya, elektrofarez, lazeroterapiya, darsonvalizasiyadan geniş istifadə olunur.

Yenidoğulmuşlarda süd yarasının müalicəsi zamanı əksər hallarda ağız boşluğu natrium hidrokarbonat və ya xlorheksidin məhlulu ilə yerli işlənilir. Ümumi göbələk əleyhinə terapiya yalnız ağırlaşmış hallarda tətbiq olunur.

Süd yarasının hamilələrdə müalicəsi

Süd yarası hamilə qadınların 50%-dən çoxunda müşahidə olunur. Onun müalicəsi kompleks yanaşma tələb edir, bu zaman hamiləliklə bağlı movcud olan əks-göstərişlər nəzərə alınmalıdır. Süd yarasına səbəb olan xəstəliklər və patoloji vəziyyətlərin aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Hamilələrdə süd yarasının müalicəsi əsasən lokal vasitələrlə aparılır. Çox zaman bu məqsədlə mikonazol və ya klotrimazol tərkibli şamlardan istifadə olunur. Hamilələrdə vaginal kandidozun sistemli göbələkəleyhinə terapiyasına göstəriş olduqda natamisin təyin edilir, çünki o, dölə toksiki təsir  göstərmir.

Hamiləlik zamanı xalq təbabətindən də istifadə etmək olar. Bu üsulllara palıq qabığı, gülümbahar və ya soda məhlulları ilə yuyunma, soda-yod tərkibli vannalara və s. aiddir. Bu metodlar az effektiv olsa da, hamiləlik dövründə xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edir.

Süd yarasının profilaktikası

Süd yarasının profilaktik üsullarına adekvat antibiotikoterapiya fonunda probiotiklərin təyini; xroniki xəstəliklər, CYKİ, hormonal dəyişikliklərin vaxtında müalicəsi; pambıqdan hazırlanmış alt paltarlarının geyinilməsi; intim gigiyenaya riayət olunması aiddir. Uşaqlıq yolunun pH səviyyəsini dəyişə və ya onun mikroflorasında disbalans törədə bilən gigiyenik və intravaginal vasitələrin istifadəsi istisna edilməlidir. Tampon və bezlər hər 3-4 saatdan bir dəyişilməlidir. Süd yarasının nəm mühitlə bağlı olduğu hallarda qadınlar hovuz və ya çimərliklərdən sonra tam qurunmalı, yaş paltar çıxarılmalı və ya ehtiyat olaraq götürülmüş quru çimərlik dəsti ilə əvəz olunmalıdır.

Yenidoğulmuşlarda süd yarasının profilaktikası məqsədilə hamiləliyin planlaşdırılması zamanı qadınlar hərtərəfli müayinə olunmalı, hamiləlik dövründə süd yarasının erkən diaqnostika və müalicəsi aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: