Uşaqlığın adenokarsinoması

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1369

Uşaqlığın adenokarsinoması nədir?Uşaqlığın adenokarsinoması – endometriumun bədxassəli şişidir. Xəstəlik vəzi toxumasından inkişaf edir, əksər hallarda uşaqlığın dibində lokalizasiya olunur. Uşaqlığın adenokarsinoması uzun müddət özünü büruzə verməyə bilər. Postklimakterik yaş dövründə olan qadınlarda qanaxmalar, cavan xəstələrdə isə gur aybaşı müşahidə olunur. Uşaqlığın adenokarsinoması zamanı beldə ağrı, qarnın böyüməsi, uşaqlıq yolundan axıntı və xərçəngin qeyri-spesifik əlamətləri (halsızlıq, çəkinin azalması, iştahın itməsi) yaranır. Xəstəliyin diaqnozu müayinə, laborator və instrumental müayinələr əsasında qoyulur. Müalicə – cərrahi müdaxilə, kimyaterapiya, şüa terapiyası, hormonoterapiya.

  • Uşaqlığın adenokarsinomasının yaranma səbəbləri
  • Uşaqlığın adenokarsinomasının təsnifatı
  • Uşaqlığın adenokarsinomasının əlamətləri
  • Uşaqlığın adenokarsinomasının diaqnostikası
  • Uşaqlığın adenokarsinomasının müalicəsi
  • Uşaqlığın adenokarsinomasının proqnoz və profilaktikası

Uşaqlığın adenokarsinoması barədə ümumi məlumat

Uşaqlığın adenokarsinoması (endometriumun xərçəngi) – endometriumun vəzi hüceyrələrindən başlanğıc götürən bədxassəli şişdir. Uşaqlıq xərçənginin leykomiosarkoma  (əzələ toxumasından inkişaf edən şiş) ilə müqayisədə daha çox yayılmış formasıdır. Uşaqlığın adenokarsinoması uşaqlıq xərçənginin 70% -ni təşkil edir, qadınlarda müşahidə olunan bədxassəli törəmələr arasında süd vəzi xərçəngindən sonra ikinci yeri tutur. Əksər hallarda 40-65 yaş arası qadınlarda aşkarlanır. Hal-hazırda uşaqlığın adenokarsinomasının rastgəlmə tezliyinin artması və xərçəngin bu formasının cavanlaşması qeyd olunur. Xəstələrin 40% -ni reproduktiv yaş dövründə olan qadınlar təşkil edir.

Son 25 il ərzində xəstəliyin tezliyi 40-49 yaş arası qadınlar arasında 30%, 50-59 yaş qrupunda isə 45% artmışdır. Son 10 il müddətində yaşı 29–dan kiçik olan qadınların xəstəliyə tutulma halları 50% yüksəlmişdir. Uşaqlığın adenokarsinoması ilkin mərhələlərdə müalicəyə asan tabe olur, prosesin proqressivləşməsi zamanı proqnoz ciddiləşir. Bütün bu sadalananlar diaqnostik müayinələrin müntəzəm  aparılmasını və ginekoloqların bu xəstəliyə qarşı həssaslığını tələb edir. Uşaqlıq adenokarsinomasının müalicəsi ginekoloqiya və onkologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Uşaqlığın adenokarsinomasının yaranma səbəbləri

Uşaqlığın adenokarsinomasının yaranma səbəbləriUşaqlığın adenokarsinoması hormondanasılı xəstəlikdir. Cinsi steroid hormonların təsirindən endometriumun vəzi toxuması  siklik dəyişikliklərə uğrayır. Estrogenlərin miqdarının artması endometrium hüceyrələrinin proliferasiyasının sürətlənməsinə səbəb olur, şişin inkişaf ehtimalını yüksəldir. Mütəxəssislər uşaqlığın adenokarsinomasının hormonal fonun dəyişməsi ilə bağlı risk faktorlarına menarxenin erkən başlanması, gecikmiş klimaks, polikistoz yumurtalıqlar sindromu, hormon ifraz edən yumurtalıq şişləri, piylənmə (piy toxuması estrogen sintez edir) və estrogen tərkibli preparatların yüksək dozalarda uzunmüddətli qəbulunu aid edirlər.

Bir çox xəstəliklər, xüsusən hipertoniya xəstəliyişəkərli diabet uşaqlıq adenokarsinomasının yaranma riskini daha da artırır. Qeyd etmək lazımdır ki, hormonal və mübadilə pozğunluqları uşaqlığın adenokarsinomasına səbəb olan amillərdəndir. 30% xəstələrdə yuxarıda sadalanan pozğunluqlar müşahidə olunmur. Digər risk faktorları arasında onkoloqlar cinsi həyat və hamiləliyin olmaması, o cümlədən yaxın qohumlarda süd vəzi və endometrium xərçənginin aşkarlanmasını qeyd edirlər. Bədxassəli şiş əksər hallarda uşaqlığın polipozu və adenomatoz fonunda inkişaf edir.

Uşaqlığın adenokarsinomasının təsnifatı

Hüceyrələrin differensiasiya səviyyəsinə əsasən endometrium xərçənginin 3 növü qeyd olunur:

  • Uşaqlığın yüksək differensiasiyalı xərçəngi – hüceyrələrin əksəriyyəti normal quruluşunu qoruyub saxlayır. Az miqdarda hüceyrələrdə quruluşun pozulması (uzun nüvəli, iri ölçülü) aşkar olunur.
  • Uşaqlığın orta differensiasiyalı xərçəngi – hüceyrə polimorfizmi daha ifadəli olur, hüceyrələrin sürətli bölünməsi müşahidə edilir.
  • Uşaqlığın aşağı differensiasiyalı xərçəngi – aydın nəzərə çarpan hüceyrə polimorfizmi qeydə alınır, hüceyrə strukturunun patoloji dəyişikliklərinin çoxsaylı əlamətləri aşkarlanır.

Şişin böyümə istiqamətindən asılı olaraq, uşaqlığın adenokarsinomasının 3 növü ayırd edilir: ekzofit böyümə (şiş uşaqlıq boşluğuna doğru  böyüyür), endofit böyümə  (şis qonşu toxumalara infiltrasiya edir) və qarışıq. Əksər hallarda ekzofit boyüyən bədxassəli törəmələrə rast gəlinir.

Prosesin yayılma dərəcəsindən asılı olaraq uşaqlıq adenokarsinomasının 4 mərhələsi qeyd olunur:

  • I mərhələ – uşaqlığın cismində lokalizasiyalaşır, ətraf toxumalar prosesə cəlb olunmur.
  • II mərhələ – şiş uşaqlıq boynuna yayılır.
  • III mərhələ – uşaqlığın adenokarsinoması ətraf toxumalara yayılır, uşaqlıq yoluna və regionar limfa düyünlərinə metastazlar müşahidə oluna bilər.
  • IV mərhələ – uşaqlığın adenokarsinoması kiçik çanağın hüdudlarından kənara yayılır, düz bağırsaq və ya sidik kisəsinə invaziya edir, uzaq metastazlar aşkar oluna bilər.

Uşaqlığın adenokarsinomasının əlamətləri

Uşaqlığın adenokarsinomasının əlamətləriXəstəlik uzun müddət simptomsuz gedir. Postklimakterik yaş dövründə olan qadınlarda uşaqlıq qanaxmaları şübhə doğuran əlamət sayılır. Reproduktiv yaşlı pasiyentlərdə gür və uzunmüddətli aybaşı hallarına rast gəlmək mümkündür. Qanaxma uşaqlığın adenokarsinomasının patoqnomik əlamətlərinə aid edilmir, cünki bu simptom bir sıra ginekoloji xəstəliklər zamanı da (məsələn, adenomioz, uşaqlığın mioması) yarana bilər. Lakin bu əlamətin aşkarlanması onkoloji xəstəliyin olmasına şübhə yaradır və daha dəqiq müayinənin aparılmasını tələb edir. Xüsusən də bura klimakterik qanaxmalar aiddir.

Uşaqlığın adenokarsinomasından əziyyət çəkən cavan qadınlar yumurtalıqların disfunksiyası, sonsuzluq, qeyri-müntəzəm aybaşı və uşaqlıq yolundan ifrazat səbəbindən tez- tez ginekoloqa müraciət edirlər. Yaşlı xəstələr müxtəlif konsistensiyalı seroz axıntılardan şikayətlənir. Uşaqlığın adenokarsinoması zamanı selik normadan çox miqdarda və sulu formada olur.

Xoşagəlməz iyli axıntıların olması uşaqlığın adenokarsinomasının kifayət qədər yayılması və parçalanmasından xəbər verən qeyri-qənaətbəxş proqnostik əlamət sayılır.

Ağrı adətən şiş prosesinin yayılması zamanı yaranır, bel nahiyəsi və qarnın aşağı hissəsində lokalizasiya olunur, daimi və ya tutmaşəkilli xarakter daşıyır. Xəstələrin bir çoxu həkimə xərçəngin invaziya mərhələsi və metastazların inkişafı dövründə müraciət edir. Uşaqlığın adenokarsinomasının gecikmiş mərhələsində rast gəlinə bilən şikayətlərə – halsızlıq, iştahın olmaması, hipertermiya və aşağı ətrafların ödemi aiddir. Bağırsaq divarı və sidik kisəsinə invaziya zamanı defekasiya və sidik ifrazının pozulmaları müşahidə olunur. Bəzi qadınlarda qarın böyüyür. Gecikmiş mərhələlərdə assit yarana bilər.

Uşaqlığın adenokarsinomasının diaqnostikası

Diaqnoz ginekoloji baxış, instrumental və laborator müayinələrin nəticələrinin əsasında qoyulur. Uşaqlığın adenokarsinomasının ən sadə laborator diaqnostika üsulu ambulator şəraitdə dəfələrlə aparılması mümkün olan aspirasion biopsiya sayılır. Metodun çatışmazlığı – uşaqlığın adenokarsinomasının erkən mərhələlərində xəstəlik barəsində az informativlik hesab olunur. Hətta aspirasion üsulla təkrar müayinələr zamanı xəstəliyin ilkin mərhələdə aşkar olunması ehtimalı cəmi 50% təşkil edir.

Skrininq müayinələr və şübhə doğuran əlamətlər zamanı kiçik çanaq orqanlarının USM təyin olunur. İnstrumental diaqnostikanın bu metodu mübadilə proseslərini və endometriumun struktur dəyişikliklərini aşkar etməyə imkan verir. Uşaqlığın adenokarsinomasının diaqnostikasında  histerskopiya mühüm rol oynayır. Müayinə zamanı ginekoloq uşaqlığın daxili səthini müayinə etməklə yanaşı, dəyişilmiş sahələrin biopsiyası, uşaqlıq boşlugu və servikal kanalın diaqnostik qaşınmasını həyata keçirir.

Uşaqlığın adenokarsinomasının daha dəqiq diaqnostik metodlarından biri fluoressent diaqnostikadır. Bu, orqanizmdə ancaq dəyişilmiş toxumalarda toplanmaq qabiliyyətinə malik fotosensibilizatorların uşaqlıq daxilinə yeridilməsi üsulu ilə aparılan endoskopik müayinə metodudur. Fluoressent diaqnostika 1 mm –dən kiçik ölcülü törəmələrin vizualizasiyasına şərait yaradır. Histeroskopiya və fluoressent diaqnostika üsullarından sonra bioptatın histoloji müayinəsi həyata keçirilir. Uşaqlığın adenokarsinomasının yayılma dərəcəsinin qiymətləndirilməsi, zədələnmiş limfa düyünlərinin və uzaq metastazların aşkar olunması məqsədilə KT və MRT tətbiq olunur.

Uşaqlığın adenokarsinomasının müalicəsi

Uşaqlığın adenokarsinoması zamanı 5 illik yaşama müddəti üzrə ən yaxşı göstəricilər cərrahi müdaxilə, şüa və medikamentoz terapiyanın cəm olunduğu kompleks terapiyanın aparılmasından sonra qeyd olunmuşdur. Müalicənin taktikası, intensivliyi və kompleks terapiyanın hər bir komponentinin istifadə müddəti onkoginekoloqlar tərəfindən fərdi şəkildə təyin edilir. Uşaqlığın adenokarsinomasının yalnız I və II mərhələsi əməliyyata tam göstəriş sayılır. Xəstəliyin III mərhələsində cərrahi müdaxilənin məqsədəuyğunluğu qeyri-qənaətbəxş proqnostik amillər əsasında müəyyən edilir.

Endometriumun xərçəngi zamanı histerektomiya, panhisterektomiya və ya adneksektomiya ilə yanaşı uşaqlığın amputasiyası, regionar limfa düyünlərinin və çanaq toxumasının çıxarılması icra olunur. Uşaqlığın adenokarsinomasında şüa terapiyası əməliyyatönü mərhələdə və əməliyyatdan sonrakı dövrdə təyin olunur. Uşaqlığın distansion şüalanması və braxiterapiyası (uşaqlıq və uşaqlıq yoluna yeridilmiş silindr vasitəsilə şüalanma) tətbiq edilir.

Uşaqlığın adenokarsinoması zamanı kimyaterapiya və hormonal terapiya residivlərin yaranma riskini azaltmağa və hormonal fonun korreksiyasına yönəldilmiş köməkçi üsullardan sayılır. Kimyaterapiyada sitostatiklərdən istifadə edilir. Hormonterapiya zamanı bədxassəli törəmə nahiyəsində yerləşən progesteron və estrogen reseptorlarına təsir edən preparatlar təyin olunur. Uşaqlığın adenokarsinomasının IV mərhələsində cərrahi müdaxilə aparılmır, müalicə kimyaterapiya və radioterapiyanın tətbiqi ilə həyata keçirilir.

Uşaqlığın adenokarsinomasının proqnoz və profilaktikası

Endometrium xərçənginin proqnozu xəstəliyin mərhələləri, yaş və pasiyentin ümumi halına əsasən müəyyənləşdirilir. Uşaqlığın adenokarsinomasının I və II mərhələlərində 5 illik yaşama müddəti 98-70% , III mərhələdə 60-10%, IV mərhələdə isə təxminən 5% təşkil edir. 75% hallarda terapiyanın başa çatmasından  sonra ilk 3 il ərzində residivlər inkişaf edir. 50% hallarda şiş uşaqlıq yolu daxilində, 30% hallarda – regionar limfa düyünləri, 28% hallarda isə uzaq orqanlarda lokalizasiya olunur.

Uşaqlığın adenokarsinomasının profilaktikası və vaxtında aşkar olunması məqsədilə müntəzəm şəkildə ginekoloq müayinəsi, kiçik çanaq orqanlarının USM, uşaqlığın xərçəngönü xəstəliklərinin vaxtında müalicəsi, endokrin pozğunluqların korreksiyası, normal çəkinin saxlanması üçün balanslaşdırılmış pəhriz və fiziki yüklənmələr, piylənmə zamanı çəkini azaldan tədbirlər, şəkərli diabet və hipertoniya xəstəliyinin adekvat terapiyası həyata keçirilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: