Uşaqlığın çoxsaylı mioması

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 2405

uşaqlığın çoxsaylı mioması nədir?Uşaqlığın çoxsaylı mioması – müxtəlif ölçüyə, böyümə tipinə və lokalizasiyaya malik 2 və ya artıq miomatozun düyünün olması ilə xarakterizə edilir. Klinik əlamətlər və onların ağırlıq dərəcəsi miomanın ölçüləri və yerləşməsindən asılıdır. Uzun müddətli və gur aybaşılar, qarnın aşağı hissəsində ağırlıq, təzyiq və ağrı hissi, mayalanma və hamiləliyin daşınması ilə bağlı problemləri qeyd oluna bilər. Uşaqlığın çoxsaylı mioması ginekoloji baxış, kiçik çanağın USM, HSQ, histeroskopiya, laparoskopiya vasitəsilə aşkarlanır. Əsas kriteriyaları (düyünlərin sayı, ölçüləri, yerləşməsi, xəstənin yaş və reproduktiv planı) nəzərə almaqla müalicə konservativ və ya cərrahi yolla (miomektomiya, histerektomiya) aparıla bilər.

  • Uşaqlığın çoxsaylı miomasının yaranma səbəbləri
  • Uşaqlığın çoxsaylı miomasının əlamətləri
  • Uşaqlığın çoxsaylı miomasının diaqnostikası
  • Uşaqlığın çoxsaylı miomasının müalicəsi

Uşaqlığın çoxsaylı mioması barədə ümumi məlumat

Uşaqlığın çoxsaylı (çoxdüyünlü) mioması (leyomioma, fibromioma) – miometriumdan inkişaf edən çoxsaylı xoşxassəli törəmədir. Uşaqlığın çoxsaylı mioması bu patologiyalı qadınların 80%-də müşahidə olunur. Son onilliklər ərzində xəstəlik xeyli cavanlaşıb- əvvəllər mioma gecikmiş reproduktiv və premenopauzal yaş dövrlərində (40-50 yaşda) aşkar olunurdusa, hal-hazırda patologiya 30-35 yaşlı xəstələrdə qeyd olunur.

Eyni zamanda müxtəlif diametrli düyünlərə rast gəlmək olar: kiçik –2 sm-ə, orta –6 sm-ə qədər, böyük– 6 sm-dən çox. Miomatoz düyünlər eyni və ya fərqli lokalizasiyaya (uşaqlığın cismi və ya boynunda) və böyümə istiqamətinə (subseroz, submukoz, interstisial, intraliqamentar) maliik olur. Bir sıra hallarda «düyün düyündə» tipi üzrə böyüyən çoxsaylı miomalara rast gəlinir. 95% düyünlər uşaqlığın cismində, az bir qismi isə uşaqlıq boynu və bağ aparatında yerləşir. Çox zaman uşaqlığın çoxsaylı mioması aybaşı və reproduktiv funksiyanın pozulmasına gətirib çıxarır, bu səbəbdən onun müalicə və profilaktikası klinik ginekologiyanın mühüm məsələlərindən hesab olunur.

Uşaqlığın çoxsaylı miomasının səbəbləri

Uşaqlığın çoxsaylı miomasının səbəbləriƏksər tədqiqatçıların fikrincə uşaqlığın mioması miometriumun saya əzələ hüceyrələrinin böyüməsinin tənzimlənməsinin pozulması nəticəsində yaranır. Bu prosesə aybaşı zamanı arteriyaların spazmı ilə əlaqədar baş verən işemiya, endometrioz, iltihabi xəstəliklər (metrit, metroendometrit), hormonal disbalans, ginekoloji müdaxilələr (abort, diaqnostik qaşıma) zamanı miometriumun zədələnmələri, uşaqlıqdaxili spiralın uzunmüddətli istifadəsi səbəb ola bilər. Zədələnmiş saya əzələ hüceyrələri gələcəkdə yaranacaq miomatoz düyünlərin rüşeyminə çevrilir.

İlkin mərhələdə uşaqlığın miomasının böyüməsi aybaşı sikli ərzində cinsi hormonların konsentrasiyasının dəyişilməsi hesabına baş verir, lakin sonralar autokrin-parakrin tənzim mexanizmlərinin prosesə qoşulması nəticəsində düyünlərin böyüməsi nisbi avtonom  olub, ümumi hormonal fondan asılı olmur. Düyünün ölçülərinin böyüməsi onun strukturunda birləşdirici toxuma payının artması ilə yanaşı, həm də estrogenlərin lokal sintezi hesabına baş verir.

Uşaqlığın çoxsaylı miomasının inkişafını stimulə edən amillərə irsi meyllik, stresslər, endokrin-mübadilə pozğunluqları (hipotireoz, piylənmə), uzun müddət intim yaxınlıq, habelə cinsi həzzin olmaması aiddir. Qadın orqanizmində estrogen və progesteron arasındakı balansın pozulması xəstəliyin patogenezində mühüm rol oynayır. Hormonal disbalansa hamiləlik və doğuşun olmaması, hamiləliyin dəfələrlə süni yolla pozulması səbəb ola bilir.

Uşaqlığın çoxsaylı miomasının əlamətləri

Uşaqlığın çoxsaylı miomasının əlamətləriUşaqlığın tək və ya çoxsaylı miomaları oxşar klinik əlamətlərə malikdir, xəstəliyin simptomatikası ilk növbədə düyünlərin ölçüləri və böyümə xüsüsiyyətlərindən asılıdır. Kiçik ölçülü miomalar, xüsusən də subseroz lokalizasiyalı düyünlər adətən simptomsuz gedir: aybaşı müntəzəm və vaxtında baş verir, qarında ağrılar qeyd olunmur. Bir qayda olaraq, simptomsuz çoxsaylı miomalar kiçik çanaq orqanlarının planlı USM zamanı aşkarlanır.

Submukoz (selikaltı) və interstisial (intramural) miomatoz düyünlər üçün menorragiyalar xarakterikdir. Müxtəlif intensivlikli uşaqlıq qanaxmaları aybaşıarası dövrdə də yarana bilər. Daimi qanaxmalar dəmir çatışmazlıqlı anemiyanın inkişafına gətirib çıxardır. Adətən aybaşı güclü ağrı hissi ilə müşayiət olunur. Köhnə düyünlərin böyüməsi və yeni miomaların yaranması nəticəsində çanaq nahiyəsində müşahidə olunan sızıltılı ağrılar daimi xarakter alır. İri interstisial və subseroz miomalar qonşu orqanlara (sidik kisəsi, sidik axarları, düz bağırsaq) güclü təzyiq göstərir, nəticədə sidik ifrazı çətinləşir və ya tezləşir, xroniki qəbizlik, hidronefroz inkişaf edir.

Uşaqlığın çoxsaylı submukoz  mioması sulu konsistensiyalı, sarı rəngli ifrazat, meno- və metrorragiya, düyünün «doğulması» zamanı qarnın aşağı hissəsində tutmaşəkilli ağrılarla təzahür edir. Submukoz miomalar səthlərinin eroziyalaşması və nekrozla ağırlaşa bilər, nadir hallarda maliqnizasiyaya uğrayır.

İstənilən lokalizasiyalı çoxsaylı miomalar zamanı uşaqlığın selikli qişasının transformasiyası (vəzili-kistoz hiperplaziya və polipozdan tutmuş endometriumun atrofiyasına kimi) qeyd olunur. Bir və ya bir neçə düyünün qidalanmasının pozulması zamanı (interstisial miomanın işemiyası, subseroz miomanın ayaqcığının burulması nəticəsində) kəskin qarın simptomatikası: kəskin abdominal ağrılar, ürəkbulanma və qusma, bədən hərarətinin artması, qarnın ön divar əzələlərinin gərginliyi izlənilir.

Uşaqlığın çoxsaylı mioması və hamiləlik

Çoxsaylı miomanın qadının mayalanma qabiliyyəti, hamiləlik və doğuş prosesinə təsiri birmənalı deyil. Bəzi miomalar (subseroz, kiçik ölçülü) reproduktiv funksiyalara bir o qədər təsir etmir.  Hamiləlik dövründə miomatoz düyünlər müxtəlif dəyişikliklərə uğrayaraq,  ölçüləri arta, azala və ya stabil qala bilər.

Uşaqlığın çoxsaylı mioması zamanı mayalanmanın baş tutmaması aşağıdakı amillərlə bağlı ola bilər: hormonal disbalans nəticəsində yaranan anovulyasiya; servikal kanal və ya uşaqlıq borularının mayalanmaya mane olan obturasiyası; implantasiyanı çətinləşdirən endometriumun patologiyaları.  Bir qayda olaraq, submukoz və interstisial miomalar zamanı reproduktiv funksiya zəiləyir.

Lakin hətta hamiləlik baş verərsə, uşaqlığın çoxsaylı mioması onun ağırlaşmış gedişinin risk amili hesab olunur. İlk növbədə miometriumun tonusunun artması ilə əlaqədar erkən mərhələlərdə düşük ehtimalı artır, II-III trimestrdə hamiləlik cift patologiyaları (vaxtından əvvəl qocalması, ayrılması), qanaxmalar, vaxtından əvvəl doğuş riski ilə müşayiət olunur. Uşaqlıq boşluğunu deformasiya edən iri ölçülü düyünlər zamanı dölün hipertrofiyası və müxtəlif anatomik qüsurların formalaşması mümkündür. Uşaqlığın çoxsaylı mioması doğuş prosesi və ondan sonrakı dövrdə  müşahidə olunan zəif doğuş fəaliyyəti, uşaqlığın atoniyası və doğuşdan sonrakı qanaxmalar, uşaqlığın uzunmüddətli involyusiyasının birbaşa səbəbi ola bilər.

Uşaqlığın çoxsaylı miomasının diaqnostikası

Uşaqlığın çoxsaylı mioması yalnız instrumental vizualizasiya üsulları vasitəsilə təsdiqlənir. Ginekoloji baxış və şikayətlərin analizi düyünlərin ölçüləri və böyümə tipi barədə səthi məlumatlar verir. Bimanual müayinədə uşaqlığın böyüməsi, səthinin qabarıqlığı, müxtəlif ölçülərə və hərəkətliyə malik düyünlərin olması aşkarlanır.

Standart müayinələr kombinəolunmuş USM (TA+TV) ilə tamamlaçır. Müayinə zamanı çoxsaylı miomanın sayı, ölçüləri, lokalizasiyası, vəziyyəti dəqiqləşdirilir. Rəngli doppleroqrafiya və dopplerometriya miomatoz düyünlərdə qan cərəyanının xarakteri haqqında məlumat əldə etməyə imkan yaradır, bu da müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət kəsb edir. Submukoz miomanın diaqnostikasında tətbiq olunan ultrasəs histerosalpinqoskopiya USM imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, müayinə prosesində uşaqlıq boşluğu xüsusi mayelərlə kontrastlaşdırılır.

Diaqnostik məlumatların dəqiqləşdirilməsi məqsədilə histerosalpinqoqrafiya, histeroskopiya (submukoz miomalar zamanı), kiçik çanaq orqanlarının MRT aparıla bilər. Uşaqlığın çoxsaylı miomasının maliqnizasiyasını istisna etmək lazım gəldikdə diaqnostik qaşınma- sıyrıntının histoloji müayinəsi və yaxud aspirasion biopsiya-aspiratın sitologiyası icra olunur. Subseroz miomaların yumurtalıqların solid şişləri və peritonarxası  törəmələrlə differensiasiyası üçün diaqnostik laparoskopiya tətbiq olunur.

Uşaqlığın çoxsaylı miomasının müalicəsi

Uşaqlığın çoxsaylı miomasının müalicə taktikasının müəyyənləşdirilməsi bir sıra amillərdən: qadının yaşı, reproduktiv planın olması, düyünlərin miqdarı və lokalizasiyası, eləcə də onların ölçüləri, klinik təzahürləri, reproduktiv funksiyaya təsirlərindən asılıdır.

Reproduktiv yaş dövründə olan qadınlara kiçik ölçülü miomalar zamanı onların böyüməsini ləngitmək məqsədilə aşağı dozalı kombinəolunmuş oral kontraseptivlər təyin oluna bilər. Uşaqlıqdaxili hormonal sistem sayılan «Мirena» müsbət müalicəvi təsirə malikdir. Uşaqlığın çoxsaylı miomalarının müalicəsində qonadotrop rilizinq-hormonların aqonistlərinin (qozerelin, triptorelin, buserelin) istifadəsi məhduddur, bu da onların bir sıra yan təsirlərinin olması ilə izah olunur. Birincisi, onların qəbulu miomanın müvəqqəti reqressiyasına səbəb olur, dərmanların qəbulu kəsildikdən sonra düyünlərin ölçüləri tez bir zamanda yenidən artır. İkincisi, QnRHa qadınlarda farmakoloji menopauza və onun bütün xarakterik əlamətlərini yaradır, bu səbəbdən cavan qadınlarda müalicə kursu 3 aydan çox olmamalıdır. Fərdi qaydada antiqonadotropinlər (danazol, gestrinon), antiestrogenlər (tamoksifen), gestagenlər (noretisteron, didrogesteron) və progesteron antaqonistləri (mifepriston) və s. təyin oluna bilər.

Uşaqlığın çoxsaylı miomasının cərrahi müalicəsinə olan göstərişlərə uşaqlıq qanaxmaları, düyünlərin sürətli böyüməsi və ya ölçülərinin böyük olması, sonsuzluq və hamiləliyin pozulması, ağrı və anemik sindrom, qonşu orqanların sıxılması, miomatoz düyündə qidalanma pozğunluqları aiddir. Reproduktiv yaşda olan qadınlarda uşaqlıq saxlanılmaqla düyünlərin çıxarılmasına, reproduktiv funksiyanın qorunmasına üstünlük verilir. Belə hallarda laparoskopik miomektomiya, laparotomiya yolu ilə konservativ miomektomiya, düyünlərin histerorezektoskopiyası aparıla bilər. Uşaqlığın çoxsaylı miomasının orqanqoruyucu üsullarına həm də uşaqlıq arteriyasının embolizasiyası daxildir. Reproduktiv planı olmayan, perimenopauzal yaşlı qadınlarda, uşaqlığın çoxsaylı miomasının adenomiozla müştərək şəkildə inkişafı, miomanın maliqnizasiya əlamətləri zamanı uaşqlığın supravaginal amputasiyası və ya histerektomiya- uşaqlığın boyun hissə ilə birgə xaric edilməsi icra olunur.

Uşaqlığın çoxsaylı mioması olan qadınlara ildə 2 dəfə kiçik çanaq orqanlarının USM məsləhət görülür. Uzun müddət günəş altında qalmaq, hamam, solyari, saunadan istifadə, bel və qarın nahiyəsində termoterapiyanın aparılması, onurğa sütununun bel-oma hissəsinin massajı istisna olunmalıdır, çünki bu prosedurlar düyünlərin böyüməsinə və uşaqlığın çoxsaylı miomasının klinik təzahürlərinin ağırlaşmasına səbəb olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: