Uşaqlığın hiperantefleksiyası
Uşaqlığın hiperantefleksiyası – uşaqlığın anatomik vəziyyətinin anomaliyası olub, onun patoloji olaraq önə döğru əyilməsi, uşaqlığın boynu və cisminin düz bucaq əmələ gətirməsi ilə xarakterizə olunur. Patologiya zamanı oma nahiyəsində ağrı, hipomenstrual sindrom, ağrılı cinsi əlaqə, patoloji ifrazat, sonsuzluq, özbaşına düşüklər qeyd olunur. Uşaqlığın hiperantefleksiyasının diaqnozu vaginal müayinə, USM, histeroqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə iltihabi proseslərin aradan qaldırılması, MBT, fizioterapiya, kurortoterapiya və ginekoloji massajın aparılmasından ibarətdir.
- Uşaqlığın hiperantefleksiyasının əlamətləri
- Uşaqlığın hiperantefleksiyasının diaqnostikası
- Uşaqlığın hiperantefleksiyasının müalicəsi
- Uşaqlığın hiperantefleksiyasının profilaktikası
Uşaqlığın hiperantefleksiyası barədə ümumi məlumat
Uşaqlığın hiperantefleksiyası adətən ümumi və cinsi infantilizm zamanı müşahidə olunur və uşaqlığın hipoplaziyası – uşaqlıq boynunun ölçülərinin onun cisminin uzunluğuna nisbətdə artması ilə müştərək inkişaf edir. Uşaqlığın hiperantefleksiyası zamanı çanaq orqanlarının vəziyyəti dəyişir: uşaqlıq sidik kisəsini örtmür, bu səbəbdən bağırsaq ilgəkləri sərbəst sahəyə daxil olaraq sidik kisəsınə təzyiq göstərə bilər. Uzunmüddətli təzyiq sidik kisəsinin aşağıya doğru yerdəyişməsi və uşaqlıq yolunun sallanması ilə nəticələnir.
Həmçinin uşaqlığın hiperantefleksiyası uzunmüddətli xroniki iltihab, şiş və travmalar səbəbindən oma-uşaqlıq bağlarının qısalması zamanı da müşahidə oluna bilər. Belə halda bağlar uşaqlığın cismini dartaraq, onu boyun nahiyəsinə yaxınlaşdırır: onlar arasında 70°-dən kiçik olan bucaq yaranır. Uşaqlığın qazanılmış hiperantefleksiyasının yaranmasında adneksit, servisit, endometrit, endometrioz, bitişmə prosesləri, proktit, tez-tez aparılan abortlar (hamiləliyin süni yolla dayandırılması) aparıcı rol oynayır. Bundan əlavə, uşaqlığın hiperantefleksiyası hamilələrdə, xüsusən təkrar doğan qadınlarda hamiləliyin III trimestrində qarın divarı əzələlərinin zəifliyi fonunda inkişaf edir.
Uşaqlığın hiperantefleksiyasının əlamətləri
Uşaqlığın hiperantifleksiyasının tipik əlamətlərinə qarnın aşağı hissəsində daimi, oma nahiyəsində isə dartıcı xarakterli ağrılar, aybaşı funksiyasının alqodismenoreya və hipomenstrual sindrom (hipomenoreya) anovulyator sikl tipli pozğunluqları aiddir. Əksər qızlarda menarxe 16 yaşdan sonra başlayır.
Adətən uşaqlığın hiperantefleksiyası patoloji ifrazat, cinsi əlaqə zamanı ağrı, cinsi soyuqluqla müşayiət olunur. Patologiya çox zaman sonsuzluqla (cinsi infantilizm zamanı – birincili sonsuzluqla) müştərək şəkildə inkişaf edir. Uşaqlığın hiperantefleksiyası olan hamilələrdə hestasiyanın erkən dövrlərində spontan düşük təhlükəsi yüksək olur.
Uşaqlığın hiperantefleksiyasının diaqnostikası
İnfantilizm zamanı qızların ümumi və cinsi inkişafı zəif olur: hipoplastik süd vəziləri, dar çanaq, qasıq və qoltuqaltı nahiyədə zəif tüklənmə qeyd olunur, xarici cinsiyyət orqanlarının hipoplaziyasına rast gəlmək olar. Rektal-qarın divarı və ya uşaqlıq yolu-qarın divarı ginekoloji müayinələr zamanı uşaqlığın cisminin ölçülərinin xarakterik geridə qalması, boyun hissənin uzanması, uşaqlığın patoloji önə əyilməsi, konikşəkilli uşaqlıq boynu, dar uşaqlıq yolu, uşaqlıq yolu tağlarının düzlənməsi aşkarlanır. Uşaqlığın hərəkətliyi qonşu orqanlarla bitişmələrin olması səbəbindən məhdudlaşa bilər.
Histerosalpinqoskopiya zamanı daxili əsnəyin bağlanmaması, servikal kanalın uzanamsı, uşaqlıq borularının qıvrımlığı izlənilir. Uşaqlığın hiperantefleksiyasının diaqnostikasında orqanın ehtiyatla zondlanması və kiçik çanağın USM öz informativliyi ilə seçilir
Uşaqlığın hiperantefleksiyasının müalicəsi
Uşaqlığın hiperantefleksiyasının etiopatogenetik müalicəsi uşaqlığın əyilməsinə səbəb olan amillərin (genital infantilizm və ya iltihab) korreksiyasına yönəldilir. Belə xəstələrə xüsusi gimnastika, fizioterapiya (parafinoterapiya, akupunktura, elektropunktura, intranazal elektrofarez, diatermiya, servikal kanalın elektrostimulyasiyası, palçıqla müalicə və s.), ginekoloji massaj, kurortoterapiya məsləhət görülür.
Medikamentoz müalicəyə vitaminoterapiya (С, Е, В6, В1), alqodismenoreya zamanı spazmolitiklər və aybaşının başlanmasından əvvəl antiprostaqlandinlərin təyini daxildir. Genital infantilizmdə hormonoterapiya estrogen və progesteronun minimal dozalarla siklik qəbulundan ibarətdir. Uşaqlığın hiperantefleksiyasının inkişafı cinsiyyət orqanlarının iltihabi xəstəlikləri ilə bağlı olduqda onların müalicəsi aparılır. Bitişmə prosesləri və ya uşaqlığın bağ aparatının pozğunluqları zamanı laparoskopiya üsuli ilə cərrahi korreksiya aparılır.
Uşaqlığın hiperantefleksiyasının profilaktikası
Uşaqlığın hiperantefleksiyasının birincili profilaktikasına cinsiyyət orqanlarının qeyri-düzgün formalaşmasına səbəb olan teratogen amillərin dölə təsirinin istisna edilməsi aiddir. Uşaqlığın qazanılmış hiperantefleksiyasının qarşısını almaq üçün profilaktik olaraq ginekoloq müayinəsindən keçmək, iltihabi proseslər və cinsi infeksiyaları vaxtında müalicə etmək məsləhət görülür. Hamilələrə uşaqlığın hiperantefleksiyasının profilaktikası məqsədilə bandaj taxılması tövsiyə olunur. Belə patologiyalı qadınlarda hamiləliyın aparılması zamanı potensial risklər (özbaşına düşük, dölün gəlişi və doğuş aktının pozulması) nəzərə alınmalıdır.