Uşaqlığın hipertonusu

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 3320

uşaqlığın hipertonusu nədir?Uşaqlığın hipertonusu – təyin olunmuş doğuş vaxtından əvvəl miometriumun yığılma qabiliyyətinin artması ilə müşayiət olunan patoloji vəziyyətdir. Kliniki əlamətlər arasında qarnın ön divarının gözlə görünən əzələ gərginliyi, qarnın aşağı hissəsində dartıcı ağrılar müşahidə olunur. Uşaqlığın hipertonusunun diaqnostikasında qadının obyektiv müayinəsi və ultrasəs skanlamadan istifadə olunur. Əlavə olaraq qanın hormonal müayinəsi aparılır. Xəstəyə ciddi yataq rejimi, sedativ vasitələr, spazmolitik preparatlar, vitaminoterapiya təyin olunur.

  • Uşaqlığın hipertonusunun yaranma səbəbləri
  • Uşaqlığın hipertonusunun əlamətləri
  • Uşaqlığın hipertonusunun diaqnostikası
  • Uşaqlığın hipertonusunun müalicəsi
  • Uşaqlığın hipertonusunun müalicə və profilaktikası

Uşaqlığın hipertonusu barədə ümumi məlumat

Uşaqlığın hipertonusu – hormonal dəyişikliklər və ya psixofizioloji xarakterli neqativ amillərin təsirindən uşaqlığın saya əzələsinin yüksək oyanıqlığıdır. Patologiya əksər hallarda 18 yaşdan kiçik və 30 yaşdan böyük qadınlarda aşkarlanır. Birinci halda uşaqlığın hipertonusu cinsi sferanın inkişafdan qalması və orqanın dölün daşınmasına hazır olmaması ilə bağlıdır. Yaşı 30-dan yuxarı olan qadınlarda isə hiperoyanıqlıq adətən tez-tez təkrarlanan abortlar, keçirilmiş infeksiyalar və digər mamalıq-ginekoloji patologiyalar fonunda inkişaf edir. Uşaqlığın hipertonusu dölün həyatı və sağlamlığı üçün real təhlükə törədərək,  hipoksiya, düşük, vaxtından əvvəl doğuş, dölün ölümü ilə nəticələnə bilər.

Uşaqlığın hipertonusunun yaranma səbəbləri

Uşaqlığın hipertonusunun səbəbləriƏksər hallarda uşaqlığın hipertonusu hamiləliyin normal gedişini təmin edən progesteron hormonunun azlığı fonunda inkişaf edir. Onun təsirindən hamiləliyin 38-40-cı həftəyə qədər çatdırılması və sağlam dölün doğulmasına səbəb olan miometriumun yığılma qabiliyyəti, uşaqlıq və onurğa beynin reseptorlarının oyanıqlığı azalır. Uşaqlığın hipertonusu zamanı progesteron çatışmazlığı özbaşına düşüklər, dölün hipoksiyası, vaxtından qabaq doğuş halları ilə təzahür edir. Bu səbəbdən müalicənin əsas məqsədi patoloji halın etioloji mərhələlərinə təsirdən ibarətdir.

Uşaqlığın hipertonusu adətən hiperandrogeniyalı xəstələrdə (cinsi hormonların yüksək sintezi) inkişaf edir. Bu diaqnoz cinsi infantilizmdə də mümkündür. Bu halda inkişaf etməmiş uşaqlıq həddindən artıq böyüməyə yüksək oyanıqlıqla cavab verir. Hiperprolaktinemiya uşaqlığın hipertonusunun tez-tez rast gəlinən səbəblərindən sayılır. Patoloji vəziyyət progesteron sintezini blokada edən və saya əzələnin yığılma qabiliyyətinin yüksəlməsinə səbəb olan prolaktin ifrazının güclənməsi ilə müşayiət olunur.

Çox zaman uşaqlığın hipertonusu  mayalanmadan qabaq aşkarlanan hormonasılı xəstəliklərlə (mioma, endometrioz) bağlı olur. Uşaqlıq boşluğu və artımlara yayılmaqla gedən keçirilmiş iltihabi xəstəliklər də miometriumun yüksək oyanıqlıq riskini artırır. Bundan əlavə uşaqlığın hipertonusu yığılma qabiliyyətinin artması və optimal əzələ tonusunun təminin mümkünsüzlüyü ilə təzahür edən MSS-nin tənziminin pozulması nəticəsində yaranır. Patologiyaya iri döl, çoxdöllü hamiləlik, dölyani mayenin çoxluğu zamanı daha sıx rast gəlinir. Bu amillər miometriumun həddindən artıq gərilməsinə səbəb olur.

Patologiyanın risk qrupuna genetik anomaliyaları, qalxanabənzər vəzinin xəstəlikləri olan, hamiləliyin erkən dövrlərində virus infeksiyaları keçirən qadınlar aiddir. Bundan əlavə ana orqanizminə neqativ amillərin (zərərli peşə şəraiti, yuxusuzluq, gərgin iş rejimi) təsiri də uşaqlığın hipertonusunun yaranma ehtimalını artırır. Əksər hallarda bu vəziyyət psixoemosional gərginlik, stress, zərərli vərdişlərdən asılı olur. Bu səbəbdən həmin amilləri xəstənin həyatından uzaqlaşdırmaq lazımdır.

Uşaqlığın hipertonusunun əlamətləri

Uşaqlığın hipertonusunun əlamətləriMiometriumun hansı sahələrinin gərgin olmasından asılı olaraq uşaqlığın hipertonusunun I və II dərəcələri qeyd olunur. Birinci halda gərginlik uşaqlığın arxa divarında qeyd olunur, hipertonus heç bir patoloji əlamətlərlə müşayiət olunmur. Hamiləliyin III trimestrində uşaqlığın I dərəcəli hipertonusu beldə dartıcı ağrılarla, oma nahiyəsində ağırlıq hissi ilə təzahür edir. Digər əlavə əlamətlər müşahidə olunmur.

Uşaqlığın II dərəcəli hipertonusu orqanın ön divarının miometriumunun gərginliyi və daha nəzərəçarpan kliniki şəkillə xarakterizə olunur. Əsas əlamət qarnın aşağı hissəsində yaranan dartıcı ağrılardır, onlar predmenstrual dövrdə  yaranan ağrıları xatırladır. Çox vaxt ağrı aralıq nahiyəsinə yayılır. Hamilələrdə xarici cinsiyyət orqanlarında dolma hissi müşahidə oluna bilər. Bununla yanaşı sidik ifrazı tezləşir, defekasiya çağırışlarına bənzər düz bağırsağın əzələ liflərinin yığılması qeyd olunur.

Uşaqlığın hipertonusu zamanı vizual olaraq qarın bərkləşir, bir qədər qalxır, adi hallara nisbətən daha oval forma alır. Miometriumun gərginliyi qarnın ön divarının palpasiyası ilə təyin olunur. Cinsi orqanın aşağı seqmenti- uşaqlıq boynunun yığılmaları müşahidə olunmur, lakin bəzi hallarda bu simptom servikal kanalın travması (məsələn keçmiş doğuşlarda) olan qadınlarda izlənilir.

Uşaqlığın hipertonusunun diaqnostikası

Uşaqlığın hipertonusu zamanı özbaşına düşük və ya vaxtından qabaq doğuş hallarının yaranma ehtimalı artır. Bu səbəbdən dölün sağlamlığı və həyatı vaxtında aparılan diaqnostika və müalicədən ibarətdir. Uşaqlığın hipertonusu mama-ginekoloq tərəfindən qadının adi obyektiv müayinəsi zamanı aşkarlanır. Qarnın palpasiyasında miometriumun gərginliyi hiss olunur, bu əlamətin intensivliyi fərqli olur-bəzi hallarda «daşlaşma» hissi qeyd olunur. Bununla yanaşı xəstələr əksər hallarda diskomfort və hətta ağrılardan şikayət edirlər.

Uşaqlığın hipertonusunun əlavə diaqnostik üsulu kimi ultrasəs skanlamadan istifadə olunur. Bu müayinənin köməyilə miometriumun lokal və total yığılmaları müəyyən edilir. I dərəcəli hipertonus zamanı uşaqlığın əzələ qatının birtərəfli qalınlaşması müşahidə olunur. Əgər bu əlamət ciftin birləşçə nahiyəsində aşkarlanırsa, onun ayrılma ehtimalı yüksək olur. Uşaqlığın hipertonusunun II dərəcəsində miometrium qalınlaşır, xarakterik kliniki əlamətlər izlənilir. Eləcə də yığılma qabiliyyətini təyin etmək üçün tonusometriya –qarnın ön divarına yerləşdirilmiş və əzələ qatının gərginlik səviyyəsini qeyd edən xüsusi ötürücünün köməyilə uşaqlığın tonusunun ölçülməsi aparılır.

Uşaqlığın hipertonusunun müalicəsi

Uşaqlığın hipertonusu zamanı hamilə qadına ilk növbədə yataq rejimi təyin olunur. Patoloji halın ağırlaşmasına səbəb ola biləcək bütün neqativ amillərlər (fiziki yüklənmələr, stresslər) aradan qaldırılmalıdır. Miometriumun yüksək yığılma qabiliyyəti kəskin nəzərə çarpan əlamətlərlə müşayiət olunmursa, müalicə ambulator şəraitdə aparıla bilər. Uşaqlığın II dərəcəli hipertonusu zamanı, xüsusən yaxılan qanlı vaginal ifrazat aşkar olunarsa xəstə hospitalizasiya olunmalıdır. Bu əlamət hestasiyanın erkən mərhələlərində düşüklər, II-III trimestrdə isə vaxtından qabaq doğuş və ya ciftin ayrılmasına dəlalət edir.

Uşaqlığın hipertonusunun medikamentoz müalicəsi patoloji halın etiologiyasından asılıdır. Progesteron çatışmazlığında progesteron preparatları təyin olunur. Uşaqlığın hipertonusu maqnezium çatışmazlığı fonunda inkişaf etdikdə xəstələrə bu mikroelement tərkibli həblər və ya stasionar şəraitində maqnezium sulfat inyeksiyası məsləhət görülür. Bu komponentin təsirindən miometriumun yığılma qabiliyyəti azalır, sinir impulslarının ötürülməsi normallaşır.

Uşaqlığın hipertonusunda simptomatik müalicə zamanı spazmolitiklər təyin olunur. Onlar miometriumun yığılmasını azaldır və ağrı hissiyyatını aradan qaldırırlar. Eləcə də sedativ preparatların istifadəsi tövsiyyə olunur. Uşaqlığın hipertonusu zamanı bitki tərkibli preparatlara üstünlük verilir. Əlavə olaraq vitamin kompleksi qəbul edilir. Hamiləliyin 34-cü həftəsinə qədər miometriumun yığılma qabiliyyətini azaldan və başlanmış doğuş fəaliyyətini zəiflədən tokolitiklərdən istifadə olunur. Bu diaqnoz zamanı mütəxəssislər hamiləliyi maksimal dərəcədə uzatmağa (38-ci həftəyə qədər) çalışırlar.

Uşaqlığın hipertonusunun proqnoz və profilaktikası

Əksər hallarda uşaqlığın hipertonusunun proqnozu qənaətbəxş olur. Vaxtında göstərilən tibbi kömək zamanı miometriumun yüksək oyanıqlığının azalması və dölün təyin olunmuş doğuş tarixinə qədər daşınması əldə edilir. Uşaqlığın proqressivləşən hipertonusunda həyat qabiliyyətinə malik uşağın doğulması hestasiyanın 25-28-ci həftələrində mümkündür. Daha erkən mərhələlərdə döl ana bətnindən kənarda yaşaya bilmir.

Uşaqlığın hipertonusunun profilaktikasına hamiləliyin planlaşdırılması zamanı başlamaq lazımdır. Cinsi infeksiyalar, hormonal etiologiyalı xəstəliklər vaxtında aşkar və müalicə olunmalıdır. Hamiləliyin başlanmasından sonra uşaqlığın hipertonusunun qarşısını almaq üçün fiziki yüklənmələrin azaldılması, əmək və istirahət rejiminin düzgün seçilməsi məsləhət görülür. Eləcə də emosional gərginlik və stresslər istisna olunmalıdır. Uşaqlığın hipertonusunun minimal əlamətləri müşahidə olunduqda ginekoloqa müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: