Uşaqlığın interstisial fibroması

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1254

uşaqlığın interstisital fibroması nədir?Uşaqlığın interstisial fibroması – əzələarası birləşdirici toxuma şişi olub, uşaqlıq divarının qalınlığında yerləşir. İnterstisial fibromanın ölçülərinin artması uşaqlığın böyüməsinə, aybaşı siklinin pozulmasına, çanaq nahiyəsində təzyiq və ağrı hissinin, anemiyanın yaranmasına səbəb olur. Uşaqlığın interstisial fibromasının diaqnozu ginekoloji baxış, USM, exohisterosalpinqoskopiya, tomoqrafik müayinəyə əsasən qoyulur. Klinikanın ifadəliyindən asılı olaraq, fibromanın müalicəsi hormonoterapiya, uşaqlıq arteriyalarının embolizasiyası, miomektomiya, histerektomiyadan ibarət olur.

  • Uşaqlığın interstisial fibromasının yaranma səbəbləri
  • Uşaqlığın interstisial fibromasının əlamətləri
  • Uşaqlığın interstisial fibromasının diaqnostikası
  • Uşaqlığın interstisial fibromasının müalicəsi
  • Uşaqlığın interstisial fibromasının ağırlaşmaları

Uşaqlığın interstisial fibroması barədə ümumi məlumat

İnterstisial (intramural, əzələarası) fibroma uşaqlıq divarının orta əzələ qatında inkişaf edir. Uşaqlığın interstisial fibroması adətən reproduktiv yaşda olan qadınlarda aşkarlanır və cinsi yetişkənlik dövrünə kimi ümumiyyətlə rast gəlinmir. Müasir ginekologiyanın apardığı tədqiqatlara əsasən interstisial fibroma uşaqlığın fibroid şişlərinin ən çox yayılan formalarından olub, bu şişlərin təxminən 70%-ni təşkil edir. Belə fibromalar əzələ qatının hüdudları daxilində yerləşə, daxilə və ya qarın boşluğuna doğru böyüyə bilir. Uşaqlığın interstisial fibroması tək və ya çoxsaylı düyünlərdən ibarət olur.

Böyümə prosesində interstisial fibroma uşaqlıq boşluğunun deformasiyasına, onun ölçülərinin artmasına səbəb olur, uşaqlıq boruları, bağırsaq, sidik axarları, sidik kisəsinə təzyiq göstərərək, klinik əlamətlərin təzahürünə gətirib çıxardır. Uşaqlığın interstisial fibromasının maliqnizasiya ehtimalı orta hesabla 1%-dir; bu da müalicənın aparılmaması zamanı baş verə bilər.

Uşaqlığın interstisial fibromasının yaranma səbəbləri

uşaqlığın interstisial fibromasının səbəbləri Fibromanın etiologiyasına dair çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq, hər bir individual halda onun yaranma səbəbi naməlum qalır. Uşaqlığın interstisial fibromasının əsas yaranma səbəblərinə irsi meyllik, aybaşı funksiyasının gec formalaşması, anamnezdə hamiləliyin olmaması; çoxsaylı cərrahi və ya medikamentoz abortlar və ya diaqnostik qaşınma; estrogen tərkibli preparatlarla nəzarətsiz kontrasepsiya; xroniki endometritadneksit, endometrioz; hiperqonadotropizm, hiperestrogeniya və ya progesteron çatışmazlığına gətirib çıxaran hipotalamo-hipofizar-yumurtalıq tənziminin pozulması  aiddir.

Hamiləliyin (xüsusən birinci hamiləliyin) süni yolla pozulması, piylənmə, damarların varikoz genişlənməsi, arterial hipertenziya, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, stress amilləri, immun çatışmazlıq uşaqlığın interstisial fibromasının inkişafı üçün əlverişli fon yaradır.

Uşaqlığın interstisial fibromasının əlamətləri

İlkin mərhələlərdə uşaqlığın interstisial fibroması uzun müddət klinik əlamətlərlə özünü büruzə verməyə bilər, bu səbəbdən ginekoloqun planlı konsultasiyası zamanı uşaqlığın böyüməsi və sərtləşməsinə əsasən aşkar olunur. İnterstisial fibromanın ölçüləri artdıqca ağrılı aybaşı (alqodismenoreya), aybaşı qanaxmalarının güclənməsi və davam etmə müddətinin artması (menorragiya), eləcə də disfunksional aybaşı qanaxmaları müşahidə olunur. Hər ay təkrarlanan gur qanaxmalar tədricən anemiyanın inkişafına gətirib çıxardır.

Uşaqlığın böyüyən interstisial fibroması çanaq və qarın nahiyəsində daimi xarakterli dartıcı və sızıltılı ağrılarla, eləcə də güclü təzyiq hissi ilə təzahür edə bilər. Fibromanın ölçüləri artdıqca onun böyümə istiqamətindən asılı olaraq, qonşu orqanların (fallop boruları, sidik kisəsi, düz bağırsağın) kompressiyası və onların funksional pozğunluqları yaranır. Sidik kanalının sıxılması reflükslə (sidiyin geriyə axımı), sistit və ya pielonefritlə müşayiət oluna bilər. Bu səbəbdən interstisial fibromalı qadınlar çox zaman dizurik pozğunluqlar, abdominal ağrılar, qəbizlik şikayətlərilə uroloq, qastroenteroloq və ya proktoloqa müraciət edirlər.

İnkişaf edən fibroid düyün tərəfindən uşaqlıq boşluğunun deformasiyası və uşaqlıq borularının sıxılması hamiləliyin pozulmasına və ya ikincili sonsuzluqla nəticələnir. Bəzən iri ölçülü interstisial fibromalar uşaqlığın doğuşdan əvvəlki ölçülərinə müvafiq dərəcədə böyüməsinə səbəb olaraq, kiçik çanaqda venoz durğunluq, venaların varikoz genişlənməsi və tromboflebitə gətirib çıxarır.

Uşaqlığın interstisial fibromasının diaqnostikası

Uşaqlığın interstisial fibromasının əlamətləriVaginal müayinədə uşaqlığın ölçülərinin böyüməsi, uşaqlıq boynunun fibroid düyünə kəskin keçidi və onların eyni zamanda qarışması, uşaqlıq cisminin ayrılıqda palpasiyasının mümkünsüzlüyü aşkar olunur. İnterstisial fibroma zamanı uşaqlığın forması kürəvari və ya asimmetrik olur. Fibroid şişin ölçülərinin, sıxlığının və yerləşməsinin dəqiqləşdirilməsi məqsədilə ginekoloji USM və ultrasəs histerosalpinqoskopiya aparılır. Bu üsullarla həm də uşaqlığın şişlərini yumurtalığın kistomasından differensiasiya etmək olur.

Diaqnostik histeroskopiya uşaqlıq boşluğunun deformasiyasına səbəb olan sentripetal böyüyən interstisial fibromaların təyininə kömək edir. Şübhəli hallarda KT və MRT, laparoskopiya, uşaqlıqdaxili fleboqrafiya aparılır. Endometriumun hiperplaziyasının aşkarlanması və onun xərçənginin istisna edilməsi məqsədilə servikal kanal və uşaqlıq boşluğunun diaqnostik qaşınması icra edilir.

Uşaqlığın interstisial fibromasının müalicəsi

Uşaqlığın interstisial fibromasının konservativ müalicəsi şişin böyüməsinin dayandırılmasına, əlamətlərin aradan qaldırlmasına yönəldilmişdir. Müalicə ginekoloq-endokrinoloqun müşahidə si altında aparılır. Xəstəyə hemostatik, immunomoduləedici və hormonal terapiya (hestagenlər, estrogen –gestagenlər, antiqonadotrop preparatlar, qonadotropin rilizinq hormonun aqonistləri və s. ilə), o cümlədən uşaqlıqdaxili sistemin qoyulması təyin olunur. Uşaqlığın interstisial fibromasının konservativ müalicəsi yalnız cərrahi müalicəni ləngidə və ya şişin böyüməsi və əlamətlərinin ifadəliyini fibroid düyünlərin adətən öz-özünə kiçildiyi menopauza dövrünə kimi saxlaya bilər.

Uşaqlığın interstisial fibromasının cərrahi müalicəsi iri ölçülü (hamiləliyin 12-ci həftəsindən sonra) fibroid düyünlər, onların intensiv böyüməsi (il ərzində 5 həftədən artıq), ifadəli klinik əlamətlər, endometrioz, yumurtalıq şişləri, sonsuzluqla müştərək inkişafı zamanı və eləcə də düyünlərin nekrozuna şübhə olduqda göstəriş hesab olunur. Uşaqlığın interstisial fibromasının orqanqoruyucu cərrahi müalicəsinə laparoskopik konservativ miomektomiya aiddir. Belə hallarda ancaq fibroid düyün çıxarılır, bu da qadının reproduktiv potensialının qorunmasına səbəb olur.

Uşaqlığın interstisial fibromasının radikal cərrahi müalicəsi -histerektomiya (laparoskopiya və ya laparotomiya üsulu ilə) və ya uşaqlığın uşaqlıq yolu üstü amputasiyasından ibarətdir. Belə müdaxilələr adətən reproduktiv yaş dövründən çıxmış və ya hamiləlik planlaşdırmayan qadınlarda icra edilir. Uşaqlığın interstisial fibromasının yeni az invaziv müalicə üsullarına uşaqlıq arteriyasının embolizasiyası və fibroid düyünün fokuslaşdırılmış ultrasəs ablasiyası aiddir.

Uşaqlığın interstisial fibromasının ağırlaşmaları

Uşaqlığın interstisial fibroması zamanı əksər hallarda – xüsusilə də hamiləlik dövründə və ya dərhal doğuşdan sonra şişin degenerativ dəyişiklikləri (infarkt, aseptik nekroz) inkişaf edir. İkincili infeksiyalaşma zamanı patologiya məhdud ya yayılmış peritonit, sepsislə ağırlaşa bilər.

Uşaqlığın interstisial fibroması fonunda baş verən hamiləlik düyünün proqressiv inkişafına və ya düşük, vaxtından əvvəl doğuş, dölün inkişafının ləngiməsi, cift gəlişi, dölün anomal vəziyyəti və gəlişi, diskoordinasiyalı doğuş fəaliyyəti, dölün hipoksiyası, doğuşdan sonra baş verən qanaxmalara səbəb ola bilər. Bununla əlaqədar uşaqlığın interstisial fibroması olan qadınlarda hamiləliyin və doğuşdan sonrakı dövrün aparılması xüsusi diqqət tələb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: