Uşaqlığın interstisial mioması
Uşaqlığın interstisial mioması – miometriumun cinsi steroidlərin disbalansına qarşı həssaslığının artması fonunda uşaqlığın əzələ qatında yaranan düyünlü xoşxassəli törəmədir. Patologiya qarnın aşağı hissəsində ağırlıq və ağrı hissi, meno- və metrorragiyalar, anemiya, dizuriya, qəbizlik, sonsuzluq, hamiləlik və doğuş ağırlaşmaları ilə təzahür edə bilir. Diaqnoz kiçik çanaq orqanlarının USM, KT (MRT), doppleroqrafiya, histeroskopiya, laparoskopiyanın köməyilə qoyulur. Uşaqlığın interstisial miomasının müalicəsi hormonal terapiya, fokuslaşdırılmış ultrasəs ablasiya, uşaqlıq arteriyalarının embolizasiyası, lazer vaporizasiya, miomektomiya və histerektomiyadan ibarətdir.
- Uşaqlığın interstisial miomasının yaranma səbəbləri
- Uşaqlığın interstisial miomasının əlamətləri
- Uşaqlığın interstisial miomasının diaqnostikası
- Uşaqlığın interstisial miomasının müalicəsi
Uşaqlığın interstisial mioması barədə ümumi məlumat
Uşaqlığın interstisial mioması (leyomioma, fibromioma) – uşaqlıq cismi və ya boynunun hormondan asılı xoşxassəli şişi olub, əzələ qişasının qalınlığında yerləşir. Miomanın ən geniş yayılmış (50-61%) formasıdır. 95% hallarda uşaqlığın cismini əhatə edir, 5% hallarda isə uşaqlıq boynunda aşkarlanır. Uşaqlığın interstisial mioması miometriumun hüdudları daxilində (intramural forma) lokalizasiyalaşa, uşaqlıq boşluğuna (interstisial-submukoz) və ya xaricə-qarın boşluğuna doğru (interstisial-subseroz) böyüyə bilir. Əksər hallarda interstisial miomaya reproduktiv yaşda (30-45 yaşda) olan qadınlarda rast gəlinir- bütün ginekoloji patologiyaların 1/3 hissəsi bu yaş dövrünə təsadüf edir.
Uşaqlığın interstisial miomasının səbəbləri
Miometriumun morfoloji dəyişikliklərinin (saya əzələ hüceyrələrinin hiperplaziyası və hipertrofiyasının) əsasını estrogenlərin ekskresiyası və metabolizminin, eləcə də siklin müxtəlif fazalarında onun fraksiyaları (estron, estradiol və estriol) arasında balansın pozulması təşkil edir. Normal miometrlə müqayisədə mioma toxuması estradiol və progesterona həssas reseptorlarla zəngindir. Cinsi steroidlər şiş toxumalarında proliferasiya, apoptoz, angiogenezə nəzarət edən böyümə amilləri və induktorlar (insulinə bənzər böyümə faktoru-1 və 2, β – transformasiyaedici böyümə faktoru, endotelial böyümə faktoru, damar – endotelial böyümə amili-A, angiogenin, fibroblastların böyümə amili -2) vasitəsilə miomanın böyüməsinin tənzimini realizasiya edirlər.
Miomatoz düyünlərin inkişafında dəyişilmiş əzələ qatının hüceyrələrinin mitotik aktivliyini və hipertrofiyasını gücləndirən, hüceyrəarası matriksin həcmini artıran estrogenlərin səviyyəsinin həddindən çox yüksəlməsi aparıcı rol oynayır.
Qadın orqanizmində olan endokrin dəyişikliklər, orqanın travmaları (tez-tez təkrarlanan «aqressiv» cərrahi müdaxilələr-abortlar, diaqnostik qaşınmalar) və piylənmə uşaqlığın miomasına (o cümlədən interstisial) təkan verə bilir. İrsi meyllik-ana və ya bacıda miomanın olması böyük əhəmiyyət kəsb edir. Miomanın rüşeymləri hələ embriogenez dövründə miometriumun normal hüceyrələrində çoxsaylı somatik aberrasiyalar nəticəsində formalaşa və menarxedən sonra yumurtalıqların yüksək aktivliyi fonunda inkişaf edə bilər. Miomanın risk amillərinə erkən menarxe, sonsuzluq, hipofiz və qalxanabənzər vəzilərin disfunksiyası, etnik mənsubiyyət (miomanın ən yüksək tezliyinə afro-amerikalı qadınlarda rast gəlinir), stress halları aiddir.
İnterstisial mioma uşaqlığın miometrium qatında yerləşən saya əzələ, birləşdirici toxuma lifləri və damarlardan ibarət dəqiq sərhədləri olan, bərk konsistensiyalı, yumru düyündən ibarət olur; əksər hallarda çoxsaylı olur. Miomatoz düyünlər müxtəlif böyümə sürətinə (sadə və proliferasiya edici) və bununla əlaqədar fərqli ölçülərə malikdir. Ginekologiyada miomatoz düyünlərin ölçülərini hamiləliyin müəyyən müddətlərində uşaqlığın ölçüləri ilə əlaqələndirirlər. İri həcmli miomalar zamanı uşaqlığın cisminin deformasıyası (asimmetriya, kürəvari uşaqlıq), onun yığılma qabiliyyətinin pozulması müşahidə olunur. Uşaqlıq boğazı, boynu və fallopiya borularının uşaqlıq dəliyi nahiyəsində yerləşən miomalara nisbətən uşaqlığın ön və arxa divarında yerləşən düyünlər hamiləliyin baş tutması və gedişi baxımından daha qənaətbəxş sayılır.
Uşaqlığın interstisial miomasının əlamətləri
Uşaqlığın interstisial miomasının əlamətləri düyünlərin sayı, həcmi və yerləşməsindən, onlarda gedən iltihabi-degenerativ dəyişikliklərin dərəcəsindən asılıdır. İnterstisial-subseroz düyünlər qidalanma və destruksiyanın aşağı riksinə malikdir, kiçik ölçülərdə (2-4 sm-ə qədər) uzun müddət klinik olaraq özünü büruzə vermir. Çoxsaylı miomalar və böyük ölçülü düyünlər (10-25sm) zamanı uşaqlıq hiss olunacaq dərəcədə böyüyərək, düz bağırsaq, sidik kisəsi və kiçik çanaqda sinir kələflərinin sıxılmasına səbəb olur. Xəstələr qarnın aşağı hissəsində diskomfort və ağırlıq hissi, çanaq nahiyəsində vaxtaşırı və ya daimi ağrı sindromu, ağrılı aybaşıdan (alqomenoreya) şikayət edirlər. Kəskin ağrı və febrilitet böyük düyünlərdə qan dövranının pozulması nəticəsində yaranır.
Uşaqlığın interstisial mioması gur uşaqlıq qanaxmaları ilə – adətən aybaşı vaxtı (menorragiya), az hallarda asiklik qanaxmalarla (metrorragiyalarla) müşayiət oluna bilər. Qanın bir hissəsinin miomatoz düyünlər hesabına böyümüş uşaqlıqda depolaşması mümükündür. Uzunmüddətli və tez-tez təkrarlanan aybaşı və aybaşıarası qanitirmələr dəmir çatışmazlıqlı anemiya, halsızlıq, yorğunluq, bağ ağrıları, başgicəllənmə, bayılma halları ilə ağırlaşır.
İri həcmli interstisial düyünlər (20 həftədən böyük) tərəfindən aşağı qapı venasının kompressiyası horizontal vəziyətdə təngnəfəslik və taxikardiya ilə təzahür edir. Uşaqlığın ön divarında yerləşən mioma dizuriyaya-sidik ifrazının çətinləşməsi və ya tezləşməsi, sidik kisəsinin tam boşalmaması, qəfləti yaranan sidik çağırışlarına, bəzən isə kəskin sidik ləngiməsinə səbəb olur. Uşaqlıq boynunda yerləşən mioma düz bağırsağa doğru böyüdükdə defekasiyanın çətinləşməsinə, qəbizlik və babasilə gətirib çıxarır.
Kiçik ölçülü interstisial miomalar reproduktiv funksiyanı pozmur, iri həcmli, uşaqlığın güclü deformasiyasına səbəb olan düyünlər isə uşaqlıq mənşəli sonsuzluq və ya hamiləliyin erkən dövrlərdə özbaşına pozulması ilə nəticələnə bilir. Fallop borularının uşaqlıq dəliyi nahiyəsində yerləşən miomatoz düyünlər dəliyi sıxararaq, mayalanma prosesini çətinləşdirir. İnterstisial miomanın uşaqlıq boşluğuna doğru böyüməsi əksər hallarda dölün normal inkişafını pozur, spontan düşüklər və vaxtından əvvəl doğuşlara səbəb olur. Ciftin düyün nahiyəsində birləşməsi onun vaxtından əvvəl ayrılması və profuz qanaxmalar riskini artırır. Uşaqlığın interstisial mioması doğuş ağırlaşmalarına- zəif doğuş fəaliyyəti və qanaxmalara gətirib çıxarda bilər.
Uşaqlığın interstisial miomasının diaqnostikası
Uşaqlığın interstisial miomasının diaqnozu kiçik çanağın USM, KT (MRT), histeroskopiya, zərurət olduqda diaqnostik qaşınma və laparoskopiyanın köməyilə qoyulur. İnterstisial miomada ginekoloji baxış zamanı uşaqlığın ölçü və deformasiyalarını (qabarlı səth, yüksək sıxlıq) təyin etmək olur.
Kiçik çanağın USM hətta kiçik ölçülü düyünlərin (0,8-1sm-ə qədər) aşkar olunmasına, miomanın histoloji quruluşunun, böyümə istiqamətinin (sentrifuqal, sentripetal) təyininə kömək edir. Həmcins, hiperexogen miomatoz düyünlər fibroz toxumanın üstünlük təşkil etməsinə, intranodulyar hipoexogen əlavələr – kistoz boşluq və ya nekroza, akustik güclənmə effektli hiperexogen elementlər isə kalsinasiya prosesinə dəlalət edir. Doppleroqrafiya vasitəsilə miomatoz düyünün damar şəbəkəsində peri- və intranodulyar qan cərəyanı izlənilir. Sadə mioma zamanı tək sayda periferik, proliferasiya edici düyünlərdə isə gücləndirilmiş mərkəzi və periferik qan cərəyanı qeyd olunur. Qan cərəyanının aşağı sürəti düyünün nekroz və hialinozundan xəbər verir.
Histeroskopiya uşaqlığın daxili səthinin deformasiyası hesabına sentripetal böyüməyə malik interstisial miomaları, miomatoz düyünlərdə ikincili dəyişiklikləri aşkar etməyə imkan verir. Eləcə də qanda onkomarkerlərin təyini, diaqnostik qaşınma və endometrium toxumasının morfoloji analizi aparılır. Uşaqlığın interstisial miomasını digər miomatoz düyünlərdən, uşaqlıq, kiçik çanaq və qarın boşluğunun şişlərindən (ilk növbədə bədxassəli), endometriumun patoloji proseslərindən differensiasiya etmək lazımdır.
Uşaqlığın interstisial miomasının müalicəsi
Uşaqlığın interstisial miomasının radikal müalicə metodu- uşaqlığın xaric edilməsi (histerektomiya, uşaqlıq artımlarına toxunmadan uşaqlığın uşaqlıq yolu üstü amputasiyası)- çoxsaylı, iri ölçülü (13-14 həftəlik) və sürətlə böyüyən miomatoz düyünlər (xüsusən postmenopauza dövründə), miomanın uşaqlıq boynu nahiyəsində yerləşməsi və ya nekrozu, güclü qanaxmalar, qarışıq patologiyalar zamanı göstəriş hesab olunur. Reproduktiv yaşda olan cavan xəstələrdə az invaziv, orqanqoruyucu əməliyatlara üstünlük verilir.
Miomatoz düyünlərin çıxarılması (miomektomiya) ilə aparılan funksional cərrahiyyə aybaşı və reproduktiv funksiyaların qorunmasına, çanaq orqanlarının sallanması və funksional pozğunluqlarının qarşısının alınmasına imkan verir. Çoxsaylı, həcmli (>7-10 sm) interstisial, uşaqlıq boğazı və boynu nahiyəsində yerləşən (əsasən arxa və yan lokalizasiyalı) düyünlər zamanı laparotomiya göstəriş sayılır. Kiçik həcmli interstisial düyünlər yalnız hamiləliyə hazırlıq, qadınlarda sonsuzluq zamanı yumurtalıqların stimulyasiyasından əvvəl çıxarılır. Hamiləlik və doğuş prosesində uşaqlığın cırılma riskini nəzərə alaraq laparoskopiya nadir hallarda tətbiq edilir və çox zaman məsləhət görülmür. Hamiləliyi miomektomiyadan 6 ay sonra planlaşdırmaq olar və doğuş üsulu olaraq Qeysəriyyə kəsiyi əməliyyatının seçilməsi məsləhət görülür.
Nəzərəçarpan əlamətlərlə müşahidə olunmayan kiçik ölçülü interstisial miomalar hər il USM nəzarət aparılmaqla, isti və günəş vannaları, massaj, fizoprosedurlar istisna olunmaqla dinamik müşahidə altına alına bilər. Konservativ terapiya məqsədilə KOK, gestagenlər və bəzən androgenlərdən istifadə olunur. Uşaqlıqdaxili hormonal sistemin «Mirena» istifadəsi mümkündür. Medikamentoz menopauzanın yaradılması üçün antigestagenlər (mifepriston), qonadoliberinin analoqu təyin olunur, perimenopauzada qonadotropin rilizinq hormonun aqonistləri effektivdir. Antifibrotik və antiangiogen vasitələr, somatostatinin analoqları miomanın müalicısində innovasion preparatlar sayılır. İnterstisial miomanın cərrahi müalicəsinin alternativ üsullarına uşaqlıq arteriyalarının embolizasiyası, qeyri-invaziv fokuslaşdırılmış ultrasəs -MRT ablasiya, lazer vaporizasiya (laparoskopik mioliz) aiddir.
Uşaqlığın interstisial miomasının proqnozu qənaətbəxş sayılır: şiş xoşxassəlidir, maliqnizasiya riski minimaldır. Lakin bəzi hallarda mioma fonunda birincili və ikincili sonsuzluq yarana bilər, radikal cərrahi müalicə zamanı cavan xəstələrdə aybaşı və reproduktiv funksiyanın itirilməsi mümkündür.