Uşaqlığın perforasiyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1301

uşaqlığın perforasiyası nədir?Uşaqlığın perforasiyası – uşaqlıqdaxili manipulyasiyalar zamanı orqanın divarının deşılməsidir. Qarnın aşağı hissəsində intensiv ağrı və qarındaxili qanaxma əlamətləri: uşaqlıq yolundan qanlı ifrazat, halsızlıq, başgicəllənmə, taxikardiya ilə təzahür edir. Qarın boşluğu orqanlarının zədələnməsi ilə müştərək şəkildə rast gəlinə bilər. Uşaqlığın perforasiyası anamnez, kliniki məlumatlar, transvaginal USM, histeroskopiya və laparoskopiya əsasında aşkarlanır. Qüsurun ağırlıq dərəcəsindən asılı olaraq, konservativ-gözləmə taktikası və ya cərrahi müdaxilə (perforativ dəliyin tikilməsi, uşaqlığın amputasiyası/ekstirpasiyası) tətbiq edilir.

  • Uşaqlığın perforasiyasının yaranma səbəbləri
  • Uşaqlığın perforasiyasının əlamətləri
  • Uşaqlığın perforasiyasının diaqnostikası
  • Uşaqlığın perforasiyasının müalicəsi

Uşaqlığın perforasiyası barədə ümumi məlumat

Uşaqlığın perforasiyası – uşaqlıqdaxili müdaxilələr zamanı cərrahi alətlərlə uşaqlıq divarının deşilməsidir. Tibbi heyətin ehtiyatsız davranışı nəticəsində yaranan yatrogen patologiyalara aiddir. Uşaqlığın perforasiyası boşluqdaxili manipulyasiyaların (abortlar, diaqnostik qaşınma. Uşaqlıq boşluğunun zondlanması, histeroskopiya və s.) aparıldığı ginekoloji xəstələrin 1%-də müşahidə edilir. Uşaqlıq divarının bütün qatlarının zədələnməsi ilə müşahidə olunan tam (dəlib keçən) və natamam (seroz qişa deşilmədən) perforasiya ayırd edilir. Tam perforasiya ağırlaşmamış (daxili orqanların intakt vəziyyəti) və ağırlaşmış (uşaqlıq artımları, sidik kisəsi, bağırsaq, piylik və digərlərinin zədələnməsi) olur. Uşaqlığın perforasiyası ağır fəsadlardan sayılır, bu da onun həyat üçün təhlükəli olan vəziyyətlərə – qanaxmalara, peritonitə, eləcə də reproduktiv funksiyanın itirilməsinə səbəb olması ilə izah olunur.

Uşaqlığın perforasiyasının səbəbləri

Uşaqlığın perforasiyasının səbəbləriUşaqlığın perforasiyasına ginekoloji manipulyasiyaların (abort, inkişafdan qalmış hamiləlik zamanı döl yumurtasının xaric edilməsi, diaqnostik qaşınma, diaqnostik histeroskopiya, histerorezektoskopiya, uşaqlıq boşluğunun lazer rekonskruksiyası, uşaqlıqdaxili sinexiyaların ayrılması, UDS-in qoyulması) aparılma texnikasının pozulması səbəb olur.

Statistik məlumatlara əsasən uşaqlıq divarının perforasiyası əksər hallarda hamiləliyin suni yolla pozulması  prosesində baş verir. Belə hallarda deşilmə cərrahi əməliyyatın istənilən mərhələsində: uşaqlıq boşluğunun zondlanması (2-5%), servikal kanalın genişləndirilməsi (5-15%), abortsanq və ya xüsusi küretaj aləti vasitəsilə döl yumurtasının çıxarılması zamanı baş verə bilər. Uşaqlığın zondla zədələnməsinin güclü daxili qanaxmaya və çanaq orqanlarının zədələnməsinə səbəb olmamasına baxmayaraq, Qeqar genişləndiriciləri ilə servikal kanalın kobud dilatasiyası daxili əsnəyin cırılmasına, uşaqlıq boğazının və uşaqlıq cisminin aşağı seqmentinin perforasiyasına gətirib çıxara bilər. Uşaqlığın abortsanq və küretaj aləti vasitəsilə perforasiyası daha təhlükəlidir, bu zaman perforasiya dəliyi iri ölçülərə malik olub, uşaqlığın dibi və ya divarlarında yerləşərir. Belə deşilmələr çox zaman güclü qanitirmə və qarın boşluğu orqanlarının travmaları ilə müşayiət oluna bilər.

Perforasiya ehtimalını artıran amillərə uşaqlığın retrofleksiyası, hipoplaziyası, kəskin və xroniki endometrit, endometriumun xərçəngi, orqanın divarında postoperasion çapığın olması, uşaqlığın yaşla bağlı involyusiyası aiddir. Bundan əlavə, hamiləliyin 12-ci həftəsindən sonra süni abortun tibb müəssisələrindən kənarda aparılması, əməliyyat edən ginekoloqun kobud və tələsik xarakterli hərəkətləri, adekvat vizual, ultrasəs və ya endoskopik nəzarət olmadan alətin uşaqlıq boşluğuna yeridilməsi deşilmə riskini əhəmiyyətli dərəcədə artırır.

Uşaqlığın perforasiyasının əlamətləri

Uşaqlığın perforasiyasının əlamətləriUşaqlığın perforasiyasının əlamətləri onun xarakterindən (tam/natamam, ağırlaşmış/ağırlaşmamış) və lokalizasiyasından asılıdır. Natamam perforasiya zamanı və ya perforasiya dəliyinin hər hansı bir orqanla (məsələn, piyliklə) örtüldüyü hallarda əlamətlər müşahidə edilmir və ya zəif ifadəli olur. Keçirilmiş uşaqlıqdaxili manipulyasiyalardan sonra xəstənin qarnın aşağı hisəsində kəskin ağrılardan, uşaqlıq yolundan axan gur qanlı ifrazatdan, başgicəllənmə və halsızlıqdan şikayət etməsi uşaqlığın perforasiyasından şübhələnməyə əsas verir. Daxili qanaxma zamanı dəri solğunluğu, taxikardiya, AT azalması, qarın divarının gərginliyi qeyd olunur.

Uşaqlığın perforasiyası gec aşkar olunduqda həyat üçün təhlükəli olan ağırlaşmalarla nəticələnə bilər. Onlara bağırsaq və sidik kisəsinin zədələnməsi, massiv hematomalar, qanaxmalar, peritonit, sepsis daxildir. Daxili əsnəyinin zədələnməsi gələcəkdə hamiləlik zamanı istmiko-servikal çatışmazlığın formalaşmasına, düşüklərə səbəb ola bilər. Uşaqlığın perforasiyası reproduktiv funksiya üçün ciddi təhlükə daşıyır, belə hallarda  uşaqlıqdaxili bitişmələrin formalaşması (Aşerman sindromu) ilə əlaqədar sonsuzluq yarana və ya uşaqlığın xaric olunması tələb oluna bilər.

Uşaqlığın perforasiyasının diaqnostikası

Uşaqlıqdaxili müdaxilə zamanı alətin uşaqlıq boşluğundan xaricə «sürüşməsi» perforasiyadan xəbər  verir. Ağırlaşmış hallarda uşaqlıqdan bağırsaq ilgəyi, piylik, yumurtalığın çıxması perforasiyaya dəlalət edir. Uşaqlıqdaxili kontraseptivin qoyulması zamanı vaginal müayinədə uşaqlıq əsnəyi nahiyəsində sapların izlənilməməsi və ya saplar olduqda onlardan dartmaqla UDS-in çıxarılmasının mümkünsüzlüyü (müqavimət hissi, kəskin ağrı) uşaqlığın perforasiyasının əlaməti sayılır.

Manipulyasiya histeroskopun nəzarəti altında aparıldıqda endoskopist bir sıra simptomlara istinad edə bilər: uşaqlıq boşluğunda stabil təzyiqi saxlamağın mümkün olmaması, yeridilən mayenin geriyə axınının müşahidə edilməməsi, monitorda periton, bağırsaq ilgəkləri və ya digər daxili orqanların vizualizasiyası.

Əməliyyat edən cərrah uşaqlığın perforasiyasına əmin olduqda proses dayandırılmalı, qarın divarından alətin ucunu palpasiya etməyə cəhd edilməklə, yeri  müəyyən olunmalıdır.

Uşaqlğın perforasiyası cərrahi masada aşkar olunmadıqda, manipulyasiyadan sonra ilk saatlarda xəstənin vəziyyətinə nəzarət, şikayətlərin analizi və mamalıq-ginekoloji anamnez əsasında ağırlaşmanı vaxtında müəyyən etmək mümkün olur. Əlavə məlumatlar almaq məqsədilə transvaginal USM tətbiq olunur, onun vasitəsilə kiçik çanaqda sərbəst maye təyin edilir. Uşaqlığın perforasiyası zamanı əksər hallarda qarın boşluğu orqanlarının istisna edilməsi üçün diaqnostik laparoskopiya aparılır.

Uşaqlığın perforasiyasının müalicəsi

Uşaqlığın perforasiyası zamanı həkim taktikası qüsurun vaxtında aşkarlanmasından, onun ölçülərindən, lokalizasiyasından, travmanın yaranma mexanizmindən, daxili orqanların zədələnməsindən asılıdır. Natamam və  kiçik ölçülü perforasiyalar zamanı qarın boşluğu orqanlarının travmaları, parametral hematoma və qarındaxili qanaxmanın olmamasına tam əminlik yarandıqda konservativ-gözləmə taktikası tətbiq olunur. Belə hallarda yataq rejimi, qarın nahiyəsinə soyuq kompress, uterotonik preparatlar və antibiotiklər təyin edilir. Dinamik ultrasəs nəzarət aparılır.

Digər vəziyyətlərdə (peritoneal simptomlar və qarındaxili qanaxmanın artan əlamətləri zamanı) laparoskopiya və ya laparotomiya, kiçik çanaq və qarın boşluğu orqanlarının reviziyası icra olunur. Uşaqlıq divarında qüsur kiçik ölçülü olduqda  yaranın tikilməsi ilə kifayətlənilir. Çoxsaylı və iri cırılmalar uşaqlığın supravaginal amputasiyasına (uşaqlığın boyu hissə saxlanılmaqla çıxarılması) və ya histerektomiyaya (uşaqlığın tam xaric olunması) göstəriş sayılır. Qonşu orqanların zədələnmələri zamanı cərrahi əməliyyatın həcmi artır- müvafiq müdaxilələr əlavə olunur. İtirlmiş qanın bərpası məqsədilə infuzion terapiyadan, qan komponentərinin köçürülməsindən, infeksion ağırlaşmaların qarşısını almaq  üçün isə  antibakterial terapiyadan istifadə edilir.

Uşaqlığın perforasiyasının proqnoz və profilaktikası

Uşaqlığın perforasiyasının vaxtında diaqnostikası və aradan qaldırlması zamanı proqnoz qənaətbəxşdir, lakin onun reproduktiv funksiyaya təsiri sonsuzluqla nəticələnə bilər.

Uşaqlığın perforasiyasının profilaktikası məqsədilə müxtəlif uşaqlıqdaxili manipulyasiyaların aparılma texnikasına riayət edilməli, alətlər uşaqlıq boşluğuna ehtiyatla yeridilməlidir. Abortlardan imtina etməklə və müntəzəm olaraq ginekoloji müayinələrdən keçməklə qadın özu perforasiya riskini minimuma endirə bilər. Anamnezində uşaqlığın perforasiyası olan xəstələr dispanser qeydiyyatına alınır. Belə qadınlarda hamiləliyin aparılması çoxsaylı risklər, ilk növbədə düşüklər və uşaqlığın cırılması ilə müşayiət olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: